Öpmək istəyirəm, dodaqlarım havada qalır – Hikmət Orhundan yeni şeirlər

Öpmək istəyirəm, dodaqlarım havada qalır – <span style="color:red;">Hikmət Orhundan yeni şeirlər
25 iyul 2016
# 16:00

Kulis.Az Hikmət Orhunun yeni şeirlərini təqdim edir.

mən elə bilirdim qocalmaz atam

saçı ağarmaz anamın

böyüməz bacım

ikimiz bir küncə çəkilib oynayanda

paxıllığımızı çəkər balaca qardaşım

atam xəstələnəndə bildim

o da dünyanın ən güclü kişisi deyilmiş

siqareti atmışdı

içki içmirdi

xəstələrin çıxdığı ən uzaq yürüş

qapının kandarıdır

eyvana da çıxmırdı

anam saçlarının ağlığını

saç boyası ilə gizlədəndə öyrəndim

o da nənə olacaq

yavaş yavaş şal bağlayırdı

anasına oxşayırdı

sonuncu dəfə evcik oynadığımızı unutmuşam

bu gün sabah bacım ər evinə köçür

qardaşım da birini gözaltılayıb deyirlər

gecələr kənd arası

o başa bu başa vurnuxur

amma mənim ağlım hələ də o evcikdədir

*

ağac kimi ölər insan

öncə saçları tökülər

sonra alnı qırışar

dizi bükülər

qəddi əyilər

dalınca yüz söz deyilər

"bar vermir

qışa da odun tədarükü lazım"

bir gün bir odunçu

gövdəsinə balta çalar

bir əsər

beş yırğalanar

sümükləri sınırmış kimi

şaqqıldar:

-şaraq şaraq şaraq

deyərsən yağış yağır

deyərsən yağış yudu

qəfil yıxılar

yox olar

ağac kimi ölər insan

öncə qol qanadı sınar

sonra etibarı iki paralıq olar

uşaqlar ələ salar təpəsinə çıxıb

yan-yörəsindəki cavanlar

allaha doğru ucaldıqca

o torpağa yapışar

kölgəsini günəş udar

günəşini ay

ağac kimi ölər insan

*

bu pişik balası

insanların əlindən qaçıb

bir qab südə ac

bir tikə çörəyə tamarzı

başının üstündən

dümdüz gəlib gedən

əyri ayaq düz ayaq

insanların üzünə baxır

iki gündür

anasını insanlar öldürdü

özünü

yiyəsiz deyib qovalayır

onların övladları

biri təpiyinin burnunda oynadır

biri çörək uzadıb aldadır

"allah yoxdur" desən

gözünü çıxararlar

üzümü yumşaq görüb

arxamca gəlir qovmayacam

süd də alacam

çörək də doğrayacam

o da bizdən biri çünki


həyat çox qəribədir dostum

ömrümün sonunu düşündükcə

daha da çox sevirəm onu

o da məni sevdi

gedib gəlib

ayaqlarıma sürtünür

*

son vaxtlar tez tez yadıma düşürsən

tez-tez xatırlayıram kömür gözlərini

pambıq əllərini

fındıq burnunu

girdə qulaqlarını

qönçədən qönçə dodaqların

ağlıma gələndə boğazımı uzadıb

öpmək istəyirəm

dodaqlarım havada qalır

sarı saçlarını xatırlayıram tez tez

onları hər yadıma salanda

qışın ortasında günəş doğur

evlərin damından sallanan

buzlar əriyir keçiməməsi buzlar

hirsim də soyuyur biləsən

yanımda olsan o dəqiqə bağışlayaram

boynuna sarılaram uşaq kimi

birlikdə getdiyimiz kafedə

qaytarana qədər içib

qaranlıq parklarda boynuna sarılıb

ağladığım günləri xatırlayıram tez tez

yuxuladıqca başım döşlərinə enir,

sən tez qaldırırsan

halbuki ayıq başına

nə qədər öpmüşəm onları

siqaret çəkmirəm özümü biləndən

sən gedəli içkini də tərgitmişəm

amma hər "sən" deyəndə

içib divarlara tuta-tuta yeridiyim

günlər gəlir gözümün qabağına

ürəyim bulanır

çıx həyatımdan çıx

ya da birdəfəlik qayıt ömrümə günümə

qayıt yeni yeni nağıllar uyduraq

xatirələrimiz də köhnəlib

kövrəltmir daha

*

sağ əlinin izi qalmışdı

paltomun sol çiynində

çıxarıb

asılqandan asanda gördüm

qapını açıb girəndən

anamın üzü gülürdü

bacıma göz elədi

atamı qısnayıb nəsə dedi

əsgərlikdəki qardaşıma da

yazmışdı sonuncu məktubunda

bir gün sonra günəş doğdu

və mən o paltonu geyinmədim


*

"getdim

dünyanın tarazlığı pozuldu" demə

pozulmadı

günəş yenə əvvəlki yerdən çıxır

ay yenə bizim izlədiyimiz yerdə batır

güllər yenə eyni fəsildə tumurcuqlayır

yağışlar eyni ayda yağır

eyni yollarda batır ayaqqabılarım

eyni ağacın altında islanıram

eyni küçədə qartopu atıram qızlara

amma bu dəfə sən yoxsan

sən getdin

dünyanın tarazlığı pozulmadı

amma

dünyanın bu qədər gözəl olduğunu

kimsəyə danışa bilmirəm

güllər səndən özgəsinin saçlarına

sənin qədər yaraşmır

yağışlar səndən özgəsinin köynəyinə

sənin qədər yapışmır

böyük böyük danışmağıma baxma

sən getdin gedəli

gözümü yollardan yığa bilmirəm

"getdim

dünyanın tarazlığı pozuldu" deyə öyün

doğrudan da

sən getdin dünyamın tarazlığı pozuldu

# 908 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #