Yumruqlaşan müəllimlərin qatil tələbələri

Yumruqlaşan müəllimlərin qatil tələbələri
27 yanvar 2015
# 20:31

“Müəllim öz həmkarını vəhşicəsinə döyüb...” Bu başlıq dünənin xəbər lentindəndir.

Televiziyanın, KİV-in ictimai funksiyasını itirib fərdi əhvalatları, hadisələri, hətta şəxsi məsələləri işıqlandırmasından şikayət etməyə bir abzaslıq yer saxlayacağıq.

Bu kriminal xəbərlər, faciələr, hadisələr göründüyü qədər də fərdi və adi deyil. Bu xəbər lenti dərd çoxluğu ilə bizi sarsıdır. Baxırıq dərdlərimiz yada düşür. Amma içində eləsi olur ki, o, adamı ən dəhşətli kriminal xəbərdən də çox narahat edir. Məsələn, Suraxanı məktəblərindən birində tarix müəlliminin həmkarını döyməsi kimi...

Burada təəccüblü nə var? Müəllim də insandır, əlbəttə. Onun da əsəbləri var. İnsana aid olan feillər ona da aiddir. Həm də heç təəccüblü deyil, onun da nüfuzu “rüşvət”, “tapşırıq”, “saxtakarlıq”, “süpürgəpulu” kimi təyinlərlə zədələnib, daha doğrusu, zədələndirilib. İndi bir müəllimin o birini döyərək, əslində müəllim adına daha bir zərbə vurmasından təbii nə var?

Problem də həminkidir: müəllim nüfuzunun korlanması. Sadəcə, bu hadisədə təsvir daha hərəkətlidir - müəllimlər əlbəyaxa olublar...

Yəqin ki, bu əlbəyaxa yalnız bir saat dərsin üstündə deyil. Bəlkə, o müəllim o bircə saat dərslə yeni maaş artımını ala bilməyəcəyinin (məsələn, adamın 11 saat dərsi varsa o bir aklad sayılmır və sayılmırsa deməli o artım kateqoriyasına düşməyəcək) qorxusunu yaşayırmış. Günlərə böləndə aldığı maaş qəpiklərlə ölçülən müəllimdən qəhrəmanlıq gözləmək ya üzlülükdür, ya da “çörək yoxdu, bulka yesinlər” anlamazlığı.

Bir də adama deyərlər, “Müəllim” adının mənəvi keyfiyyət brendi kimi korlanması prosesi indimi başlayıb?

2000-lərin tələbəsiydik, metrolarda xırdavat alverçisinə “müəllim” deyə müraciət edirdik və adam həqiqətən də müəllim çıxırdı. Güzərana görə, işini atıb alverlə məşğul olan müəllim... Universitetdə müəllim dediklərimizsə ya alverçi, ya dəllal çıxırdı. Bu əzik alverçi-müəllimlərlə şax pulları olan universitet uşaqları arasında ədəb-əxlaq davası gedirdi. Onlar tələbələrdən ədəbli olmağı istəyirdilər, tələbələrsə onları ədəbdən də böyük bir məsələdə - əxlaqsızlıda, yəni mənəviyyatsızlıqda suçlayırdılar. Universitet nəsillər arasında belə bir toqquşma yeri idi.

Amma o Universitet, o peşə bir neçə MÜƏLLIMə görə bizim üçün dəyərli ola bildi. Onları imtahan, müdafiə, qəbul imtahanı kimi əhəmiyyətli heyətlərə salmırlar, əlbəttə. Onların bir missiyası var: bu adı qorumaq.

Və müəllimlər sonsuz fədakarlıqla, ağır şərtlərlə o adı qoruya bildi. Elə bilin, onlar küləyin qarşısında inadla şam yandırdılar. Olmur deyəcəksiz, olmur - küləyin qabağında şam yanmır. Amma oldu. O müəllimlər o küləkdə şam yanmayanda bizə işıqdan danışdılar. Biz də inandıq...

İşığı söndürmək olar, amma işıq anlayışını “söndürmək” işığı söndürmək qədər asan deyil...

P.S. Bu da sizə əvvəldə söz verdiyimiz abzas. Şərq təfəkkür tərzi deyə bir şey varmı, yoxmu bilmirəm. Əgər varsa, deməli o, qərbli kimi sistemə yox, fərdə güvənir. Təhsilin “ustad-şəyird” münasibətlərindən tutmuş, məzlumların Mehdi sahibəz-zamanı gözləməsinə qədər... Müəllim adının onu daşıyanın fərdi keyfiyyətlərinin ümidinə qalması kimi... TV-də ictimai prosesləri yox, fərdi faciələri, fərdi nümunələri müzakirə etməyə qədər... Müsahibələri mövzuya görə yox, fərdə görə qurmağa qədər... Hər şey fərdi... Deyəsən sistemli olan bir şey var: Müəllimə peşəsinin mənəvi dəyərini unutdurmaq...

# 890 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #