Biz niyə dünya ədəbiyyatına çıxa bilmirik?

 

 

Kulis.az İradə Musayevanın “Dünya ədəbiyyatı və bizim hekayə mövzumuz...” məqaləsini təqdim edir.

 

Təkcə mənim yox, yəqin ki, ədəbi prosesdə olan hər kəsin düşüncəsində bir cavabı tapılmayan sual var: Biz niyə dünya ədəbiyyatı arenasına çıxa bilmirik? Nə romanımızla, nə hekayəmizlə, nə dramımızla...

 

Mövzumuz hekayə janrı ilə bağlı olduğu üçün birbaşa mətləbə keçmək istərdim. Həmin sualın məchul, əsaslandırılmamış cavablarından biri adətən belə olur ki, biz balaca ölkəyik, guya bizim yazıçılar üçün mövzu sərhəddi, həddi də məhz bu “balaca mühit” limitində olduğu üçün böyük, dünya ədəbiyyatında da əks-səda doğura biləcək nümunələr ortaya qoymağa imkan vermir. Guya 9 milyonun içərisində dünyaya çıxacaq ədəbi qəhrəman da tapmaq çətindir... Amma elə dünya ədəbiyyatı tarixindəki bir çox əks-arqumentli faktlar sübut edir ki, bu belə deyil... 2013-cü ildə “Müasir qısa hekayə janrındakı ustalığına görə”  Nobel mükafatı alan Elis Munro 3 min adamı olan bir əyalətin yazıçısı kimi yazırdı hekayələrini. Və yaxud, Amerika yazıçısı Şirli Ceksonun məşhur “Lotereya” hekayəsindəki bir romanlıq ideya yükü olan hadisələrin baş vermə məkanı cəmi 300 nəfərlik bir qəsəbənin mühiti çərçivəsində təsvir olunur və s. Deməli, nə yazarın balaca bir qəsəbədə doğulub böyüməsi, nə də onların qəhrəmanlarının meydanının dar olması ideyanın sərhədini hasarlaya bilməz. Ədəbi düşüncə monumental olanda, hətta D.Defonun “Robinzon Kruzo”, Q.Q.Markesin “100 illik tənhalıq” romanında olduğu kimi adada, insansız məkanlarda, ya da yeni yaşayış məskənlərində belə ədəbiyyat, böyük ədəbiyyat öz sözünü deyə bilir... Hətta bircə insanın yaşadığı ərazinin epopeyasını yaratmaq mümkündür. Yəni, biz ədəbiyyatımızın böyüyə bilməməsini ölkəmizin ərazi və əhali miqyasının üstünə ata bilmərik.

 

“Kiçik şəhərdə yaşayanda sən insanlar haqda daha çox şey eşidirsən, özü də müxtəlif cür adamlar haqqında. Böyük şəhərdə isə sənin qulağına çatanlar yalnız özün kimi adamlar haqqında olur. Əgər qadınsansa, rəfiqələrindən çox şey eşidirsən... Məsələn, hekayələrimin birindəki dəhşətli qətl hadisəsi mənim yaşadığım yerdə törədilib. Əgər böyük şəhərdə yaşasaydım, bu barədə qəzetdən xəbər tuta bilərdim, kiçik şəhərdə isə hadisəni detallarına qədər eşidirəm”. (E.Munro)

 

Yuxarıda adını çəkdiyim “Lotereya” hekayəsində ilk baxışda çox kiçik bir hadisə təsvir olunur. Süjet isə fraqmental detallardan ibarət kimi görünür. Balaca bir qəsəbədə ənənəvi lotereya oyunu keçiriləcək. Başqa, böyük şəhərlərdə iki günə keçirilən bu oyun həmin qəsəbədə cəmi 2 saat çəkir. Çox kiçik qəsəbə, kiçicik bir hadisə, oyun və sosial status etibarilə çox kiçik, sadə adamlar. Məişət fonunun, səhnəsinin obrazları... Fəqət insan tragediyasının oyun, tamaşa lövhələri...  Fəlsəfi düşüncələrə aparıb çıxaran, sillə kimi sifətimizə çırpılan, əks-səda verən ideya! İnsanın potensial mahiyyəti dibsiz qaranlıqmış... Ən sakit, mədəni, adi, sadə situasiyaların məsum və aciz insanlarının belə daxilində bir qatil, bir canavar, bir ittihamçı, qəddar canilər yatırmış... Bu hekayəni oxuyandan sonra ətrafına boylanırsan, özünə baxırsan və qorxursan... Mağara vəhşilikləri ilə müasir şəhərlərin göydələn binalarında yaşayan modern insanın şüuraltı yığılıb qalmış və yeri düşdükcə həllini tapan qəddarlıqları arasında bərabər işarəsi qoyuruq. İnsan heç dəyişmir, insan mahiyyəti, xisləti etibarilə potensial qatil olma funksiyasını hər zaman, min illərdir varlığında daşıyırmış... Sadəcə şüuraltında gizlənmiş, pusquda durmuş yırtıcı xislətində şərait və imkan, məqam gözləntisi var onun... Hekayədə deyildiyi kimi, köhnə ənənələr unudulsa da, köhnə qara qutu çoxdan mövcud olmasa da, insanlar daş atmağı yaddan çıxarmamışdılar...

 

Hekayənin ümumi ahəngi çox sakit bir tərzlə ifadə olunur. Lotereya oyunu başlamazdan bir az əvvəlin mənzərəsi, əslində, xüsusi notlarla vurğulanmasa da, sonrakı tragik durum üçün zəmin rolunu oynayır.

 

Uşaqlar meydançaya hamıdan tez gəlir. Körpələr toz-torpaqda eşələnir (hələ daşqalaq üçün material, daş-kəsək yığmaq imkanları yoxdur), nisbətən böyük uşaqlar isə daş toplayır, meydanın bir küncünə qalaqlayırlar. Oyunun sonunda “ölümünü udan” (əslində oyunu uduzan) adamın başına yağdırılacaq daşlar artıq hazırdır. Ən maraqlısı və Ş.Ceksonun ustalığı isə ondan ibarətdir ki, hekayə boyu “daşlamaq” mərasimini hissolunmaz lay kimi hadisələrin süjetindən, sanki sürüşdürür, aradan çıxarır (Bəlkə də sona-finala saxlamaqla oxucunun düşüncəsində insanı bu obrazda, bu qiyafədə saxlamaq istəyir). “Bobbi və Harri Cons, Dik Delakrua (onun soyadını burada Dellakroy kimi tələffüz edirdilər) küncə xeyli daş toplayıb onları başqa oğlanlardan qorumaq üçün keşikdə dayanmışdılar. Qızlar bir kənara çəkilib arada oğlanları süzərək söhbətləşirdilər. Körpələr ya meydanda toz-torpağın içində oturmuş, ya da böyük qardaş-bacılarının yanında dayanmışdılar. Tezliklə kişilər də toplaşmağa başladılar. Onlar uşaqlara göz qoyaraq əkindən, yağışdan, traktordan və vergidən danışırdılar. Kişilər daş qalağından bir qədər aralıda toplaşıb sakitcə zarafatlaşır, gülürdülər”.

 

Bəli, adi kənd mənzərəsi... Kişilər əkin-biçindən, qadınlar bir-birindən danışır. Uşaqlar dərsdən çıxıb meydançada baş verəcək barbar bir ritualın nəinki şahidi, hətta iştirakçısı olacaq, əllərində daş “start”da dayanıb “hücum!” əmrini gözləyirlər... Biletlər yaşı bilinməyən köhnə qara qutudan çıxarılır. Bilet, əslində “ölüm putyovkası”, “ölümə yollayış” assosasiyalıdır. Bircə qaralanmış, qara karandaşla dairələnmiş bilet var. O bilet kimin bəxtinə düşərsə daşlar ona yağdırılacaq...

 

Hekayədə qəribə bir tale qalereyası yaradıb müəllif. Bu tale sahiblərinin obrazı və həyat hekayələri belə paradoksallıqlarla doludur. Ümumiyyətlə, hekayə başdan-başa absurd, bir-birinə zidd, anti məqamlar üzərində qurulub. Lotereya oyununu (əslində isə tale oyununu) əvvəllər kömür satan Sammers aparır. Sammersə bu işi kənd əhli ona görə həvalə edib ki, ona yazıqları gəlib. Çünki sonsuzdur və deyingən arvadının əlində aciz durumda qalıb. Lakin bu “aciz” və baməzə, gördüyü işi öz aləmində xalqa xidmət kimi dəyərləndirən adam hər oyundan əvvəl  öz vəzifə borcunu yerinə yetirərək biletlərdən birinə qara karandaşla dairə-ölüm işarəsi çəkir. Budəfəki lotereya oyunu Kadril, gənclər klubunun toplantısı və Bütün Müqəddəslər Günü ilə bağlı proqramın maddələrindən biri kimi icra edilir. Sanki bir bayram mərasimi keçirilir. Daş-qalaq hücumunda isə bir təntənə, coşqu var.

 

Uorner kəndin ən yaşlı sakinidir. 77 ildir ki, qara qutudan lotereya bileti çıxarır, amma qara dairəli bilet–ölüm onun qismətindən yan keçib həmişə... Bu qoca “insanlar korlanıb, əvvəlki adamlar yoxdur”-deyir. Həm də ölüm oyunu olan lotereyanın haralardasa ləğv edilməsi xəbərinə qəzəblənir. “- Deyirlər ki, şimaldakı qəsəbədə lotereyadan imtina etmək istəyirlər,- cənab Adams yanında dayanan Uornerə dedi. “Hm” - Qoca Uorner dedi: - “Axmaqlar! Bu cavanların hansına qulaq assan görərsən ki, heç nəyi bəyənmirlər. Sabah da deyəcəklər ki, qədim insanlar kimi mağaralara dönək, işləməyək, bir müddət də belə yaşayaq. Əvvəllər bir məsəl vardı: “Gərək iyunda lotereya olsun ki, qarğıdalı da yetişsin”. Hə, bunların sözü ilə oturub dursan, gərək donuz kimi palıd qozası yeyəsən, təki işləməyəsən. Lotereya ta qədimlərdən var”, - deyə o əsəbi halda dedi”.

 

Hekayə paradoksallıqlarla doludur. İbtidai inanc mifi də var. “Gərək iyunda lotereya olsun ki, qarğıdalı da yetişsin”...  İnsanlar məhsulun bol olması üçün öz həmcinslərini qurban vermək ənənəsinə sadiqlik göstərir. Mərasimin əvvəlində himn oxunurmuş, salamlaşma, nəzakət qaydalarına riayət etməklə bütün rituallar səliqə ilə yerinə yetirilir. Sonda isə vəhşi bir coşqu ilə daşlama. Öz yaxın qonşunu, həmsöhbətini, rəfiqəni, qohumunu əlində tutduğun daşla öldürürsən. Amansızlıqla, gizli bir həzz hissi ilə...

 

Həmin gün oyunu təşkil edən icraçı Sammers də gecikir, qara dairəli biletə uduzan xanım Hatçinson da... Hər ikisi zarafatlaşır və xanım Hatçinson adamları yara-yara qabağa, sanki ölümə doğru irəliləyir. Adamlar isə ona məmuniyyətlə yol verir.

 

“Cənab Sammers söhbətini yekunlaşdırıb üzünü camaata sarı çevirəndə sviterini çiyinlərinə atmış xanım Hatçinson meydançaya yüyürdü. “Tamam ağlımdan çıxmışdı”- deyə o, üzünü Delakruaya tutdu.- “Mən də elə bilirəm, kişi həyətdə qurcalanır”- xanım Hatçinson sözünə davam elədi, - “bir də baxıram ki, uşaqlar yoxdu. Elə onda yadıma düşdü ki, bu gün ayın neçəsidir”... Xanım Hatçinson nəhayət ki, ərinin və uşaqalarının yanına çatdı və cənab Sammers zarafatca dedi: -Biz isə sənsiz başlamağa qərar vermişdik.

 

- Co, mən qabları bulaşıq qoyub gələ bilməzdim- deyə xanım Hatçinson gülümsəyərək cavab verdi.

 

Klayd Danbar ayağını sındırdığı üçün onun yerinə arvadı bilet çəkəsi olur, hətta tələb olunanda ki oğlu atasını əvəz etsin, ana razı olmur ki, hələ cəmi 16 yaşı var. (Əslində bu o deməkdir ki, bu qadın oğlunun əvəzinə də, ərinin əvəzinə də ölümə getməyə hazırdır.) Gənc Uotson isə həm anasının, həm də özünün yerinə bilet çəkmək istəyir. Yəni ölümə iki bilet istəyir sanki... İnsanlar isə onu alqışlayır: “Əhsən, Cek, evin kişisidi, anasının dayağıdı”.

 

Tessi Hatçinsona düşür işarələnmiş bilet. (Bilet əvvəl onun əri Billə düşmüşdür, amma qadın hay-küy salıb onu xilas edir, biletlər yenidən çəkilir, bu dəfə isə onun özünə düşür.) O elə hey adamlara üzünü tutub deyirdi: Bu ədalətli deyil, düz olmadı, heç düz olmadı... Adamlarsa əvvəldən meydançada qalaqladıqları daşları əllərinə alır və Hatçinsona hücuma keçir. Daşın ən böyüyünü isə bir az əvvəl söhbət edib ayrıldığı xanım Delakrua götürmüşdü. Bu məqamda müəllif çoxlu bədii ştrixlər nümayiş etdirir. Adamlar daş-qalaq olunan qadının balaca uşağının belə ovcuna daş basırlar (anasına atmaq üçün). Kəndin ağsaqqalı, insanlıqdan dəm vuran Uorner ilk hücuma keçənlərdən və adamlara hücum əmri verənlərdən biri, birincisidir...

 

İnsanın insana daş atması, onu daşlaması min, milyon illərdir ki, davam edir... daşlama, dışlama bir balaca kəndin simasında bədiiləşdirilsə də, əslində bu yanaşma bəşər tarixi ilə yaşıddır və bütün insanlığa şamil edilə bilər. Hekayədə pis, mənfi planda verilən obraza rast gəlmirik. Hər kəs öz işini yerinə yetirirmiş kimi görünür. Fəqət, yaddaşda, insanın və insanlığın genetik yaddaşında bir tarixi “daşlama” mərhələsi olub nə zamansa... Bəlkə, Adəm və Həvva cənnətdən qovulanda yaranıb bu kin-küdurət, bəlkə Habil və Qabil qardaşları dalaşandan sonra? İlk insan öldürən Qabil olub. Axı günahsız insan-Habil öldürülür və günahkar, qatil insan Qabil ondan sonraya qalır... Bu daşqalaqçılar isə Qabilin törəməsi kimi canlanır xəyalımızda. Çünki insanın ulu babası, əcdadı nəyi yaşayır, nəyi edirsə onun sonrakı nəsli də həmin hisslərlə genetik diktənin icraçısı olur. Bu hekayədə kütlə psixologiyası, kütləvi daşlama, itələmə, qovma, “iqnor” etmə faciəsi insanlığın heyvani, instiktiv reaksiyası kimi əks olunur. Deməli, azad, müstəqil düşünmə, xarakter kimi fərdiləşmə olmayanda insanlar eyni səmtə hürən itlər, eyni tərəfə ulayan çaqqallar kimi qorxunc, bədheybət və rəzil durumda da ola bilirmiş...

 

İt əzabı çəkmiş insanın daxilən, ruhən də “it xisləti” qazanması faciəsini İsrail yazıçısı Yoram Kaniukun “Adamın dirilməsi” romanında bəlkə F.Kafkadan da kəskin boyalarla ifadə edir. Ailəsi ilə birgə ölüm düşərgəsinə salınan, tanınmış kloun Adam Stein bu düşərgədən diri çıxmaq üçün it həyatının əzablarını dadmaq məcburiyyətində qalır. Ölümə-qaz kameralarına aparılan insanları “it rolunda” çıxış edərək əyləndirir. Həmin rolu o hətta ailə üzvləri ölümə göndəriləndə də oynayır. Bu dəhşətli sınaqdan Adam Stein yeni psixologiya, yeni çalarlı instiktlərlə, ruhi xəstə kimi çıxır. Ölüm düşərgəsində gördüklərinin travması onun içindəki insanı məhv edir. Və maraqlıdır ki, bu daxildəki “insan” məhz insanların əli ilə tar-mar edilir. O, normal hesab edilən adamlarla ünsiyyətdən qaçır və inanır ki, onun müalicə olunduğu dəlixanada it var, durmadan onu axtarır. Hissiyyatı onu aldatmır. Məlum olur ki, orada vaxtilə zirzəmidə it kimi zəncirlənib saxlanılmış başqa bir adam da var. Yeni bir “çevrilmə”nin anatomiyası roman oxucusunu sarsıdır. Müəllif insan kimi fiziki-bioloji görüntünün ( insan cildinin) içində heyvanlaşma prosesinin baş vermə səbəb və nəticə mexanizminin tarixini, fəlsəfəsini qoyur ortaya...

 

E.Munronun hekayə yaradıcılığı ilə bağlı söhbətində çox maraqlı bir məqam var. Qəribə göründü bu məqam, ona görə ki, qəhrəmanların deyil, müsahibələrinin birində müəllifin dilindən eşidirik həmin fikri. “Hekayə yazdığım ilk vaxtlarda mənə görə ən vacib olan hekayəni nikbin sonluqla bitirmək idi. Sonu bədbəxtliklə bitən hekayələrə dözə bilmirdim. Xüsusən də, hekayəmin əsas qəhrəmanının heç cür bədbəxt olmasını istəmirdim. Sonralar mən Emile Brontenin “Wuthering heights” (“Uğultulu təpələr “) əsərini oxudum. Bu əsərdə çox, hədsiz bədbəxt sonluqlar vardı. Beləliklə də, mən öz ideyalarımı dəyişdim və faciəvi sonluqlu hekayələr yazmağa başladım, sonralar bundan həzz alırdım”.

 

Bu etiraf təkcə E.Munroya aid deyil. Bu “sadizm”-insan talelərinin faciəvi sonluqlarından həzz alma qəddarlığının (hətta ədəbiyyatda olsa belə) özündə belə “daşqalaqçılıq” sindromları var. Hekayələrinə görə Nobel mükafatı alan E.Munronun insan talelərinə yanaşmasında bayaq haqqında danışdığım hekayənin qəhrəmanı Hatçinsona rəfiqəsi Delekruanın atdığı böyük daşa ekvivalent olan bir psixoloji qəddarlıq var. Deməli, yazıçılar (eləcə də Dostoyevski, Kafka, Hamsun, Kamyu, Hemenquey, Ekzüperi, Vulf , Steynbek, Oruell və b.) belə aqibəti, həyatı, taleyi əllərində olan qəhrəmanlarının yaradıcısı, “allahı” olanda həmin “əzab verib həzz almaq” fürsətindən bolluca yararlanırlar. Bəlkə də, əksinə, rəhm etdikləri, taleyinə acıdıqları insana qarşı mərhəmət hissi yaratmaq üçün qəhrəmanlarına bu qədər əzab yaşadır müəlliflər... Şərq ədəbiyyatında da həmin yanaşmanın tarixi qədimdən qədimdir. Təkcə M.Füzuli yaradıcılığında kədərin insana tətbiqi nəzəriyyəsinə diqqət etsək razılaşarıq. “Çün sevərəm bəlanı, çün sevər bəla məni” və ya:

 

Füzuli, dərdinin qədrin nə bilsin hər yetən bidərd,

Könül qəmdən alır zövqü, qəmin əfzun ola ya Rəbb...

 

“Qaçaq”, “Aşkar sirlər”, “Sizə demək istədiyim bir şey vardı”, “Şən kölgələrin rəqsi”, “Yaxşı qadının sevgisi” və s. bu kimi kiçik hekayələr kitabının müəllifi E.Munronun yaradıcılığı haqqında qəzetlərdən birinin yazdığı tənqidi məqaləni hekayəçi xanım kədərlə xatırlayır. O məqalədə E.Munro haqqında yazırdılar ki, o həyata “qıvşımış daxili aləm”dən baxır və eybəcərləşmiş şəxsiyyətlər təsvir edir. Daha doğrusu, o həyatı guya o qədər pis görür ki, öz şəxsiyyəti də eybəcərləşib... Şirli Ceksonun “Lotereya” hekayəsi haqqında da tənqidçilərin çoxu və əksər oxucular ona bənzər fikirlər söyləmişdi. Onlar hekayədə qabardılmış insan xislətindəki bu qəddarlığın hüdudsuzluğuna etiraz edirdilər. Hekayənin çap olunduğu “Paris review” jurnalına abunəlikdən çıxır, müəllifə qəzəbli, ittihamlı məktublar yazırdılar...

 

Maraqlıdır, adamların bu cür yanaşmasında da bir “daşqalaq” terroru, təzyiqi duyuram. Çünki, insanları  sözlə də daşqalaq etmək olur... Bu adlarını çəkdiyim yazıçılar öz qəhrəmanlarının içindəki qəddarlığı çəkib çıxarmaqla onları bir növ ittiham (bəlkə də daşqalaq) edir, oxucular bu yazıçıları qınayır, onlara qəzəblənir, tənqid yağışı ilə onlara hökm oxuyur (daşqalaq edir), daha sonra, 60-70 ildən sonra tərəflərdən birinə haqq qazandırıb digərini (məsələn, oxucuları) suçlu çıxarırıq, hal-hazırda bu yazarları tənqid etdiklərinə görə biz də həmin tənqidçiləri və oxucuları günahkar, cahil, ədalətsiz hesab etməklə daşqalaq zəncirinin halqalarını silsilələşdirir, artırırıq... İnsan çox çətin, anlaşılmaz, dibi görünməyən quyudur, ondan yazmaq, əlbəttə çətindir...

 

Bu insana bizim ədəbiyyatda, daha dəqiq desək, hekayələrdə münasibət necədir? Bizim hekayəçilər insanı hansı tərəfdən araşdırır? Və ümumiyyətlə, araşdırırmı? Onların hekayə mövzusu nədir? Məişət hadisələrimi, təxəyyüllərindəki macəralı əhvalatlarımı, ya nəyi bizə nəql etmək istəyirlər? Keçək öz ədəbiyyatımıza...

 

Ardı var...

 

17 fevral 2017.

 

“Ədəbiyyat qəzeti”

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017