Qızlar ilk gecəsini onunla keçirtməliymiş-QURBANLAR DANIŞIR

Qızlar ilk gecəsini onunla keçirtməliymiş-<span style="color:red;">QURBANLAR DANIŞIR
28 oktyabr 2016
# 13:31

Kulis.az BBC-nin "Kaftar qorunmamışdı və qızların bəziləri hamilə qaldı - ictimai fəalın hekayəsi" adlı məqaləsini təqdim edir.

İyulda BBC pul müqabilində xüsusi ayin üçün yaşadığı kəndin gənc qızları ilə cinsi əlaqəyə girən kişi barədə yazmışdı.

Bu materialdan sonra malavili Natasha Annie Tonthola BBC ilə əlaqə saxlayıb öz təcrübəsini bölüşüb. O da bu ayini keçib. Ancaq bu, onu qadın və qızların müdafiəsi üçün mübarizə aparmağa ilhamlandırıb. Onun hekayəsini sizə təqdim edirik.

“Mən ailəmizdə beş uşağın ən böyüyüyəm. Malavinin mərkəzi bölgəsində, paytaxt Lilonqve yaxınlığında bir kənddə böyümüşəm. Bu ayin keçiriləndə 13 yaşım var idi.

Atam ölkənin cənubunda yerləşən Mulanje yaxınlığında bir kənddən idi. İlk aybaşım olandan sonra mərasimin keçirilməsi üçün məni ora göndərdilər. Sizin seçiminiz yoxdur, bu, kənddə bütün qızların başına gəlir.

Bizə dedilər ki, biz qadınlıq barədə öyrənəcəyik. Düzünü desəm mənə maraqlı idi. Elə o biri qızlara da!

Sonuncu gün ağbirçəklərdən biri bizə dedi ki, prosesin sonuncu hissəsinə çatmışıq. O dedi ki, kaftar (hiyena) bizi ziyarətə gələcək. "Qorxmayın, mən heyvandan bəhs etmirəm. Kişidən bəhs edirəm," - o dedi.

Ancaq biz kaftarın nə olduğunu, nə edəcəyini bilmirdik. Onlar kaftarın səninlə seks edəcəyini sənə demirlər.

Hərəmizin əlimizdə bir parça dəsmal var idi. Bizə dedilər ki, onları yerə qoyaq. Bizə dedilər ki, indi kişi ilə davranmağı bacardığımızı, gələcək ərimizlə nə edəcəyimizi bildiyimizi göstərməliyik. Sonra bizim gözlərimizi bağladılar.

Sən qorxduğunu bilindirməməlisən. Sənə nə olduğunu bilmədiyini göstərməməlisən.

Kişi gəlir, sənə deyir uzan. Sən ayaqlarını açırsan və o işini görür. Biz kişinin kim olduğunu bilməli deyildik. Bunu ancaq böyüklər bilir.

Biz gənc olduğumuzdan gərgin idik. Bu kişi də zorla bizim ayağımızı açırdı. Mənim canım ağrıdı. O işini bitirəndən sonra qurtuldum. Ağbirçək gəlib dedi: "Təbrik edirəm, mərasim başa çatdı, indi sən daha qadınsan".

Qızların çoxu bunu normal sayır, çünki bizim bir növ beynimiz yuyulub. Biz elə bilirik bu, normaldır, çünki bu, adətdir.

Ancaq kaftar qorunmamışdı və qızların bəziləri hamilə qaldı.

Natasha Annie Tonthola

Biz evə qayıdandan sonra hələ mərasimi keçməmiş qızlarla danışa, yaxud oynaya bilməzdik. Mən öz kiçik bacıma mərasim barədə danışa bilməzdim. İndi qızlar yetkinlik yaşına tez çatırlar və daha erkən yaşda aybaşı olurlar. Ona görə indi bu mərasim 10-11 yaşlı qızıar üçün keçirilir.

Mərasimdən sonra mənim həyatım pisləşməyə başladı. Atam polis idi. Növbəti il o öldü.

"Arvadın irsən keçməsi" adətinə görə ölmüş kişinin qardaşı onun dul qadını ilə evlənməlidir ki, ailəni dolandırsın. Ancaq anam bu adətə riayət etməkdən imtina etdi.

Əvəzində biz Cənubi Afrikaya köçdük. Anam bir tərəfdən Cənubi afrikalıdır. Dayım bizi orada yaşamağa, həyatımızı yenidən başlamağa dəvət etdi.

Dolanmaq üçün ikimiz də iş tapdıq. Mən yaşımı gizlətdim, bir salonda və bir mətbəxdə işə düzəldim. Bir də ev yığışdırırdım.

Çox işləməyimizə baxmayaraq, mənim məktəb xərclərimi ödəməyə və ailəmizi dolandırmağa pulumuz çatmırdı.

Sonra, Malavidəki qohumlarım vasitəsilə öyrəndim ki, məktəb xərclərimi ödəməyə hazır olan bir kişi var. Ancaq o, bunun müqabilində ona ərə getməyimi istəyir.

Mənim 16 yaşıma az qalmışdı və belə gənc yaşda ərə getmək istəmirdim. Anam da bunu istəmirdi. Ancaq təhsilimi bitirməyi çox istəyirdim.

Özüm də bacı-qardaşlarım və anam üçün narahat idim. Anam o qədər çox işləyirdi ki, bu onun sağlamlığına pis təsir edirdi. Ona görə də razılaşdım və hamımız yenidən Malaviyə köçdük.

Bizim ənənəvi toyumuz oldu. O, mənim orta təhsilimin pulunu verir, bütün ailəmizi dolandırırdı. O məndən 15 yaş böyük idi, təhsilli idi. O, uğurlu biznesmen idi, amma həmişə məni döyürdü. Hələ də bədənimdə evlilikdən qalma izlər var.

17 yaşımda hamilə qaldım. Ancaq, xoşbəxtlikdən qızımı dünyaya gətirməzdən əvvəl imtahanlarımı verə bildim.

Ərim hələ də məni döyürdü. Az qala uşağı salmışdım. Özü də bir yerdə olduğumuz müddət ərzində həmişə mənə xəyanət edib. Mən bitmişdim.

Bu, mənim istədiyim həyat deyildi. Mən bilirdim ki, gənc və zəif olduğuma görə, getməyə yerim olmadığına görə ərim mənimlə belə davranır. Mən tələyə düşmüşdüm.

Bu məqamda Cənubi Afrikadakı dayım yenə köməyimə çatdı. O bilirdi ki, mənim modaya həvəsim var. Məni moda dizaynı kursuna düzəltdi.

Ərim həmişə mənə deyirdi ki, onu tərk etsəm məni tapıb öldürəcək. Ona görə yalan danışmalı oldum.

Ona dedim ki, "bir-iki həftəyə evdə olacağıam". Ancaq geri qayıtmadım. Əvəzində kursa gedir, restoranda işləyərək özümü dolandırırdım.

Natasha Annie Tonthola

Sonra Malaviyə qayıtdım və nüfuzlu adamlar üçün paltarlar dizayn etməyə başladım.

Həm də restoran açdım - yemək bişirməyə də çox həvəsim var. Bu mənim üçün bir növ terapiyadır.

Müxtəlif sahələrdə çalışan icma təşkilatı yaratdım. Erkən nikahlara qarşı mübarizə apararaq qızların məktəbi bitirməsinə çalışırdıq. İnsanları ayinlər və adətlər barədə maarifləndirirdik.

Kaftarların qızları riskə atdığını izah edirdik, HIV/AIDS, istənməyən hamiləlik və reproduktiv sağlamlıq barədə maarifləndirmə işi aparırdıq.

Ancaq ərimlə problemlərim bitməmişdi. Malaviyə qayıtdığımı eşidəndə məni izləməyə başladı. "Mənim olmasan, heç kimin olmayacaqsan" kimi sözlər deyirdi.

Bir gün o, yaşadığım evə gəldi. Ünvanımı haradan öyrəndiyini bilmirəm. Özünü sakit apardığına görə onu içəri buraxdım. O dedi ki, məni və qızını görmək istəyir. Qızımın o vaxt üç yaşı var idi. Məni sevdiyini, peşman olduğunu və dəyişdiyini dedi.

"Biz hələ də evliyik və mən sənə o qədər yaxşılıq etmişəm. Mən sənin məktəb xərclərini ödəməsəydim, səni və o miskin ailəni himayəmə almasaydım sən bu yerlərə gəlib çıxmazdın. Sən mənə borclusan," - o dedi.

Mənsə ona dedim: "İlan vuran ala çatıdan qorxar."

Əlbəttə ki, mən yenidən onunla bir yerdə yaşamaq istəmirdim. O qışqırır, əşyaları atırdı. Sonra o, qızımın qucağımda oturmasına baxmayıb məni boğmağa başladı.

Qonşular çığırtımı eşitməsəydilər məni öldürmüşdü. Qonşular içəri girib onu bayıra atdılar. Mən polisə şikayət etmədim. Başıma gələnləri bundan artıq ictimailəşdirmək istəmirdim.

Ancaq onu özümdən uzaq tutmaq üçün yaxınlaşmamaq barədə məhkəmə iltizamı aldım.

Ancaq həmişə içimdə nəsə qaynayırdı. Mən bilirdim ki, həyatda mənim başıma gələnlər başqa qızların və qadınların da başına gəlir.

Mənim icma təşkilatım insanları maarifləndirməyə davam edirdi. Ancaq bu, çətin idi. Biz kaftarlar və arvadların irsən keçməsi kimi adətləri sorğulayanda xüsusilə çətin olurdu.

Bəzi icmalarda bizə belə deyirdilər: "Sadəcə təhsillisən deyə bizə məsləhət verməli deyilsən. Bu adət-ənənələr heç kimin xatırlamadığı zamanlardan bəri var. Biz əsrlərlə onlara riayət etmişik və heç bir ziyan görməmişik."

Ancaq bəzi başbilənlər və dini liderlər bizi dinləyirdilər. Bəziləri öz kəndlərində bu adətləri dayandırdılar.

İcma işində çalışdığım zaman qızların məktəbdə üzləşdiyi maneələr barədə daha çox şey öyrəndim. Ailələrin maddi vəziyyəti ağır olanda onlar qızların yox, oğlanların təhsil haqqını ödəməyi seçirlər.

Qızlar məktəbi atanda ailələri onları tezcə evləndirməyə çalışır. Qızların çoxu gigiyenik bezləri olmadığından dərsləri buraxmalı olurlar.

Bu problemi həll etmək üçün mənim təşkilatım ekoloji, yuyulub yenidən istifadə edilə bilən sanitar bezlər və alt paltarı paylayır. Bu dəstin içində möhkəm bağlanan alt paltarı və sukeçirməyən çanta var.

Qızları istədikləri vaxt məktəbdə bezlərini dəyişə bilərlər. Bu dəstlər ətraf mühitə ziyan vurmur, tamamilə çürüyüb torpağa qarışır. Onların həm qiyməti, həm davamlılığı əlverişlidir. Onları beş il işlətmək olur.

2011-ci ildə mən anladım ki, rəsmi təşkilat yaratmaq istəyirəm. Mama Africa Fondu belə yarandı. Biz o qədər gigiyenik bez paylamışıq ki, sayını itirmişik. Mən bu təşəbbüsü "Ləyaqət Layihəsi" adlandırıram.

Bütün baş verənlərə baxmayaraq, gələcəyə nikbin baxıram. Düşünürəm ki, kaftarların, cinsi zorakılığın və bütün digər sosial pisliklərin və problemlərin qurbanı olan qadınlar və uşaqlar üçün hələ çox iş görə bilərik. Bu çətin olacaq, ancaq mənim ümidim var.

Natasha Annie Tonthola Michael Wendling-lə söhbət edib.

# 1108 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
# # #