Basdırdığımız qız uşaqları

Basdırdığımız qız uşaqları
29 dekabr 2014
# 12:29

Məşhur tərcüməçi Natiq Səfərovun qızı, jurnalist Günel Natiq Kulis.az-ın “Atamın xatirəsi” rubrikası üçün yazdığı “Kələmin içindən çıxmış qızın nağılı” essesində qeyd edir:

“Atam böyük bacımdan sonra oğul arzusundaymış. Lakin mən dünyaya gəlmişəm... Atam mənim beşiyimə yaxın gəlmir, səsim belə onu qıcıqlandırır. Və günlərin birində anam qonşuya gedir. Mən isə buna bənd imiş kimi ağlamağa başlayıram. Anamın gəlib çıxmadığını görən atam əlacsız qalıb beşiyə özü yaxınlaşmalı olur. Atam deyirdi, mən beşiyinə yaxınlaşar-yaxınlaşmaz sən ağlamağını kəsdin və diqqətlə mənə baxmağa başladın. Və birdən qəribə bir şey baş verdi; sən gülümsədin və özünü sevdirməyə çalışan pişik balası kimi əzilib-büzüldün...”

Mən dindar deyiləm...

Amma bu təsirli cümlələri oxuyub-oxuyalı yadıma bir dini əhvalat düşdü. İbrətamiz əhvalatlar hansı mənbəyə söykənir-söykənsin, dəyərlidir, paylaşılmağa, tirajlanmağa layiqdir.

Demək, islam peyğəmbərinin ilk qadağalarından biri qız uşaqlarını basdırmaqla bağlı olub. Onu ən tez anlayan və başa düşənlərdən olan Əmmar Yasirin valideynləri islamı qəbul edən oğulları üçün narahatlıq keçirirlər. Çünki, onlar Məkkənin adlı-sanlı tayfalarından fərqli olaraq, gəlmədirlər, arxaları-köməkləri yoxdur. Kəbənin o zamankı gözüqanlı sahibləri onlara asanlıqla zərər verə bilərlər. Həqiqətən də belə olur. Gənc islamçılara qarşı hərəkat başlayan kimi Əmmar Yasirin valideynlərini öldürürlər və onlar tarixə islamın ilk şəhidləri kimi daxil olur.

Əmmar Yasir valideynlərini inandırmağa çalışır ki, islam mütərəqqi dindir. İnsanların cahillikdən yeganə xilas yoludur. “Məsələn necə?” - atası soruşur. Əmmar Yasir, “Məsələn, qız uşaqlarını basdırmağı qadağan edir” - deyir. Bu sözləri eşidən anası kövrəlir, gözləri dolur, deyir, atam əvvəlki bacılarım kimi məni də basdırmaq istəyirmiş. Hətta bunun üçün çuxur da qazır. Məni alıb ora atmaq istəyəndə, qəfil atamın çeçələ barmağını əmməyə başlamışam. Əti ürpəşir, sarsılır, məni basdıra bilməyəcəyini dərk edir.

Təsəvvür edin, 20-ci əsr Azərbaycanının ən gözəl tərcüməçilərindən biri, dünya ədəbiyyatı bilicisi Natiq Səfərov belə qız övladının doğulmasına görə əvvəl-əvvəl narahat olub. O qız ki, bu gün atası haqqında gözəl bir xatirə yazıb, onu insan kimi səmimiyyətlə anladıb tanımayanlara...

...Qız uşaqlarını basdırmaq təkcə fiziki anlamda başa düşülməməlidir. Onları, cəhalət zülmətinə gömmək diri-diri basdırmaq qədər dəhşətlidir.

# 1577 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #