Gecəyarı qapıları döyməyin, Yetim var ki, möcüzəyə inanar.

Gecəyarı qapıları döyməyin, Yetim var ki, möcüzəyə inanar.
1 dekabr 2014
# 17:01

Kulis.Az jurnalist Zülfüqar Rüfətoğlunun şeirlərini təqdim edir.

İmtina

Hərçənd dostluğundan keçə bilmirəm,

Amma bu sağlığa içə bilmirəm…

"Hürriyyət" sözünü asta de, dostum...

"Hürriyyət" sözünü elə asta de -

Nə ləçək titrəsin,

nə yarpaq əssin

Nə də ki, nəfəsin havanı kəssin!

"Hürriyyət" “sevirəm” deməkdi, dostum,

"Sevirəm" sözünü pıçıldayarlar

"Hürriyyət" sözünü asta de, qardaş,

Sakitcə otlayır hələ ilxılar…

Bəzən bir dayçanı

Kəməndləməkçün

Bütöv bir ilxını hürkütmək olar…

"Hürriyyət" dediyin siqaret deyil,-

Onu çəkə-çəkə tərgitmək olar…

"Hürriyyət" dediyin dayça deyil ki,...

"Hürriyyət" dediyin elə bir köhlən....

Elə bir köhlən ki,

minəndən sonra

Tapmazsan nə yəhər, nə də üzəngi…

"Hürriyyət" sözünü asta de, qardaş,

Sən hələ cavansan,

Nə görmüsən ki?...

Bilsək...

Bilsək bizi kim satacaq,-

Gedib özümüz satarıq

Bilsək sabah kim satacaq,-

Bəlkə bu gündən yatarıq,

Bilsək bizi kim satacaq....

Bilsək bizi kim satacaq,-

Evlənmərik ömür boyu,

Nə də bəlkə, gözləmərik,

Ömür boyu oğul toyu,

Bilsək bizi kim satacaq....

Bilsək bizi kim satacaq,-

Demə dünyadan doymazdıq,

Elə bir ad deyərdilər,

Salamat güzgü qoymazdıq,

Bilsək bizi kim satacaq...

Bilsək bizi kim satacaq,

Bəlkə heç nə danışmazdıq,

Özgə dərdə qarışmazdıq,

Təslim olub vuruşmazdıq,-

Bilsək bizi kim satacaq...

Anama

Nə sabah var,

Nə bugün.

Yaddaşımda

Dünkü gün

Yu məni, ana özün

Bütün xatirələrdən...

Əvvəlcə xatirələr,

Dərdin əlacı olur.

Getdikcə şirini də

Turşuyur acı olur

Doğ sən məni yenidən

İlıq yay səhərində

Dünyanın ən bəxtəvər

Ən məsum şəhərində...

Sən məni yenidən doğ,

Ağrılarsız və ahsız...

Söz verirəm bu dəfə,

Yaşayaram günahsız,

Və olmaram Allahsız...

Nə yan, nə də ki ağla

Qapını açıq saxla -

Mən mütləq gələcəyəm,

Nə dünən var, nə sabah

Mən bugün öləcəyəm...

17 May 2009, London

Şuşaya gedirəm

Hər gün Şuşaya gedirəm
Google-un xəritəsində
Gözlərimlə dayanıram
Düz Şuşanın ortasında…



Ürəyimdə qorxu da yox-
Nə Haykaz var, nə də Aşot
Mən virtual qəhrəmanam-
Nə avtomat, nə pulemyot?



Bu Qoşavəng, bu Amaras,
Bu da atamız Qandzasar,
Bu da onlar tikən bina,
Kilsə tikib allahsızlar…



Bu da Şuşa məzarlığı-
Heç bir yerə getməyənlər,
Yatır uçmuş məzarlarda,
Fərarilik etməyənlər.


Mən də qorxaq bir kişiyəm,

Elə ki, arvadım yatır,

İnternet dadıma çatır,

Çıxıb Şuşaya gedirəm.

Google-un xəritəsində,

Google anamı ağladır,

Mən hər gecə ağlayıram,

Düz Şuşanın ortasında…

London, 4 Avqust, 2010

Gecələri qapıları döyməyin

Gecəyarı qapıları döyməyin,

Ürək var ki, tıqqıltıya dayanar.

Gecəyarı qapıları döyməyin,

Yetim var ki, möcüzəyə inanar.

Gecəyarı qapıları döyməyin,

Ata var ki, yuxu bilməz həsrəti

Ana var ki, namaz üstə yaşayır

Oğul var ki, başa çatıb xidməti.

Gecəyarı qapıları döyməyin,

Bir möcüzə saxlayıbsa sizi sağ,

Bu dünyadır, vallah- billah bilinməz

Qapı açıb, kim qarşıya çıxacaq?

Gecəyarı qapıları döyməyin,

Haradasa “Ev yiyəsi!”- deyən var,

Gecəyarı evinizə tələsin,

- Bəlkə sizin qapını da döyən var.

# 1413 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #