Unuda bilmədiyim qadın

Arzularının qurbanı olan qadınlar var…

 

Xəyallarının qurbanı olan qadınlar var…

 

Ağ atlı oğlanın qurbanı olan qadınlar var…

 

Və… unudulan qadınlar var.

 

***

 

Bir qadın vardı, tək yaşayırdı, zaman üz-gözündə, alnında öz ilməsini toxumuşdu, saçları pilə kimi ağ idi. Deyirlər, o qadının gözəlliyi dillərdə dastanmış, amma olduqca abır-həyalı imiş, universitetdə oxuyanda dərsə örpəklə gedib gələrmiş. Müəllimlər, tələbələr nə qədər inad etsələr də, başından örpəyini açmırmış. Danışırdılar ki, onu çox məşhur bir yazıçı sevirmiş, sonralar romanlarından birində onun obrazını da yaradıb. Tələbəlik illərində onu bir oğlan da sevirmiş, bu sevgi qarşılıqlı olub. Amma biləndə ki, oğlanın rayonda ailəsi var, xəyal qırıqlığına uğrayır və bir daha ərə getməyəcəyini qət edir. Qəlbinin qapılarını onu sevənlərin üzünə bağlayır.

 

İllər keçir, onun bacıları bir-bir ata evindən gəlin köçür, oğul-uşaq sahibi olurlar. Ata-anası dünyasını dəyişəndən sonra qardaşı onu evdən qovur. Orta məktəblərdən birində dərs deyən bu qadın naəlac qalıb içki düşkünü olan bir fəhləyə ərə getməli olur. Bu kişini sevmədən onunla sadəcə, yaşamaq zorunda qalır.

 

Uzun müddət övladları olmur, nəhayət, Tanrı onlara bir oğul payı verir. Qadın bütün sevgisini övladına verir.  Beləcə, öz içində bir qadını öldürür…

 

Əri dünyasını dəyişəndən bir müddət sonra yeganə övladı da doğma anasını atıb Rusiyaya yollanır və bir daha qayıtmır… Qadının gözü yollardan çəkilmir, hər gecə övladının şəkillərini, uşaqlıq paltarlarını qoxlayıb yatır. Hər dəfə kəndə yolum düşəndə o qadını dəmiryol stansiyasının həndəvərində görürdüm, yaxınlaşıb hal-əhval tuturdum. Deyirdi ay bala, sənin Urusetdə tanışın-zadın yoxdu ki? Deyirdim yoxdu, ay bibi. Ağlamsınıb deyirdi ki, oğlumdan xəbər tuta bilmirəm, ömrümə az qalıb, gəlsəydi, rahat ölərdim…

 

Bilə-bilə ki, oğlu gəlməyəcək, əbləhcəsinə ona təsəlli verirdim. Aradan uzun müddət keçdi, mən o qadını unutdum.

 

Bir dəfə əmim oğlu ilə əzizlərimizin məzarlarını ziyarət etmək üçün qəbiristanlığa getmişdik. Üstü götürülməmiş bir qəbir diqqətimi çəkdi, qəbrin üstünü adam boyu ot basmışdı. Düşündüm ki, bu yetim qəbir kimindi görən? Əmim oğlu içimdən keçəni üzümdən oxudu.

 

- Bu, bilirsən kimin qəbridi? Həmişə dəmiryol stansiyasının həyətində gəzib-dolaşan arvad vardı ee, onun…

 

Qəbrin məhzun görkəmi ürəyimi parçaladı, əyilib ot-ələfi təmizlədim, tikanlar əllərimi cızıq-cızıq elədi. Namərdcəsinə unudulan o qadını doyunca ağladım. Üzünə yenicə tük çıxmış cavan molla yaxınlaşıb “Allah rəhmət eləsin” dedi. Dindar olmasam da cibinə bir manatlıq basıb “başla” dedim. O, “Yasin”i oxuyub qurtarınca dünyadan nakam getmiş qadının bütün həyatı gözümün önündə canlandı. Əmim oğlu “onun da taleyi beləymş”, dedi. Yox, dedim, o, istəsəydi, hər şey başqa cür ola bilərdi…

 

Unutdular o qadını…

 

***

 

İllər öncə bir Amerika filminə baxmışdım, adını xatırlamıram. Film bir “Limuzin” sürücüsünün orta yaşlı zəngin qadınları müxtəlif vasitələrlə yoldan çıxarmasından, onları tovlayıb yatağına salmasından bəhs edirdi. Həmin qadınlardan biriylə tanışlıq bir gecəlik eşqlərdən tamamilə fərqlənirdi. Kişi hiss edir ki, bu qadına aşiq olub, hislərin burulğanına düşüb özünü itirir. Qadın hətta öz evinin də açarını ona verir. Kişi artıq bütün qadınlara biganədir, fikrində ancaq sevdiyi qadın var. Anlayır ki, 50 yaşını haqlamaqda olan bu qadın məhz onun həyatının qadınıdır.

 

Bir səhər çiçək mağazasına gedib sevdiyi qadına gül bağlatdırır və onun evinə yollanır, açarla qapını açıb içəri daxil olur. Qadın penuarda onun qarşısına çıxır. Gəncliyini geridə qoysa da cazibədar görünüşü yaşıyla ziddiyyət təşkil edir, vazkeçilməz gözəlliyi ilə istənilən kişinin qəlbini əsir edə bilər. Bu cür qadını sevməmək mümkün deyil. Kişi həyatında ilk dəfə olaraq məhz bu qadına eşq elan edir. O, işini də unudub, qadının yanında qalmaq istəyir. Qadın ona sakit tərzdə “qalma, get” deyir. Kişi bir anlıq şaşırır, nə baş verir? Ağlına gələn ilk fikir bu olur: evdə başqa kişi var. Onu qorxudan evdə başqa kişinin olmasından daha artıq həmin kişinin hansısa cəhətlərinə görə ondan üstün ola biləcəyi ehtimalıdır.

 

Qadın susur. Kişi yataq otağının qapısını açıb baxır, yataqda sütül bir oğlan yastığa dirsəklənib siqaret tüstülədir. Qadından soruşur: Onun məndən nəyi artıqdır? Qadın yenə sakit tövrüylə: - Səndən daha gəncdir, - deyir.

 

Vəssalam! Kişi evin açarını qadının ovcuna qoyub evdən çıxır. Bu situasiya bir daha təsdiq edir ki, seçim edən kişi deyil, qadındır. Eşqin qanunu yazan qadındır, kişi deyil. Əksər hallarda ayrılığı da o, tərcih edir. Roma mifologiyasında da tale yazan moyralar qadınlardır. Hərdən mənə elə gəlir ki, tale elə qadın sözünün sinonimidir.

 

****

 

Sevgi yaşayarkən aldanmaq qorxusu onları hər an izləməkdədir. Sevgi və qorxu arasında vurnuxan qadın tərəddüdlərin əsirinə çevrilir. Qarşılıqlı anlaşma yoluyla davamlı əlaqəyə mane olan səbəblər yetərincədir. Saxta dəyərlər gerçək sevginin qəbrini qazır. Yalançı əxlaq, mentalitet bu münasibətlərin qarşısında Çin səddi kimi ucalır. Əxlaq panikasına düşüb istəklərindən, sevgisindən vaz keçən qadınların sayı-hesabı yoxdur. Nəticədə nə qədər faciələr yaşanır, intiharlar baş verir, ömürlər məhv olur. Mentaliteti isə islah etmək mümkünsüzdü, o, çayın qabağını kəsmiş əjdaha kimi elə hey qurban tələb edir.

 

XX əsr filosofları ər-arvad tandeminin qarşılığında bircə sözdən – partnyor sözündən istifadəni daha önəmli hesab edirdilər. Partnyorluq sivil münasibətlər müstəvisində sevginin ömrünü uzadır, hər iki tərəf öz azadlığını qorumaqla, bir-birinə mane olmadan mutlu ola bilirlər.

 

Amma təbiətin ziddinə gedən qadınlar var, onlar düşünür ki, bədənləri yalnız onlara aiddir,  özlərinə sahib olma haqqını heç vəchlə qarşı cinsə güzəştə getmirlər. Sonunda bir kimsə onları arzulamır, tənha qalmaq qorxusu onları qarşısına çıxana ərə getməyə vadar edir. Məzarını ot basmış qadın dəhşətli səhvə yol vermişdi. Bütün  bu həngamə, ailə qurmamaq inadı sonunda sevmədiyi bir fəhləyə ərə gedib onun çirkli corablarını, alt paltarlarını yumaq, araq butulkalarını gizlətdiyinə görə şillə-təpiyin altına düşmək üçün imiş. Bu acı sonluq üçün qurban verməyə dəyərdimi?! O qadın zamanında həyatını qurub xoşbəxt ola bilərdi. Mənasız və səfeh düşüncələrin girdabında öz qadınlığından vaz keçmiş qadına haqq qazandıra bilmirəm.

 

Fransız yazıçısı və filosofu Paskal Brukner “Eşq paradoksu” kitabında yazır: “Karyera və azadlığımızı qorumaq üçün eşqi qurban vermək ya da eşqi əldə tutmaq üçün azadlığımızdan vaz keçmək durumundayıq”.

 

Süjetini nəql etdiyim filmin qadın qəhrəmanı asanlıqla partnyorunu  dəyişir, çünki ondan daha cavanını tapıb. Onların heç biri onun həyatının kişisi deyil, həyatının kişisini tapınca ondan vaz keçə bilməyəcək. Bəs azadlığından vaz keçə biləcəkmi? Bu suala cavab tapmaq çətindir.

 

Azadlığını itirmək istəməyən bütün qadınları sonunda dəhşətli peşmançılıq gözləyir…      

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018