Mübariz Cəfərli: “Mənim o üç romanımı izah etməyə bir institut lazımdı”

 

Kulis.Az Ayxan Ayvazla yazıçı Mübariz Cəfərlinin söhbətini təqdim edir.

 

- Mübariz müəllim, İnşaat Universitetində təhsil almısınız...

 

- Hə, elədir...

 

- Neçənci illər?

 

- 1985-1990-cı illər...

 

- Riyaziyyatı da əla bilirsiniz...

 

- Oooo... Mən riyaziyyatın atası idim.

 

- Bəs necə oldu ki, riyaziyyatdan keçdiniz roman yazmağa?

 

- Uşaq vaxtı ədəbiyyata da marağım vardı. “Müntəxabat”dır nədir, onu oxuyurdum. Mən 8-ci sinifdə oxuyanda 9-cu, 10-cu sinfin misallarını eləyirdim. Atam riyaziyyatçı idi. Yəqin ondan keçmişdi mənə.

 

- Riyaziyyatın arxasınca getmədiniz...

 

- Deyirsən, burda korlamışıq işləri? (gülüşmə) Getdim... Sonra gördüm ki, yox, mən inşaatçı olmayacaq.

 

- Demək, riyaziyyatı atdınız...

 

- Atmaq deyil, sadəcə olmadı. İndi hərdən bir istəyirəm yadıma salım. 6-cı sinifdən o yana yadımdan çıxıb. Bilirsən, necə bilirdim? Ali riyaziyyat, determinat... İndi kvadrat tənlik yadımdan çıxıb. (gülüşmə.)

 

- Peşman deyilsiniz ki?

 

- Yox. Niyə ki? Mən nəyi eləmişəmsə peşman olmamışam.

 

- Mübariz müəllim, ilk yazılarınız nə vaxt çap olundu?

 

- 1987-ci ildə “Ulduz” jurnalında iki hekayəm çıxdı.

 

- Sizi 80-ci illər nəslinin son beşiyi adlandırmaq olar?

 

- Adını nə istəyirsən qoy. 80-ci, 2005-ci... (gülüşmə.) Hər şey demək olar. Nə istəyirsən, de gəlsin.

 

- Aha, iki hekayəniz çap olundu...

 

- Hə, mən o iki hekayəni sonradan kitablarıma salmadım. Təcrübə qazanmışdım artıq.

 

 

- Neçə yaşınız vardı onda?

 

- 18 yaşım vardı, birinci kursda oxuyurdum.

 

- Çox erkən başlamısınız çap olunmağa...

 

- Eh, ona başlamaq demək olmaz ki... Mən 1991-ci ildə bir povest yazmışdım. Adı pafoslu idi, amma gözəl povest hesab edirəm o povesti. Onda bilmişdim ki, mən yaza bilirəm.

 

- Adı necə idi?

 

- “Yaşasın Azadlıq”

 

- Çap olunmadı?

 

- Deyəsən, “Ulduz” jurnalında çap olundu. Dəqiq yadımda deyil.

 

- Ondan sonra “Fəlsəfi oyunlar” gəldi, yoxsa ki başqaları?

 

- Yox... “Halə”ni yazdım hələ. 1995-ci ildə. Onda da bildim ki, artıq yaza bilirəm.

 

- Mübariz müəllim, çox məhsuldarsınız indi də. Ard-arda əsərləriniz çap olunur...

 

- Məhsuldar pambıqçıya deyərlər. (gülüşmə)

 

- Mənim özüm sizdən nə qədər əsər oxumuşam. “Fəlsəfi oyunlar”, “Bərpaçı”, “Bənna”, “Bağban”... Hələ mənim oxuduğum bu qədərdir. Amma yazdığınız çox əsər var...

 

- Mən yazını yazıram, sonra yadımdan çıxır. (gülüşmə) Əslində məni danışdırmaq çətindir. Bildiyimi demək istəmirəm. Məndən heç vaxt müəllim olmaz. Şagirdlərə dərsi ötürə bilmirəm yox ha, ötürmək istəmirəm. Çünki o mənimdir.

 

- Eqodur bu?

 

- Yox, eqo deyil. Mənim ötürdüyümü o qavrayacaq, ya yox. Bax məsələ budur. Yazıçı yazdığını hazırlıqlı oxucuya ötürür. Ceyms Coys yazdığını kütləyə ötürə bilərdimi? Ancaq hazırlıqlı oxucuya. Mən bildiklərimi kütləyə ötürmək istəmirəm. Məni oxumaq üçün gərək oxucu da hazır olsun. İndi Facebook var. Mənə də birini açıblar. Ancaq nəsə vacib iş olanda açıb baxıram. Başqası işlədir. Bir də görürsən ki, biri yazıb: “Mən istəyirəm sizdən intervü alım”. Cavab vermirsən, qayıdır ki, təzə nə yazmısınız və nədən bəhs edir həmin yazı. Bu sualdan artıq yazıçı kimlə danışacağını təxmin edir. Bu nə sualdı? Belə sual verərlər? Nədən yazırsınız? Yaşımın-başımın elə vaxtıdır ki, adam ağzını açanda bilirəm, bu nə demək istəyir. Qavraya bilməyəni başa salmaq üçün gərək əldən düşəsən. Ona da səbir yoxdur.

 

- Hazırlıqlı oxucuya görə bəlkə kitab çap etdirmirsiniz? Əsərinizi yazırsınız, “Azərbaycan” jurnalında çap etdirirsiniz. Ancaq kitab halında oxucuya çatmır.

 

- Əvvəllər ildə bir kitabım çıxırdı, təqdimat keçirirdim. Yaxşı da sponsorum vardı. Sən oxumusan, bilərsən. Onda mən kitablarıma görə yaxşı qonorar alırdım. İndi deyirlər ki, yazıçının kitabı niyə çıxmır. Niyə də çıxmalıdır? Mən o kitabı buraxdım, nə olacaq? Yaşımın elə vaxtı deyil ki, kiminsə qapısını döyüm və boynumu büküm. Kimsə kitabımı buraxmaq istəyirsə, mənim qapıma gəlməlidir və məni razı salmalıdır. Elə bir şey olsa, kitabımı çıxardaram.

 

 

- Naşirlər də kütləyə işləyən kitablara üstünlük verirlər...

 

- Biz heç nə itirmirik ki... Onlar itirir, oxucular itirir.

 

- Maraqlıdır, bəs o vaxt nə əcəb sizin kitabları çıxardan sponsor vardı?

 

- Axtarsan, indi də tapmaq olar. Mənim 10 illik müqaviləm vardı. Onların “punktlar”ı vardı, qonorar nə qədər olacaq, kitab neçə tiraj çıxacaq və s. Mən satışdan pul almırdım. Bəri başdan qonorarımı alırdım. (gülür) İndi də yaxşı sponsor var, axtarıb tapmaq olar. Ancaq mənim artıq o yaşım deyil.

 

- Sponsor tapılsa kitabınızı çıxardarsınız...

 

- İndi mən qapılara düşmək istəmirəm. Amma o məni gəlib tapsa, əvvəlki qaydalarla məni razı salsa, əlbəttə, kitab çıxar. Yoxsa özüm niyə kitab çıxardım? Aparıb evə qoyacam da...

 

- Kitab çıxmasa da yazırsınız... “İkinci Adəm” romanınız çap olundu “Azərbaycan” jurnalında. Burda işləyirsiniz, həm də burda da romanlarınız çap olunur. Elə müsahibənin ortasında da yeni romanınız nömrədə gedəcəyi xəbəri gəldi.

 

- (gülüşmə) Bir romanda ilişmişəm, yarımçıq qalıb. Onun üstündən nə qədər yazı yazmışam. Sənin adını çəkdiyin üç roman – “Bərpaçı”, “Bənna”, “Bağban”...

 

- Sizin Bermud üçbucağınız...

 

- Elə demək olar. (gülür.) Ondan sonra bir roman yazırdım, adı “Məkkə”. Təxminən bir az yazdım və ilişdim. İlişdiyini bilmək üçün də təcrübə lazımdır. Elə bil ki, daşa dirənib. Mən ədəbiyyatın o qədər priyomlarını bilirəm ki, yazıb bitirə bilərəm. Vəziyyətdən çıxmaq üçün yüz yolum var. Amma istəmədim elə olsun və qoydum kənara. Başladım xırda hekayələr, povestlər yazmağa. Və sonra “İkinci Adəm” romanını yazdım, çap olundu. Özüm yazdığıma görə demirəm, həqiqətən bu romanım alt qatları olan romandır.

 

- Sizin əsərlərin qəribə ovqatı var. Mistik-fəlsəfi ovqat. Məsələn, “Fəlsəfi oyunlar”ı götürək. Çobanın oğlu alim olur və sonra arvadının xəyanəti ilə qarşılaşır. Dilemma arasında qalır.

 

- Gəlib fikirləşir ki, oxumağa dəyərdi, ya atam kimi çoban olmaq. Bax dilemma budur.

 

- Özü də mən bilən Borxes sevdiyiniz yazıçıdır...

 

- Borxesi də sevirəm. Başqalarını da. Mən sən yaşda olanda gecə səhərə qədər kitab oxuyurdum və oxuduğumdan ləzzət alırdım. Bizdə yazıçı var, bir müəllifin əsərini oxuyur, elə bilir odur. Sən Kafka deyilsən e, olsa-olsa onun oxucususan. (gülüşmə) O yazıçılar bu yazıçıları oxuyub havalanırlar, sonra öz havalarına qayıda bilmirlər.

 

- Sizin öz havanız var amma. Məsələn, “Bərpaçı” romanınızda cənnətdən gələn adam akademiki öldürür. Cənnəti burda axtarmaqdır insanın missiyası?

 

- Onsuz da tapa bilməyəcəyik. İnsan cənnətlik deyil. Elə şeylər var ki, onlar aksiomadır. Onlara inana da bilərsən, inanmaya da. Cənnət var? Ya cəhənnəm? Bunların isbata ehtiyacı yoxdur. Hərdən görürsən ki, kimsə isbat etməyə cəhd göstərir. Bunlar qeyri-ciddi söhbətlərdir. İnsanın özü bilər, Allahın buna qarışacağı yoxdur.  

 

- “Bərpaçı”da bir yer də yadımdadır. Qəhrəman öz qonşusuna arvadını təklif edir.

 

- Uşağı olmadığına görə...

 

- Dünya çirklənibmi? Mesaj budur? Yoxsa siz dediyiniz kimi, alt qatlar var?

 

- Yekəxana kimi çıxmasın, böyük əsərlərdən, bir neçə qatı olan əsərlərdən hər oxucu ordan bacardığını götürür. Mən o üç romanı – “Bərpaçı”, “Bənna”, “Bağban” – elə yazdım ki, bir institut lazımdı izah etməyə. Hansı qatda nə var? Elə “İkinci Adəm” də bu sıraya daxildir. Hərə ordan qabına uyğun olanı götürür. Mövlanənin bir söhbəti var. Deməli, korları aparırlar filin yanına. Biri qulağından yapışır, deyir, bu yelkəndi. O biri xortumundan tutub deyir, rezinə bənzər bir şeydir. Üçüncüsü də ayağından yapışıb deyir, yekə bir sütündur. Böyük əsərlər də belədir, onların neçə-neçə qatı var. Sənin dediyinə gəlirəm indi. Dünya çirkin deyil, həm də çirkindir. Romandakı o yerdə ifrat ironiya var. Və burda qəribə bir şey var: o öz qadınını nə qədər çox sevir ki, o yola gedir. Çirkinliyin içində nəzərə çarpmayan məhəbbət var. Bu sevgi də deyil e, dəlicəsinə bir eşqdir. Yəni o kişinin özünə uşaq lazım deyil. Özü də imkanlıdır, başqa bir uşaq götürüb baxa da bilərlər. Ancaq gör hansı yola gedir. İsa peyğəmbər deyir ki, ölmüş itə hardan baxmaq əsasdır, məsələn, onun gözəl dişləri var. Yəni əsər çox qatlı olanda ona ifrat rəy vermək olmaz ki, burası iyrənclikdir. İyrəncliyin içində sənin üçün bir gözəllik tapıb göstərdim.

 

 

- Dostoyevski dünyası da var sanki...

 

- Cəfərli dünyasıdır. (gülür.) Bilirsən, Ayxan, hər şeyi cəmiyyətin, dünyanın boynuna yıxmaq olmaz. İnsan özü də çirklidir. Bir dəfə dostuma qonaq getmişdim. Qar yağmışdı. Birdən qapı döyüldü ki, bir xanım səni çağırır. Sən demə, maşınımı vurub. Ora da hamı yığılıb. Nolub e? Hadisədir də. Qadın yanında da uşaq dedi ki, 51 manatım var, 50 manat verim, biri mənə qalsın. Baxdım maşına ki, buferdə bir az “kraska” pozulub. Dedim, vermə, çıx get. Demirəm ki, yaxşı adamam. Başqa tərəfini danışıram indi. Orda bir qonşu var, imkanlı adamdır. Azərbaycanlılar da ölür axı məsləhət verməkdən ötrü. Dedi, yaxşı eləmədin, gərək alaydın. Mən də dedim, əgər sən maşınımı vursaydın, “kraska” qopmasaydı da, arxayın ol, alardım, ciyərini də çıxardardım. Axı mən özümdən zəifin üstünə niyə hücum eləməliyəm? Bu tendensiyanı heç birimiz nəzərə almırıq. Bir vəzifəli görən kimi qaçıb gizlənirlər, amma deyirlər, görən Allah var, ya yox, peyğəmbər bunu düz eləyib, ya yox. A kişi, get, öz işindən məşğul ol. (gülüşmə)

 

- Sizin qəhrəmanlar da cənnəti axtarır...

 

- Mən də bunu araşdırıram, düzdü. Ancaq heç vaxt hökm vermirəm. Yazıçı kimdir ki, hökm versin? Oxucular nəticə çıxarmalıdır sadəcə.

 

- Əsərlərinizdə hikmətli əhvalatlarla real hadisələr paralel gedir. Amma struktur baxımından bir-birinə oxşayan əsəriniz yoxdur.

 

- Mən bundan sonra da nə yazsam onun qəlibi başqa cür olacaq. Tutaq ki, oturduğumuz bu otağı təsvir edərəm, sonra sən oxuyarsan və ola bilər ki, bu otağı tanımazsan. Yazıçı ancaq üzünə baxıb təsvir eləyirsə, o mənlik deyil. Məsələn, Stendal təsvir eləyirdi, Remark isə yox. Remark təsviri hadisənin içində əridirdi. Məsələn, yazırsan ki, Ayxan saqqalını qaşıdı. Onda oxucu bilir ki, Ayxanın saqqalı var. Hikmətli əhvalatlar olan əsərlərim bir mərhələ idi. “Bənna”, “Bağban”da yox idi. Heç “İkinci Adəm”də də yazmadım. Eyni qəlibdə yazmaq elə yazıçının özünə hörmətsizlikdir. Təzə qəlibin yoxdusa onda oxucunu bezdirəcəksən. Mən əlimi qoyaram cibimə, heç nə yazmaram. Elə də olub, neçə il heç nə yazmamışam. Mən də heç nə itirmirəm, ədəbiyyat da. Amma əvəzində sən təzələnirsən.

 

 

- Arada özünə “perezaqruzka” verməlisən...

 

- Ay sağ ol. (gülür) Sən götürüb bir əsərdə yazırsansa ki, qız oğlanı sevir, dolanışıq üzündən qızı oğlana vermirlər. Onda bu əsər olmadı. Sən bir adamın problemini dünyəviləşdirməlisən.

 

- Bəşəri səviyyədə...

 

- Bəli. Sənin ona hünərin çatmırsa onda yazma... Bunlar öz yerində. Bir də yazıçı elə yazmalıdır ki, gərək yazdığı oxunsun. Ad çəkməyəcəm, elə böyük yazıçılarımız var, hər şey yerli-yerindədir, amma oxunmur.

 

- Problem nədədir?

 

- Yazıçıda bir az hiyləgərlik olmalıdır. Gəl bax, mən bura, lap axıra pendir qoymuşam. Sən gəl o pendiri ye. Oxucu yazıq da gəlir, gəlir, görür ki, pendir “kauçuk”dandır, yeməli deyil. (gülüşmə)

 

- Mübariz müəllim, siz özünüzü hansı cərəyanda görürsünüz?

 

- Bu barədə heç düşünmürəm. Amma sən oxumusan. “Bərpaçı”, “Bənna”, “Bağban”, “Fəlsəfi oyunlar”. Bu əsərlər bir-birinə oxşayır?

 

- Yox, oxşamır... Fərqlidir...

 

- Gələcəkdə də nə yazacamsa fərqli olacaq. Beş-altı ilim qalıb da. Mən də çıxıb gedirəm.

 

                                                     

- Elə deməyin...

 

- Nə qədər yaşayacam tay? Bəsdi artıq. İşimi görmüşəm.

 

- Artıq yazacağınız heç nə qalmayıb?

 

- Bayaq dedim, “Məkkə” romanı yazırdım, yarımçıq qaldı. Balaca bir povest yazmışam. Mən bilən maraqlıdır.

 

- Povestləriniz də çoxdur...

 

- Hə, elədir...

 

- Elçin Əfəndiyev də “Əl” povestinizdən yazmışdı...

 

- Mən o yazıdan çox razı qaldım. Elçinin yazdığına görə demirəm, amma povesti necə təhlil eləmişdisə, mat qalmışdım.

 

- Tənqidçilər sizin haqda yazmır nəsə. Hətta bir dəfə demişdiniz ki, ciddi tənqidlə məşğul olan yoxdur...

 

- Yoxdur da... Var? Adamın öz dəstəsi olmalıdır da. Mənim dostum yoxdur. Gəlirlər ədəbiyyatdan danışırlar, görürəm bunlar danışa bilmirlər. Dost pinəçidən olar. (gülür.) Evdə də ədəbiyyat, çöldə də. Yaşa da. (gülüşmə.)

 

- Ona görə ədəbi mühitdə də görünmürsünüz...

 

- Mühit ancaq bu “Azərbaycan” jurnalıdır. Mənim ümumiyyətlə dostum yoxdur. Özü də mən eşitmişəm ki, yazıçılarla yeyib-içməyin axırı dava-şava ilə qurtarır. (gülüşmə.)

 

- Dostunuz yoxdur... Qapalı adamsınız?

 

- Yox, elə demək olmaz. Mən özü də niyə açıq olmalıyam ki? (gülür) Görüşüb çay içdiyim, danışdığım adamlar var. Amma dost yox. Məni başa düşmək çətindir.

 

- Bəs əsərlərinizi başa düşmək necə? Çətindir?

 

- Dedim axı, məndə bir az hiyləgərlik var. Mən oxucunu axıra qədər o tələyə aparacam. Amma getdiyi yolda nə qədər götürəcək, o onun qabiliyyətinə baxır. Başa düşülməyən deyil. Mən oxunaqlı yazıçıyam, amma o sadə oxunuşun içində də qatlar var.

 

- Mübariz müəllim, gəncləri oxuya bilirsiniz?

 

- Səni oxuyuram. (gülür.)

 

 

- Məni keçək...

 

- Gənclərin mətnlərinə baxıram. Bir az oxuyandan sonra bilirəm ki, bu gənc yaza bilir, ya yox. Qəmbərqulu tapanda qoyuram qırağa. Əslində sənə deyim ki, gənclərdən ummaq da olmaz. Gənc yaxşı şair ola bilər. Artur Rembonu yadına sal. Amma mən inanmıram ki, gənclərdən yaxşı nasir olsun. Əgər gənclərdən yaxşı yazıçı olardısa, mən ilk hekayələrimi kitabda çap edərdim. İndi gənclərin evini Facebook yıxır, orda bir-birilərini tərifləyirlər. Ancaq onlar internetdən ağılla istifadə eləsələr, daha yaxşı olar. Çünki onların imkanları bizə baxanda çoxdur. İndi barmağını vurursan, bütün informasiyalar ayağının altındadır.

 

- Sizin bir blogunuz da var, yazılarınız orda da çap olunur.

 

- Onu dostlarım açıb. Heç xəbərim də yoxdur. (gülür.)

 

- Facebookda da varsınız, amma ordan da xəbəriniz yoxdur...

 

- Qardaşımın qızı açıb mənə. O da bir də gördün özü dost çıxardır, dost qəbul edir.

 

- Həyatda da, virtualda da dostunuz yoxdur...

 

- Hə da... Olmayan şeyə necə var deyəsən?

 

- Onda təklif edirəm, gəlin dost olaq...

 

- Biz qardaşıq. (gülür) 

LENT

28 Mart 2017
27 Mart 2017
26 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017