Seyran Səxavətin zəngi

Seyran Səxavətin zəngi
2 noyabr 2016
# 10:45

Bu səhər avtobus basabasında Seyran Səxavətdən zəng gəldi.

Adətən, avtobusda telefonu açmıram.

Səsini alıb cibimə qoyuram.

Adamları narahat etmək istəmirəm.

Çünki, özüm dəfələrlə qulağımın dibində danışanlardan rəncidə olmuşam.

Yeri gəlmişkən, telefonla danışmaq yüksək mədəniyyətdir.

Bəzən, elə adamlar, xüsusən, qadınlar olur ki, lap yaxınında danışır, səsini güclə eşidirsən.

Qibtə edirəm belə adamlara.

Özüm dəfələrlə asta danışmağa çalışmışam, o yandan qışqırıblar ki, nə olub, xəstə-zad deyilsən, səsin niyə çıxmır?

Görünür, tuluğu əvvəldən suya vermişəm.

Hamı səsimi gur görməyə alışıb.

Nə isə...

Bilən bilir, bilməyənlərə dərs olsun: Seyran Səxavətin telefonunu açmamaq olmaz!

Şəmkirə, mərhum Taleh Həmidin yasına gedir.

Amma zənginin səbəbi bu deyil.

Səbəb aşağıda:

“Şamxal Rüstəmdən yazmışdın... Dedim, öyrənim görək, Şəmkirdə yaşayır? Əgər orda yaşayırsa getmişkən, ona da dəymək istəyirəm.”

Məlumat üçün deyim, əslən Şəmkirdən olan Şamxal Rüstəm 80-cilər nəslinin ən istedadlı nümayəndələrindəndir.

Lakin şair kimi taleyi gətirmədi.

Bir az içki, bir az səhlənkarlıq, bir az gündəlik qayğılar, bir az səhhət problemi...

Tanrı ona istedad verdi, şans vermədi.

Talesiz istedad dəhşətli yükdür.

Birinə istedad verib, şans verməmək tanrının yumor hissinin göstəricisidir.

Ələ salır adamı.

Baxıb əylənir.

Şamxal Rüstəm də belə oldu.

Havalı gəldi.

Havası gedəndə baxıb-gördülər ortada beş-altı misradan başqa heç nə yoxdur.

Həyat amansızdır!

Nə günah elədisə, tale cəzalandırdı onu.

Diriykən unudulmağa məhkum elədi.

Ancaq Şamxal Rüstəmi unutmayanlar da var...

Gördüyünüz kimi...

Bir yazıdan yola çıxıb zəng edən, yerini-yurdunu öyrənən, görüşmək istəyən...

Hətta beş-on saniyəlik telefon zənginə bir bənd şeirini də sığışdırmağı bacaran...

Özü də Seyran Səxavət kimi “ağır çəkili” bir adam!

Bəlkə elə o zəng, o bir bənd şeir üçün yaşamağa, yazmağa dəyərmiş?

Necə düşünürsünüz?

Adama istedad verib, tale verməyən ulu göylərin acığına!

# 803 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #