100 manatlıq təhsil

100 manatlıq təhsil
7 dekabr 2015
# 13:56

Dünyada depressiv ifadələr çoxdur. Misal üçün, Fələstin, Naqasaki, Xocalı, Çernobl və s.

Həmişə rastlaşanda mənə depressiya verən daha bir ifadə də var: Təhsil. Niyəmi? Cavab çox sadədir. Özüm ixtisasca müəlliməm, eyni zamanda qohum-əqraba sarıdan çoxlu müəllim və müəllimələrin əhatəsindəyəm. Üstəlik, yeni çapdan çıxan romanımın qəhrəmanı da müəllimdir və bu kitabı yazarkən çoxlu araşdırmalar aparmışam. Bir sözlə, söhbəti bilirəm və vəziyyəti bircə kəlmə ilə belə ifadə edərdim: Dəhşət!

İndi gördünüzmü ki, Azərbaycanda “Təhsil” sözü təxminən “Dəhşət” sözünün sinonimi kimi səslənir. Bir ifadə ki, dəhşət mənasını verir, o niyə depressiv olmasın?

Açığını deyim, mənimçün Azərbaycanın təhsil problemi Qarabağdan da ağrılı, dərdli və ümidsizdir. Çünki insanın işğal olunan torpaqlara qayıtmaq inamı həmişə var və bu rasional məntiqlə mümkündür. Amma təhsilimiz öz absurdluğu ilə çoxdan irrasional qatdadır və fövqəlbəşər mahiyyətlidir. Yəni, insan iradəsinin fövqündədir.

Onun üçün də kitab-dəftərlərə sığmayan çoxsaylı problemlərinin nə vaxtsa həll olunacağına, şəxsən mən, inanmıram. Çünki təhsilimizdə problem az qala hər məmurla, hər müəllimlə və hər şagirdlədir. Ən bəsitini götürək. Səkkizmartpulunu... Yeri gəlmişkən, təklif edirəm ki, bu ifadə eynən yazdığım kimi dilimizin lüğət tərkibinə daxil edilsin. Çünki qədirşünas xalqımız on illərlədir bu kəlməni sevə-sevə işlədir. Ölkədə səkkizmartpulunun nə olduğunu bilməyən adam görsək ona ən ayıblı yerimizlə gülərik.

Uşaqlar da ağlı kəsəndən anlayır ki, şagird 8 Martda öz şubalı müəlliməsi üçün pul yığmalı, ya da bahalı hədiyyələr almalıdır. Bu, hətta, dərsdən, kitabdan, oxumaqdan da vacibdir. Oxumağa nə var, yuxarı kurslarda hazırlığa gedib öyrənirsən də onsuz da...

Təhsilimiz elə bir bataqlığın içinə hellənib ki, heç bir mütərəqqi qanun-qayda bizə kömək eləmir. İstəyirsən Boloniya sisteminin banilərindən olan Umberto Ekonu çağır, xeyri yoxdur. Bir də eşidəcəksən ki, hardasa xaşalqarın məktəb direktorlarının əhatəsində xəngəl yeyə-yeyə saza qulaq asır.

Zarafat eləmirəm. Heç bir qanun-qayda nəinki bizə kömək eləmir, əksinə düşdüyümüz bataqlığı daha da dərinləşdirir. Misal üçün elə dünən Milli Məclisdə qəbul edilən qərar... Ay ərzində 7 saat dərs buraxan şagirdin valideyni 100 manat cərimə verməlidir. Bu qərar bilirsiniz necə icra olunacaq? Yuxarı siniflərdə hazırlığa gedib dərs buraxan şagirdlərə “qaib” yazmamağın “qiyməti” qalxacaq.

Əcəb işdir.

Sənə dərs demirəm ki, savadsız qalasan.

Savadsız qalıb məcburən mənim yanıma ödənişli hazırlığa gələsən.

Hazırlığa gəlmək üçün dərs buraxsan.

Dərs buraxıb “qaib” almamağa görə “görüm-baxım” edəsən.

Deputatlarımız da, sağ olsunlar, bu yandan sərfəli imkan yaradırlar.

Belə məmləkəti sevməyib nə edəsən?

# 1686 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #