Varis və toz basmış yazıçılar

Varis və toz basmış yazıçılar
15 fevral 2017
# 12:48

Mən Varisin kitablarının əl-əl gəzdiyi vaxtlar yazmağa başlamışdım. Onda Varis məndə qıcıq doğururdu, əsəbiləşirdim, ətrafımdakılara onun yazdıqlarının ciddi ədəbiyyat olmadığını izah etməkdən ötrü dəridən-qabıqdan çıxırdım.

Sonralar səhv düşündüyümü anladım. Araşdırdım və gördüm ki, dünyanın hər yerində vəziyyət eynidir. Rusiyada, Türkiyədə və Avropada ən çox satılan kitabların siyahısına özünüz də baxa bilərsiniz. Varis kimi yazıçılar orda da qabaqcıl yerlərdədir. Bu, ciddi ədəbiyyatdırmı, maklaturadırmı? Nəşriyyatlar artıq bununla maraqlanmır. Əsas məsələ kitabın satılmasıdır.

Varisin də üstünə düşümük ki, bəs deməzsənmi, niyə sən 50 min satılırsan? Niyə sən də bizim kimi dost-tanışa kitablarını paylayıb sonra da ucuz kafelərdə öz bədbəxtliyinin şərəfinə badə qaldırmırsan? Niyə dəstədən kənara çıxırsan? Axı sən də bu ölkənin yazarısan?

Bu suallarla Varisi guya ki, ciddi ədəbiyyatın həndəvərinə buraxmayan yazarlarımız əllərini çənələrinə dayaq eləyib ciddi görkəm alır və müdrik bir əda ilə əlavə edirlər: “Varisi oxuyanlar mənim səviyyəmdə deyil”.

Dananın quyruğunun qopduğu yer də buradır.

Biz yazmağımızı xalqın boynuna mindiririk. Sanki minnət eləyərik onlara. Ay qardaş, kitabın satılmırsa, rəflərdə toz-dumanla əlləşirsə, bunun Varislə nə əlaqəsi? Guya Varis geridə qalıb, səviyyəsizdir, oxucuları da onun səviyyəsindədir, kitabını alıb bəh-bəhlə oxuyurlar.

Axı bu meyarı kim müəyyənləşdirir? Oxuyan adam heç vaxt səviyyəsiz ola bilməz. Ən azından bu adam kitab üzü açıb. Onu tində-bucaqda əlində təsbeh fırladan qaqaşlarla bir tutmaq düzgün deyil. Lap deyək ki, siz deyəndi. Varisi səviyyəsizlər oxuyur. Axı bunun özü də böyük uğurdur. Deməli, Varis kitaba ən az maraq olan ölkədə inqilab edib. 50 min oxucuya kitab deyilən şeyin nə olduğunu əyani olaraq göstərmək bilirsiniz nə deməkdir?

Bu mənada Varisi alqışlamaq yerinə, niyə başından vururuq? Axı Varis bizə göstərir ki, ölkədə oxucu deyilən bir şey var. Sovet vaxtı zorla oxudurdular deyirik. Müstəqillik dövründə kitabsız mahiyyətimizə qayıtdıq deyirik. Bəs bu 50 min adam harda yetişdi? Nə oldu ki, birdən-birə Varisin kitablarını acgözlüklə oxudu?

Varisin bizə yox, bizim Varisə ehtiyacımız var. Kitab yazırıq, oxunmur, rəflərdə gəlməyəni gözləyir. Varisi tənqid etməklə, onu “səviyyəsiz” adlandırmaqla həmin o 50 mini qıcıqlandırmış oluruq. Bu doğru yol deyil, məncə. Razılaşaq ki, kitabın içində bir az əyləncə də olmalıdır.

Biz elə bir dövrdə yaşayırıq ki, hətta elmi məqalələr də əyləncəvi formada insanlara təqdim olunur. Varis insanların damarını tutub, onların ürəklərinə nüfuz edə bilib. Biz deyinməyi, şikayətlənməyi bir kənara qoyub həmin 50 minlə işləsək onların sayını daha da artırarıq.

Heç oxumayan birinə qəfil ciddi kitabları təqdim etmək çətindir. Başlanğıc üçün Varis çox yaxşıdır. Varisi oxuyan adamı daha sonra başqa müasir müəlliflərə istiqamətləndirmək olar. Bir sözlə, Varisin üstünə düşmək bu gün bizə heç nə vermir.

Kitab industriyasının, marketinqinin nə vəziyyətdə olması isə tamam başqa mövzudur.

# 1171 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #