Gülümsə - “Ən yaxşı hekayə”

Gülümsə - <span style="color:red;">“Ən yaxşı hekayə”
24 may 2016
# 21:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusu nda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Şərif Ağayarın Gülümsə hekayəsini təqdim edirik.

“Öldü!...” - mesajı onun profilindən göndərib facebook hesabını bağlamışdılar. Bu bir kəlmə söz də inboksun balaca çərçivəsində qara cansızlığa gömülüb ölmüşdü. Oxuyan kimi içimdə qımıltı hiss elədim. Sakit gölməçəyə balaca çınqıl atdılar elə bil. Dalğalar halqa-halqa qarın boşluğumdakı hansısa sirli məkandan bütün bədənimə yayıldı. İxtiyarsız əl atıb qulaq məməmi sığalladım, şəhadət barmağımı beş-altı dəfə qabaq dişlərimə vurdum, qılçalarımı dərin-dərin ovuşdurub diz qapaqlarımın altında baş qaldıran sızıltını ovutmağa çalışdım. Alınmadı. Ayağa qalxıb balaca mənzilimdə o başa-bu başa getdim. Hərlənib bir də monitorun qarşısında oturanda bircə kəlmə deyə bildim: “İlahi!”

Əslində demədim, içimdən keçdi. Bəlkə, heç keçmədi də, o an içimin balaca çınqıl düşən sirli məkanında bir ağız peyda oldu, titrək dodaqlarıyla bu kəlməni söyləyib geri çəkildi. İçimi dalğalandıran o balaca çınqılın yerinə hardansa yuxarılardan, bəlkə də içimin tavanından bir damla bumbuz göz yaşı düşdü. Səsini də eşitdim: cızzz! Canımdakı yanğı o bir damla göz yaşının təsirindən soyuyub bütün bədənimi buz təknəsinə döndərdi. Yalnız bundan sonra “Öldü” kəlməsinin dalınca nələrinsə yazıldığını gördüm. Gördüm, ancaq əvvəl-əvvəl oxuya bilmədim. Bu bir kəlmənin üstündən aşmağa, ağırlığının altından çıxmağa gücüm çatmırdı. Hərflər qarışqa kimi ora-bura qaçır, bir-birinə qarışırdı. Gözlərimi ixtiyarsız yumub açdım. İçimdəki o bir damla göz yaşı dalğalanaraq gözlərimin dibinəcən gəlmişdi.

Məni gecənin yarısı yaxalayan bu mesajın ardını handan-hana oxuya bildim. Daha doğrusu, yazılanları birinci kəlmədən, hətta kəlmənin əvvəlindəki ağ boşluqdan başlayaraq təkrar oxudum: “O, öldü! Əməliyyata girəndə xahiş elədi ki, sağ çıxmasa bunu sizə çatdırım. Hə, bir də bunu söylədi: heç kimi və heç nəyi axtarmasın, baş verənləri bir yuxu hesab etsin...”

“İlahi!” – bu dəfə dilimlə dedim. Dilimlə dedim və içimdə, canımda qüssəli bir rahatlıq duydum. Elə bu rahatlığın içindəcə mesajı təkrar oxudum. Üç nöqtədən sonrakı uzun boşluğa da xeyli baxdım. Sanki bu ağ boşluqda da nələrsə yazılmışdı və diqqətlə baxsam görəcəkdim.

“...Heç kimi və heç nəyi axtarmasın...” - özümə də demişdi əslində. Son görüşümüzdə. “Bəs səndən necə xəbər tutacam?” – soruşmuşdum. “Sənə çatdırcaqlar” – gülümsəmişdi həmişəki kimi. “Necə yəni çatdıracaqlar?” – narazı tonda sual vermişdim. “Dayım qızına hər şeyi demişəm, mənim profilimdən yazacaq sənə” – arxayınlıqla söyləmişdi. Dalınca yenə gülümsəyərək əlavə eləmişdi: “Ölsəm, bağışla!” Mən də gülümsəmişdim: “Pis adamlar ölmür, narahat olma.” “Bu dəfə bilmək olmaz, ağır əməliyyatdır, həkim zəmanət vermir” – gülümsəməmişdi bu dəfə, ciddi-ciddi demişdi - “Ölüb-eləsəm, ürəyinə salma, birini sev, məni unut, qəbrimi də axtarma. Yadında məzar kimi qalmaq istəmirəm. ”

Etiraf edirəm, son cümləsi məni tutmuşdu. Hətta kövrəltmişdi. Özümü güc-bəla ələ alıb gülümsəməyə çalışmışdım: “Bayquşluğun tutmasın. İndi tibb çox inkişaf edib, illah da İstanbulda, səninki nə əməliyyatdı ki? Beləsindən gündə yüzünü edirlər” - cavabımın düşük olduğunu elə onda da hiss eləmişdim. “İstanbulda tibb inkişaf edib” – pah! Olur məndə belə şeylər. Qəribədir, həmin vaxt işə yaramışdı bu düşüklük. Sevinmişdi: “Hə, həkimimə güvənirəm. “Bu cümlə indi də yandırıb-yaxır məni. Ölsəm-filan deməyinə baxma, yaşamaq istəyirdi. Özü də çox. Bir dəfə etiraf da eləmişdi: “Sənə görə yaşamq istəyirəm, xudavəndə, yeganə səbəbimsən!”

***

Xudavəndə! Hardan tapmışdı bu sözü, heç doğru-dürüst soruşa bilmədim. Adı Pərvin idi, yəqin buna görə. Xalq qəhrəmanı Babəkin filmdəki sevgilisi... Pərvin Babəkə belə müraciət edirdi. Mən də dinc durmayıb “Sən də mənim tale ülkərimsən” demişdim. Pərvin ülkər ulduzunun başqa adıdır. Çox sevinmişdi. Xeyli gülüş işarəsi göndərmişdi mənə.

Bəli, facebookda tanış olmuşduq. Mən indinin özündə də facebookda gülüş işarəsini sevinməkdən ayıra bilirəm. Baxır kontekstə. Düzdü, ayrıca sevinc işarəsi yoxdur, ancaq elə məqam var ki, smayl sevinc ifadə edir. İllah da Pərvinin harda gülüb, harda sevindiyini bilirdim. Facebookda yazışanda onun nəfəsini duyur, səsini eşidir, hətta qoxusunu hiss edirdim.

Tanış olmuşduq deyəndə, o mənə yazmışdı. Mən qəzetdə işləyirəm, yazı-pozu aləmində Xəlil Adyazarı soruşsanız, hamı tanıyacaq. Facebookda da fəalam. Beş minə yaxın dost, təntənəli statuslar, paylaşımlar... Sinəmi qabağa verib fəxrlə deyə bilərəm ki, minlərlə oxucum var. Bəli, minlərlə. Sizə inandırıcı gəlməyə bilər, amma belədir. Bir yazım vardı, nə az-nə çox düz 40 min dəfə oxunmuşdu. Özü də saxta sayğacla deyil, halal-hümmət. Düzdür, başlığı çəkici idi: “Alçaqlar, şərəfsizlər, binamuslar”, amma yazı da maraqsız deyildi. Siyasi mövzuda tənqidi yazı idi. Əvvəllər siyasətdən daha çox yazırdım, sonra gördüm bir az qorxuludur, sosial-mədəni mövzulara keçdim. Sərt siyasi yazıları qəzetimiz də çap eləmirdi. Daha çox qəzetin saytına verirdik belə yazıları. Mən də facebookda paylaşıb şellənirdim. Yazılarıma ciddi reaksiyalar olurdu. Özünü tərif çıxmasın, “Əllərinə qurban olum”, “Ürəyinə sağlıq”, “Allah səni əskik eləməsin” kimi təntənəli mesajlar alırdım. Buna öyrəncəli idim. Elə olurdu ki, açıb oxumurdum. Belə günlərin birində Pərvindən bir kəlməlik mesaj gəldi: “Xudavəndə!” Diksindim. Bu sözlə qəribə bir macəranın başlanacağını hiss etdim. “Bəli” – soyuq cavab verdim. “Sən mənim xudavəndəmsən, lütfən belə rəsmi olma” – elə doğmalıqla yazırdı ki! Düzü, əvvəlcə profilin həqiqi olduğuna inanmadım. Bizim itoynadan dostların mənimlə məzələndiyini düşündüm. Ona görə bir neçə gün özümü təmkinli apardım. Gördüm, yox, məsələ xeyli ciddidir, telefon nömrəsi istədim. Yazdı. Zəng vurdum. Danışdıq. Profilin həqiqliyinə əmin olan gündən isti söhbətlərimiz başladı.

Anası ağır xəstə olduğu üçün, uzun müddət yaşadığı İstanbuldan B. rayonunun hansısa kəndinə gəlmişdi. Bəlkə də kəndlərinin adını da yazmışdı, yadımda deyil. “Anamdan başqa kimsəm yoxdu” – deyirdi – “Qohumlarım çoxdu əslində, ancaq məni duyan yeganə insan anamdı. Həyatda hamı məni atdı, bircə anamdan başqa.” Təbii ki, inanırdım. Niyə yalan söyləsin ki? Anası böyrək çatışmazlığından əziyyət çəkirdi. Deyirdi, müalicə effekt versə, bir az özünə gəlsə böyrək köçürüləcək. Öz böyrəyini anasına verməyə hazır idi. “Hətta ürəyimi, beynimi, bütün bədənimi verərəm” – deyirdi. Buna da inanırdım.

İnboksuma atdığı fotoların açıq-saçıqlığı məni bir balaca şübhəyə salırdı. Pis çıxmasın, fahişələrə bənzər qəribə tövrü vardı. Sinəsini qabartmalar, qıyqacı baxışlar, açıq dekolte... İlk günlər İstanbulda bu qədim peşə ilə məşğul olduğunu düşündüm. Maddi vəziyyətinin yaxşı olduğunu biləndə şübhələrim keçdi. Nə vaxtsa İstanbul həyatından özü danışdı mənə. Uydurmuş da olardı, ancaq əmin idim ki, yalan yazmır. Ailəsi dağılandan sonra depressiyadan çıxmaq üçün İstanbula getməsinə icazə vermişdilər. Orda rəfiqələri varmış. Partilərin birində özündən on-on beş yaş böyük, varlı iş adamıyla rastlaşır. Ailəli olsa da Pərvinə sevgili kimi görüşməyi təklif edir, bu da razılaşır: “Nə gizlədim, kişiyə ehtiyacım vardı. O, bu ehtiyacımı qismən də olsa ödəyirdi. Sevmirdim, puluna da ehtiyacım yox id. Adi münasibət... Hamının bildiyi... Ancaq o, dəli kimi sevirdi, məni ukraynalı qızlara oxşadıb əzizləyirdi, buralı olduğuma inanmırdı.”

Pərvin profilində heç vaxt açıq-saçıq foto paylaşmazdı. İnboksuma göndərdikləri mənə görə selfi kimi özəl çəkilmişdi. Səbəb sadə idi: məni sevdiyini deyirdi. Bunun üçün yazılarım və fotolarım kifayət etmişdi. Duyurdu məni, bunu hiss edirdim. Yazılarım haqqında elə fikirlər bildirirdi ki, məəttəl qalırdım. Elə bil ürəyimə girmişdi. Amma bir az qapalılığı vardı. Heç nədən küsür, küsməyinin səbəbini demirdi. Yaxud, yüngülcə inciyib günlərlə mənə tikanlı sözlər yazır, kinayə ilə danışırdı. Belə vaxtlarda xeyli əziyyət çəkirdim. Anasının çətin vəziyyətinə görə kaprizlərinə dözürdüm. Həm də gözəl qadın idi. Heç bir kişi onu sevən belə bir qadını incitmək istəməzdi. Qısa saçları onu məşhur müğənni Sezen Aksuya oxşadırdı.

Pərvinin anası üçün dua edirdim. Həm yazığım gəlirdi, həm də onun sağalması Pərvinlə görüşməyimə imkan yaradardı. Dediyim kimi, vəziyyəti düzələrsə Bakıya gələcəkdilər.

***

Və belə bir gün gəldi. Dostum Xəyalın maşınını alıb onu qarşılamağa getdim.

Həyatda fotolarından gözəl idi. Qısa saç ona yaraşırdı. Saçlarının ucu boğazının altına burulub yumru sifətinə xüsusi cazibə verirdi. İri gözləri vardı, ancaq bir az geri çəkilib öləzimişdi. Baxışları adama sirayət etmirdi. Onun gözlərini küçük gözlərinə oxşadırdım həmişə. O cür balaca, sirli və qüssəli... Amma özünə demirdim. Gözümün içinə baxmağa utanırdı nədənsə. Baxışlarını tez-tez yayındırırdı.

“Səni öpə bilərəm?” – Quba yolunun kənarında maşını üzü dənizə saxlayanda qəfil ona belə bir sual verdim. Gülümsədi. Dodaqlarından öpdüm. Yumşaq, isti və dadlı idi. Üzünün dərisində elə bir hamarlıq, elə bir zəriflik, elə bir təravət vardı ki, dodaqlarımla, əllərimlə toxunanda həzdən gözlərimi yummalı olurdum. O da məni öpdü. Böyük ehtirasla. Hətta o qədər ki, arxadan polis maşınının bizə yaxınlaşdığını hiss etmədik.

Yaxınlaşıb arxamızda dayanmışdılar və səbrlə öpüşməyimizə tamaşa edirdilər. Mən üstünə “PPX” yazılmış ağ maşını təsadüfən güzgüdə gördüm. Özümü yığışdırıb düşdüm, sükan arxasındakı serjanta yaxınlaşdım. Sənədlərimi istədilər. Jurnalist olduğumu biləndə bir az yumşaldılar. Dedilər, paytaxtda Avropa oyunlarına hazırlıq gedir, qonaq-qaramız var, siz də burda biədəb işlərlə məşğulsunuz. Güldüm xeyli. Dedim, rəis, öpüşməyi Avropadan öyrənməmişikmi? Rəis də güldü. Amma dedi, asayiş naminə xanımın sənədlərinə baxmalıdırlar. Gündə bir qadın intihar edir, evdən qaçır, yoxa çıxır... Pərvinin sənədlərini alıb onlara verməyi özümə sığışdırmadım. Ona görə 20 manat tərlədi məndən. Əslində, polislərin məqsədi asayiş-filan deyil, elə bu 20 manat idi. Sivişib getdilər.

Pərvin qorxmuşdu əməlli-başlı. Mən maşına qayıdanda az qala ağlayacaqdı. “Gedək, gedək...” – dedi. “Həll elədim, narahat olma” – gümrah səslə söylədim. “Pul verdin?” – təəccüb ifadə edəndə üzü daha da gözəlləşdi. “Hə” – güldüm. “Nə qədər?” – təəccübü getməmişdi hələ. “10 manat” – qəsdən az söylədim. Qoluma girib başını çiynimə qoydu: “Həyatımızın yeganə günahını 10 manatla yuduq” – şirin bir pişik səsi çıxardı. “Amma bizə çek vermədilər ki, yadigar saxlayaq” – mən dedim kobud səsimlə. “Bizdə o bəxt hardandır?” – onun səsi çox qüssəli çıxdı bu dəfə.

Maşını təsadüfi otellərin birinə sürdüm. Yer veriləcəyinə ümidim yox idi, amma verdilər. Aldığımız otağın nömrəsi təsadüfən Pərvinin yaşıyla uyğun idi: 26. Mən onun yaşını bu cür öyrəndim. Məndən düz 10 yaş cavan idi. Ancaq daha gənc görünürdü. Mənə də 36 vermək olmazdı. Başımda bir dənə də olsun ağ tük yox idi. Etiraf edim ki, Pərvin zahirən məndən yaxşısına layiq idi. Yeganə eybi bir az balacaboy olmasıydı. Bunu 26 nömrəli otağın güzgüsü qarşısında dayananda daha çox hiss elədim. Düzdür, mən də ucaboy deyildim, lakin mənim uca olmayan boyuma rəğmən o, yenə balaca idi. Ətli-qanlı olmasa lap xırda görünərdi. Yumşaq və iri döşləri zövqümü oxşayırdı. “Minik sərçəmsən” – deyib qucaqladım arxadan, qollarımı döşlərinin altında çarpazladım, çənəmi çiyninə qoyub üzmü-üzünə söykədim. Burnunu qırışdırıb güzgüdəki mənə elə şirin güldü ki, ağlım başımdan uçdu. Əlimi sinəsinə aparanda etiraz etdi: “Hazır deyiləm.” “Bəs bura nəyə gəldik?” – qeyzləndim.

“Çay içib gedərik.”

“Nə danışırsan? Otelə çay içməyə gələn adam görmüsən?”

“Dedim ki, hazır deyiləm, sonra görüşərik. Mənə yalnız ona görə yaxınlıq edirsən?” – səsindəki qətiyyətdən çəkindim, heç nə demədim, mizin arxasında oturub burnumu salladım. Qapının yanındakı düyməni basıb xidmətçini çağırdı, çay istədi. Sakit-səssiz adama bir stəkan içdik. Birdən-birə dünyanın bütün sözləri qurtarmışdı elə bil. Heç nə danışmırdıq. Gözləmədiyim anda ayağa qalxıb mənə yaxınlaşdı, əlini bədənimdə gəzdirib aşağılara apardı. Bic-bic gülümsəyərək pıçıldadı: “Sənə başqa cür keyf verəcəm... Yatmaqdan da gözəl!”

Əla idi. Usta idi. Mənə göndərdiyi “fahişə şəkilləri”nin yaratdığı şübhələr burda da canıma doluşdu. O, qeyri-ənənəvi ünsiyyətdə qeyri-adi məharət göstərirdi. Təcrübəli birinə bənzəyirdi. Amma mən heç nə soruşmurdum, o anın sevincini yaşayırdım.

***

Dostum Xəyalın işləri şuluq idi. Dindən, din xadimlərindən, milli mentalitetdən yazdığı sərt tənqidi yazılara görə onu əməlli-başlı təqib edirdilər. Bir neçə dəfə təhdid dolu xəbərdarlıq almışdı. Hətta bir dəfə yeyib-içdiyi kafedən nömrəsiz maşına mindirib aparmış, gecə yarı küçədəcə xeyli döyəndən sonra ölümlə hədələmişdilər. Hadisəni ictimailəşdirmədi nədənsə. Deyəsən, döyülməyi özünə sığışdırmırdı. Məndən olsa, yazıb duy vurardıq aləmə. Hətta məhkəməyə müraciət edərdik.

Belə baxanda onu təhdid edənlərin günahı yox idi. Çox sərt yazırdı. Hətta söyürdü. Bir dəfə dağlı məhəlləsindən elə şeylər yazmışdı ki, öldürülməsi an məsələsiydi. Özü də orda qalırdı. Hər gün nəşələnib ilişməyə adam axtaran cüvəllağıların arasından işə gəlir, gecə içkili halda qayıdırdı. Çox təhlükəliydi. Nə qədər desəm də vecinə almırdı. Sonralar vəziyyətin qəlizliyini anlayıb evini dəyişdi.

Xəyalın zahiri görkəmi də adamlarda qıcıq yaradırdı: saqqallı, uzun saçlı, alışmadığımız etirazçı geyimləri... Bir papağı vardı, qoyanda profildən Fidel Kastronun eyni idi. Ona görə qəsdən belə fotolar çəkdirib paylaşırdı. Bəzən saçını arxadan at quyruğu bağlayırdı. Yol gedəndə çox adam çəp-çəp baxırdı ona. Dəli hesab edənlər də olurdu. Amma qılıqlı uşaq idi. İnanmırdım ki, onu tutsunlar, yaxud öldürsünlər. Məndən yeddi-səkkiz yaş gənc olsa da, xeyli müdrik görünürdü. Özünə zarafatla deyirdim ki, bu saqqalla Nəsiminin heykəlinə oxşayırsan. Gülürdü. Yaraşıqlı idi. Ucaboy, enlikürək... Bütün günü araq içib siqaret çəksə də idmançı bədəni vardı. Qadın-qız mövzusunda çox bacarıqlıydı. Elə olurdu, bir gündə üçü ilə görüşürdü. Dediyinə görə, qadınlar ona stress atmaqda kömək edirdilər. O, içki və qadın olan yerdə, hər şeyi unudurdu.

Qadınların-qızların çoxunu facebookdan tapırdı. Cazibədar bir şəkil, yaxud maraqlı bir status paylaşır, kompüterin qarşısında oturub gözləyirdi. Görürdün xanımlar bir-bir yazmağa başladılar. Xəyalın bu halını torunu qurub ov gözləyən hörümçəyə bənzədirdim. Ona yazan qadınların əksəriyyətini, özü demiş “tuturdu”. Elə şirin dili vardı, ilan yuvasından siçan çıxardardı.

“Kef elə, əmi, bekara dünyadı” – gənc dostum məsləhət verirdi mənə.

“Ailəliyəm, a kişi!” – nədənsə münasibətdə olduğum qadınlar haqqında ona heç nə demirdim. Deyəsən, utanırdım. O, danışırdı amma. Düşünürdüm ki, subay olduğuna görə, çəkinəcəyi yoxdur.

“Nə olsun ailəlisən? Prezervativlə ol” – praktiki danışırdı, işin mənəvi tərəfi vecinə deyildi.

Xəyalı mətbuata mən gətirmişdim desəm, yekə çıxmaz. Yəni, qolundan tutub harasa aparmamışam, ilk yazılarını redaktə edib çapa vermişəm, onu həvəsləndirmişəm. Sizə deyim, çox istedadlı oğlandır. Hər mənada. Ondan yaxşı yazıçı da çıxar, jurnalist də, aktyor da, rejissor da, hətta müğənni də! Gözəl səsi var. Hərdən məclislərdə əlini qulağına atıb elə oxuyur, adam ağzıaçıq qalır. Uşaqlıqda musiqi məktəbinə gedib.

***

Pərvinlə ikinci görüşümüz daha təntənəli keçdi. Eyni otel, eyni otaq... Bu dəfə özüm seçdim 26-nı. Xoşbəxtlikdən boş idi.

Özü soyundu və al-əlvan paltarların içindən ağappaq, mələklərə bənzəyən bir qadın çıxdı. İncə, şümşad biləkləriylə iri döşlərini örtməyə çalışması onu daha cazibədar edirdi. Mən də tələsik soyundum və bu ağ-sirli qadın bədəninin içinə gömülməyə tələsdim...

...Ehtiraslı münasibətin başa çatması bizi qəfil dərin bir boşluğun içinə yuvarladı. Pərvin dodaqlarımdan iki-üç öləzimiş öpüş alıb o üzə çevrildi. Əlimi bədənində, bətnində gəzdirib pıçıltıyla soruşdum: “Uşağın olmadı heç?” Başını buladı. Əlimi onun azca piylənib sallanmış, bir az boşalmış göbəyinin üstündə saxladım: “Axı bətnindən hiss edirəm ki, olub!” Uzun müddət səsi çıxmadı. Güclə sezilən xırda qara tüklərlə örtülmüş ağappaq, kövrək çiyinlərin ani titrədiyini gördüm, dikəlib üzünə baxmağa çalışdım, gizlədi, burnunu yastığa soxub həzin-həzin ağladı.

“Bağışla, Pərvin” – qarışıq hisslərin içində bircə bu kəlməni deyə bildim.

***

Pərvin ağlamağının sirrini üçüncü görüşümüzdə açdı mənə. Bundan sonra onun qırıq-quruq danışdığı həyat hekayətlərini uc-uca calayıb süjetə düzə bildim. Və sizə deyim ki, maraqlı bir həyat hekayəti alındı.

Pərvinin ana babası varlı-hallı, zabitəli və hikkəli bir kişiymiş. Bir gün qızı, yəni Pərvinin anası tanımadığı bir oğlana qoşulub qaçır. Atası buna görə onu heç vaxt bağışlamır. Qadın sevdiyi üçün qoşulub qaçdığı oğlanla yaşamağa israr edir. Bu izdivacdan Pərvin gəlir dünyaya. Uşağı olandan sonra atası qızını bağışlamaq qərarına gəlir və təkidlə ailəni öz himayəsinə alır. Ancaq Pərvinin atasını hər addımbaşı incidir, alçaldır, ələ salır. Pərvinin atası vəziyyətin dözülməz olduğunu görüb öz xanımına buralardan çıxıb getməyi təklif edir. Xanımı qəbul etmir, ərini öz hikkəli atasının qarşısında sındırır. Bu zaman Pərvinin atası öz qadınını da, Pərvini də birdəfəlik atıb gedir.

“Anam onu indi də dəlicəsinə sevir. Bakıdakı evimizin şifonerində bir köynək var, yaşca məndən böyük olar. Atamın köynəyidir. Anam onu hələ də saxlayır, hərdən qoxlayır. Özünü inandırıb ki, atamın qoxusu qalıb o köynəkdə. Halbuki çoxdan çəkilib gedib. O günü axır ki, etiraf elədi: “Köynəkdən qoxusu gəlmir, yəqin rəhmətə gedib”. Eşitdiyimə görə, Almaniyadadır. Orda təsadüfən uzaq bir qohumumzla rastlaşıb, bizi soruşub.” –Pərvin danışırdı mənə, arada qaşlarını qaldıraraq fikrə gedir, sonra astadan davam edirdi – “Gəlsə, anamı bilmirəm, mən onu bağışlayaram. Deyirlər, ona oxşuyuram.”

Hə, bax elə bu oxşamağa görə babasının Pərvindən zəhləsi gedib. “Tanıdım-tanıyalı mənə “İt balası” deyə müraciət elədi. Balaca olanda elə bilirdim adım İt balasıdır. Bunun söyüş olduğunu dərk edəndə çox sarsıldım və səmimi deyim, babamı buna görə heç vaxt bağışlamadım”.

Orta məktəbi yaxşı oxuyub, Bakı Dövlət Universitetinin jurnalistikasına daxil olub. Hələ dərslər başlamamış sevdiyi oğlana nişanlanıb. Pərvin nişanlısı haqda mənə az danışırdı, mən də nəsə soruşmağa ürək eləmirdim. Bircə bilirdim ki, onu dəhşətli dərəcə çox sevib: “Ona təkcə həyat yoldaşı kimi yox, məni babamın zülmündən xilas edəcək ağ atlı qəhrəman kimi baxırdım”. Amma bir gün nişanlısı Pərvini atır, başqa biriylə evlənir. Babası “bu töhmətdən” xilas olmaq üçün onu zorla xasiyyətcə özünə bənzəyən yaşlı və varlı bir qohumuna ərə verir, təhsili yarımçıq qalır: “Etiraz edə bilmədim. Şokdan hələ də ayılmamışdım. İtə də versəydilər boyun əyməli idim. Çünki nişanlım məni atmışdı və evdəkilərin, qohum-əqrəbanın nəzərində murdar əski idim.”

“Babana getmirəm deyə bilməzdin?” – mən soruşmuşdum.

“Yox”

“Niyə?”

“O, elə bilirdi ki, bakirə deyiləm, nişanlımla yatmışam. Babama görə, kişi qadını yalnız onunla münasibətdə olandan sonra atar, yoxsa niyə atsın ki!”

“Anana deyə bilərdin.” – dirəşmişdim lap.

“Demədim. Özümə sığışdırmadım.” – heç bir emosiya ifadə etmədən soyuq-soyuq cavab vermişdi.

Ancaq, etiraf edim, mən söhbətin bu məqamında Pərvinə inanmırdım. Mənə görə, doğrudan da nişanlısı onu məhz münasibətdə olandan sonra atmışdı. Pərvinin dərin depressiyaya düşməsinin və özündən yaşlı adama getmək məcburiyyətində qalmasının səbəbi də bu idi.

Dediyinə görə, əri avaranın biri imiş. Həm də manyakcasına qısqancmış. “Saçlarım belə deyildi ha” – ağ əllərini saçının qıvrılan yerindən çənəsinə, sinəsinə sürüşdürüb deyirdi – “Upuzun idi... Az qala topuğumacan... Bibisi qızı ilə qalırdım... Bir gün hamamdan xələtlə çıxıb həyətdə paltar sərdim... Qəfil ərim gəldi, məni xeyli döydü. Sən demə bibisi qızı zəng edib ona ki, xələtdə, saçları açıq və yaş həyətə çıxıb. Həyətdə heç kim yox idi. Hasar da hündür idi. Heç quş səkmirdi oralara. Xeyli döyəndən sonra saçlarımı skoçla sarıyıb başıma yapışdırdı. Dözmədim. Gedəndən sonra hamama girib dərman içdim. Bibisi qızı təkrar zəng elədi, üstümə təcili yardım gəldi, əclaflar məni ölməyə qoymadılar. Saçlarımı açmaq isə mümkün olmadı, kəsməyə məcbur qaldım.” – bunu deyəndə qəfil bir damla yaş Pərvinin gözündən yanağına sıçradı. Göz yaşının canlı olduğuna ilk dəfə onda inandım. Təsəlli verməyə çalışdım:

“Ötüb-keçib hər şey, unut getsin.”

“Amma bətnimdəki uşaq ölmüşdü... Dərmanın təsirindən...” – küçük gözlərinə oxşayan gözlərini balaca əlləri ilə gizlədi. Yəqin, həyatının mənim üçün də məhrəm hesab etmədiyi ərazilərinə girmişdik. Susmaqdan başqa əlacım yox idi. Onu rahat buraxmaq üçün qalxıb pəncərədən şəhərə baxdım. Məhəllələrin birində uşaqlar “Klas-klas” oynayırdı. Bir anlıq mənə elə gəldi ki, Pərvinin uşağı ölməyib, başqa bir evdə, başqa bir anadan doğulub və bəlkə elə gözümün qarşısında oynayan uşaqlardan biri də odur. Qızmı olub, oğlanmı görəsən? Pərvin ürəyimdən keçəni eşidirdi: “Oğlan idi... Atamdan, nişanlımdan sonra məni əbədi tərk eləyən üçüncü kişi... Sən elə olma, xaliqim!”

“Belə danışmaq günahdı.”

“Niyə?”

“Mən Allah deyiləm.”

“Allah varsa da mən ona inanmıram, yoxsa da. Mənim xudam sənsən. Məni yaradan, yaşadan, sevən, sevdirən – hamısı... O yanı-bu yanı yoxdu, əlimdən qaça bilməzsən.” – gözəl çöhrəsi qüssəli gülüşə büründü və ayağa qalxıb arxadan məni qucaqladı, həyətdə oynaşan uşaqlara birlikdə tamaşa elədik.

“Elə istərdim balaca bir qızım olsun” – sakit səslə qulağıma dedi – “Saçlarını keçi buynuzu yığım...” – qəfil başını irəli uzadıb üzünü mənə çevirdi, ölgün gözlərindəki məsumluq daha da çoxalmışdı – “Gedib uşaq evindən balaca bir qız uşağı götürəcəm, mənə kömək edərsən? Ciddi sözümdü. Sarışın, bantikli... Mənə də oxşasın bir az...” – gözümü məmnunluqla yumub-açdım və gülümsədim, təkrar boynuma sarılıb yanağımdan öpdü – “Aslanımsan!”

***

Xəyal təzə bir “qız tutmuşdu”. Şəkillərini həvəslə mənə göstərib qürrələnirdi.

“Sabah gələcək, əmi! Hehehey!”

“Mənə əmi deyirsən, amma ağlına gələni danışırsan. Adam əmisiynən belə danışar, ay qıllı öküz?!”

“Əmimsən də. Niyə danışmaz? Sən mənə elə doğmasan ki, hər şey danışaram. Hətta gey olsam birinci sənnən yataram! Hahaha!”

“Bəsdi ə, həyasızlıq eləmə! Özü də əmi deyib məni qocaltma.”

“O yanı-bu yanı yoxdu, əlimdən qaça bilməzsən! Əmimsən ki, əmim!”

Pərvinin dediyi sözlər yadıma düşdü. Əslində, içimin dərinliklərində bu məhrəm münasibətlərin hər ikisindən məmnun idim. Amma dilimə gətirmirdim.

“Hara gələcək təzə qızın?”

“Çapayev”də ev tutmuşuq... İki tələbə oğlanla... Ünvanı yazmışam... “İşıq” marketə çatıb, zəng edəcək, qaldıracam evə...” – bic-bic güldü.

Qadının monitordakı şəkillərinə baxıb ürəyimdə Xəyalı xeyli qısqandım. Doğrudan, gözəl qadın idi. Əclaf necə piyləmişdi başını. Əslində, nə piyləmək, o da öz həyatını yaşayırdı. Xəyal da onun üçün yaraşıqlı, cazibədar tərəf-müqabil idi.

“Ailəlidir amma” – hırıldadı – “Özü də skripka müəlliməsidir. Əla musiqiçidir. Yaxşı bəstələri də var.”

Qadının sifətindəki vəhşi gözəlliyə baxa-baxa onu xəyanətə vadar edən səbəblər haqda düşündüm. Dilimsə bunları söylədi:

“Ailəli qadına girişmək doğru deyil.”

“Eee, ay əmi! Ərini tanımıram-eləmirəm. Qadın özü istiyir, nə edim? Görünür sevmir ərini, ya da təmin olunmur.”

“O evin açarını bir gün əminə də ver də... Otellərə pul çatdırmaq olmur!” – mən dedim utanmadan.

“Sağ ol əmi!” – Xəyal yerində burulub sevinc qarışıq heyrətlə üzümə baxdı. Mənsə xəyalımda Pərvinlə birlikdə Xəyalgilin hələ görmədiyim binasının pillələrini qalxırdım.

“Ev sənə qurbandı” dedi deməyinə, amma heç vaxt açarı vermədi.

***

“Babam ölüm ayağında məni yanına çağırdı” – Pərvinin siqaret çəkdiyini indi bilirdim. Nazim Hikmət küçəsindəki çayxanada üz-üzə oturub söhbət edirdik. Stolda göyəm mürəbbəsi ilə çay vardı. Ayrıca otaqda oturmuşduq. Təəccüblə baxdığımı görüb haşiyə çıxdı: “Arada çəkirəm... Həmişə yox...”

“Siqareti qadına yaraşdırmıram.”

“İçkini necə?”

“Şərab, şampanski...”

“Şərabı sevirəm, amma arada araq da içirəm. Şampanskidən zəhləm gedir.”

“Hm... Baban səni çağırıb nə dedi?”

“Babam can verirdi, məni yanına çağırdı, hamını bayıra çıxarıb dedi: “Mənə qarğış eləmirsən ki?” – duruxdu, ölgün küçük gözlərində qəribə parıltı hiss elədim – “Dəhşət idi, Xəlil!” – qaşlarını qaldırıb susdu, qüssələndiyini, yoxsa məmnun qaldığını ayırd edə bilmədim – “Babama elə gəlirdi ki, mən ona qarğış elədiyim üçün belə əzab çəkir.”

“Nə dedin bəs?”

“Dedim, yox, heç vaxt qarğış eləməmişəm, sadəcə mənə “İt balası” dediyin üçün sənə acığım tuturdu. Babam baxışları ilə mərhəmət diləyirdi məndən, üzr istəyirdi. Çox pis oldum, amma ağlamadım. Qəsdən ağlamadım. Göz yaşlarımı qıymadım ona. Çünki anamın da, mənim də həyatımı o məhv eləmişdi.” – bu dəfə qaşları düyünləndi, ölgün gözlərində qüssə qarışıq bir qəzəb vardı – “Mən otaqdan çıxandan təxminən bir saat sonra öldü. Anam, dayım, xalalarım nə illah eləsələr də babamın mənə nə söylədiyini onlara demədim. İlk adamsan ki, sənə deyirəm.”

“İnanıram. Çox sağ ol. Doğrudan qarğış eləmişdin ona?”

“Heç vaxt! Ona qəzəbli idim, amma həm də çox istəyirdim. Bizi o saxlayıb, özü də çox yaxşı. Həyatım boyu ehtiyacın nə olduğunu bilməmişəm. İndi də varlıyıq. Mənim adıma iki ev var. Biri Bakıda, biri rayonda. Bundan əlavə mülklərimiz: ferma, torpaq sahəsi, mağazalar... Babam öz varidatını övladları arasında elə ədalətlə bölüb ki, heç kim tük qədər narazı qalmayıb. Hamının da vəziyyəti yaxşıdır. O, qoçaq kişi idi. Amma neyləyək ki, xasiyyəti belə idi.”

“Burjuysan ki! Yəqin bahalı şuban da var” – zarafatlaşmaq istədim.

Güldü, cavab vermədi, qəfil əllərimdən yapışıb bərk-bərk sıxdı: “Sən babam kimi olmazsan, eləmi?”

Sualdan diksinən kimi oldum. Ölgün gözlərinə diqqətlə baxıb nəsə bir məna tutmağa çalışdım, amma bir şey çıxmadı. Pərvin:

“Atam kimi də olma, nişanlım kimi də...” – azca pauza verib kədərli səslə əlavə elədi – “...oğlum kimi də... Məni heç vaxt atma! Yaxşı?”

Xeyli təsirləndim, amma çox büruzə vermədim:

“Mən istəsəm də adamları ata bilmirəm. İllah da sənin kimi gözəl qadın ola...”

Cavabım ürəyincə olmadı. Yəqin daha təntənəli sözlər gözləyirdi. Təxminən belə: “Səni çox sevirəm, necə ata bilərəm?”

Mənsə bu kəlməni ona xeyli sonra, məhrəm gecələrin birində, ən ehtiraslı məqamda söylədim. Sinəmdə Pərvinin zərif nəfəsini hiss etdiyim an. Boyun-boğazıma dəydikcə ağlımı başımdan alan o titrək nəfəsin içindən adımı eşidəndə özümü xoşbəxtliyin ən uca nöqtəsində hiss elədim: “Xəə-lii-lii-liilll” Buna cavab olaraq içimin dərinliklərindən gəlib dodaqlarımın ucundan Pərvinin yaxasına, iri, yumşaq döşlərinin arasına tökülən sözlərin mənə məxsus olduğuna indi də inana bilmirəm: “Səni sevirəm, gözəlim, çox sevirəm!” O an koridorun işığında Pərvinin yanağının parıldadığını gördüm. Ağlayırdı, yoxsa tərləmişdi, ayırd edə bilmədim. Zərif nəfəsi isə tüksüz sinəmi dayanmadan yalayıb keçirdi.

***

Bir gecə qısa mesajını gördüm: “Anamın vəziyyəti pisdir, reanimasiyadadır.”

Səhəri görüşməyə, mənəvi dəstək olmağa çalışsam da alınmadı. Yazdı ki, qohumlar-filan var, görüşə bilməyəcəyik. Beş-on dəqiqəlik harasa çıxmasını istədim. Dedi, imkan olsa sənə yazacam. Amma yazmadı. Təxminən iki gün sonra mesaj aldım ki, anasını götürüb İstanbula aparıblar.

Bununla uzun bir ayrılıq başladı.

Hardasa 6 ay.

Bu 6 ayın içində imkan düşən qədər Pərvinin yanında olmağa çalışdım. Amma mesajlarıma çox gec cavab verirdi. Bir gün dayısı qızı onun profilindən yazdı ki, anasına görə Pərvinin halı pisləşib, hətta bir dəfə huşunu itirib. Dalınca, belə bir cümlə də yazdı: “Özünə gələn kimi məndən sizi soruşur. Sizi çox sevir. Ona dəstək olun.”

Necə dəstək ola bilərdim ki?

Dəstək quru sözlər idisə, onu yazırdım.

Anası iki aya qədər komada qaldı. İstanbuldan Bakıya, Bakıdan B. rayonundakı kəndlərinə apardılar. Bu aralar Pərvinlə yazışa bilirdim. Dediyinə görə, həkimlərin anasını sistemdən ayırmasına razı olmurdu. Ayırsalar, öləcəkdi. Bir gün ona bunun doğru olmadığını yazdım, küsüb iki gün mənə cavab vermədi. Anladım ki, bu həssas mövzuda ona heç nə yazmamlıyam. Bir gecə isə mənə belə bir mesaj atdı: “Anam məni eşidir. Səndən danışırdım. Dedim, onunla xoşbəxt olacam. Barmağını tərpətdi. Anam bizə xeyir-dua verir.” Açığı nə deyəcəyimi bilmədim. Heç verdiyim cavab da yadımda deyil. Çünki belə vəziyyətlərə alışıq deyildim. Üstəlik ailəli idim. Onu necə xoşbəxt edə bilərdim? Bunu özünə də yazmışdım. Belə bir cavab vermişdi: “Ailənə narahatlıq yaradacaq heç nə etmərəm. Ailənə həsr elədiyin vaxtın, sevginin mənə dəxli yoxdur. Yalnız mənə xərcləmək istədiyin zaman qədər iddiam var. O zamanı yalnız mənə xərclə və mənim yerimə başqasını sevmə.”

***

Xəyal zibilə düşmüşdü. Skripkaçı xanımla fb yazışmaları qadının ərinin əlinə keçmişdi. Kişi idmançı idi. Xəyalın telefonunu hardansa tapıb onu görüşə çağırırdı. Dostum üşüyən küçük kimi əsirdi qorxusundan. Öldürülməkdən-filandan qorxmurdu, işin adı bədnam idi. Mən Xəyala onunla görüşməməyi, telefon nömrəsini dəyişməyi məsləhət gördüm. Amma məlum oldu ki, adam Xəyalın iş yerini, yaxın çevrəsini, doğulub böyüdüyü rayonu tanıyır.

Xəyalı öz tərəddüd və qorxuları içində qoyub iş-gücümün dalınca düşdüm. İki-üç gün keçmiş mesaj yazdı mənə: “Getdim razborkaya. Dedim, nə olur-olsun! Əclaf özü gəlmədi! Hahaha! Peysər oğlu, peysər!”

Keçmə Xəyalın bu xasiyyətindən. O, nə qədər yaxşı oğlan olsa da qadınlara qarşı pis davranırdı. Bir dəfə də olsun skripkaçı xanımı düşünmürdü. Axı Xəyala görə bütün həyatı məhv olmuşdu. Onu qova, döyə, hətta öldürə bilərdilər. Xəyalın vecinə deyildi: “Görüşməyəydi mənimlə!” Əclaflığa baxın. Bu qələti birlikdə eləmisinizsə, cəzasını da birlikdə çəkməlisiniz. Heç olmasa mənəvi əzabını çəkməlisən. Bəlkə də ürəyində çəkirdi, mənə bildirmirdi. Bax bu vicdan əzabını hiss etmirdim deyə, Xəyala acığım tuturdu. Hətta az qalırdım şillə-qapazın altına salam. Onun bütün cəsarəti, istedadı, dostcanlılığı gözümdən düşürdü. Daha doğrusu, bütün bu müsbət keyfiyyətlərə şübhə etməyə başlayırdım. Bir qələm adamı törətdiyi yaramaz işlərdən ötrü necə vicdan əzabı çəkməyə bilər? Mənə qalsa, Xəyalın qadınlarla bağlı praktiki uğurunun kökündə bax bu vicdansızlıq dayanırdı. Qadınlar onlara qarşı əzazil olanların toruna daha tez düşürlər. Səmimi sevgi virtual dünyada sadəlövhlük kimi dəyərləndirilir. Xəyal mənə tövsiyələrində bunu açıq etiraf edirdi: “Səndə alınmaz eee... sən aşiq olursan!”

İndi də “Peysər oğlu peysər!” Elə bil iki-üç gün qabaq küçük kimi büzüşən bu deyildi. Gərək adam gələydi, bıçağı bəridən o yan helləyəydi Xəyalın qarnına, onda olaydı yaxşı oğlan. Yəqin mətbuat da bu hadisədə ictimai-siyasi motiv axtaracaqdı.

Nəsə, ağlıma yığmışdım ki, Xəyalı yaxşı-yaxşı danlayım. Di gəl, qəfil aldığım xəbər başımı qarışdırdı.

***

Qəfil ismarış gəldi ki, Pərvinin anası rəhmətə gedib, özünün vəziyyəti çox pisdir. Vəssalam. Başqa heç bir xəbər ala bilmədim. Profili açıq idi, ancaq cavab gəlmirdi. Qohumu da heç nə yazmırdı. Telefonunu isə götürən yox idi. Bax o aralar ağlıma gəldi ki, Pərvin özü olmadığı təqdirdə onu axtarmağım, ona ulaşmağım üçün mənə heç bir ipucu verməyib. Qohumunun nəinki telefonunu, internet əlaqələrini, heç adını da bilmirdim. Bu niyə belə idi? Müfəssəl cavabım yoxdur.

Pərvinlə anasının ölüm xəbərindən təxminən on-on beş gün sonra yazışa bildim. Vəziyyətinin çox pis olduğunu, bütün günü həkim nəzarətində qaldığını yazırdı. Deməyinə görə, telefonla danışmağa halı yox idi.

Pərvinə həm inanır, həm də inanmırdım. O nəyisə, haracansa yalan deyirdi. Bəlkə də yalan demirdi, sadəcə məni maraqda saxlamaq üçün baş verənləri bir az şişirdirdi.

Anasının qırx mərasiminə az qalmış yazdı ki, tezliklə Bakıya gələcək və burda qalıb işləyəcək. Və deməli, biz bir yerdə olacağıq.

Amma gəlmədi.

Əvəzində, bayılmalarının artmasından, beynində şiş aşkar edilməsindən yazırdı. Əməliyyat olunacaqdı. Burnundan müdaxilə edib beyindəki şişdən analiz götürəcəkdilər. Əgər bədxassəli deyilsə, əməliyyat edəcəkdilər. Bədxassəlidirsə, əməliyyat olmazdı... Nə qədər yaşayar-yaşayar...

Analizin cavabı yaxşı çıxdı. Pərvin bir aylıq Bakıya gələcəkdi. Bir aylıq müalicə kursu keçib əməliyyat üçün İstanbula gedəcəkdi.

Və gəlişi sürpriz oldu.

***

Facebookdan harda olduğumu soruşdu, Nazim Hikmətdə çay içdiyimi söylədim.

“Təksənmi?”

“Təkəm.”

“Çox oturacaqsan?”

“Hələlik burdayam.”

“Bizim otaqdasan?”

“Həəə...”

“Məni düşünürsən?”

“Həəə...”

Yazışma bitər-bitməz qapı açıldı. Gələn Pərvin idi. Elə şıq görünürdü ki, anasının ölümünə, özünün xəstələnməyinə inanmaq olmurdu. Amma küçük gözləri bir az daha öləzimişdi.

***

Yenə də 26-cı otaq. Altı aylıq ayrılığa dəyən bir sevişmə.

“Yaxşısan, Pərvin.”

“Yaxşı deyiləm, əslində. İynə vurulanda, dərman atanda halsız oluram. Bu gün heç nə eləməmişəm, ona görə bir az diriyəm. Yuxum qeybə çəkilib. İynə-dərmansız yata bilmirəm. Ya da içməliyəm.”

“İçki ilə müalicə tutmaz axı.”

“Tutdururuq” – altı ay əvvəlki Pərvin kimi gülümsündü və bu gülümsəmə xəfif bir öpüşü haqq elədi.

Əməliyyata gedəcəyindən danışdı. Ölsəm onu axtarmayım-filan. Ölüm riskindən başqa gözləri tutula, qulaqları bata, yaxud nitqi tutula bilərmiş. Şiş beynin məhz bu sinirləri idarə edən hissəsindəymiş. Görməsinə lap çoxdan təsir eləyirmiş. Gözlərinin zəiflyi, mənim təbirimcə, küçük gözlərinə bənzəyən ölgünlüyü ondanmış: “Onsuz da az danışıram, lal olmaq mənim üçün qorxulu deyil. Həm də yazıb dərdimi çatdıra bilərəm. Kar olmaqdan da qorxmuram. Bircə, inanırsan, Sezen Aksunu dinləyə bilməyəcəyimə təəssüflənirəm. Ən çox da “Gülümsə” mahnısını...” – gülümsündü – “Amma kor olmağı əsla qəbul eləyə bilmərəm. Gözsüz alınmaz məndə. İntihar edərəm. Bir də saçımın tökülməyinə dözmərəm. Şiş bədxassəli olsaydı bax o kimyaterapiyanın dərdindən özümü öldürəcəkdim” – duruxdu, qollarımın tükünü sığallamağa başladı, qəfil ölgün gözlərini qaldırıb üzümə baxdı, kinayəylə gülümsədi – “Lal-kar olsam sevərsən məni?”

“Məncə, sən vəziyyəti çox şişirdirsən. Hər şeyin yalnız bəd tərəfini düşünürsən. Ona qalsa məndə də təzyiq var. Təzyiq altı saniyəyə öldürə bilir adamı.”

“Sualıma cavab ver!” – bayaq sığalladığı yerə yavaş bir şillə vurdu.

“Bilmirəm. Bu barədə düşünməmişəm və düşünmək də istəmirəm. Bu bir. İkinci, adam sevirsə, sevdiyinin hər halını qəbul edir.”

“Siyasətçilər kimi danışdın, konkret ol.”

“Səni sevməmək olar? Dəlisən?” – sevgiylə qucaqladım onu, boynumdan öpüb qulağıma pıçıldadı:

“İnanıram, ona görə xudavəndəm deyirəm sənə.”

Bundan sonra da Pərvinə xeyli təsəlli verdim, hər şeyin yaxşı olacağına əmin olduğumu söylədim və onu da bir balaca inandıra bildim. Deyib-güldük. Hətta şərab da içdik. Pərvin keflənib məni şillələməyə başladı: “Əclaf, de görüm, bu altı ayda mənə xəyanət eləmisən, ya yox?” And içdim, inanmıram desə də, məni qucaqlayıb çoxlu-çoxlu öpdü. Təzədən soyundurdu: “Canını alacam!” Elə bil qadın mən idim. Özünə dedim, şaqqanaq çəkdi. Həmin an deyən olsaydı ki, bu sonuncu görüşünüzdür, yəqin dəli hesab edib lağa qoyardım.

***

Xəyalla çoxdan görüşmürdüm. Heç facebookda da yazışmırdıq. Ara-sıra paylaşımlarını görürdüm, bilirdim ki, kefi yerindədir.

***

Pərvinlə görüşməyə çox cəhd edirdim. Hər dəfə bir səbəb çıxırdı nədənsə: “Burnumdan qan açılıb”, “Dərmanlarla halsızam”, “Dayımlayam, sonra yazışarıq”, “Yox, zəng eləmə, qohumlar bizdədir”, “Nə yazım eee...”

Soyumuşdu.

Bunu açıqca hiss edirdim.

Müxtəlif versiyalarım vardı: həyatında başqa biri var, yazdıqları doğrudur, özü də bilmir nə yazır, xəstəlikdəndi, yəqin içib və s. Ancaq ən çox inandığım bu ehtimal idi: “Əməliyyata gedəcəyi üçün qəsdən aramızı soyudur ki, nəsə baş versə əzab çəkməyim.” Ara-sıra belə kaprizləri olurdu. Eh, sənin öz həyatın var, mənimlə nə edəcəksən-filan kimi... Səbəbsiz incimələr... Bir günsə elə-beləcə də yazdı: “Dostlarla takılıram!” “Hansı dostlarla?” – təbii sual idi, məncə. “Sorğulama. Mən səni heç sorğuladım ki?” – bu cavabdan sonra ehtimallarıma biri də əlavə olundu: “Məndən ona nəsə çatdırıblar!” Və “Baş üstə, sorğulamaram ” - yazdım.

Gecələrin birində belə bir mesaj yazmışdı: “Sənə o qədər ehtiyacım var ki, anlatamam. Sənsə mənə heç vaxt dəxli olmayan həyatının ən xoşbəxt məqamındasan yəqin ki. Əllərin olsaydı, bir dəfə tutsaydım, əclaffff!!!”

Sərxoş vəziyyətdə yazdığını düşündüm. Adətən axşamlar içirdi. Həm də mesajı gec gördüyüm üçün cavab vermədim. Daha doğrusu, cavab verməyə tələsmədim. Əslində, cavabım vardı: “İlin 12 ayı, ayın 30 sutkası, sutkanın 24 saatı hansı vaxtı, hansı ünvanı desən, orda olaram. Səndən qaçmıram ki!” Belə yazdım, düzdü, amma, əslində, Pərvin mesaj yazdığı gecə həyat yoldaşımla yaxın bir qohumun toyunda idim. Xeyli çaxır içib keflənmişdim. Ortalıqdan çıxmırdım. O, yeganə gecələrdən idi ki, Pərvini bircə dəfə də düşünməmişdim.

Son mesajı bu oldu: “Gedirəm, dönməmək var, vidalaşmaq istədim.”

Cavabım bu oldu: “Yaxşı yol. Elə demə. İnşallah dönərsən.”

İndi isə...

***

“O, öldü! Əməliyyata girəndə xahiş elədi ki...”

“İlahi! Buna inanımmı? Nə məsləhət görürsən?” – neyləyəcəyimi bilmirdim. Elə aciz vəziyyətdə idim ki, ağlıma yüz şey gəlirdi. Bəlkə özüdür bu oyunu çıxaran? Doğrudanmı öldü o qadın? Doğrudanmı o ağ bədən, o isti və ehtiraslı dodaqlar, o hamar dəri, o zərif nəfəs əbədi olaraq harasa gömüldü? Mən indi nə etməliyəm?

Müdrikcəsinə içməyə qərar verdim. Xəyala zəng çaldım. Elə Nazim Himətdə - Pərvinlə oturduğum otaqda vurduq. Yarım içəndən sonra ilk dəfə qərara gəldim ki, Xəyala öz sevgilimdən danışım. Yəni, Pərvindən. Xəyalın mənəvi dəstəyinə, hətta tövsiyələrinə ehtiyacım vardı.

Pərvini facebookdan tanıyıb-tanımadığını soruşdum. Gülə-gülə dedi:

“Onu qəsdən soruşdun?”

“Yox, nə qəsdi?”

“Dedim, bəlkə, şübhələnmisən. İki həftə əvvəl bir yerdə idik.”

“Necə bir yerdə?”

“Əmi, adam bir yerdə necə olur?” – güldü – “Bizə gəlmişdi.”

“Ola bilməz!” – məni ildırım vurdu elə bil.

“Necə ola bilməz, gə la!” – mobil telefondakı mesajları göstərdi. Pərvinin nömrəsindən yazılmışdı: “İşıq” marketin qabağındayam, düş aşağı, mənzili tapa bilməyəcəm.” Tarix: 12.11.2014, saat 21.00.

Gözlərimə inanmadım.

Xəyalsa gülürdü:

“Əla bacarır. Peşəkardı. Amma bədbəxt qadındı” – əlindəki siqaretdən dərin bir qullab aldı – “Bloka gələnəcən əllərimi öpə-öpə ağladı. Dedi, çox yalqızam, mənə kömək elə, bütün kişiləri üstümdən çırpıb sənə gəlmişəm.”

“...”

“Amma olandan sonra yalvardı ki, heç kimə deməyim. Elə yazıq-yazıq yalvarırdı ki...”

“...”

“Bədəni boşdu. Döşləri, göbəyi... Bəyənmədim. Sonra nə qədər yazdısa cavab vermədim. Ay nə bilim qəzaya düşmüşəm, rayona getməliyəm... Nəsə əməliyyat-zad da yazırdı, dəqiq oxumadım. Guya İstanbula gedir. Vəsiyyət eləyirdi elə bil. Özü də gör kimə. Hahaha! Sən hardan tanıyırsan onu?”

“...”

“Boş ver əşşi, qəhbə şeydi.”

“...”

“Əmi, sənə nə oldu?”

***

O gecə səhərəcən “İşıq” marketin yanında Xəyalın əllərini öpə-öpə ağlayan, ona yalvaran Pərvin gözümün qabağından çəkilmədi.

O gecə səhərəcən Pərvindən gələn mesajları təkrar-təkrar oxudum. Bu dəfə tamam başqa gözlə. Məni dəli kimi arzuladığı mesajın tarixinə baxdım: 12.11.2014, saat 19.42. Bundan cəmi bir saat sonra “İşıq” marketin qarşısında olub, Xəyala mesaj yazıb, əllərindən öpə-öpə ağlayıb. Sonra yalvarıb. Ona həm qəzəbli idim, həm də acıyırdım. Amma hiss edirdim ki, qəzəbim yavaş-yavaş keçib-gedir, yerini dəhşətli bir mərhəmət duyğusuna verir. Əvvəl belə bir mesaj yazdım: “Ləyaqətlə gedə bilərdin, bacarmadın. Bildim hər şeyi.” Az keçməmiş pozdum bu mesajı. Təzədən belə yazdım: “Səni bağışlayıram, Pərvin.”

Yazdım, amma, təbii ki, göndərməyə ünvan tapmadım.

***

Xəyal onlayn idi. Ona yazdım: “Pərvini bağışlayıram. Səmimi qəlbdən.” “İnanıram, əmi” – Xəyal yazdı, dalınca kədər işarəsi qoydu – “Mənə səndən bircə kəlmə danışsaydı, belə olmazdı, bağışla.”

“O, bizim dost olduğumuzu bilmiş olardı.”

“Bilərdi, əlbəttə, ikimizlə də dost idi fb-də, paylaşımları, bir-birimizdən yazdıqlarımızı, şəkillərimizi görmürdü bəyəm?”

“Mənə yalan demə, həqiqətən küçədə əllərini öpə-öpə ağladı?”

“Əmi, qurban olum, sənə pis təsir edəcəksə, bu barədə yazışmayaq, unudaq getsin.”

“Mənə ondan danış.”

“Sənə yalan demirəm, əmi.”

“...”

“Bu cür qadınların hamısı belə kədərli söhbətlər edirlər, mən alışmışam, ona görə çox da ciddiyə almadım.”

“O, haqlıymış, Xəyal.”

“Bilmirəm, danışmaq istəmirəm daha...”

***

Pərvinin profilindən gələn sonuncu mesaja bir də baxdım, inboksun balaca çərçivəsində qara rəngə gömülüb ölən sözlərə əlimlə toxundum. Monitormu belə soyuq idi, sözlərmi, anlaya bilmədim. Sezen Aksunun “Gülümsə” mahnısı bəlkə əllinci dəfə başa qayıdıb təkrar oxunurdu: “Bir kedim belə yok... Anlıyormusun...” Elə bir boşluğun içində idim ki, əlimi-ayağımı, başımı-gözümü, içimi-çölümü unutmuşdum.

Qəfil ağlıma nə verdisə Pərvinə yollaya bilmədiyim mesajı ana səhifədə paylaşdım: “Pərvin, səni bağışlayıram.”

Və nədənsə əmin oldum ki, yazdıqlarımı oxuyacaq.

Paylaşımdan on-on beş saniyə keşmiş, “Gələnlər” qovluğunun qızardığını gördüm: mesaj gəlmişdi.

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

R.Tağı "Qoca Məcnun"

S.Baycan “Evdən siçovul çıxaran”

A.Ayvaz "Buri"

S.Budaqlı "Firuzə qaşlı sırğa"

Ə.Haqverdiyev "Pir"

R.Məcid "10 sentyabr"

A.Məsud "Gecə"

Anar "Nisbət nəzəriyyəsi"

Ş.Ağayar "Möhüş"

A.Məsud "II İohan"

R.Tağı "Tüfəng səsi"

M.Cəfərli "Amerika"

Elçin "Baladadaşın toy hamamı"

M.Cəlil "İki alma"

Anar Yaxşı padşahın nağılı

Elçin "Baladadaşın ilk məhəbbəti"

Rafiq Tağı "Qatilə didaktika dərsləri"

Kamal Abdulla "Parisin seçimi"

M.Cəlil "Rus qızı"

Ş.Ağayar "Gülümsə"

# 2790 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #