Azərbaycanlının toy fəlsəfəsi

Azərbaycanlının toy fəlsəfəsi
24 oktyabr 2014
# 11:09

Azərbaycanda toyların vəziyyəti ilə bağlı ən dəqiq ifadələrdən birini Ağa Cəfərli dedi: “Toy kütləvi psixozdur”.

Kulis.az-da toy haqda yazılar ildırım sürət ilə, bir göz qırpımında oxundu, xüsusən orta statistik vətəndaşlar qızğın müzakirələrdə fəallıq göstərdi.

Saytlardan birində toyların müzakirəsi ilə bağlı Kulisçilərin qonaq olduğu “Günəbaxan” verilişinin videosu yayılandan bir necə dəqiqə sonra 20-30 şərh yazıldı.

Bu coşqun, emosional, ciddi münasibət toy ənənəsinin bizim üçün nə qədər vacib, həyati məsələ olduğunu bir daha təsdiqlədi.

Əgər Freyd sağ olsaydı, bir neçə il vətənimizdə yaşayıb, ənənəvi mədəniyyətimizi, məişətimizi, sosial həyatımızı tədqiq eləsəydi, yəqin ki, gəldiyi nəticələrindən biri belə olardı: azərbaycanlının gizli arzularının, şüurlu və qeyri-şüurlu davranışlarının əsasında seksual motivlər yox, toya olan nəhayətsiz, instinktiv sevgi dayanır.

Müzakirələrdən belə anladım ki, əksəriyyət üçün toy ölüm-dirim, şərəf məsələsidir. Toya qarşı çıxanda sanki müəyyən bir kəsimə ana-bacı söyüşü söyürsən.

Və mənə elə gəlir ki, biz 20 -25 il çox rahat, məsələn, Qarabağsız yaşaya bilərik, amma restoranlarda təmtəraqlı, ənənəvi toy etmədən nəfəs ala bilmərik.

Təhsil uğrunda mübarizə aparmarıq, bu, heç vecimizə də olmaz - hər cür dəm-dəsgahlı toy eləməkdən ötrü olar-olmazını ortaya tökər, borca girər, ailənin boğazından kəsib kredit götürərik.

Məmur tərəfindən haqqımızın pozulmasını rahat qarşılaya, bunu özümüzə rəva görə bilərik. Amma maddi məhdudiyyətlərə malik olsaq belə, “kimdən əskiyəm ki” ibtidai düşüncəsi ilə mütləq bahalı restoranlardan birində toy arzusunda olarıq.

Toy mərasiminin səviyyəsi - zəngin və ya orta keçirilməsi artıq sosial statusdur.

Müasir toyun kulta çevrilməsi hansısa restoran sahiblərinin qazanc əldə etmək planından çox mental, şüur məsələsidir artıq.

Çünki bizim təbiətimizdə etiraz ruhu, mədəniyyətdə, ənənədə islahata meyl yoxdur. Arxaik, daşlaşmış ənənələri dəyişməyə həvəsli deyilik, mövcud qaydalarla razılaşırıq, ona uyğunlaşırıq. Əziyyət çəksək də, əlimizi yelləyib laqeydcəsinə “palaza bürün elnən sürün” deyirik.

Sadə bir misal deyim, paytaxtın küçələrinə çıxın. Şəhərdə zövqlə geyinən qadın və kişilərlə rastlaşarıq. Onların geyimində ayaqqabıdan tutmuş çantaya qədər hər şey yerində, harmonik görünür.

Məsələ məhz standartlaşmış harmoniyanı pozacaq fərdlərin yoxluğunda və ya tamamən azlığındadır. Az hallarda tək-tük, maraqlı, alternativ, individual geyinən adamla rastlaşarıq. Hətta alternativ sənətin, ədəbiyyatın, kinonun, teatrın yoxluğu da standart düşüncəyə malik olmağımız və stereotipləri qıra bilməməyimizlə sıx bağlıdır.

Yaxud toya alternativ əyləncə məclisi düşünə bilmirik. Buna görə qadınlar yeni libas alanda səbirsizliklə toy mərasimi gözləyirlər ki, öz qadınlıq eqolarını qabartsınlar.

Arxetiplərdən qopa bilməyən insanlarımızın şəxsi, özünə xas həyat modeli yoxdur və bu səbəblərdən seçim imkanlarını sıfıra endiririk.

Qısası, toylarla bağlı bir yığın adətin dəyişməməyin, onun yeknəsəq, monoton keçirilməsinin əsas günahkarı şüurumuzdadır.

...Yeri gəlmişkən, analitik psixologiyanın əsasını qoyan isveçrəli alim Karl Yunqa görə psixoz – individual şüurun arxetipik şüursuz məzmunda boğulmasıdır.

# 6285 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #