Müasir türk ədəbiyyatı və “erməni məsələsi”…

Müasir türk ədəbiyyatı və “erməni məsələsi”…
18 yanvar 2017
# 21:00

İradə Musayeva

Göy üzündən enən heç bir şeyə küfr etmək olmaz-deyə

onu tənbeh edən olmamışdı. Ona kimsə deməmişdi ki,

səmadan başına nə yağarsa yağsın qəbulundur.

Buna yağmur da daxildir.

(Əlif Şəfəqin “Ata və bic” romanı haqqında)

Azərbaycan, türk, erməni və hətta bəzən rus ədəbiyyatı nümunələrində “erməni məsələsi” adında bir mövzunun müxtəlif cür bədii inikasının şahidi olmuşuq. Yaxın zamanlarda bu mövzuya həsr edilmiş beynəlxalq konfrans materiallarını və eyni adda irihəcmli bir məqaləni də oxudum. Təbii ki, müəlliflərin hamısı alim, ədəbiyyatşünas və ziyalılardır... Ana tezis isə bu idi: Ermənilər bizə bir əsrdən çoxdur nifrətlərini həm də bədii şəkildə ifadə edə bilir, amma biz gecikirik!.. Belə çıxdı ki, bizim ədəbiyyatda kifayət qədər nifrət sindiromu yoxdur, bunu gücləndirmək və ədəbiyyatımızın yaddaşında möhkəmləndirmək lazımdır... Qəribədir...

Tarixin yaddaşında, sənədlərdə və həyatımızın yaddaqalan fraqmentlərində bu məsələ elə adından da göründüyü kimi “qəliz”, həlli müşkül bir düyüntək əks olunub. Biz “beynəlmiləlçi” olduqca onlar “erməniliyin” ideoloji dayaqlarını möhkəmlədib. Biz bunu anlamışıq bütün dövrlərdə, amma humanist və bəşəri olma dünyagörüşündən doğan yaddaşsızlıq (insana yalnız və yalnız “milli”, etnik çərçivədə deyil, Allahın yaratdığı varlıq kimi baxdığımızdan) bizi tarixin siyasi, hərbi, sosial savaş səhnəsində məğlubiyyətə məhkum edib. Bu gün də həmin baxışın arxasında dayanmışıq… Ən tragik vəziyyətdə də onların kin və qəddar davranışlarının şəklini göstərə bilirik-ya sözlə, ya da kameranın xatırlatma imkanının şahidliyi ilə… Azərbaycan ədəbiyyatı “erməni məsələsi”ni bir əsrdir ki, sülhlə, iki cins arasındakı sevgi emosiyası fonunda yozumlayır. Erməni ədəbi-siyasi, tarixi düşüncəsi isə elə hey beyinlərdə nifrət toxumu göyərdir.

Müasir türk ədəbiyyatında isə bir az fərqli yanaşma var. Məsələn, Əlif Şəfəqin haqqında danışmaq istədiyim “Ata və bic” romanında olduğu kimi… Burda müəllif millətlərin inteqrasiya, assimliasiya, qarışma, qovuşma, bir-birinin içərisində əriyib yox olma həqiqətinin izinə düşür, milli spesifikaları qabartsa da, tarixin dəyirmanında hər kəsin eyni qayda ilə əzildiyini göstərir. Hətta erməni əsilli bildiyimiz ailənin kökündən türkü, türk kökənli bildiyimiz ailənin şəcərəsindən isə erməninin adını tapıb çıxarır...

Romanda xoşbəxt, ruhunu xilas etməyi bacaran bir insana rast gəlmək olmur. Hamı ağrı, dramatik sıxılma və iradəsizlik halındadır sanki… Əzablar isə qadınlara yüklənib daha çox. Ana olmaq, dünyaya insan gətirmək istəyən qadınların bətnindən başlayır insanın faciəsi. İnsanlar bu romanda sevgidən deyil, təcavüzdən, nifrətdən və xəyanətdən doğulur. İnsanlar talelərinin əlində əsir-yesir olublar… Əsərin ilk cümlələri bizi uzun bir yolun kədərli yolçuları ilə həmdərdliyə səsləyir. İlk rastlaşdığımız obraz Zəlihadır. 19 yaşlı, yağmur altında yerə, göyə, taleyinə, ota, yağışa, daşa, quşa-hər şeyə lənət, qarğış yağdıran bir qadın… Bu qadın hara gedir, bu hikkə, nifrət və ağrı ilə? Məlum olur ki, bətnindəki qeyri-qanuni şəkildə doğulacaq körpəni tələf etdirməyə… Xəstəxanada növbəsi var. O körpəsini aldırmaq, ondan yaxasını qurtarmaq istəyir. Amma bu iş mümkün olmur…

Əlif Şəfəqin “Ata və bic” romanı tarix və siyasət səhnəsində oynanılan ideoloji oyunların simasını əks etdirən bir tamaşa, dramadır sanki… Adətən onun romanlarında daha çox avtobioqrafiya faktları axtarırlar, amma müəllif bu yanaşmanı düz hesab etmir və deyir: “Öz həyatım haqqında yazmağı xoşlamıram. Mənim üçün ədəbiyyat ancaq öz başımdan keçənləri başqa insanlara danışmaq deyil, mənim romanlarım heç zaman avtobioqrafik xarakter daşımayıb. Məni hər zaman həyəcanlandıran bir başqasının həyatını yazaraq yaşamaq olub. Yəni özümü başqa bir insanın yerinə qoymaq, dünyaya bir də onun dünyagörüşündən baxmaq, bir az da başqa bir insana bürünməkdir”.

Müəllif öz insanını müxtəlif qiyafələrdə (türk, erməni, amerikan və s) ölkə-ölkə, qitə-qitə gəzdirir. Hər dəfə də bu insanların “yerində olur”, onların ayrı-ayrılıqda həqiqətini ya yanlışını çözür, mühakiməyə çəkir, mənfi ya müsbət qəhrəman anlayışından uzaq, mənfilik və ya müsbətlik fonunda qurur ədalət tərəzisini… Romanı “Görəsən, Əlif Şəfəq erməninin tərəfindədir, ya türkün?” marağı ilə oxumağa başlayırıq. İstər-istəməz “tərəf” axtarırıq. Lakin müəllif insanların amansız, acı, darmadağın olmuş həyat, ömür-gün tarixçəsini ən kiçik detalına qədər qarşımıza çıxarır. Milli, irqi, siyasi kimlikləri unuduruq. Hər obraza sanki bir toplumun kədəri qədər ağrı yüklənib. Susa-susa, ağrıya-ağrıya yaşayan, gülümsəyən, gəzintiyə çıxan, qonaq qəbul edən sıradan biriləri kimi görünən bu insanların da ayrı-ayrılıqda özəl tarixi, yaddaqalan xronologiyası varmış demə. Əlif Şəfəq millət davası qılıncını əlinə alıb səhnəyə gələn qəhrəmanları ilə bizim aramızda elə bir səmimi münasibət yaradır ki, onların mübarizəsinə deyil, taleyinə yönəldəsi oluruq diqqətimizi...

Erməni və türk ailəsi, nəsilləri zaman-zaman zəhərli və zərərli bir mühitdə, genetik kin, nifrət aşılaması tərzində yeni insanlar – övladlar, nəvə-nəticə yetişdirir və düşünür ki, xəyalındakı qocaman millətin gələcəyini “formalaşdırır”. Romanda müəllif qütbləşdirilmiş situasiyada, düşmən mövqelər arasında qalmış günahsız gəncliyin faciəsini diqqətə çatdırmaq istəyir həm də. “Vətən”, “millət”-deyə haray çəkən, ədavət cövhərini varlığında, südündə, qanında daşıyan bir bölük cahilin bütün həyatını mənasız bir prinsip, qisas, intiqam söhbəti üstündə qurduğunu göstərir. Millət humanist, bəşəri ideyalar deyil, tarixi düşmənçilik, intiqam və başqa millətlərə nifrət ideyaları əsasında formalaşanda simasını itirir, insanlığın, haqqın qəniminə çevrilir.

Bu romanda bütün gözəlliklər, ilahi sevgi və səmimi şəfqət münasibətləri cahil və kinli insanların taleyindən yan keçir, hətta yağış belə həmin insanların başına əzab, faciə, göz yaşı kimi tökülür sanki: Düzünə qalsa, yağış bu şəhərdə əsl əziyyətdir. Dünyanın başqa yerlərində yağış çox güman ki, hər kəsə və hər şeyə nemət kimi gəlir - məhsula, bitkilərə, ətraf mühitə, bir azca romantika da əlavə etsək, xüsusilə, aşiqlərə zövq verir. İstanbulda isə elə deyil. Burada işlər başqa cürdür. Bizim üçün yağış nə bərəkət deməkdir, nə də islanmaq. Nə təmizlənər onunla, nə də günahlarımız yuyular. Olsa olsa, öfkəmizin əks-sədasıdır yağmur. Səbəbi-qəzəbdir yağmur. Səma bizə baxar, biz isə aşağıdakılara. Bizləri saldığı bu müşkül vəziyyətdən dolayı üzr istəyirmiş kimi baxar və gülümsəyər. Biz isə saçımızda damlalar, ətəklərimizdə palçıq, baxışlarımızda bezginliklə, tünd mavi rəngə çalan və indi həmişəkindən daha aydın görünən səmaya baxa-baxa qalarıq. Baxar və təbəssümünə qarşılıq verməyə bilmərik. Əlimizdə deyil ki... Hər dəfəsində də bağışlayarıq səmanı”. Romanda “Səma” (göy üzü) obrazının həm mifik, həm də fəlsəfi-estetik cizgilərlə çəkilmiş portreti var. Hər olacaqda iştirakçıdır Səma... Səmanın iri bir gözü, hər şeyi əsli kimi yazan qələmi, hər tərəfdən aydınca çəkən kamerası olduğunu düşünür insanlar. Səma həm də şahiddir... Sir dağarcığıdır... Zəlihaya təcavüz olunan günün yerə-göyə sığmayan naləsini, ikrahdoğurucu şəklini də çəkirdi Səma. Zəliha həmin gün göyə baxmağa utanırdı, həm də o “kameranın” qarşısında təhqir edilmiş və ömürlük iztiraba məhkum olunmuş ruhunun şəklini axtarırdı göy üzündə... Zəlihanın sonralar hamının “bic” deyəcəyi qızının da taleyinə şahidlik edirdi Səma... Zəliha körpəsini aldırası olmur və atasının kim olduğunu (doğmaca qardaşının təcavüzündən doğulur bu qız) özündən başqa bir kimsənin bilmədiyi (düzdür, sonralar Banu da o adamın kim olduğunu öz cinindən öyrənmiş və ömürlük əzaba düçar olmuşdur ) qız uşağı dünyaya gətirir. Uşağın adını Asya qoyurlar. Asya gələcəkdə hər ad gününü səbəbini başa düşmədiyi bir nifrətlə qeyd edir. “Qeyd edir” demək olmaz, bəlkə də əzabla həmin günü dəfn etmək, ötürmək, unutdurmaq istəyir. Atasızlıq, qeyri-qanuni doğuluş, ana bətnində ikən artıq ölüm fərmanı bir dəfə verilmiş biri kimi... Səhvən, arzulanmayan bir doğuşun “bic” adlı dünyaya gəlişi... Asya böyüdüyü ailəni də sevmir. Onun nəzərində ailəsi cahil, fındıqla fala baxacaq qədər abdal durumda olan məsləksiz xalalardan, qəzəb və nifrət püskürən ana, deyingən nənədən, bir də 20 ildir itkin düşən dayıdan ibarətdir.... Asya Qazançı ailəsində yetkinləşir, elə bir ailədə ki, Ləvənd Qazançı öz soyadını daşıyacaq bir oğlan sahibi olmağı dəli kimi arzulamışdı vaxtilə, amma sonucda ailə ancaq qadınlardan ibarət bir icmaya çevrilmişdir - sirr dolu bir qadın icması... (Arzulanan oğul-Mustafa isə bu ailənin bədbəxtliyinə imza atmışdı sonralar.) Arvadı Gülsüm Qazançı da bu “ideal” uğrunda qadın kimi funksiyasını, dünyaya həmin möhtəşəm varlığı (oğlan uşağını) gec ya tez gətirməyi ali məqsəd hesab etmişdir. 4 qız uşağı (Banu, Çevriyə, Fəridə, Zəliha) sanki bu ailəyə dəvətsiz qonaq kimi təşrif buyurur. Oğlan isə gözlənilən, istənilən, arzulanandır. Lakin bu nəslin kişiləri çox yaşamır, erkən yaşlarındaca xəstəlik və qəzaların qurbanı olur. Mustafanı gözlənilən və ya gözlənilməyən bədbəxtliyin, acı taleyin əlindən xilas etmək üçün məmləkətdən uzaqlara, Amerikaya göndərirlər. Gələcəkdə isə bu türk ailəsinin gözünün nuru olan Mustafa erməni ailəsinin boşadığı Roza adlı qadınla evlənəcək və onların erməni əsilli Armanuş adlı qızlarını böyüdəcək, ona ata olacaq...

Əlif Şəfəq müsəlman ailəsində oğlana qəribə, mifik münasibəti maraqlı bənzətmə ilə təsvir edir. Bir ailə, nəsil, millət kitabının süjetində əsas, ana xətt, mahiyyət kimi: "Qızlar illərlə varlıqlarını bir “ön söz” olaraq görüblər, əsas kitabdan əvvəl yazılmış bir ön söz, gözlənilən mahnıya giriş verən müqəddimə, gözlənilən oğlan uşağından əvvəl gələn gərəksiz, müvəqqəti mərhələlər ... Nəhayət dördüncü uşaq oğlan olmuşdu: Mustafa. Beşinci və ən kiçik uşaq Zelihaya gəlincə, dünyaya gəlməsinin tək səbəbi oğlan dünyaya gətirməyə nail olmuş valideynlərinin şanslarını bir dəfə də sınamaq istəmiş olmaları idi. Bəlkə yenə oğlan olar deyə... Zəlihadan soruşsanız, son not olmaq müqəddimə olmaqdan da pis idi, son söz daha betərdi ön söz rəftarı görməkdən”.

Zəliha da vaxtilə heç arzulanmayan övlad kimi gəlmişdi bu ailəyə. Çünki onu –sonuncu uşaq olaraq Mustafaya bir qardaş, dayaq kimi gözləmişdilər. O isə qız olaraq doğulmuşdu. Deməli, Zəliha da vaxtilə qızı Asya kimi istənilməyən, qəza, “olacaq” kimi Qazançılar ailəsinə qədəm basmışdı. Qızı Asiyanın tale sələfi... Asya uşaqlığından anlayır ki, iztirabdan, əzab hissindən doğulub, hara getsə bu talenin ağrısı onu müşayət edəcək... “Bic” sözünü ilk dəfə nənəsinin dilindən eşitmişdi. Nənəsi çiçəkləri sulayarkən bu sözü hansısa çiçəyin ünvanına söyləyir, amma Asya taleyinə doğmadan doğma olan həmin kəlməni alın yazısı kimi yaddaşına hopdurur: Bic... Əsilsizlik, nəsilsizlik...Amma axı hər kəs onun ətrafında məhz “əsil”, “nəsil”, “milli kimlik” uğrunda mücadilədədir sanki... Erməni ailəsi boşanmış gəlinləri Rozanı qətiyyən düşünmədən nəvələri Armanuşun bir erməni kimi böyüməsini istəyir yalnız: Ancaq bir erməni sayca belə azalmanın, azacıq qalmanın nə mənaya gəldiyini anlaya bilər. Budanmış bir ağac kimi kiçildik ... Roza azaddır, əlbəttə, istədiyi adamla əylənsin, hətta evlənsin, bizi maraqlandırmır. Ancaq Barsamın övladı ermənidir və erməni kimi yetişdirilməlidir”.

Erməni ailəsi daha kinli və ədavətlidir. Nifrətini tarixə çevirmək uğrunda mücadilə aparır nəsil-nəsil, ədavəti, kini məşəl kimi əldən-ələ ötürür...

Ardı var.

“Ədəbiyyat” qəzeti

# 852 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #