Azərbaycanlıların avara zəngləri

Azərbaycanlıların avara zəngləri
2 fevral 2015
# 17:23

Təki düşüncəmiz avropalaşmasın

Molladan soruşurlar ki, kefin necədir? Deyir ki, necə olacağam, qoca kişiyəm də! Deyəndəki əşi, qocalığı boynuna alma, Mollanın cavabı belə olur. “Mən boynuma almadım, özü gəlib oturdu boynumda, heç məndən soruşmadı ki, razısan, ya yox".

İndi bu “Avropaya inteqrasiya" deyilən də elə o "qocalıq" kimi, istəsək də, istəməsək də gəldi oturdu boynumuzda. Yerişimiz, geyimimiz, danışığımız, yeməyimiz evimiz, fikrimiz, zikrimiz... Yox, yox bircə fikrimiz düşüncəmiz avropalaşmasın!

Aman, aman, Avropasayağı düşüncə tərzindən aman!

Bircə anda biz min illik, milyon illik qaydalarımızdan əl çəkib onların adətlərini qəbul edə bilmərik. Bax, elə götürək ailə münasibətini. Bizdə valideyn işdən çıxan zaman evə tələsir, ailənin yığılmasını gözləyir, birlikdə yemək yeyir, dərd-sərlərini bölüşürlər. Onlarda isə iş qurtardı, məsələ bitdi. Hər kəs gedir restoranda yeyib-içir, hardasa dincəlir, uzaqbaşı yatanda evə gəlir, öz açarı ilə evin qapısını açıb, girib yatır.

Bizdə övlad böyüyəndə valideyn onun üçün toy edir, evləndirir, bir müddət qayğısına qalır.

Onlarda övlad istəyəndə evlənir və bu zaman heç valideynin xəbəri də olmur. Saymaqla qutarmaz, bir sözlə, bizdə nə varsa, onun əksi Avropadadır. Düzdür, bizdən bəzi yaxşı şeylər öyrəniblər, amma çox azdır bunlar. İndi də işi belə qurublar ki, biz onlar kimi yaşamalı, köhnə vərdişlərimizi tərgitməliyik.

Aman, aman Avropa düşüncə tərzindən aman!

İşin ən pis tərəfi odur ki, inteqrasiya yavaş-yavaş daxil olur ölkəmizə. Bir az televizorla, bir az məişət avadanlıqları ilə, bir az avtomobillə, çox-çox kompüterlə nə bilim nə ilə, nə ilə...

Təki düşüncəmiz avropalaşmasın.

Bəziləri deyir ki, inteqrasiyadan məqsəd elə düşüncə tərzini dəyişməkdir. Mən isə inanmıram. Həm istəmirəm, həm də arxayınam, inanmıram ki, biz ingilis kimi düşünək. Elə götürək mobil telefonda danışıq qaydasını. Biri götürüb zəng edir sənə. Əlindəki işi buraxıb hövlnak açırsan telefonu. Danışır, danışır, bir dəqiqə, beş dəqiqə, 20 dəqiqə, 1 saat. Sən demə, bunun telefonunun pulsuz dəqiqəsi varmış. Özü avaradır, səni də avara edir işindən.

Yaxud da, tərsinə, vacib bir iş üçün zəng edirsən kiməsə, "adboy" verir, zəng edirsən "adboy" verir, axırda özü yığır ki, guya sənin puluna qıymır, centlmenlik edir. Əşşi, sən mənə bir “alo" de, bir-iki qəpiklik hörmətin lazım deyil. Qoy mən sənə deyə bilim ki, məni öldürənin adı nədir, ya nə isə başqa bir kəlməni çatdıra bilim!

Gördün də, necə sübut etdim ki, biz ingilis kimi düşünə bilmərik.

Başqa bir misal. Götürək kompüterdə internet xidmətini. Vallah, adam qələt eləyir ora daxil olur. Ordan bir söz, burdan bir söz, oradan bir atmaca. Elə bir köhnə Bakı küçələri ilə gedirsən, divarlara söykənmiş avara cavanlar, elə özləri kimi avara-avara sözlərlə adama sataşırlar. Söz sözdür də istər kompüterdə yaz, istər ağızla de! Day bunun harası oldu qloballaşma? Yox, biz elə qoca türklərik, elə o cür də qocalacağıq. Dəyişmə qorxusu yoxdur!

İndi televizor yüzlərlə kanalı göstərir. Bunu icad eləyən avropalılar fikirləşiblər ki, hərə öz zövqünə uyğun olanı axtarıb tapsın, ona da baxsın. Amma biz türklər bütün kanalları al-üst edirik, müasir bir şey, ingilissayağı kino, musiqi, şou və s. tapırıq, oturub gözümüzü zilləyirik ora. Ay balam, özünə uyğun, türkə layiq şeylərə bax da! Axı onsuz da sən onların verilişlərinə baxmaqla onlar kimi olmursan, bir az oxşaya bilərsən! O toyuq ördək, qaz məsələsini bilirsən də!

Onlarda da yaxşı cəhətlər ola bilər. Allahdır da, heç kəsdən payını əsirgəməyib. Hər millətə yaxşı bir cəhət verib. Yaxşı götürək, elə o bir yaxşı cəhəti də qoyaq türkün min dənə yaxşı cəhətlərinin üstünə! Buna razıyam. Day, avropalı maşın icad eləyib, indi bizə də gəlib çatıb o maşından, bu o demək deyildir ki, işə hərə öz maşınını minib getsin, axşam da evə gətirsin. Özü də elə bil döyüşə, müharibəyə-zada gedirlər iraq. Tanka oxşayır çoxusu. Amma yapon, atası rəhmətlik velosipedlə gedir işə. Həm idmandır, həm təmizlikdir, həm də qənaət! Özü də yapon işində nələr eləyir, türk nələr? Nahar fasiləsində bizdən birinin yediyini 100 nəfər çinliyə versən, bəs eləyər, hələ evinə də aparar artığını! Əə, pulun çoxdur lap yaxşı, day bu qədər tıxmaqla özünü niyə öldürürsən? O qədər yeyib-içirsən ki, day axşama qədər ağırlıqdan fısıldayıb, fısıldayır, iş görə bilmirsən!

Yox, bu bizdə adətdir! Belə yaşamışıq, belə də yaşayacağıq. Bu barədə narahatlığım, qorxum yoxdur! Mənim qorxum avropalılar üçündür. Axı onlarda yaxşı adətlərin hamısını bizdən götürüblər! Qədimdən-qədim türk öz mədəniyyətini, elmini onlara pay verə-verə bu günə gəlib çıxmışdır. Düzdür, avropalılar bizdən çırpışdırdıqlarının bəzilərini yaxşı qoruyublar, inkişaf etdiriblər. Amma bəzilərini dəyişdiriblər, zayını çıxardıblar. İndi onların bəzi çatışmamazlığına fikir verirəm, onlara yazığım gəlir. Deyirəm ki, indi o yazıqlar hardan öyrənəcəklər gözəl adətləri? Əvvəllər gözləri bizdə idi, indi biz deyirik ki, biz də sizə oxşayacağıq. Bəs onlar nə eləsinlər? Barı onları düşünək, onlara yazığımız gəlsin. Deyirəm özümüz heç, özümüz öyrənəcəyik, qiyamətə qədər yaşayacağıq, bunu Dədə Qorqud deyib; biz itib-batmayacağıq.

Amma, avropalılara görə öz adətlərimizi, düşüncə tərzimizi dəyişməyək ki, o yazıqlar heç olmasa bir yaxşı adət bizdən öyrənsinlər! Necə ki, min illərdir öyrənirlər...

# 1028 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #