Dinsiz kinomuz

Dinsiz kinomuz
14 oktyabr 2014
# 14:52

Yaxınlarda rejissor Ziya Şıxlinskinin “İthaf” filminin təqdimatına getmişdim. Təqdimat Rus Mədəniyyət Mərkəzində keçirilirdi. Film Bağırov körpüsü, Bakı Dövlət Sirki, Respublika Sarayı, Qaqarin körpüsü, Məişət Kondisionerləri Zavodu, Yeni Bakı Neftayırma Zavodu, Musiqili Komediya Teatrı və s. binaların tikintisinə rəhbərlik etmiş mühəndis Əliş Lənbəranskidən bəhs edirdi.

Qonaqlar Ə.Lənbəranskini, nostalji hissi ilə sovet Bakısını xatırladılar. Çıxış edənlərdən biri Bakı yeparxiyasının arxiyepiskopu Aleksandr İşein idi.

Arxiyepiskop filmlə bağlı təəssüratını bölüşdü.

Mənsə yadıma salmağa çalışırdım ki, getdiyim film təqdimatlarında hansı islam dini xadimi olub? Və hansı din xadimimiz bir ədəbi əsər, bir film haqda fikirlərini bölüşüb, yaxud mətn yazıb?

Konkret Azərbaycandan söhbət gedirsə, bizim cəmiyyətdə din və sənət qarşılıqlı əməkdaşlıq olmadan, bir-birindən uzaqda, tamamilə qopuq halda mövcuddur. Əslində bütün müsəlman dövlətlərində eyni vəziyyət yaşanır.

Əgər belə olmasaydı, məsələn, Səudiyyə Ərəbistanında kinoteatrlar qadağan edilməzdi. Haifaa Əl Mənsur ölkənin yeganə rejissoru olmazdı.

İslam dini xadimləri sənətə o halda münasibət bildirir ki, bədii əsər dinin maraqlarına toxunur, sərhədlərinə yaxınlaşır. Və bu münasibət adətən konflikt, aqressiv reaksiya, təhdidlərlə müşayiət olunur. İslam motivlərinin yer aldığı filmləri, ədəbi əsərləri, rəsmlərə münasibəti xatırlayaq.

İslam toxunulmazlığını bəyan edərək sənətin onu polemikasına, müzakirə obyektinə çevirməsinə, motivləri ilə sərbəst davranmasına imkan vermir.

Məsələ, təkcə dinin sənəti yanında görmək istəməməyində və ya yaxın qoymamağında, ona əhəmiyyətsiz nəsnə kimi yanaşmasında deyil.

Problem həm də sənətin dinlə dialoqa meylli olmamağındadır. Sənət dinlə dialoqa getməlidir – deyəndə qətiyyən Azərbaycan aktyorlarının, rejissorlarının namaz qılıb, oruc tutmasını, həyat yoldaşlarını evə qapatmasını nəzərdə tutmuram.

Sadalananlar belə demək mümkünsə, dinə bir növ lokal münasibət, ona dar üfüqlərdən baxmaqdır.

Əgər din sənətə doğru gəlmirsə, o zaman sənət özü ona tərəf addım atmalıdır: hansısa müştərək tədbirlər, layihələr, polemikalar, filmlər, təqdimatlar vasitəsilə.

Qadınlara düşmən kəsilib yandıran, inkvizasiya quran, ən ağlasığmaz cinayətlərə əl atan xristian dini uzun illərdir ki, kinematoqrafiya ilə sıx əməkdaşlıq edir.

Məsələ yalnız qərb rejissorlarının İsa Məsihin obrazını, İncil motivlərinin cəsarətli, sərbəst ekran həllini təklif etməsində deyil.

Dünyanın A kateqoriyalı, hətta regional festivallarında ekumenik jüri fəaliyyət göstərir.

“Ekumenizm” yunancadan tərcümədə kainat, insan yaşayan dünya anlamına gəlir, müxtəlif xristian kilsələrinin yaxınlaşmasına, birləşdirilməsinə xidmət edən hərəkatdır.

Ekumenik jüri adətən 6 ekspertdən - din xadimlərindən, kino və kino tənqidi ilə məşğul olan dindarlardan ibarətdir.

Ekumenik jürinin təmsilçiliyi ilk dəfə 1973-cü ildə Lokarno beynəlxalq film festivalında təklif olunub.

Sonradan Kann, Venesiya, Berlin festivallarında da yer alıb.

Jüri festivalların əsas müsabiqəsində olan filmləri dəyərləndirir. Filmlərə mükafat mənəvi, sosial dəyərlərə, humanizmə, insan sarsılmazlığının tərənnümünə və s. görə verilir.

Ekuminik jürinin mükafatını müxtəlif illərdə Tarkovskinin “Stalker”, “Nostalgiya”, Vim Vendersin “Paris, Texas”, Mayk Linin “Sirlər və yalan”, Ken Loaçın “Torpaq və azadlıq” və s. ekran əsərləri alıb.

Mükafat verilərkən, rejissorların dini, milli, irqi mənsubiyyəti təbii ki, nəzərə alınmır. Filmlərdə dini dəyərləri təbliğ olunub – olmamağı da.

Məsələn, Kannda 1974-cü ildən fəaliyyət göstərən ekuminik jürinin ilk mükafatını alman rejissoru Rayner Verner Fassbinderin ərəb mühaciri ilə alman qadının sevgi hekayətini anladan “Qorxu ruhu gəmirir” dramı alıb.

Yaxud P. Almodovarın- rejissorun özünün dediyi kimi dünyaya yeni insanın gəlməsindən, atalığa çevrilən analıqdan (və ya əksinə) bəhs edən “Anam haqda hər şey”, Fatih Akının Almaniyadakı türklərin həyatını anladan “Yaşamın kıyısında”, A. Kaurismyakinin diskriminasiyaya məruz qalıb, sonda ata-anasını, sevgilisini qətlə yetirən qızdan bəhs edən “Kibrit fabrikində işləyən qız” filmləri də mükafata layiq görülüb.

Xristian dini tədricən özünün anti-sənət obrazını çətinliklə də olsa- kompromisə getməklə, tolerantlığı, alternativ düşüncəni qəbul etməklə dağıtdı.

İslam ölkələrinin proqressivliyinə gətirən amillərdən biri bu ola bilər ki, din sənətə sərt müdaxilə etməsin, onunla münasibəti dialoqla, fikir mübadiləsi, yumşaq mövqe göstərməklə qursun.

# 1892 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #