Ad günündən sonrakı intihar

Ad günündən sonrakı intihar
3 mart 2016
# 12:47

Ayxan Ayvaz

Onda Bakıya qar yağmağa başlamışdı. Hər yer buzlamışdı. Yollar tutulmuş, adamlar seyrəlmişdi. Həmin gün atam qardaşımı gec gəldiyi üçün evdən qovdu. O, ağlamsınan gözləri ilə çıxıb getdi. Atam ardınca söyüşlər söydü, ona evə gəlməməsini əmr etdi. Aradan xeyli keçəndən sonra anam ağlamağa başladı, qardaşımın yaxşı tərəflərindən danışdı. Atam yumşaldı, elə bil bayaqkı sözlərini yaddan çıxarıb mənə dedi ki, get gör hardadır o.

Əynimi geyib aşağı düşdüm. Külək məni döyürdü, sazaqdan qulaqlarım qızarmışdı. Yolların qırağında uşaqlar durub avtobusa qartopu atırdılar. Başqaları isə dayanan marşrutların arxasındakı dəmirdən tutub ləzzətlə sürüşürdülər. Hiss elədim ki, qardaşım haradasa qıraq yerdədir. Yoxsa o, bu cür mənzərələrə baxmağı çox sevirdi. Həm də ki, könlü qırılanda heç nə ilə məşğul olmaq istəmir, qaçıb uzaqda öz-özü ilə dərdləşir, vaxt keçirir.

Bu onun çoxdankı, uşaqlıqdakı xasiyyətidir. O istəyir ki, hər kəslə normal əlaqəsi olsun. Onun ürəyinə toxunmaq çox asandır. Gözləri dolur, ağlamsınır. Çox vaxt da adamı vurmağı var. Ancaq sonradan peşmanlıq hissi onu bürüyür. Yol arayır ki, küsdüyü, yanlış olaraq döydüyü adamın könlünü alsın. Bu işi yaxşı bacarır. Çünki bir-iki dəfə mənimlə olan xırda söhbətlərində şirin dilini işə salıb günahını ört-basdır eləməyi bacarıb. Nə deyim, nə vaxt ondan küsürdüm, həmişə istəyirdim, özümə söz verim ki, bir də barışmayacam, onun sözlərini eşidən kimi yumşalırdım.

Qardaşımı əvvəllər anamdan gizlicə getdiyimiz oyun oynanılan klubda tapdım. O, oynamırdı, qıraqda durub gözünü ekrana zilləmişdi. Gözləri evdən çıxdığındakı kimi dopdolu idi. Nədənsə, ona yazığım gəldi. Safdır, insanlara tez inanır. Onun zəifliyi də elə budur. O, böyüyür və daim güclənir. İnsan ki, nə qədər güc toplayır, yekələnir, o zaman onun içindəki məğlubiyyət hissi daha çox gözə çarpır.

Yaxınlaşıb onun qolundan tutdum. O, məni geri itələdi.

- Gəl... dədə bağışladı səni.

İnadını yeridirdi. Gəlmək istəmədiyini deyib məni usandırırdı. Nəsə, qəribə şey axtarırdım ki, o, sözündən dönsün.

Düşündüm ki, evdəki istiliyi anlatsam bəlkə də gələr.

- Kino başlayıb. Sənin sevdiyin. Mama yemək bişirib.

Ac olduğunu hiss edib belə dedim. Həm də filmlərdən xoşu gəldiyini bildiyimdən bu fürsəti də əldən buraxmadım.

O, bir az da naz-qoz edəndən sonra arxamca düşüb gəldi. Gözlərində hələ də eyni ifadə donub qalmışdı. Elə bil ağlamaq, boşalmaq istəyirdi, sadəcə mənim burda olduğumu anlayıb özünü güclə tuturdu. Atam qardaşımı görüb ondan üzr istədi, əsəbiləşdiyini deyib onun könlünü aldı. Anam ortaya yemək qoydu, o, iştahla mədəyə ötürdü.

Atam danışırdı ki, Oğuz dünyaya gələndə möhkəm içmişdim, Tiflisdə meydana çıxıb dedim ki, kim məni çox istəyir, minsin maşına. Artıq ayaqda dura bilmirdim, içkili xəstəxanaya getdim, amma Oğuzu mənə göstərmədilər.

Martın 3-ü qardaşımın ad günüdür. 5 il bundan əvvəl martın dördündə anam intihar elədi. Bizimlə qalan bibimgil dedilər ki, ölümü ilə Oğuza hədiyyə elədi.

Oğuz həmin anı şeirə köçürmüşdü:

anam özünü asmışdı,
ad günümün səhəri,
bədəni istidi,
yaşayır demişdi
gözüyaşlı bacım,
anamı heç belə görməmişdik,
gözləri qapalı,
döşəmədə uzanmış,
onun yoxluğu
tez unuduldu,
anam özünü asmışdı,
ad günümün səhəri
üzünü xatırlamağa çalışdığım günlərdə,
qoxusunu unudurdum,
anam yuxularımda da özünü öldürmüşdü.
anam özünü asmışdı
hələ mart ayının
ilk günləri idi...

Qardaşımı təbrik edirəm! Yaxşı ki, var!

# 1654 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #