Saday Budaqlı, Prust, Füzuli… – MÜZAKİRƏ

Saday Budaqlı, Prust, Füzuli… – <span style="color:red;">MÜZAKİRƏ
10 aprel 2017
# 16:41

Azərbaycan Yaradıcılıq Fondunda yazıçı Saday Budaqlının “Yolüstü söhbət” kitabının müzakirəsi keçirilib.

Sim-sim.az həmin müzakirəni təqdim edir. Müzakirədə: tənqidçi, ədəbiyyatşünas Məti Osmanoğlu, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Cavanşir Yusifli, yazıçı Fəxri Uğurlu, yazıçı Şərif AğayarAğa Cəfərli (moderator) iştirak edib.

Ağa Cəfərli: Azərbaycan Yaradcılıq Fondu müəllifin iştirakı ilə müxtəlif kitabların müzakirəsini keçirir. İlk belə müzakirə yazıçı Kamal Abdullanın “Düma ilə Coys arasında”esseler kitabı ilə bağlı olub. Müzakirədə kitabla bağlı xeyli maraqlı, dəyərli fikirlər səsləndirildi. Kamal müəllim də razılaşdığı və razılaşmadığı məqamlarla bağlı öz fikirlərini bildirdi. Maraqlı bir söhbət, müzakirə alındı, ədəbiyyat adamları tərəfindən də müsbət qarşılandı. Bu gün isə sizin iştiraklarınızla Saday Budaqlının “Yolüstü söhbət” kitabını müzakirə edəcəyik. Bu müzakirədə Sadaq Budaqlı da iştirak etməli idi. Təəssüf ki, bir az narahat olduğuna görə söhbətdə iştirak etmədi. İstərdim, söhbətə kitabın ön sözünün müəllifi, yazıçı Fəxri Uğurlu körpü salsın. Fəxri müəllim, Sadaq Budaqlı nəsri hansı özəllikləri ilə fərqlənir, hansı xüsusiyyətlərinə görə siz onu Azərbaycan ədəbiyyatının ən parlaq simalarından hesab edirsiniz?

Fəxri Uğurlu: Mən Saday Budaqlının yaradıcılığı ilə ilk dəfə Sovet dövründə tanış olmuşam. Sadayın hekayələri o vaxt mənə çox böyük təsir göstərmişdi. Onun yazdıqları o dövr üçün ənənəvi olmayan nəsr idi. Doğrudur, o vaxt orta məktəbdə oxuyurdum, dünya nəsrini bir o qədər bilmirdim. Markesin bir sözü var, deyir, mən Kafkanı oxuyanda fikirləşdim ki, əgər bunlar ədəbiyyat üçün yarayırsa, demək, yazmağa dəyərmiş. Saday Budaqlının hekayələrini ilk dəfə oxuyanda mən də eyni hissləri keçirmişəm. O hekayələr mənə içimdə göyərən hissləri ifadə eləməyin yolunu öyrətdi.

O dövrdə Saday çox tez populyarlaşdı. Bakıya gələndən sonra mətbuatda müntəzəm çap olunmağa başladı, böyük ədəbi nüfuz qazandı, ancaq təəssüf ki, tezliklə ədəbiyyat özü nüfuzunu itirdi. Moskvada rus dilində Sadayın sonuncu kitabı çıxanda ədəbiyyat cəmiyyətin həyatında artıq arxa plana keçmişdi, ictimai-siyasi hadisələr, kataklizmlər ədəbiyyatı unutdurmuşdu. Bu baxımdan Azərbaycan ədəbiyyatının 80-cilər nəslinin nümayəndəsi kimi Saday Budaqlı da bir az bəxti gətirməyən yazıçılardandır. O, yazıçı kimi nüfuz qazanmağa, oturuşmağa başladığı vaxtda sovet hökuməti dağıldı. Ədəbiyyata yenidən diqqət yönələnə qədər neçə illər keçdi. Və uzun fasilədən – 25 ildən sonra Sadayın daha bir kitabı nəşr olundu: “Yolüstü söhbət”. Çox dəyərli kitabdır, düşünürəm ki, bizim gənc nəsil bu kitablarla tanış olmalıdır. Saday dünya nəsrinin bir çox yenilikçi, proqressiv ənənələrini bizim ədəbiyyata gətirib. Məsələn, şüur axını deyilən bir metodu bizim ədəbiyyatımıza tam mənası ilə Saday gətirib. Əslində, nəsrimizdə əvvəllər də bunun müəyyən işartıları, nümunələri vardı. Amma Sadayın yazıları metodu bütün mürəkkəbliyi ilə əks elətdirirdi, həm də çox tutarlı şəkildə. Saday hadisəçi deyil, onun əsərlərində kəskin süjetlər, gərgin zahiri intriqalar-filan yoxdu. Bu əsərlərdə ziddiyyətlər, kataklizmlər, kəskin dönüşlər insanın içində, mənəvi dünyasında baş verir. Bu baxımdan Saday Budaqlı sırf insanla, onun psixoloji aləmiylə uğraşan yazıçıdır, insandan kənarda cərəyan eləyən ictimai-siyasi hadisələrlə yox. Saday Budaqlı yaradıcılığının timsalında ədəbiyyatımızda psixoloji nəsrin parlaq nümunəsi yaranıb.

Ağa Cəfərli: – Cavanşir müəllim, Fəxri müəllim belə bir fikir səsləndirdi ki, Saday Budaqlı dünya nəsrinin bir çox yenilikçi ənənələrini yazıları ilə bizim ədəbiyyata gətirib. İstərdim, sizin bu qənaətlə bağlı fikirlərinizi öyrənək. Fəxri müəllim düzmü deyir?

Cavanşir Yusifli: – Mənə elə gəlir ki, Saday Budaqlı ilk növbədə üslubu ilə seçilən yazıçıdır. Onun yazılarında impressionist xətii görməmək mümkün deyil. Elə bil ki, yazıçı bir hissin dalınca düşür, hiss hissi doğurur və bu anidən qarşısıalınmaz silsiləyə çevrilir. Hiss hissi doğurur, dedik. Nəyəsə canatma daxili dinamikanı gücləndirir, sənə elə gəlir ki, bütün təsvir vasitələri də arxada qalır, o dinamikanı vermək anlamında gücsüz nəsnələrə çevrilirlər. Saday Budaqlının yaradcılığında baxış olaraq Berqsondan, üslub olaraq Prustdan gəlmə şeylər var. Fərdiliyə, fərdi məqamların qabardılıb araşdırılmasına önəm verilməsi Sadayın yaradıcılığında mühüm yer tutur. İstənilən nəsr əsərində hadisə olmasa da süjet olur. Saday mətnin özündə ümumi xüsusiyyətləri yox, unikal olanı seçir. Bu isə, demək lazımdır ki, gerçəkliyə xüsusi, əlahiddə baxışın olmasını tələb edir. İlk baxışdan adama elə gəlir ki, Sadayın mətinin keyfiyyəti dillə bağl məsələdir. Bizdə dili yaxşı olan, keyifyyətcə nəsr mətni kimi yaxşı olmayan əsərlər həddindən atıq çoxdur. Amma Sadayda məsələlər fərqlidir. Mən iki cəhəti vurğulamaq istəyirəm: dilin dəf edildiyi nəsr əsərləri, bir də var, dil dəf edilmir, əksinə dilin özü bütün şaqraqlığı və axar-baxarı ilə mətləbi dəf edir, sənə qarşı durur, səni öz içində əridir, sən də buna doğrudan da bir nəsr əsəri kimi baxır, oxuyursan. Biz təbii ki, dəfələrlə belə mətnləri oxumuşuq. Saday Budaqlıda birinci hal üstündür. Hər hansı bədii mətndə dil insanla gerçəklik arasında bir maneədir, onu dəf etmək lazımdır.

Mən konkret misallarla danışmaq istəyirəm. Məsələn, “Şübhə” hekayəsində sözlə oynamaq yox, mətləbi assosiasiyalar qatışığında vermək əsasdır. Qərhərmanın vəziyyətini göstərmək, situasiyanı göstərmək üçün qəfildən elə bir söz işlədilir ki, sən fikirləşirsən: bu söz hər hansı bir fikir ifadə ediləndən sonra işlədilə bilərdi. Misal üçün Saday yazır ki, “o, dediyi sözün arxasınca baxırdı…”. Bu, təsvir deyil artıq, daxildən baxışın dilidir. Sanki hərəkət tutulub saxlanılır və qaldığı yerdən davam edir. Ani saxlanılma dinamikanı vərdiş eləmədiyimiz yöndən vermək üçündür. “Uduş” hekayəsində isə belə bir yer var: “Bircə çay adamlara oxşayırdı. Dağlar arasındakı boşluğu həlim-həlim dolduran gün işığından qaçlb qurtarmağa çalışırdı. Amma hey axırdı, axırdı, kənddən çıxa bilmirdi.” Yaxud: “ Qollarını hiss etmirdi. Biçdiyi ot da deyildi, günün saçaqlarıydı, sarımtəıl gün saçaqları parıltılı-parıltılı yanı üstə düşüb qalırdı. Hərdən başını qaldıranda qıyılmış gözləri arasında günəş bir damcı yaş kimi titrəyirdi, gözünü bircə dəfə qırpmağa bəndiydi qopub düşsün…”.Bu təsvirlər, impressionist keçidlər süjet və kompozisiya sistemində hansı rolu oynayır? Bunu tapaq. “… O bilirdi, arvadı da gülümsəyir. Və o, bu sevincə baxa bilmirdi. Nazlı körpə kimi üzünü istədəcək bu sevincin sabah qabağında dura bilməyəcəyindən, kif atıb ürəklərini bulandıracağından qorxurdu…”

İlk baxışdan adama elə gəlir ki, bu, Adil Mirseydin yazdığı impressionist şeirdir. Ancaq bu nəsrdir, bu başqa üslubdur, Azərbaycan nəsrini altdan-altdan zənginləşdirən, hadisəçiliyə qarşı duran mətnlərdir Sadayın yazdıqları.

Oxucu bir sonluq gözləyir, ya xoşbəxt, ya bəxbəxt sonluq. Bu Sadayın hekayələrinin heç birində baş vermir. Və məsələ burasındadır ki, məncə Saday Budaqlının yazıçı tipini müəyyənləşdirmək lazımdır. Müsahibələrinin birində Saday deyir ki, mən həmişə içimdən müşahidə edirəm. Bu cümləni götürüb onun bütün nəsr nümunələrinə şamil eləsək, görərik, Saday yaxşı mənada saman altından su yeridən yazıçıdır. Baxışları çoxplanlıdır. Hissləri izləmək bacarığı daxildən çox güclüdür Sadayda. Saday altdan-altdan qəhrəmanlarının, əslində həm də özünün dünaya münasibətini göstərir. Bu, əslində bir az prozaik, bir az poetik baxışdır. Bunların ikisinin birləşdiyi, qovuşduğu bir yerdir.

Psixoloji vəziyyətin meydana çıxması üçün yazıçılar adətən detallardan geniş istifadə edirlər. Amma Sadayda altdan-altdan, gizlin şəkildə müşahidə var. Elə bil mətnin içərisində gizli bir kamera qoyulub və o, insanın hisslərini, fikirlərini, duyğularını qeydə alır. Berqsonun adını bayaq təsadüfən çəkmədim. O deyirdi ki, ağılla həqiqəti dərk eləmək mümkün deyil. Bu, yalnız intuitiv yolla mümkündür. Bu düşüncə Prustun meydana çıxmasına səbəb oldu. Saday isə Prustu çox sevir. Prust Sadayın inandığı və onun nəsrini zənginləşdirən yazıçılardan biridir.

Ağa Cəfərli: – Məti müəllim, Cavanşir Yusifli dedi ki, Saday Budaqlı Prustdan təsirlənmiş, yaxşı mənada faydalanmış yazıçıdır. Siz necə düşünürsünüz? Doğrudanmı belədir?

Məti Osmanoğlu: Ümumiyyətlə bədii ədəbiyyatda təsir, faydalanmaq anlayışı universal və geniş anlayışdır. Konkret müşahidələr və araşdırma aparmadan bu mövzuda mülahizə irəli sürmək mənə çətin görünür. Dünya ədəbiyyatı təcrüblərinə yaxından bələd olan Cavanşir müəllimin yəqin ki bununla bağlı xüsusi müşahidə və müqayisələri var, həmin müşahidələr əsasında bu fikirləri səsləndirir. Mən bu barədə əlavə bir fikir deyə bilmərəm.

Ancaq onu deyə bilərəm ki, mən Sadayın yaradıcılığı ilə onun ilk hekayələr yazmağa başladığı vaxtdan tanışam. 1986-cı ildə “Ulduz” jurnalında “Gənc nasirlərimizin axtarışları və imkanları” adlı bir məqalə yazmışdım və həmin məqalədə Saday Budaqlının da yaradıcılığına toxunmuşdum. Saday Budaqlı nasirlərin arasında o vaxt da seçilirdi. Təbii ki, o biri nasirlərlə ümumi cəhətləri də vardı. O zaman ədəbiyyatımızda hekayə, povest axını vardı. Mən o vaxt Saday və Eldəniz Quliyevin yaradıcılığı arasında müqayisə aparmışdım. Çox təəssüflər olsun ki, sonra Eldəniz Quliyevin nəsrdən aralandı.

Həmin məqalədə Sadayın qəhrəmanlarını öz içində vurnuxan insanlar kimi təhlil etməyə çalışmışdım. O məqaləni bura gəlməzdən əvvəl bir vərəqlədim. Orda özüm üçün maraqlı bir məqamı tutdum. Sadayın bir nasir kimi dayandığı məqam da sanki əvvəlcədən görsənir. İnsanların içinə baş vurmaq, insanları dünyada, cəmiyyətdə deyil, öz içlərində axtarmaq, onların içində vurnuxmaq Sadayı geriyə çəkirdi. Məsələn, elə hekayələri var ki, ordakı situasiyanı sanki başqa hekayədə görmüsən. Saday dayanmalı idi. Onun “Qatar” hekayəsi var. Hekayə bitəndə qatarın dayanmasına az qalır. Məndən ötrü çox maraqlı idi ki, oğlan qatardan düşəndən sonra bu dünyanın içində nə görəcək. Ancaq Saday oğlan qatardan düşürmədi… Bu gün mən həmin oğlanı Şərif Ağayarın yaradıcılığında görürəm, məsələn, cəmiyyətdə gedən tarixi proseslərin qeyri-adi ustalıqla ümumiləşdirilmiş obrazını təqdim edən “Gülüstan” “Haramı” romanında…

Sadayın qəhrəmanları isə cəmiyyətə çıxmadı. Deyəsən, heç cəmiyyəti də qəhrəmanlarının içinə gətirmədi…

Fəxri Uğurlu: – Bəlkə, heç onun məqsədi o deyildi.

Məti Osmanoğlu: – Bəli, məqsəd o deyildi. Ancaq Sadayın yaradıcılıq platformasının müəyyən bir tutumu vardı. O tutum onu müəyyən məsafəyə qədər gətirəcəkdi və hardasa dayanacaqdı…

Fəxri Uğurlu: Həmin Prust həmin platformada dura-dura 7 cildlik subyektiv epopeya yazdı. Sizin dediyiniz kimi olsa, Prust da birincidən, ikincidən sonra dirənməliydi.

Məti Osmanoğlu: Sadayın yazı texnikası epopeya üçün yox, hekayə üçün daha münasib idi. Sadayın dayanmağını yalnız zamanla, ictimai-tarixi proseslərlə bağlı məsələ hesab etmirəm. Bu, təkcə Sovetlərin dağılmağı, inqilabların baş verməyi ilə bağlı deyil… Saday burada olsaydı, bu suala özü daha yaxşı aydınlıq gətirərdi…

Saday haqqında qeydlərimi bu gün yazmış olsaydım, orada heç nəyə toxunmazdım, ancaq bəzi əlavələr edərdim.

Sadayın hekayələrinin strukturu, poetik sistemi bütövdür, orda bir qopuqluq tapmaq mümkün deyil.

Başqa bir məqam: 60-cı illər ədəbiyyatında hekayəni və şeiri sonluğun üzərində qurmaq tendensiyası var idi. Ancaq Saday Budaqlının hekayələrinin sonluğu bənzərsiz və çox gözəldir. Hər sonluq özü yaddaqalan söz tablosudur. Bu – hekayəni sonluq üzərində qurmaq tendensiyası deyil, tamam fərqli hadisədir. Sadayın hekayələrinin sonluqları estetik şedevrlərdir. Azərbaycan ədəbiyyatında görünməmiş şeydir.

Cavanşir Yusifli. “Füruzə qaşlı sırğa” hekayəsində bir məqam var, sona yaxın, sırğasını itirən və elan verən qadına zəng edir, deyir ki, onu mən tapmışam. Bu fikir qəhrəmanın hekayə boyu düşüncələrinin yekunudur, ancaq qadın deyir ki, mən artıq sırğanı tapmışam. Bitdiyi yerdə təzədən başlamaq bir stixiyadır və bu üstəlik estetik çalar qazandıqda poetik sistem təzələnir, orijinal keyfiyyətlər qazanır.

Bu hekayədə detal və onun semantik yükünün transformasiyası maraqlıdır. Hekayənin əvvəlində “gizli qapı” hiss edilmədən “görünməz pərdəyə” çevrilir. Bütün hekayə bu aşkar transformasiyanın üstündə durur.

Ağa Cəfərli: – Bu sonluqlara novella janrının özəllikləri kimi baxmaq olarmı?

Məti Osmanoğlu: – Düzü, bunun konkret adını qoymağa çətinlik çəkirəm.

Cavanşir Yusifli: Bayaq Sadayın Prustdan təsirləndiyini demədim, mətləb başqa idi. Bir mətndə ən müxtəlif təcrübələri görmək olar və bu təbiidir. İzaha ehtiyacı yoxdur. Ancaq ən ciddi məsələ budur ki, hər bir hekayə, hər bir nəsr mətni nasirin dərinliklərdəki təcrübəsini üzə çıxarmasıyla başlanır. Bu daxili təcrübə aktuallaşanda məlum cizgilər, həm də başqalarının imzasını daşıyan elementlər bir növ reduksiyaya uğrayır.

O ki qaldı hekayələrin sonluğuna onlar məncə novellvari deyil, hiss və duyğular müxtəlif varyasiyalarda təqdim ediləndə süjetin içində bir paralellik yaranır, bir təhkiyə xətti haçalanır, belə olduqda mümkün sonluq variantı da aradan qalxır. Yəni, bu mətnlər həm də bir növ oxucunun iştirakıyla yaradılan mətnlərdir, bu baxışı əsas götürsək nə alınar? Təsəsvvür edin, süjet dinamikasında durmadan, dayanmadan nələrsə yaranır, yaranır və dəf edilir, yəni təhkiyədə əsaslı mövqe dəyişikliyi baş verir. Müqayisə edin, bu hekayələrlə deyək ki, Vaqif Nəsibin hekayələrinin təhkiyə strukturunu. Yaxud Məmməd Orucun. Tam fərqli hadisələrdir. Bu da təbiidir. Nəsrin ilkin xarakteristikasına aid bir şeydir. Mişel Bütorda belə bir fraqment var: “…Həmişə, arasıkəsilmədən bizim başımıza leysan kimi yağan bu əhvalatların elementar vahidini biz “hekayət”, yaxud indi deyildiyi kimi sadəcə “informasiya” adlandıra bilərik. “Nouvelle” bilirsinizmi nədir, – kimsə qışqırır, – indiyəcən deyilənləri bir kənara qoyun, o şeylər indi tamam başqa cür deyiləcək”.

”Hisslər qəribə şəkildə bir-birindən doğur. Bu, yeni tipli nəsrdir. İndi gənclər belə şeylər yazırlar, ancaq bunun təməli sağlam şəkildə Sadayda qoyulub. Hisslərin qəribə şəkildə izlənməsi, onun qəribə varyasiyalarda oynaması. Bu vibrasiyanı biz oxuyanda hiss etmirik. Sadayın təhkiyyəsi unkial bir şeydir.

Şərif Ağayar: Pamukdan bir dəfə forma, semiotik işarələrlə bağlı soruşmuşdular, cavab vermişdi ki, biz daha çox Balzakdan qalan ənənələrlə yazırıq, siz dediyiniz sonrakı məslələrdir. Mənə elə gəlir ki, zəif əsər haqqında da irihəcmli yazı yazıb, uzun-uzadı təhlil aparmaq olar. Mənim üçün əsas şərt əsərin bədii-estetik səciyyəsidir. Saday Budaqlı bu gün hazırlıqlı oxucunu heç bir forma ilə, yanaşma tərzi ilə təəccübləndirə bilməz. O məqam da nəzərə alınmalıdır ki, o hekayələrin yazılmasından xeyli vaxt keçib. Şüur axını, daxili monoloq-filan bizə Prustdan, Bekketdən tanışdır. Lakin Saday müəllimin kitabı bütün zamanlarda bizə bədii-estetik zövq yaşadacaqdır. Əslində bədii-estetik zövq ifadəsi şəxsən mənim keçirdiyim hissləri çox zəif ifadə edir. Axırıncı dəfə Füzulini oxuyanda sözün ecazından bu qədər heyrətlənmişdim. Saday Budaqlı hekayələrində o qədər masterlik göstərir ki! Yadıma yüksək səslə oxuyan muğam ifaçıları düşür – zildə şaqraq zəngulə vuranlar! Saday hisslərin dərinliyinə o qədər enir ki… Elə sözlər seçir ki… Bəli,bir azərbaycanlı yazıçı belə mətnlər yazır və məsələnin fəlakətli tərəfi ondadır ki, bu yazıçıdan çoxunun xəbəri yoxdur.

60-cılar bizdən sonra ədəbiyyatda heç kim yoxdur pozasını həmişə göstəriblər. Fikrimə şərik olmaya bilərsiniz, mən öz fikrimi deyirəm. 60-cıların qarşısında mənəvi dirəniş göstərən iki imza olub ki, onların adını həmişə ürəklə çəkmişəm: Səfər Alışarlı və Saday Budaqlı. Lakin Sadaq Budaqlıdan soruşurlar ki, özünü hansı izmə aid edirsən. Deyir, realizmə. Halbuki, təpədən-dırnağa modernistdir və 60-cıların əksəriyyətindən daha dərin psixoloji məqamlar yarada bilib.

Cavanşir Yusifli: Məncə, bundan öncə deyiləsi nəsə olamlıdır. Bir hadisə ilə əsaslı şəkildə “qan qohumluğun” olmalıdır ki, həm də ondan fərqlənəsən. Yoxsa ancaq fərqlənmək … birtəhər çıxır. Buna diqqət edin: “ Biz gözəl bilirik ki, bizə nəql edilənlərin içində elə çoxlu şeylər var ki, həqiqət deyil, səhvdən başqa həm də fiksiyadır, yaxşı bilirik ki, fransız sözü olan histoire eyni zamanda həm yalanı, həm də həqiqəti ifadə edir, daim hərəkətdə olan dünyanı içinə alıb əridən qafamızın doğurduğu “ümumdünya tarixi” də bizim ayıq-sayıqlığımızdan özgə bir şey deyildir, bizim uşaqları yuxuya vermək üçün uydurduğumuz nağıllar da bu sıradandır – bəzən elə olur ki, o uşaq bizi yatırdır, gözəl bilirik ki, Qorio Ata da, Napoleon Bonapart da mövcud olduqları şəkildə bizə gəlib çatmayıblar…”

Məti Osmanoğlu: – Şərif, bir məsələni dəqiqləşdirim. Sadayın bəlkə də xoşbəxtliyi onda oldu ki, o, Bakıda filoloji təhsil almadı. Qorki adına Ədəbiyyat İnstitutunda oxudu. Ora da son dərəcə demokratik, yaradıcı mühiti olan bir yer idi… Saday o yaradıcılıq laborotoriyasını düzgün qiymətləndirdi. Moskva mühitinin üstün cəhərlərindən biri də bu idi ki, istedadlı adamların dəyərini bilirdilər.

Şərif Ağayar: – Əziz Nesin Bakıya gələndə bizim yazıçılar çox düşürlər onu üstünə ki, Türkiyədə neçə tanına, populyarlaşa bilərik. Əziz Nesin Moskvanı nəzərdə tutaraq deyib ki, böyük qapıdan keçin, gəlin də!Məncə, Saday Budaqlı böyük qapıdan keçmiş yazıçı idi. Təsadüfi deyil ki, ilk kitabı da Moskvada çıxıb.

Məti Osmanoğlu: – SadayMoskvada oxuyanda dünya ədəbiyyatı ilə təması başlayır, dünya və rus yazıçılarının təcrübəsini öyrənir. Bunlarla yanaşı, Azərbaycan dili ilə də qeyri-adi həsslıqla və ustalıqla işləyə bilir. Görürsünüz, Saday Budaqlının yazılarında cümlələr elə böyük deyil, mürəkkəb cümlələr azdır. Dil pozaçılığı yoxdur. Məsələn, Əkrəm Əylislinin hekayələrinə, povestlərinə baxsaq görərik ki, o, xüsusi bir nəsr dili yaratmağa çalışır və bunu da nümayiş etdirir. Sadayın yazdıqları Şopenin sonataları kimidir. Üzdən sadə və yumşaq görünür, əslində isə çox mürəkkəb və sərtdir.

Fəxri Uğurlu: – Onun yazdıqlarının poetikası mətnin canındadır. Zahirən bir bütöv Saday Budaqlı üslubu olsa da, yazılarının üslubu bir-birindən fərqlənir. Sadayın əsərlərini oxuduqca adama elə gəlir, müəllif personajı yox, personaj müəllifi idarə eləyir. Onun qəhrəmanı küçənin bu başından o başına gedənə qədər yüz dəfə yolunu dəyişə bilər. Bu baxımdan Saday Budaqlı yaradıcılığı ekzistensial ədəbiyyatdır. Personajın ekzistensiyası onun taleyini əzəl başdan müəyyənləşdirir.

Şərif Ağayar: – Mən sizi inandırım, “Zədə” romanından müəyyən cümlələri saytda vermək istəyirdim, ancaq gördüm ki, belə etsəm, gərək romanın yarısını ona köçürüm. Elə abzaslar var ki, başdan ayağa poetik kəşflərdir. Həm də Sadaq Budaqlı hər dəfə yeni bir süjet təklif edir. Sadayı oxuyanda hiss edirsən ki, mətn onu aparır. Onu apardığı kimi elə oxucunu da aparır. Mən çox arzulayardım ki, bu kitabı yazan insan iyirmi il ərzində boş dayanmayaydı. Və heç nə onun yazmamağına haqq qazandıra bilməz. Biz onun qəhrəmanının “Qatar”dan düşən variantını da oxumaq istəyərdik. Tematik baxımdan funksional şeylər görmək istərdik.

Fəxri Uğurlu: – Sizi inandırım ki, Saday yüz il də yazsa, o qəhrəman “Qatar”dan düşməyəcək. Elə o qatarla (əslində öz içinin dolanbaclarıyla) gedib-gələcək, ömrü içindəki çalın-çarpaz yollarda keçəcək.

Şərif Ağayar: – Sadaq Budaqlı öz müsahibəsində demişdi ki, mən bir nöqtəni eşələməyi, onun dərinliyinə varmağı sevirəm.

Məti Osmanoğlu: – Sadayın “Şəbəkə” povesti haqqında bir neçə kəlmə demək istəyirəm. Əsərin unikallığı ondadır ki, burda süjet yoxdur. Rəngləri və ölçüləri bir-birinə bənzəməyən çevrələrdən qurulmuş “Şəbəkə”dəki rəngləri bir-birinin üzərinə gətirmək, bu rəngləri yaratmaq asan deyil.

Şərif Ağayar: – Mən “Şəbəkə”ni oxumasaydım və kimsə məndən soruşsaydı ki, belə bir əsəri kim yaza bilər, mən yenə də Saday Budaqlının adını çəkərdim. Niyə belə deyirəm? Nəsrdə abzaslardan abzaslara, hadisələrdən hadisələrə keçmək elə də asan deyil. İki abzasın arasında yıxılıb ölən çoxlu yazıçılar görmüşəm. Adam bir abzasda gedir siqaret almağa, qayıdıb evə gələ bilmir.Saday Budaqlıda hadisələr bir-birinə öz-özünə keçir, üzvü bağlılıq yaradır. Kinoda iyirmidörd kadr var, iyirmi beşinci kadr görünmür, yalnız şüuraltına təsir edir. İyirmi dörd kadrdan biri kəm olanda hərəkət dəqiq alınmır. Saday Budaqlının yazdıqları iyirimi dörd, bəzi məqamlarda iyirmi beş kardır.

Fəxri Uğurlu: – Çox yaxşı məqama toxundun. Əslində, Sadayın yazdıqları şüuraltına nüfuz eləyən iyirmi beşinci kadrdır. Onun mətnləri də aysberq kimidir, görünən-görünməyən tərəfləri var. Sadayın yazdıqlarında da mətləbin çox hissəsi sətirlərin altında qalır.

Ağa Cəfərli: – Cavanşir müəllim, Sadaq Budaqının yazdıqlarını elmi-nəzəri cəhətdən təsnifatlandırsaq, modernist ədəbiyyat nümunəsi hesab edə bilərkmi?

Cavanşir Yusifli: – Hər bir nəsr əsəri özü ilə yeni ab-hava gətirir. Saday Budaqlının bəxti çəkib ki, həmn vaxta düşüb. Doğrudur, Moskvada əsəri çap olunub, ancaq diqqət çəkməyib, ona görə ki, İttifaqın özü dağılıb. İki tip yazıçı olur, ürəyindəki, qəlbindəki həqiqəti mətnə çevirən, hiss elədiklərini fraqmentlərə bölən və ömrü boyu bir yeganə mətləb üstündə əsərlər yazan yazıçılar, bir də az yazan, qəlbindəki həqiqətləri iki-üç əsəri ilə ifadə edən sənətkarlar. Amma əslində çox, az yazmağın fərqi yoxdur. Və mənə gəlir ki, Saday heç vaxt dayanmayıb. Daxili və daxildən müşahidə mənasında.

Bayaqdan onun üslubundan danışmaq istəyirəm. Saday nəyə görə yenidir? Saday qeyri-xətli süjet quruculuğunu Azərbaycan ədəbiyyatına gətirdi. Bir də mətnə ayrı enerji gətirdi. Anarın, Elçinin, Yusif Səmədoğlunun əsərlərindən aldığın enerji ilə Sadayın yazdıqlarından aldığın enerji tamamilə fərqlidir. Həm də dərinlikləri fərqlənir. Saday yeni üslubu yaradan, yeni üslubu gətirəndir. Həm də nəsri ilə ədəbiyyatımızın inkişafına təsir göstərmiş yazıçıdır.

Saday Budaqlının yazdıqlarında detlallar xəsisliklə seçilir. Həm də vacib olan detalların seçilməsi ilə yanaşı onların bir-birinə transformasiyası önəmli yer tutur.
Sadayın üslubunda aparıcı xətlərdən biri “əvəzetmə”dir. Yəni, mətndə bir-birini doğuran assosiativ pasajlar müvafiq məqamda yekunlaşır, yekun qanaətlə əvəz edilir. Sonra yeni assosiativ pasajlar başlanır və beləcə sona qədər. Bəzən biz bir nasirin orijinallığını əsaslandırmaq üçün onu hamıya qarşı qoyuruq, məncə bu yersiz və qeyri-elmi tendensiyadır. Bir tendensiyanın, bir üslubi xətin bitməsi fərqli bir üslubun başlandığına işarədir. Ən azı.

Şərif Ağayar: – Saday Budaqlı Azərbaycan ədəbiyyatını birxətli və birqatlı nəsrdən xilas edən, bunu bacaran qələm adamlarındandır. Hekayə yazmağın onlarla şərti var və biz Sadaq Budaqlının yazılarında bu şərtlərin böyük əksəriyyətinə böyük ustalıqla əməl edildiyini görürük. Biz Yaradcılıq Fakültəsində məşğələlər keçirəndə də tələbələrə əsl ədəbiyyatın, əsl nəsrin nə olduğunu anlatmaq üçün Saday Budaqlını tövsiyə edirdik. Bu, Sadaydan çox tələbələrə lazımdır. Bu kitab Sadayın özündən çox bizə lazımdır.

Məti Osmanoğlu: Ayrı-ayrı sənət əsərləri,mədəniyyət abidələri, bədii əsərlərlə insanlar arasında təmas yaratmaqdövlət əhəmiyyətli ciddi məsələdir. Ən azından ali təhsil ocaqlarında gəncləri bədii əsərlər üzərində akademik təhlilə yönəltmək lazımdır. İndi tarix dəyişib, yeni iqtisadi və mədəni sistem qurulur, yeni yanaşmalar ortaya qoyulur, amma Saday Budaqlı yazıları təravətli və aktualdır – estetik baxımdan aktuallığı nəzərdə tuturam. Bu əsərlər və onların bizə təqdim etdiyi qəhrəmanlar zamanın o tərəfində necə görünürdüsə, bu tərəfində də elə görünür.

Fəxri Uğurlu: – Folknerə “Emili üçün qızılgül” hekayəsi ilə bağlı sual verirlər ki, əsərin ideyası nədir? O da cavab verir ki, mən heç vaxt ideyalar haqqında yazmıram. İnsanlar haqqında yazıram.

Bir dəfə də bir jurnalist Umberto Ekodan soruşmuşdu ki, sizcə, Kafkanın əsas ideyası nədir? Eko son dərəcə sadə cavab vermişdi: “Kafka deyir ki, dünya qapqaradır”. Eyni sual Coysla bağlı veriləndə isə Eko belə demişdi: “Coys da deyir ki, dünya bombozdur”.

İndi istərdim filoloq alimlərimiz bu suala cavab versinlər: Saday Budaqlının əsərlərinin ideyası nədir?

Məti Osmanoğlu: – Məncə, bu suala cavab verildi, Saday Budaqlı özünü yazır, özünü təqdim edir. Sadayın əsərlərində ideya insanı insanı təqdim, təhlil etməkdir.

Cavanşir Yusifli: – Saday yazanda hər hansı izm haqqında düşünməyib. Bizdə nasirlər müyyən mənada bunu düşünürlər. İkinci vacib cəhət budur ki, Saday əsərləri ilə insanın daxilinin sonuna gedib çıxılmağın mümkün olmadığını vurğulayır. Variasiyalar da bundan gəlir. Onun yazdıqları modern olsa da klassik nəsrin çıxış nöqtələrinə gəlib çıxır.

Şərif Ağayar: – Məncə, Saday Budaqlı demək istəyir ki, insan zədəli, travmalıdır. Söhbət ondan getmir ki, insanın həyatında böyük bir fəlakət baş versin. Məsələn “Zədə”nin qəhrəmanın həyatında böyük bir fəlakət baş verməyib. Amma insan ən xırda şeylərdən də zədələnə bilir. Məncə, Saday Budaqlının əsərlərinin ideyası budur ki, insana qarşı diqqətli olmalısan.

Məti Osmanoğlu: – Sadayın yaratdığı insan hardasa Kamyunun müəyyənləşdirdiyi absurd insandır. Saday Budaqlı insanları qarşı-qarşıya gətirmir, toqquşdurmur, onların şəbəkəsini qurmağa çalışır. Onun əsərlərinin maraqlı cəhəti budur.

Fəxri Uğurlu: – Bu həm də o deməkdir ki, hər kəsin dünyası qapalıdır, heç kim heç kimin dünyasına girə bilmir.

Məti Osmanoğlu: – Həm də mənə elə gəlir ki, Saday təhlil etdiyi insanın gələcəyini görmür və göstərmək də istəmir. Onu çarəsizliyin içində qoyur. Bu baxımdan Fəxrinin sualına “Şübhə” hekayəsinin sonluğu cavab verə bilər. Gecənin ümidi ilə sabahın şübhəsi arasında vurnuxan insan təhnadır və bundan çıxış yolu yoxdur. Saday insanı pritça estetikasına uyğun təqdim edir.

Fəxri Uğurlu: – Əslində, Sadayın hekayələri zahirən real müstəvidə cərəyan eləsə də, mahiyyətcə pritçadır.

Şərif Ağayar: – Siz çıxılmazlıqdan danışdınız, razıyam, amma hekayələri oxuyub qurtarırsan, adamın içində bir işıq qalır.

Məti Osmanoğlu: – Bu artıq sənin bayaq dediyin estetik işıqdır.

Şərif Ağayar: – Ancaq Kafkanı oxuyanda adamı ümidsizlik bürüyür.

Məti Osmanoğlu: – Şərif bu müzakirədə Füzulinin adını çəkdi. Sadayın hekayələrinin strukturu klassik şeir strukturu ilə, xüsusilə də Füzuli qəzəlinin strukturu ilə müqayisə oluna bilər.

Şərif Ağayar: – Bədii ifadə və təsvir vasitələrində də onu yada salır.

Fəxri Uğurlu: – Hər bir ciddi yazıçının – şübhəsiz Saday da onlardan biridir – özünün əcdadları var, fikir, ideya əcdadları…

Ağa Cəfərli: – Müzakirəyə qatıldığınız üçün hər birinizə Azərbaycan Yaradıcılıq Fondu adından təşəkkür edirik.

Məti Osmanoğlu: Şərif yeni çıxmış “Arzulardan sonrakı şəhər” romanının ilk nüsxələrini bura gətirib. Təklif edirəm ki, növbəti müzakirə Şərifin kitabı ilə bağlı olsun…

# 1044 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #