Xalqımızın ana söyüşü ilə imtahanı

 Xalqımızın ana söyüşü ilə imtahanı
23 yanvar 2015
# 11:50

Nailə adlı riyaziyyat müəlliməmiz vardı məktəbdə.

Riyaziyyatı ona görə sevmişdim.

Dərsi heç bir müəllimdə olmayan xüsusi bir entuziazmla, sevgi ilə keçirdi.

Nailə müəllimənin vuran əli də vardı. Arada səs salanda çubuqla uşaqların əlindən vururdu, saçlarını, qulaqlarını dartırdı. Əksər azərbaycanlı müəllimlər kimi.

Bir dəfə Şahnaz adlı qız dərsini oxumadığı üçün onun saçlarını dartdı. Bu an gözləmədiyimiz bir şey baş verdi. Şahnaz onu vurduğu üçün müəllimə etiraz elədi: “Siz artıq neçənci dəfədir məni vurursuz, buna sizin haqqınız yoxdur”.

Nailə müəllimə pərt oldu, nə deyəcəyini bilmədi, dodağının altında nəsə mızıldandı. Və ondan sonra kimsəyə əl qaldırmadı.

Sovet illərində də, elə indinin özündə də müəllimin uşağı vurması, ünvanına təhqiramiz sözlər deməsi bir növ normadır. Yadıma gəlir, müəllimə “uşaq dinc durmadı, oxumadı vur, icazə verirəm” deyən valideynlər də vardı.

Böyüklərin uşağı təhqir etməsi, döyməsi mentallığımızda tərbiyə metodunun vacib hissəsidir. Bu, həm də böyüklərin uşağa mülkiyyət kimi yanaşmasıdır.

Tasrağagün xəbər yayıldı ki, Bakıda 118 saylı məktəbin direktoru Qardaşxan Kərimov yuxarı sinif şagirdlərini təhqir edib.

Şagirdlər direktordan dərsə gəlməyən müəllimin başqa müəllimlə əvəz olunmasını istəyib. Əvəzində direktor pedaqogika elmində analoqu olmayan cavab verib: “Atanız evdə olmayanda məgər onu başqa ata ilə əvəz edirsiniz?” .

Direktorun cavabı nədən xəbər verir? Belə çıxır ki, məktəblərdə sayğısızlıq, təhqir o qədər normadır ki, direktor bunu rahatlıqla deyib.

Fəqət, mühüm, incə bir nüansı unudub.

Unudub ki, onun “atanız evdə olmayanda məgər onu başqa ata ilə əvəz edirsiniz?” ifadəsi bizim heç cürə həzm etmədiyimiz ana-bacı söyüşü kateqoriyasına aiddir.

Bizdə fərdin mənzilini, torpağını əlindən ala bilərlər, pulunu yeyə bilərlər, döyə bilərlər və vətəndaş bunu alçalmaq kimi qəbul etməz.

Amma ruslar demiş, “ne day boq” ana-bacı kateqoriyasında sərhədi keçəsən, vəssalam, işin bitdi….

Qardaşxan müəllim də necə olubsa, ölçü hissini itirib. Bəlkə də başqa kateqoriyalı söyüş söysəydi, ya da şagirdlərin qulaqlarından dartsaydı, veclərinə də olmazdı…

Ümumən baş verənlərdə bir dənə müsbət cəhət odur ki, illərlə bizə təlqin olunan müqəddəs müəllim obrazı dağılıb. Ana-bacı müqəddəsliyi isə əbədidir. Nəyisə, kimisə müqəddəsləşdirmək təhlükəli şeydir. Çünki, müqəddəslik bütləşdirməkdir. Bütləşdirmək, heç şübhəsiz diktaturaya aparır.

Bütlər dağılan cəmiyyətdə isə normal insani münasibət mütləq olur.

# 1763 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #