İki sevgi

Zinyət Zəki

 

Dəmir barmaqlıqlar arxasında qızından gələn məktubu oxuyub göz yaşları içində o qədər də uzaq olmayan yaxın keçmişi xatırladı.

 

Əslində heç nəyi unutmamışdı, bütün olanlar onu qarabaqara izləyir, rahat nəfəs almağa qoymurdu. Başını qaldırıb yan-yörəsinə baxdı. Təklikdən qorxanda dodağı göyərərdi, əlində tutduğu məktub kimi. Əlindəki məktubun göyərməsi ilə, dodağının göyərməsi arasında bircə fərq var: gözlərindən düşən yaşlar məktubun yazısını qarışdırıb rəngini qaçırtsa da, dadını, duzunu qaçırtmırdı. Qorxanda dodağının göyərməsi ilə hər şeyin dadı, duzu qaçırdı, hətta xatirələrin də. Əlləri əsərdi. Gözləri saatlarla ensiz dəhlizə dikilib qalardı. Qulaqları adi tıqqıltıya bənd olurdu. Belə olanda bir də bilirsiniz nə olur? Tez-tez öz-özünə deyinir: “Mən bunu necə etdim?” Deyinər, deyinər və sonda qışqırar: “Hə, mən elədim!”

 

İndi hər şey bir az fərqlidir. Nəsə özünü ümidli və rahat hiss edir. O, qızının yazdığı məktubu öpərək, sinəsinə basıb, öz-özünə  pıçıldadı:

 

- Deməli, mənim qızım, Nərgizim universitetə qəbul olub. – gözləri parıldadı...
 

***

Nadir  yuxudan hələ tam ayılmasa da, tələsik də olsa səhər yeməyini yeyib, işə getməli idi. Cəmilə bilmirdi süfrəni hazırlasın, yoxsa uşağı geyindirsin. Nadirinsə nəyin ki, Cəmilənin bir az əlindən tutub ona kömək etməyə, heç özünə çay süzməyə belə halı yox idi. Bir çoxları üçün gün yenicə başlasa da, Nadir çox yorğun görünürdü. Ərincək-ərincək  gözlərini boş süfrəyə zilləmişdi. Arada narazı baxışlarla Cəmiləni süzürdü. Onun bu sərt baxışları Cəmilənin əlini ayağına dolaşdırırdı.

 

Nadir banklardan birində kreditor işləyir. 11 ildir ki, Cəmilə ilə ailəlidir. Onların 10 yaşında beyin xərçəngindən əziyyət çəkən qız övladları var.

 

- Yorğun görünürsən, nəsə olub ? – Nadirin iş yoldaşı Mətanətin səsi sanki onu yuxudan oyatdı.

 

- Hə, nəsə özümü yaxşı hiss etmirəm.

 

- Bu axşam iş yoldaşımız Tamellanın doğum günüdür. Xəbərin var?

 

- Hə, xəbərim var.

 

- Gələcəksən?

 

- Bilirsən, əslində mən bu gün evdə olmalıyam... – Nadir qətiyyətsiz şəkildə cavab verdi. - Evdə işləri yoluna qoya bilsəm gələcəm –gülümsəyərək əlavə etdi.

 

- Çalış ki, gələsən. Özün bilirsən ki, ..

 

- Bilirəm, mən yaxşı oğlanam, yaxşı işçiyəm, siz hamınız məni çox istəyirsiniz.

 

Hər ikisi güldü.

  
Axşam Nadir evə gələndə Cəmilə Nərgizə təbiət rəsmləri göstərirdi. Nərgizin gördüyü rəsmlərə virtual olaraq səyahət etməsi üçün özündən bir aləm söz qoşub deyirdi – bax sən bu bulağın yanında oturub, ayaqlarını suya sallamısan. Bulağın suyu o qədər soyuqdur ki, dişin, dişinə dəyir.


Nadir Nərgizin üzündən öpüb, otağına keçdi.

 

Otaqdan Cəmiləyə səsləndi:
 

- Yeməyə nə var ? Acından mədəm zəng çalır.

 

- Yemək hələ hazır deyil. Bütün günü Nərgizlə əyləncəli oyunlara başımız qarışıb.

 

Nadir:
 

- Nə? Yemək hazır deyil nə deməkdi? – təəccüblə soruşdu və yarım dəqiqə sükut içində Cəmilədən cavab gözlədisə də Cəmilə dillənmədi.

 

Nadir tələsik qonaq otağına qayıdıb acıqlı şəkildə soruşdu:

 

– Dəlisən?  Niyə bir tikə zəhər hazırlamırsan? Nədi, çətin işdi?

Cəmilə uca səslə: 


- Nadir səsini qaldırma! Birincisi, nəzərə al ki, sənin evdə 10 yaşlı xəstə qızın var. Onu vaxtlı-vaxtında yedirtməli, dərmanlarını verməli, yatızdırmalıyam. Hələ vaxt tapıb 5-3 manata görə komputerdə yeni tikilinin layihəsi üzərində çalışmalıyam. Mən adam deyiləm? – Son cümləni sanki Nadirə yalvarırmış kimi dedi. Gözləri də doldu.


Yeməyin hazır olmasına səbri çatmayan Nadir, iş yoldaşının ad gününə getməyin doğru qərar olduğunu düşünüb yataq otağına keçərək, hazırlaşmağa başladı. Düzdür kostyumu təzə deyil, amma idarə etmək olar. O, çox böyük ümidlə qızının beyin xərçəngi əməliyyatını etdirdikdən dərhal  sonra geyimini yeniləyəcəyini düşünürdü ...

 

 

- Hara hazırlaşırsan ? – Cəmilə otağa girərək Nadirdən soruşdu.

 

- Bu gün iş yoldaşımız Tamellanın doğum günüdür, ora dəvətliyəm.

 

Cəmilə təəccüblə Nadirə:

 

– Axı sən bilirsən, bu gecə mən səhərəcən işləyəcəm.

 

- Bilirəm, bilirəm!

 

- Bəs biz danışmışdıq ki, Nərgiz yuxudan oyansa onunla gecə sən maraqlanacaqsan.

 

Nadir gülümsəyib:
 

- Cəmilə, mən ki, bütün gecəni orda qalmayacam. – Cəmilənin yanağından öpdü – Sən indi yeməyini hazırla və ye. Sonra otur komputerlə işlərini gör. Mən qonaqlıqda bir neçə saat oturub tez qayıdacam. Nigaran qalma.

 

- Olmaz ki, getməyəsən? Həm də, pul xərcləməli olacaqsan, hədiyyə almaq üçün. Əli boş getməyəcəksən ki?! Axı biz Nərgizin əməliyyatı üçün pul yığırıq.  İndi ad gününə getsən məcbursan ki, 30-40 manatlıq hədiyyə alıb aparasan. Həm də, yəqin ki, içəcəksən orda.

 

- Getməsəm ayıb olar. Neçə illik iş yoldaşımdı. Xeyirdən, şərdən qalmaq olmaz. Bir də ki, içməyəcəm.

 

Cəmiləyə baxdı. Bu vədinin heç də inandırıcı olmadığını anlayıb tez səhvini düzəltməyə çalışdı:

 

- İçsəm də, az içəcəm  narahat olma. Söz verirəm sənə, bu gün evə də çalışacam tez qayıdım.

 

...Tamella iş yoldaşlarını öz ailəsi ilə tanış edirdi. Tamellanın  ailəsi anası, bacısı və 6 yaşlı oğlundan ibarət idi:

 

- Mənim əziz iş yoldaşlarım, dostlarım. Əvvəla gəldiyiniz ücün, bu xoş günümdə mənimlə birlikdə olduğunuz üçün hər birinizə minnətdaram. Var olun, dəyərli dostlar! – o, gülümsəyərək sözünə davam etdi –  İndi isə icazənizlə ailəmi sizlərlə tanış etmək istərdim .

 

Əlini anasının çiyinlərinə toxunduran Tamella:

 

- Bu qadın mənim anamdı. Mənim kimi bir dostu sizə qazandıran, böyüdən, boya-başa çatdıran məhz Solmaz xanımdır. - deyib, anasını qucaqladı.

 

Sonra o:


- Baxın, bu gözəl , həmçinin gözəl olduğu qədər də evimizin dəcəli olan bacım Ayseldir. O, bu il magistiraturanı bitirdi və sizə bir şad xəbərim daha var. Sabahdan etibarən bizim iş yoldaşımız olacaq.

 

Tamellanın oğlunu hamı tanıyırdı. Bir neçə dəfə özü ilə işə gətirmişdi.

 

Nadir Ayseli düşünürdü. O, Tamellanın Aysel haqqında dediklərindən sonra sanki heç bir sözə qulaq asmırdı, ondan gözlərini çəkə bilmirdi. Bunun doğru addım olmadığını bilsə də, özü ilə bacarmırdı. Qız da bunu hiss edirmiş kimi arada Nadirə baxıb gülümsəyirdi.

 

Nadir özünü ələ almağa çalışdısa da, mümkün olmadı. Axırda Ayselə yaxınlaşıb onu rəqsə dəvət etdi. Aysel də öz növbəsində sevincək halda Nadirin təklifini qəbul etdi.

 

Nadir bütün gecəni rəqs etdi, yedi, içdi. Əlinə fürsət düşən kimi Aysellə söhbət etdi. Birdən gözü divardakı saata sataşdı, gördü ki, gecə, saat 2-yə qalıb. O, ad günü partisindən getmək istəməsə də, çox gec olduğunu özü də dərk edirdi. Həm də, çox içdiyindən ayaq üstə durmağa belə halı yox idi. Məcburiyyət qarşısında qalıb, sağollaşdı. Tələsik sağa–sola ləngər vura–vura birtəhər küçəyə çıxdı. Taksiyə əyləşib evə yollandı.

 

Cəmilə komputer arxasında işləyirdi. Nadirin evə girdiyini görüb, ayağa qalxdı. Lakin onun ayaq üstə güclə dayandığını görəndə heç nə demədən onun yatağını hazırladı.

Nadir yatağa uzandı, Ayseli düşündü. Onun üzündəki təbəssüm gözünün qabağından getmirdi. O, düşünürdü:

 

- Yatsam yuxuma da girməzdi ki, 2 - 3 saatlıq tanıdığım qızın çöhrəsi məni belə kefləndirsin, özümü itirməyimə səbəb olsun!

 

Onunla birlikdə olmaq Nadir üçün dumanlı düsüncədən başqa bir şey deyildi. Axı o, heç onu tanımırdı. Bir neçə saatlıq üzünü gördüyü qız haqda niyə bu qədər düşünsün? Axı o Ayseli heç tanımırdı da! Onunla niyə yaxınlıq etməliydi? - Nadir bu fikirlərlə yuxuya getdi.

 

Səhər saat 7-də saatın zəngini eşidib yuxudan oyandı. Cəmilə hələ də komputer arxasında işləyirdi. Nadir güc-bəla ilə yuxudan ayılsa da, başının möhkəm ağrıdığını hiss etdi və buna görə də süfrəyə əyləşməmiş hamama girdi. Cəmilə isə artıq işini bitirmişdi və çox yorulmuşdu. Lakin o, səhər süfrəsi hazırlamalı, uşağı geyindirməli idi. Nadir hamamdan çıxdı və saçını qurulayıb paltarını geyindi. O, dünən olanlar haqqında düşündükcə xəcalət çəkirdi. Buna görə də, səhər yeməyi yemədən işə getməyi düşündü. Cəmilə isə özünü  heç bir hadisə baş verməyibmiş kimi göstərməyə çalışırdı. Baxmayaraq ki, onun yorğunluqdan və yuxusuzluqdan gözləri qızarmışdı. Nadir Cəmiləyə baxıb:

 

- Mən içməsəydim evə vaxtında gəlsəydim, gecəyarı Nərgiz oyananda ona qulluğu mən etsəydim, Cəmilə də işini saat 7-də yox, 5- də və yaxud 6-da bitirə bilərdi və heç olmasa bir-iki saat yatıb gözünün acısını alardı - deyə düşünüb, başını aşağı dikdi.

Lakin, nə Cəmilə, nə də ki, Nadir dünənki hadisə ilə bağlı bir-biriləri ilə kəlmə də kəsmədilər.

 

***

 

Bütün işçi heyyətinin kefi kök idi. Deyir-gülür, mehribancasına söhbət edirdilər. Nadirin də üzü gülürdü. Tamellanın bacısı Aysel sanki özü ilə banka böyük bir sevinc gətirmişdi. Hər kəsin Ayselə qanı qaynamış, onu ürəkdən sevməyə başlamışdılar. İşçilər dünənki ad günü partisi ilə bağlı bir-biri ilə öz xatirələrini paylaşırdılar. İki gün sonra isə Ayxan adlı iş yoldaşlarının ad günü olacaqdı və bütün işçi heyyəti ora dəvət olunmuşdu.

 

Nadirsə düşündü ki, bu dəfə ora getməməsi daha uyğundu. Çunki Cəmilə bilsə, həqiqətən bu dəfə sakit durmayacaq. Pulu belə sağa-sola xərcləmək düzgün olmaz. Axı qızının əməliyyatı üçün pul vacibdi - deyə bu fikirinə haqq qazandırmağa çalışsa da, ürəyində ad gününə getməyi çox istəyirdi və bundan məhrum olduğu üçün dərindən ah çəkdi.

 

Ayselə gəlincə, o, elə mehriban və gülərüz idi ki, artıq bütün işçi heyyəti onunla can deyib, can eşidirdilər. Hamıdan çox isə o, Nadirlə yaxşı yola gedirdi. Sözləri yaman tutmuşdu. Bir neçə saatın içində bir-birinə canım-cicimlə müraciət edirdilər... Belə səmimi hərəkət əvvəlcə Nadiri heyrətə salsa da, sonradan bu haqq-hesabı Ayselin mehriban və şirin olması ilə qiymətləndirdi.

 

İki gün sonra Nadir həmin ad günü partisinə getməyə qərar verib işdən sonra evə gəlməyərək, 1-2 saat şəhərdə gəzib birbaşa qonaqlığa getdi. Bilirdi ki, evə gəlsə Cəmilə elə bərk mübahisə salar ki, o qətiyyən evdən çıxa bilməz və buna görə də o, evə gəlmədən birbaşa Ayxanın ad günü partisinə  yollandı. Axşam Cəmilə onu nə qədər gözlədisə də Nadir gəlib çıxmaq bilmirdi ki, bilmirdi. Nə də ki, Cəmilənin zənglərinə cavab vermirdi. Cəmilə isə uşağı yatızdırıb, ac-susuz onun gəlməsini gözləyirdi. Lakin Nadirdən xəbər-ətər çıxmayanda Cəmilə daha da narahat olmağa başladı. Gecə saat 2-nin yarısı Nadir içkili vəziyyətdə özünü evə leş kimi atdı. Cəmilə nə qədər çalışdısa da özünü saxlaya bilməyib hönkür-hönkür ağlamağa başladı, Nadir içkili olduğundan onunla danışmadı. Nadir paltarlı vəziyyətdəcə çarpayıya uzandı və elə həmin dəqiqə də yuxuya getdi.

 

Səhər Nadirin gözlədiyindən daha sakit başladı və Cəmilə heç də dilxor deyildi. Nadir çox təəccüblənsə də, heç nə demədi. Öz çayını özü süzdü. Cəmilə isə dillənmirdi. Bu vəziyyət Nadirin ağlını qarışdırdı və özünü narahat hiss etməsinə səbəb oldu. Lakin, Cəmilə onu danışdırmadı.

 

***

 

- Nadir biz bu gecəni birlikdə keçirməməliyik, belə olmaz. - bu sözləri deyərkən Aysel həyacandan titrəyirdi.

 

- Sus, gözlərini yum -  Nadir, dodaqlarını Ayselin dodaqlarına toxundurduraraq - Dodaqlarımın istiliyini hiss edirsənmi? - deyərək onun saçlarını oxşadı.

 

- Nadir, gəl gedək. Lütfən.

 

- Aysel, sənin əllərin əsir!

 

- Mən qorxuram.

 

- Nədən?

 

- Biz düz eləmirik.

 

- Aysel, əsas olan bu deyil. Mənim üçün əsas olan bunu istəyirsənmi ya yox?

 

- Bəs sən?

 

- Mən ... mən hə, həm də, düşünmədən.

 

Aysel Nadirin hərarətli pıçıltısını duyan kimi onu ehmalca öpdü. Bu öpüşdən həzz alan Nadir Ayseli möhkəm qucaqladı və çılğıncasına öpməyə başladı.

 

Və beləcə Nadirlə Ayselin birlikdə olmaq həvəsi, Nadirin Ayselə olan bağlılığı daha da artmağa başladı. Ona elə gəlirdi ki, Aysellə birlikdə göylərdədir və həyatın bütün gözəlliyindən həzz alır. Nadir sanki çoxdandır axtardığı səadəti, hüzuru və sevgini Ayseldə tapmışdı. Aysel onun xəyallarında bir mələk rolunu oynayırdı!

 

Nadir Aysellə tez-tez görüşməyə can atırdı. Hər gün işə tələsər, lakin işdən çıxandan sonra yenə də Ayseldən ayrıla bilmirdi. Kafelərə, restoranlara getməyi sevməyən Nadir bu aralar demək olar ki, hər gün həmin yerlərin əziz qonağına çevrilmişdi.

 

Bir gün Nadir qızı haqda düşünməyə başladı. Düşündükcə dəli oldu. Biçarə qızı onun gözləri önünə gəldi. Sonra o, əlləri ilə başını tutub “offf!” – deyərək oturduğu kreslonun qoltuğuna dirsəkləndi.

 

- Görəsən qəlblərində başqasının sevgisi ilə alışıb yananlar daha bədbəxtdir, yoxsa eyni yorğanın altında bir-birini sevməyən və sevmədikcə də bir-birindən iyrənənlər? –  Bu sual bir anlıq onun beynini dəlib keçdi... Bəs mən? Axı bu misalların ikisi də mənə aiddir! Belə çıxır ki, mən bədbəxtəm?  

 

Yerindən dik atıldı:

 

- Yox, yox, axı mən Cəmilədən iyrənmirəm. Bu axmaq fikir hardan düşdü ağlıma? – deyə öz-özünə pıçıldadı.  Hətta mən Cəmiləni sevirəm! Hə, hə. Nə qədər qəribə səslənsə də, mən onu sevirəm! O, mənim həyat yoldaşımdı. 11 illik həyat yoldaşımdı, övladımın anasıdı. Axı mən ondan necə iyrənə bilərəm? - deyə, Nadir özünü  bu axmaq fikirinə görə qınadı. - Bəs mən Cəmiləni sevirəmsə Aysel kimdir? Onu düşünəndə niyə özümdə olmuram? Deməli belə çıxır ki, mən onların hər ikisini də sevirəm? Bu mümkündürmü?  Bu suallarla beynini didirdi...

 

***

Dəmir barmaqlıqlar arxasında qızından gələn məktubu oxuyub göz yaşları içində o qədər də uzaq olmayan yaxın keçmişi xatırladı.

 

Əslində heç nəyi unutmamışdı, bütün olanlar onu qarabaqara izləyir, rahat nəfəs almağa qoymurdu. Başını qaldırıb yan-yörəsinə baxdı. Təklikdən qorxanda dodağı göyərərdi, əlində tutduğu məktub kimi. Əlindəki məktubun göyərməsi ilə, dodağının göyərməsi arasında bircə fərq var: gözlərindən düşən yaşlar məktubun yazısını qarışdırıb rəngini qaçırtsa da, dadını, duzunu qaçırtmırdı. Qorxanda dodağının göyərməsi ilə hər şeyin dadı, duzu qaçırdı, hətta xatirələrin də. Əlləri əsərdi. Gözləri saatlarla ensiz dəhlizə dikilib qalardı. Qulaqları adi tıqqıltıya bənd olurdu. Belə olanda bir də bilirsiniz nə olur? Tez-tez öz-özünə deyinir: “Mən bunu necə etdim?” Deyinər, deyinər və sonda qışqırar: “Hə, mən elədim!”

 

Sonra az qala,  xatırladığı hər şeyi birnəfəsə pıçıltı ilə səsləndirdi:

- Əgər, mən Tamellanın ad gününə getməsəydim, evdə qalıb Cəmiləyə kömək etsəydim, Ayseli tanımazdım. Ayseli tanımasaydım, məni ayaqlarım altına atan onun amiranə şəkildə dili ilə dodaqlarını yaşlamasına köks ötürüb, nəfsimin quluna çevrilməzdim. Əgər nəfsimin quluna çevrilməsəydim, Cəmiləylə birlikdə dişimizlə, dırnağımızla illərlə yığdığımız pulla Ayselin şərəfinə bahalı restoranlarda badələr qaldırmazdım. Əgər mən Ayselin baxışlarından sərxoş olmasaydım, o məni aldada bilməzdi, xərçəng xəstəliyinə düçar olması yalanına inandıra bilməzdi. Əgər mən aldanmasaydım, qızımın əməliyyatı üçün yığdığımız pulları Cəmilədən xəbərsiz Ayselə verməzdim. Əgər mən o pulları Ayselə verməsəydim, Cəmilə pulları evdə tapmayanda qorxudan insult keçirməzdi. Cəmilə insult keçirməsəydi, mən bankdan oğurluq eləməzdim. Oğurluq eləməsəydim, özüm könüllü şəkildə polisə təslim olmazdım. Əgər, əgər Aysel...

 

Siz bilmirsiniz, Nadir bilir. Bilir, amma demək istəmir. Həmişə belə olanda, Nadir bir neçə dəfə - “əgər, əgər” – deyib, ağlayaraq susur. Nadir xatırlamaq istəməsə də, xatırlamaq istəmədiyini dilinə gətirmək istəməsə də, mən sizə deyəcəm - Aysel Nadiri aldatdı. Bilirəm, deyəcəksiniz ki, bunu bilirik. Yox, bilmirsiniz. Yenə deyirəm – Aysel Nadiri aldatdı. Əvvəlcədən planlaşdırdıqları kimi, Nadirdən aldığı pulla sevgilisi ilə birlikdə başqa bir ölkəyə qaçdı. Nadir bunu xatırlayıb qışqıraraq demək istəməsə də, mən sizə bunu qışqırmadan, hay-küy salmadan, çox rahat şəkildə dedim. Bilirəm, Nadir üçün ağırdır, amma bu bir həqiqətdir.

LENT

26 İyun 2017
25 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017