Müşünü dəli edənlər

Müşünü dəli edənlər
5 may 2016
# 13:03

Mürşüdü tanıyanda 10-12 yaşım olardı. Anam kənddəki iki kitabxanadan birinin müdiriydi. Ayrıca binası yoxdu, kənd xəstəxanasının otaqlarının birini kitabxana üçün ayırmışdılar, orda işləyirdi. Əslində onun işləməyi dediyim arabir gedib kitabxanaya dəyməkdən, lazımi sənədlərə qol çəkməkdən ibarətdi, orada adətən Maya adlı gənc, nişanlı (deyilənə görə nişanlısı neçə ildi Rusiyada itib batmışdı, amma qız səbirlə onun yolunu gözləyirdi) qız olurdu. Kimiydi kənd yerində hər gün kitab alan, kitab oxuyan? Hələ mənim uşaqlıq illərimdə, dünyanın qarışan vaxtlarıydı. Maya da çıxıb xəstəxananın işçiləriylə oturub laqqırtı vurur, qeybət edirdi.

Anama qoşulub gedirdim hər dəfə kitabxanaya.

Həmin gün yenə anamın yanına düşüb kitabxanaya getdim. İçərinin havası ağırdı, həyətə çıxdım. O an gözüm hardasa otuz yaşlarında bir adama sataşdı. Xəstəxananın həyətində dayanıb əlində tutduğu göyümtül şüşədəki mayeni üstünə tökürdü. Məni görüb duruxdu, mən gülümsədim. Elə bildim kimdirsə sərxoşdur, indi də əlindəki arağı üstünə boşaldır. Lakin bir anda səs-küy qopdu, ara qarışdı. Adam kibrit çəkib özünü odladı, xəstəxanadan həyətə atan həkim tibb bacıları qışqırışdılar. Mirzə həkim özünü itirmədən pencəyini kişinin üstünə atdı, onu qucaqlayıb yerə yıxdı, odu söndürdü. Yaxınlıqdakı hərbi hissənin əsgər-zabitləri gəldilər. Haray-həşir qalxdı. Anam məni çəkib apardı, amma mən son anda onun yanıb qabarmış çılpaq qolunu gördüm.

Yolda anamdan nəsə öyrənmək istədim. “Müşüdür də”-dedi. Sonralar bildim ki, əsil adı Mürşüddür. “Müharibədən təzə gəlib, orda yaralanıb, zədə alıb, beyni qarışıb, nə etdiyini bilir ki?”-dedi anam. Mən nəsə uşaq marağıyla daha çox şey öyrənmək istəyirdim, amma anam söhbəti bitirmişdi, xasiyyətinə bələddim, bilirdim ki, əlavə sual versəm acıqlanacaq...

Müşü haqda bir də iki il sonra eşitdim. Daha doğrusu həm gördüm, həm eşitdim. Nənəm isti günlərdə doqqaz başına qoyulan skameykada qonşudakı “podruşkam” dediyi Salatın qarıyla oturub söhbət edər, ondan-bundan danışardı. Mən də onun yanında fırlanır, altdan-altdan da danışdıqlarını çinədanıma yığırdım. Döngədən Müşü çıxdı, əlini-qolunu sallaya-sallaya gedir, nəsə öz-özünə danışırdı. O zaman fikir verdim ki, əslində yaraşıqlı adamdır, səsi acıqlı çıxsa da üzü gülürmüş kimi bir ifadəsi vardı, ağzını açıb-yumduqca qızıl dişi görünürdü. Müşü yanımızdan düz ötüb keçdi, sanki bizi heç görmədi də. Nənəm əlini dizinə çırpdı, Salatın qarı “Bu gözəllikdə oğlanı arvadıyla dədəsi dəli elədi”-deyib başını buladı. Qulaqlarımı şəklədim, nənəm mən tərəfə əyri-əyri baxıb söhbətə fikir vermədiyimi yəqinləşdirdi, “hə, elədir, bir qancığa görə bədbəxt oldu” əlavə elədi.

“Az nətər dəli olmasın, hansı kişi o vəziyyəti gözləri ilə görsə, havalanardı” – dedi. “Podruşka”sı cavabında - “Elə Məmmədin də boyunu yerə soxum ki, bu işə qol qoyub. A köpəyoğlu, adam tapmadınmı basıb altına almağa ki, oğluyun arvadına tamah saldın” – cavabını verdi.

Hər nə qədər nənəmin gözündə uşaq olsam da artıq bu söhbətləri anlayacaq yaşa gəlmişdim, qarıların bunu gizli bir həvəslə danışması yadıma gəlir. Nənəm “Düyə göz eləməsə buğa qalxmaz” misalını söyləyib, hökm verdi: “Məmməd onsuz da çoxdanın lotusudu. O vaxt tənəkdə birqadir olanda da o qız-gəlin yox idi dalına baxmasın. Oğlan ölmüş, bizə də sataşırdı. Bə bu gəlinə nə deyirsən? Adama deyərlər a qancıx, nə yanırsan. Gül kimi oğlanı dəli elədi, indi də qırmızı-qırmızı oturub öydə. Deyir nağayrım, ərimi müharibə dəli elədi, oturub uşaqlarımı saxlamalıyam. Eşitmişəm alver eliyir, gedir ekarusla İrandan pal-paltar gətirib satır. Deyirlər qonşu kənddən Tölləşin ekarusuynan gedib-gəlir. Elə o Tölləş ciyəri qara gələn də, düz əməlli pox döyül. İki-üç yerdə arvadı var deyirlər”.

Salatın qarı: “Allah bilir, Tölləşlə nə hoqqadan çıxırlar. Bir sözlə Müşü kimi oğlanı dəli elədilər. Məmməd boyu yerə girmiş öldü getdi, hayıf Müşünün ömrünə-gününə” – deyib söhbəti bağlamaq istədi. Elə nənəm də Müşünün adını xatırlamadığım arvadının və atası Məmmədin qarasına bir-iki söz deydi, qarğadı, söydü, sakitləşdi.

Ondan sonra anladım ki, anam kitabxanadan evə qayıdanda, Müşünün dəli olma, özünü yandırması səbəbini səhv anladıb.

İllər keçdi, böyüdüm, şəhərə köçdük. Aradan on beş il keçmişdi, kənddəydim, “klub qabağı” deyilən yerdə dayanmışdım, onu gördüm. Müşünün əhvalatını unutmamışdım, lakin uzaqdan eyni, əlini-qolunu ölçə-ölçə gələn ağ saçlı adamın o olmasını çətinliklə bildim. Dişləri tökülmüş, üzü çökmüş, qocalmış, eybəcərləşmişdi. Yenə öz-özünə nəsə danışırdı. Yanıma gəlib çatdı, heç gözləmədiyim halda dayandı, üzümə baxıb susdu. Sonra barmaqlarını bir-birinə sürtüb siqaret istədiyini başa saldı. Siqaret qutusunu çıxarıb birini uzatdım, götürmədi. Duruxdum, ətrafdakı adamların diqqətinin ikimizdə olduğunu duyurdum, pərt-pərt dayanacaqdakı taksi sürücüsünə baxdım. Taksi sürücüsü baxışlarımdan tutdu sualımı, gülümsədi, “O kimdən siqaret istəyir qutusuyla verirlər, öyrənib”-dedi.

Yaxınlıqdakı kiçik marketə yönəldim. Bir bağlama bahalı siqaret aldım çıxdım, Müşü əl-qolunu danışdığı sözlərin ahənginə uyğun yelləyə-yelləyə uzaqlaşırdı, gözləməmişdi. Arxadan yetişib saxladım. Əlimdəki siqaret bağlamasına baxdı, danışığı rabitəsiz, anlaşılmayacaq haldaydı. Amma anladım ki, bu siqaretdən çəkəmmir, “Bakı” istəyir.

“Müşü burda gözlə”-deyib marketə qayıtdım, amma gedəcəyindən qorxmağım əbəsmiş, mən siqaretləri dəyişib çıxınca gəlib marketin qapısı ağzında dayanmışdı.

Siqaret bağlısını tələsik çəkib əlimdən aldı, açıb birini çıxardı, tələsik yandırıb dərin qullab aldı, heç gözləmədiyim halda “gedəy bir çay içəy”-dedi. Bu “gedəy çay içəy”i elə aydın, rəvan söylədi ki, o anacan ürəyim yanmasa da könlümə limonlu, kəkotulu çay düşdü. “Gedək” dedim. Həm əlimə fürsət düşmüşdü, illərdi yaddaşımda yer edən bu adamı danışdırmaq, “Müşü, o zaman niyə özünü yandırırdın?” sualını vermək istəyirdim.

On dəqiqə sonra klubun yaxınlığındakı çayxanada oturub çay içirdik. Yenə də rabitəsiz, nizamsız danışırdı, nə dediyini anlaya bilmirdim. Arada bir hansısa qısa, lakin mənim üçün əhəmiyyətsiz səlis cümlə işlədir, sonra yenə qarışdırırdı. Sıx-sıx “Məmməd”, “qəlpə”, “ağrı”, “boş”, “ildırım”, “sən”, “mıx” deyir, eyni sözləri təkrarlayıb dururdu. Sualıma cavab ala bilməyəcəkdim...

Heç zaman unutmaram, nədəndi, hardandı bu fikir, bu aydınlıq onda, həmin gün, oturub çay içdiyimiz yerdə gözlənilmədən tam aydın bir cümlə işlətdi: “Əvvəl-axır hamı dəli olajax. Sadəcə mən bir az qavağa düşmüşəm”...

Sonralar kəndə gəldikcə Müşüylə görüşür, çay içməyə gedirdik. Amma o cür aydın danışdığı ilk və son oldu...

...Bu günlərdə Müşünün rəhmətə getdiyini eşitdim. Onun ölüm xəbərini aldığımda, beynimdən ildırım vurmuş kimi oldum. Həmin gündən bu yanadır bir an gəlir, Müşünün səsi: “Əvvəl-axır hamı dəli olajax, sadəcə mən bir az qavağa düşmüşəm”-deyib qulaqlarımda cingildəyir, beynimi deşir...

Anar Bayramoğlu

# 1235 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #