“Əli və Nino” belə etməməlidir”

“Əli və Nino” belə etməməlidir”
4 iyun 2015
# 08:00

Kulis son günlər mətbuatın gündəmindən düşməyən “Əli və Nino” kitab mağazalarının yerli müəlliflərə yaratdığı süni əngəllər mövzusuyla bağlı tanınmış qələm adamları Səlim Babullaoğlu, Elçin Hüseynbəyli və Qəşəm Nəcəfzadənin münasibətlərini təqdim edir.

Səlim Babullaoğlu

Ədəbi gündəmdə “Əli və Nino” kitab şəbəkəsi ilə bağlı bir neçə gündür müzakirə olunan məsələyə qarışmaq niyyətim yoxdu. Elə bu gün də yoxdu. Həmkarımız, tanınmış yazıçı və jurnalist Qan Turalının məsələ ilə bağlı nə düşündüyümü soruşdu deyə onun sorğusuna cavab verirəm: illər əvvəl, gərək ki, “Ədəbi söhbətlər” kitabım nəşr olunmuşdu. Bir neçə nüsxə onlara da verdim. Sonra kitabı almaq istəyənlərə “Əli və Nino”nu da nişan verirdim, amma təəssüf ki, kitab üçün müraciət edənlər nə kitabı həmin kitab dükanında tapır, nə da satıcılar onlara kitab haqqında bir şey deyə bilirdilər. Özüm də həmin kitab dükanlarından ikisinə baş çəkdim və öz kitabımı tapa bilmədim. Bunu onlara söyləyəndən bir həftə sonra kitab dükanda peyda olsa da mən yenə onu tapa bilmədim. Daha doğrusu güclə tapdım. Kitab qalağının altında və sair və ilaxır. Mən Nigar Köçərliyə zəng elədim, xahiş elədim ki, kitabları geri qaytarsınlar. Və özümə söz verdim ki, bir də heç vaxt o şəbəkəyə kitab verməyəcəm.

Üç-dörd ildir ki, belədi. Kitablarım həmişə az tirajla çap olunub, əsasən də imza günlərində satılıb qurtarıb. Odur ki, nə “Əli və Nino”dan, nə də başqa dükanlardan asılılığım yoxdur. Şükür ki, belədir. Nigar Köçərli biznesmendir. Və biznes haqqında öz təsəvvürləri var. Biznesin imperativləri ilə, yazıçının, ədibin imperativləri başqadır, hətta başqa-başqa qütblərdədir. Bu dediyim bütün bizneslərə, o cümlədən kitab biznesinə də aiddir. Odur ki, mən ondan bu mənada fədakarlıq və başqa nəsə gözləmirəm, bunu gözləməyi bir az acizlik və gülünc hesab edirəm. Ümumiyyətlə isə düşüncəm belədir: hətta heç bir kitab dükanı bizim kitabımızı satmasa belə bu qətiyyən problem olmamalıdır... Təki yazılan Ədəbiyyat olsun !

Elçin Hüseynbəyli

Bu mübahisələrin kökündə Azərbaycanda yazıçı, nəşriyyat, yayımçı üçlüyü müstəvisində boşluqların olması dayanır. Bu həm də qanuni boşluqlardır. Çünki bu sahədə normativ aktlar yoxdur. O biri tərəfdən götürsək, mənəvi bağlar da yoxdur. Birmənalı münasibət bildirmək çox çətindir.

Məsələnin peşəkar tərəfi ondan ibarətdir ki, əslinə qalsa lap qonşumuz Türkiyəni götürəndə hər bir nəşriyyatın özünün yayım evi var, onlarla da işləyir. Ola bilsin ki, “Əli və Nino” da qeyri-qanuni olaraq “Qanun” nəşrlər evinin yayım evidir. Bəlkə də onlar arasında hər hansı bir müqavilə var. Açığı bundan xəbərsizəm. Yox, əgər “Əli və Nino” hər hansı bir nəşriyyatın yayım şəbəkəsi deyilsə, ümumrespublika əhəmiyyətlidirsə və yaxud buna iddia edirsə təbii ki, hər bir müəllifin kitabını alıb yaymaqda maraqlı olmalıdır.

İndi onsuz da kitabların satışının açıq olmamasının fonunda “Kitablar satılmır” demək mənə elə gəlir ki, ucuz bəhanədir. Onsuz da istənilən kitab əgər PR-ı yoxdursa, müəllifi yetərincə tanınmırsa, satılmayacaq. Yəni ölkə daxilində bu məsələlər o qədər qarışıqdır ki, buna konkret proqnoz vermək mümkün deyil.

Heç şübhəsiz ki, mən məsələnin mənəvi tərəfinə dayanaraq deyirəm ki, istər “Əli və Nino”nun bu yaxında bir filialı bağlananda mətbuatın göstərdiyi canıyananlıq, o cümlədən dostumuz Şahbaz Xuduoğlunun rəhbəri olduğu “Qanun” nəşriyyatının vergi məsələsi olanda mətbuatın yenə də canıyananlıq göstərməsi, digər tərəfdən hər iki qurumun kitablardan ƏDV-lərin yığışdırılması ilə bağlı mətbuatdan, yazarlardan dəstək almaları fonunda bu separatçılıq addımı anlaşılan deyil. Yenə də deyirəm, bütün bu məsələləri indiki durumda - həm nəşriyyatların, həm yazarların, həm də yayım evlərinin acınacaqlı durumda olduğunu nəzərə alaraq, qanqaraçılıq hesab edirəm.

Mənə elə gəlir ki, bu məsələyə naşirlər, yazıçılar, yayımçılar biganə qalmalı deyillər, yenə də bayaq dediyim kimi, indiki şəraitdə bu üçlük anlaşıqlı şəkildə razılığa getməlidir. Açığı mən sülhün tərəfindəyəm.

Qəşəm Nəcəfzadə

“Əli və Nino”ya etiraz edənlərlə bir sıradayam. Belə olmamalıdır. Harda kitab varsa, ora hamıya məxsusdur. O kitab evi Azərbaycan oxucusuna, Azərbaycan ədəbiyyatına xidmət etməlidir. İstedadlı yazarımız Qan Turalıya qarşı münasibət məndə məyusluq yaratdı. Amma mən istəmirəm ki, fikirləri təkcə Qan Turalının üzərinə yönəldək. Hamıya bərabər münasibət bəslənməlidir. “Əli və Nino” hər kəsin kitabını götürüb bərabər satış həyata keçirməlidir, onların addımı yazıçı mənafeyinə ziddir. Ona görə də bunu pisləyirəm.

# 981 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #