Aqşin Yenisey: “İndi nə yaza, nə içə bilirəm”

Aqşin Yenisey: “İndi nə yaza, nə içə bilirəm”
6 may 2016
# 09:00

Kulis Aqşin Yeniseylə müsahibəni təqdim edir.

- Vidalaşma şeirinizdə belə bir misra var: Soruşma xoşbəxtliyə necə getmək olar? Hardan getmək olar? Hələ də bu suala cavab tapa bilməmisiz? Ümumiyyətlə xoşbəxtliyə getmək olarmı?

- Şeirdəki suallar cavab tapmaq üçün deyil, poeziyanın riyaziyyatdan, fizikadan fərqi də elə budur. Poeziya gözlənilməz təsəvvürlərdən ibarət olduğu üçün onun verdiyi suallar da öz gözlənilməzliyi ilə maraqlıdır. Poeziya avtobusdan məhz belə soruşa bilər ki, insanın birini xoşbəxtliyə neçəyə aparırsınız? Əgər o soruşsa ki, Məleykə Əsədovanın evinin yanından keçirsinizmi, heç vaxt poeziya ola bilməz. Şeir din kimi məntiqdənkənar hadisədir, şeir özü-özünün izahıdır, ya heyran olmalısan, ya asi.

- Bakı şeir şəhəridir?

- Bakı daha çox nəsr mövzusudur. Mən şeir üçün Gəncəni seçərdim. Bizim ədəbiyyatımızın paytaxtı kimi Gəncə daha genişdir. Bakıya sığınmaqla ədəbiyyatımızdakı mövzuların ərazisini də kiçiltmişik. Şairləri Bakıda saxlayan iş yerləridir. Fikir verin, son on ildə Bakıda daha sevgi şeirləri yazılmır, sevgi mövzu kimi nəsrin diqqətini cəlb etmir. Bu, təkcə cinslərarası münasibətlərə aid deyil. Bakıda elə vətəni də sevən azdır. Çünki paytaxtda insanlar arasında sevgi, ümumiyyətlə, bir rabitə vasitəsi kimi sıradan çıxıb. Onun yerini məişət rəqabəti tutub. Yalnız məişətdə özünü təsdiqləmiş adamlar Bakıda sevgiyə layiqdir. Amma tarixin bütün eşq qəhrəmanları məişətdən üz çevirib çöllərə düşən divanələrdi. Ədəbiyyat divanəlik sənətidir. Nə qədər ki, ədəbiyyatımızda divanəlik var idi, Azərbaycanın ərazisi də geniş idi, Dərbənddən başlayıb Dəməşqdə qurtarırdı. Divanəliyimiz çəkildikcə vətənimiz də kiçildi. Mən Bakıda özümü hər gün işə gedib-gələn bir divanə cəsədi kimi hiss edirəm. Görünür, istedadım məni divanəyə çevirəcək gücdə deyildi ki, mən də Bakının adiliklərinə yenildim, azadlığı rahatlığa dəyişdim.

- Sizin, fikrinizcə, Azərbaycan nə qazandı bu müharibədə?

- Mənim dediyim divanəlik budur. Bu döyüşlərdə Azərbaycanın içindəki vətən divanəliyi, torpaq eşqi özünü göstərdi və biz qazandıq. Ölkə ilə bərabər insanların da ruhani, mənəvi ərazisi böyüdü, genişləndi. Mən bu müharibəyə bazarkom təfəkkürü ilə yanaşan intellektual humanistlər kimi yanaşmıram. 25 ildir ki, Azərbaycanda düz-əməlli sənət əsəri yaranmır, incəsənətin heç bir sahəsində yenilik yoxdur. Bilirsinizmi niyə? Çünki biz 25 ildir müharibədə vətənimizi itirmişik. O itirdiyimiz torpaqlar bizim ruhumuzdan, mənəvi energetikamızdan gedib. Qarabağ itkisi həm də bizim mənəvi şikəstliyimizdir. Ona görə cır-cır şairlər, bəstəkarlar, rəssamlar doğulur ölkədə. Mədəniyyətimizdən 25 ildir milçək vızıltısı eşidilir. Məğlub atanın belindən məğrur oğul gələ bilməz. Bütün xalqların mədəniyyəti ilə tarixdə apardığı müharibələrin sayı arasında bir uyğunluq var. Mədəniyyət xalqların qanla həyata keçirə bildiyi arzularıdır. Müharibə cəmiyyət hadisəsi deyil, təbiət hadisəsidir. Ya döyüşüb sağ qalacaqsan, ya da səni yeyəcəklər.

- Tolstoyun belə bir fikri var: “Hökumət gücünü xalqın cahilliyindən alır”. Siz necə düşünürsüz?

- İstənilən hökumət xalqın öz övladıdır, sözsüz ki, söhbət azad xalqlardan gedir. Cahil xalq aqil hökumət yetişdirə bilməz. Xalq cahildirsə, onun hökuməti də öz günündə olacaq. Bu Tolstoyun dövründə də belə olub, bundan sonra da belə olacaq. Hökumət ilanın qabığı kimi bir şeydir, altda yenisi əmələ gəlincə, üstəki köhnəlmiş qabıq öz-özünə yırtılıb məhv olur. Tarixdə xeyli nümunələr var ki, xalq öz taleyinə təhlükə hiss eləyəndə hökumətsiz də qərar verməyi, uğur qazanmağı bacarıb. Məsələn, yəhudilər min il dünyada hökumətsiz yaşayıblar. Sadəcə, özlərinin mənəvi-ruhani kimliklərinə sədaqət eşqi onları bir xalq kimi tarixin bütün sınaqlarından qorudu. İkinci Dünya müharibəsindən sonra almanlar demək olar ki, hökumətsiz idilər, amma alman iradəsi hökumətsiz də öz sözünü dedi. Azərbaycan xalqının yaxın tarixinə baxın, elə bir tarixi məqam tapa bilməzsiniz ki, biz əlimizə düşən tarixi fürsəti xalq olaraq qaçıraq.

- Sizi nə ruhdan salır adətən? Ən çox hansı ruh halında yazırsız?

- Məni heç nə ruhdan salmır, əksinə, ruhdan salan şeylərə əsəbiləşirəm ki, bu da mübarizə, müqavimət gücümü artırır. Açığını deyim ki, hər hansı bir dindar, yaxud aristokrat kimi ruhani vəziyyətimə qulluq və nəzarət etməyi sevmirəm. Mənim azadlığım özümün özümə verdiyim mənəvi özbaşınalığımdır. Bütün yaradıcılığım da bu mənəvi-ruhani özbaşınalığımın nəticəsidir.

- Şeiri yazıb bitirdikdən sonra hansı hissləri keçirirsiz?

- Əvvəllər xoşuma gələn bir şeiri yazanda onun şərəfinə tək içirdim və şeiri yüksək səslə güzgü qabağında bir neçə dəfə özümə oxuyurdum. Sözsüz ki, evdə adam olmayanda. Ya da gözləyirdim, hərə bir yerə gedəndən sonra şeirlə təkbətək qalanda bunları edirdim. Xəstələnəndən sonra hər şey məhv oldu; indi nə yaza, nə içə, nə də oxuya bilirəm.

- Yeni nəsr əsəri yazırsız. Deyəsən adı da “Dan yeri”-dir. Nə çatdırmaq istəyirsiz? Mövzusu nədir?

- Tarixlə allah arasında çapalayan insan haqqındadır yeni kitab, amma yazı mətbəximin sirrini açmaq, oxuculara bəri başdan istiqamət vermək istəmirəm.

Səmayə Nənə

# 920 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #