Yazıçılarımız yazmağı kimdən öyrənib? SORĞU

Yazıçılarımız yazmağı kimdən öyrənib?<span style="color:red;"> SORĞU
10 avqust 2016
# 13:25

Hər bir yazıçılardan ədəbi təsirlərdən kənarda təsəvvür etmək mümkün deyil. Bəs bizim yazıçılar hansı yazıçılardan təsirlənib, öyrəniblər?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Əkrəm Əylisli

Birinci mənə əsaslı təsir edən yazıçı Süleyman Sani Axundov olub. Sonralar Moskvada oxuyanda, rus dilini yaxşı öyrənəndə Henrix Böll mənə ciddi təsir elədi.

Fəxri Uğurlu

17 yaşım olanda Saday Budaqlının “Döngə” adlı hekayələr kitabı çıxmışdı. Bu kitab mənə çox güclü təsir eləmişdi. Uşaq vaxtı oxuduğum “Başsız atlı”, “Şahzadə və dilənçi”, “Səfillər”in bir neçə hissələri, Nodar Dumbadzenin əsərləri təsir eləmişdi. Sonrakı dövrdə Səməd Behrəngi mənə təsir edib. Onun “Balaca qara balıq” kitabı çox xoşuma gəlmişdi. Əziz Nesinin o vaxt bir əsəri vardı, mənə çox təsir eləmişdi: “İndiki uşaqlar möcüzədir”. Elə yazıçılar da var ki, onları oxuyanda heyrətlənmişəm, sarsılmışam. Məsələn, Balzakın, Dostoyevskinin, Tolstoyun, Turgenevin, Qonçarovun əsərlərini oxuyanda bunu hiss etmişəm. Sonra Çexovu, Moppasanı, Selinceri də bu siyahıya əlavə etmək olar. Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı mənə çox təsir eləmişdi. Belə yazıçılardan biri də Markesdir. Onun “Yüz ilin tənhalığı” və bir sıra əsərləri məni heyrətləndirmişdi. Folknerin bir sıra hekayələri, “Avqust işığı” romanı, Kamyunun “Yad”ı da təsirləndiklərim siyahısına düşür. Kafkanı deyə bilmərəm, sevə-sevə oxumuşam, ancaq mənə təsir edib, əsərləri metafizik vahimə yaradıb, heyrətləndirib. Sonrakı dövrdə Akutaqava Rünoske təsir edib mənə. Təsir daha çox gənc yaşlarında olur, böyüdükcə yavaş-yavaş ondan uzaqlaşırsan. O yazıçılardan təsirlənirsən ki, onlar kimi yazmaq istəyirsən. Məsələn, Floberin “Madam Bovari”, “Sadə könül” əsərləri də mənə çox təsir edib. Şoloxovun “Sakit Don”u da. Hələ Çingiz Aytmatov. Mən onun bir ara fanatı olmuşam hətta. Nəsri poetik olduğu üçün daha çox sevmişəm onu. Matevosyanın bir neçə əsərləri də təsir edib mənə. Bir də sizə tanış olan bütün Azərbaycan yazıçıları mənə təsir edib.

Nərmin Kamal:

Vaxtilə çoxlu yazıçıların əsərlərini oxumuşam, o əsərlərin bizə təhtəlşüur təsiri daha çoxdur, odur ki, təsir mövzusu mürəkkəb məsələdir, hansı yazıçıların, həyat hadisələrinin, uşaqlığın, situasiyanın sənin yaradıcılığına nə qədər təsir elədiyinə dair pay nisbətini müəyyən etmək çətindir; bir halda ki, hələ də sənətin əbədi meyarları çərçivəsində heç kəs kimi yox, özün kimi, orijinal süjet, orijinal mətn yazmağın mümkün olduğuna inam var bizdə.

Bir ağacın altından keçirik, o ağac bizim ordan keçdiyimizə dair informasiya saxlayır özündə. Bizim yanından keçdiyimiz ağaca təsirimiz əl izlərimiz qədər orijinaldır. Kimin kimə nə qədər təsir etməsi əslində bu qədər dəqiq məsələdir, sadəcə bizim özümüzə məlum deyil.

Hər halda məni həmişə 19-cu əsrin sonları 20-ci əsrin əvvəlindəki Böyük Modernizm hərəkatı həyəcanlandırıb, mən o rəsmlərin, o kitabların ilk nüsxələrinin Avropa muzeylərində orijinallarını görmüşəm, onların qarşısında ehtiramla dayanmışam. Ruhən Modernizmə yaxınam, eyni zamanda son illər klassik Avropa nəsri ənənələrinin sarsılmaz gücünə inanıram. Süjetin gücünə inanıram.

Həmçinin Azərbaycan ədəbiyyatında öz çağdaşlarım olan Rasim Qaracanı, Murad Köhnəqalanı, Həmid Herisçini və başqalarını çox oxumuşam, onlardan da təsirləndiyimə inanıram.

Mübariz Örən:

Mənə ən çox təsir edən yazıçı Seymur Baycan olub; onu oxuyandan sonra dedim, nə var belə yazmağa, mən yazsam ondan da yaxşı yazaram.

Alpay Azər

Bir oxucu kimi mən uzun müddət Marsel Prustun və Con Steynbekin təsirində olmuşam və hər ikisinə qibtə eləmişəm. Bunlar o yazıçılardandır ki, məni çox güman, ömrümün sonuna qədər izləyəcək. Prustun “şüur axını” texnikasında yazdığı romanlar, onun “zamana başvurma” məharəti, poetik nəsri, eləcə də Steynbekin Amerikada Böyük Depressiya illərindən bəhs edən sosial faciəni və ən kritik, ən faciəvi situasiyalarda insan humanizmini əks etdirən roman dramaturgiyası (“Qəzəb salxımları” romanından söhbət gedir) məni valeh edib.

Qan Turalı

Deyir, hər təmas iz qoyur. Oxuduğumuz kitablar, gördüyümüz filmlər, tanış olduğumuz insanlar, hər cür yaşantı... Bəzən dayanacaqda dayanan bir qarının üzündəki ifadə. Dostumuzdan eşitdiyimiz bir cümlə. Hər şey təsir edir. Deyib axı: Hər təmas iz qoyur.

Selinceri oxuyanda 14 yaşım vardı və on dörd yaşdan bu yana o böyük yazıçını bəlkə 14 dəfə oxumuşam. Yazılarımdakı sadəlik mənə Selincerin mirasıdır. Tolstoydan mənəviyyatı öyrənmişəm, insanın mənəvi aləminin genişliyini əxz eləmişəm. İnsana vurulmuşam Tolstoyu oxuyanda.

Bəzi oxucular şikayət edir ki, yazılarında insanı sona qədər bədbəxt etməkdə israr edirsən. Dərdlər gələndə batmanla gəlir və əsas qəhrəmanlarının hamısı travmalı insanlardır, mənəvi xəsarətə məruz qalmışlardı. Bilmirəm, bəlkə də haqlıdırlar. Amma dəqiq bildiyim şey var ki, məndə alçaldılmış və təhqir olunmuşların aqibətinə marağı insan qəlbinin mühəndisi Dostoyevski oyadıb. Onun mənə vurduğu yaraları mən bəzən eynilə qəhrəmanlarıma köçürürəm. İnsandan qorxmuşam Dostoyevskini oxuyanda.

Eləcə də Heminqueydən, Çexovdan, Orueldən də öyrənmişəm və öyrənirəm. Misal üçün, az qala bir aydır Heminqueyi oxuyuram. Uzaq və şirin uşaqlıq illərimdə ilişib qalan o əsərləri yenidən xatırlayır, yenidən o günlərə qayıdır, həm də mənəvi kitabxanama yeni obrazlar, duyğular, düşüncələr əlavə edirəm. Çox güman ki, bu aralar ən çox Heminqueyin təsirindəyəm.

Bundan başqa milli ədəbiyyatımızda Mirzə Cəlili çox sevirəm, ondan da yumoru və sadə, qısa yazmağı mənimsəmişəm. Əkrəm Əylislidə sadə insanların böyük dramlarını sevmişəm: “O pişpişәyә deyәrsәn ki, Әjdәr ölür!..” Bu söz mənim yaddaşımın şərəf lövhəsinə yazılıb. “Gilənar çiçəyinə dediklərim”də qəhrəmanın suyu açıb hönkürməsi mənim yaddaşımda silinməz izlər qoyub.

İsa Hüseynov Dostoyevski xəttidir, amma onun mənə təsiri Dostoyevskinin təsiri qədər mənalı və dərindir. Anar və Elçindən ekzistensional fəlsəfəni ədəbiyyata inyeksiya etməyi, Yusif Səmədoğludan prozaik vüsəti, Kamal Abdulladan qurğusallığı, Afaq Məsuddan modernist üslubu özüm üçün kəşf etmişəm.

Bir də şairlər var. Onlar haqqında da çox danışmaq olar. Amma bircə Əli Kərimi deyim. Əlinin şeirlərində sevinc sözü sevincə elə oxşayır ki, o sözü görəndə sevinirsən və ürəklə yaşamaq, sevmək istəyirsən. Əlinin şeirlərini oxuyanda dünya gözəlləşir və mənim yazmaq istədiyim dünya yaranır. Əli mənim ruhi müvazinətimin dayağıdır.

Bir də filosoflar var: Platon, Hegel, Marks, Şopenhauer, Vitgenşteyn, Sartr...

# 746 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #