Azərbaycan qadını araq içsəydi...

Azərbaycan qadını araq içsəydi...
6 fevral 2015
# 13:16

Dünən oğlumun ad günü idi. Qeyd elədik, amma bir az fərqli. Adət etdiyimiz formatda yox...

Nə böyük süfrə açıldı, nə qonaqlar gəldi, nə sağlıqlar deyilib içkilər içildi, nə də qadınlar mətbəxdə girinc qaldılar.

Mirkazımla Ağasalamı (bacıoğlu) götürüb getdik uşaq əyləncə mərkəzinə.

Uşaqlar oyun aparatlarında oynadılar, əyləndilər, hoppanıb-düşdülər, klounlarla şənləndilər. Tort kəsdik, Mirkazım şam üfürdü. Sonra da gəldik evə. Bu qədər.

Bəs dədə-babadan necə görmüşdük? Uşağa ad günü keçirilir. Amma bunun uşağa heç bir dəxli yoxdur. Böyüklər süfrə arxasına keçir. Guya uşağa sağlıq deyirlər, səbəbkara səmimi arzularını çatdırılar, amma əslində öz aləmlərindədirlər. Yeyir-içir, söhbət edirlər. Qadınlarsa mətbəxlə-qonaq otağı arasında qalırlar, bozbaş gətir, salat qabını apar, plov gətir, dolma boşqabını apar, çörək gətir, bulaşıq qabları apar...

Ad gününün bu cür süfrə arxasında keçirmək adətini bizə ruslar gətirib. Amma, bizim əksər qadınlar içmədiyi üçün kişilərlə bir yerdə əylənib şənlənmirlər. Buna görə məclisin hazırlanmasının bütün ağırlığı qadınların üzərinə düşür. Kişi uzaqbaşı kabab çəkir. Qalanı qadınlıqdı.

Belə məclislərdə bir də görürsən heç evin qadınına yemək çatmır. Başı biş-düşə qarışdığından axırda qazandibi ilə kifayətlənməli olur.

Biz də bu neçə illik formatdan qaçmaq istədik. Uşaqlar üçün fərqli bir ad günü keçirmək qərarına gəldik. Biz belə görmüşük, onlar belə görməsin. Belə gəlib, belə getməsin.

Hiss etdim ki, bu qərardan qohum-əqrəba nəsə birtəhər olublar. Təsəvvür edin, əvvəlcədən hamıya xəbər etməlisən ki, bax gəlməyin a uşağa ad günü keçirtmirik. Bu da bir az çətindi. Çünki kimin gəlib-gəlməyəcəyini də dəqiq bilmirsən. Bəlkə kimsə gəlməyəcək? Başqa bir tərəfdən, qohumlar da elə düşünər ki, sən çörək verən, qonaqpərvər deyilsən.

Ona görə də dünən maşına minib evdən çıxana qədər içimi-içimi yeyirdi; birdən gələn olar, planlarımız pozulur, heç nə də hazırlanmayıb.

Bizi kimi üçüncü dünya ölkələrində sosial mexanizmlər güclü olmadığına görə insanlar arasında bağlar möhkəm olur. Bu bağ və yardımlaşmalar nə qədər mütərəqqi olsa da öz növbəsində qarşılıqlı asılılıq yaradır. Bu icmanın üzvü olduğun üçün onun qaydalarına da tabe olmalısan. Sosial mexanizmlərin geniş inkişaf etdiyi ölkələrdə isə insanlar arasındakı bağlar tamamilə zəiflədiyinə görə onlar şəxsi həyatlarında rahat olurlar. Asanlıqla qəliblərdən, adətlərdən imtina edə bilirlər. Heç kəs də onları qınamır. Heç kəsin mənafeyinə toxunmur.

Buna görə də bizdə kiçik fəaliyyətlər bizim gözümüzdə böyük qəhrəmanlıq kimi görünür.

Eybi yox...

Buna da şükür...

Dama-dama göl olar, qığılcımdan od törəyər... nə əkərsən, onu biçərsən, qız-qızıla dönüb və sair və ilaxır...

# 1799 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #