Qonşudakı trans necə öldürüldü? HEKAYƏ

Qonşudakı trans necə öldürüldü? <span style="color:red;">HEKAYƏ
18 sentyabr 2014
# 13:15

Kulis.Az Səidə Haqverdiyevanın “Göyqurşağı” povestini təqdim edir

Oktyabr ayının əvvəlləri idi. Hava bir az soyumuşdu. Az keçmədi yağış yağmağa başladı. Bizim şəhərimizdə yağış, qar yağanda mərkəzi küçələrdən başqa bütün yollar iflic vəziyyətə düşür. Ona görə də atam həmişə deyər ki, bizim şəhərə yağış, qar yağanda "ciççi" eləmiş kimi yağmalıdı... Yəni az müddətə. Yağışın suyu kanalizasiyaya axmadığından, kefiyyətsiz vurulan asfaltın çökmüş yerlərinə yığılırdı. Aramsız yağan yağışın suyu gölməçələrdə dizə qədər çatırdı. Saat altıda işdən çıxsamda tıxaclar ucbatından evə saat doqquzda çatdım. Yol məni yaman yormuşdu, gödəkcəmin papağını başıma keçirdib, dovşan kimi gölməçələrin üstündən hoppana- hoppana məhəlləyə tərəf tələsirdim ki, yağış islatmasın məni... Hər hoppananda gölməçələrdəki, palçıqlı su şalvarımın arxasına xallar salırdı. Uşaq vaxtı bundan xoşum gələrdi, dərsdən evə gələndə bilərəkdən palçıqlı çuxura girib ayaqlarımı şapıldadardım. Evə gələndə də üstümün kirinə görə anam da mənə şapıldadardı. Elə hey deyinərdi . Babam rəhmətlik də " az deyin ay gelin, uşaqdı, bilməyib, palçığdı da, yuyarsan gedər"-deyər, sonra da mənə göz vurub – pəncərədən baxırdım deyərdi.

Əslində babam məni heç cür görə bilməzdi, mən binanın arxa tərəfi ilə gəlirdim, o tərəfədə bizim pəncərəmiz yox idi. Amma o belə deyəndə mən ona inanardım, elə bilirdim o görür bunu. Babam müdrik adam idi. Şəhərin ən tanınmış ürək cərrahı olmuşdu. Ancaq nənəm də, elə babamın özü də ürək xəstəliyindən rəhmətə getdi. Nənəmi çox xatirlamıram, babam üçün bəzən burnumun ucu göynəyir. Xüsusilə belə havalarda. Hava soyuyan kimi anama deyirdi, yaxşı bir piti bişir axşama. Əslində pitini heç sevməzdi, mən sevdiyimə görə sifariş verərdi. Hər dəfəsində də anam - eh, ay ata, bilirəm də sən bu yeməyi heç sevmirsən, Musaya görə hazırlatdırırsan... – deyərdi, o da qaş-qabağını sallayıb (güya hirslənib)- səninçün nə fərqi var, mən bu axşam evdə piti yemək istəyirəm... – söyləyərdi. Anamsa onu qucaqlayıb, könlünü alardı. Eh gözəl günlər idi... Səhərlər məni oyadıb xaş yeməyə aparardı... Babamdan çox dostum idi mənim.

Bir aydan sonra beş il olacaq rəhmətə getdiyi. Heç ayağım evə getmirdi. Blokun qabağından anama zəng vurdum ki, evə gec gələcəyimi xəbər verim... Anam dəstəyi götürüb: - Harda qaldın, ay oğul? Sənə piti bişirmişəm...- üzümə acı təbəssüm qondu - babamsız o pitinin nə ləzzəti var, heç ondan sonra mən pitini dilimə belə vurmamışam... – alo… alo, Musa, eşidirsən? - Ana, siz yeyin, mən bir az gec gələcəm... atam evdədi? -Yox, bu gün növbədədi... çox gecəyə qalma evdə təkik.

- Gec qalmaram, uşaqlarla olacam, nəsə lazım olsa zəng vurarsan, evə yaxınam...

- Yaxşı - deyib telefonu söndürdü anam.

Anam soyuqqanlı qadındı. Heç kitablarda, nağıllarda danışılan analardan deyil. Bir il evə gəlməsəm soruşmaz ki, hardasan, necəsən?! O, həmişə belə olub. Babamla, atam anamdan daha çox nigaran olub bizim üçün. Bəlkə də ürəyində başqa cürdü. Yağış vurmayan bir yerə çəkilib, uşaqlıq dostum Xətaiyə zəng vuracaqdım ki, qrup yoldaşım Mahmud zəng vurdu mənə. Yaxınlıqdakı kafedə xaş yeməyə dəvət elədi... Gülərək:

- Xaş mövsümün açırıq, gəl.

- Bunu səhərlər etmirdik?

- Əşi, xaşın səhər-axşamı var? Tez gəl, əla "Standart" arağı da var, uşaqların hamısı burdadı, hesabı da ödəyiblər, səhərə kimi burdayıq - deyib sağollaşdıq.

Yavaş-yavaş parkın içi ilə kafeyə tərəf gedirdim yağış demək olar ki, kəsmişdi. Parkın içi tam bir məhəbbət bağına oxşayırdı. Hər oğlanın ağuşunda bir qız, güya yağışdan qaçırlar, hərə bir daldalığa çəkilib öpüşürdü. Sanki pişik siçan tutub, gözdən uzaq bir yer axtarır ki onu iştahla yesin... Qızlar da güya heç nədən xəbərləri yoxmuş kimi onların qucağına sıxılıb oğlanlar hara çəksə o tərəfə gedirlər. Kənardan çox gülməli görsənir...

Əslində bizim mentalitet belə olmasaydı xarici ölkələrdə olduğu kimi qız da, oğlan da bir-birlərinə olan ehtirasını etiraf edib, qorxa-qorxa yox, bir kənara çəkilib rahatca öpüşə bilərlərdi. Belə olsaydı nə o qız oğlan onu öpdüyünə görə oğlanın həyatını cəhənnəmə döndərib “sən mənim adımı çıxartmısan, məni öpmüsən, indi məni kim alar?! Mütləq almalısan məni “ (Kim alar? Sözə bax sən canın... elə bil əşyadırlar). Nə də oğlan olmayan bığını burub qızla öpüşdüyünü telefonun videosuna çəkib tay-tuşuna göstərib “kişilənərdi”...

Kafeyə çatıb içəri keçdim. Bütün dostlarımız burda idi. Dostlarla görüşüb, elə ayaq üstə Mahmudun qədəhindəki arağı başıma çəkdim. Mahmud xiyar turşusunu mənə uzadıb:

- Acqarına içmə, tutar səni... həm də ziyan edər.

- Yoxsa belə xeyirdi?!

- Bu araq ki var ha can dərmanıdı... otur e, otur, vuraq...

Oturdum. Elə oturdum ki, bir də gördüm iki şüşə arağı boşaltmışam. Amma bir kasa xaşa əlimi belə vurmamışam.Uşaqlar ordan-burdan danışır, zarafatlaşırdı. Uşaqların səsi bütün kafeni titrədirdi. Mənsə ağzıma su alıb oturmuşdum. Belə getsə idi uşaqların kefini pozacaqdım, həm də gec idi. Saat on ikiyə az qalmışdı, evdəkilər də təkdi. Yaxşısı budur, durum evə gedim. Uşaqların israrına baxmayaraq kafedən özümü parka atdım. Parkla yenidən evə tərəf qayıdırdım... Elə bil ağaclar dərd çəkirdilər... Yarpaqlar sevən qadının gözlərinə bənzəyir. Toxunduqca damla damla yaş tökülür...

Hava sakitləşib, parkda bir nəfər də olsun adam yoxdu... Bir mənəm, bir ağaclar, bir də göydən mənə baxan qara buludlar... Ətrafda tam sakitlikdi, yalnız yarpaqlardan yerə düşən damcıların səsi eşidilir... Yavaş-yavaş piyan olduğumu hiss edirdim... Taqətdən tamamilə düşürdüm... Gözlərim yumulurdu... Skamyada oturub bir az özümə gəlmək istəyirdim, ancaq mənzil başına lap az məsafə qalmışdı, bir az taqətim olsaydı, gedərdim. Cəhd eləyirəm, yox, ancaq gedə bilmirəm, elə bil çiyinlərimdən daş asılıb... Dizlərim üstə düşürəm palçıqlı suya, nə qədər çalışsam da ayağa qalxa bilmirəm... Ürəyim də yaman bulanır, qaytarmaq istəyirəm. Çox halsızam, amma ağlım hələ başımdadı... Suyun içinə uzanıb beş dəqiqə də olsa yatmaq istəyirəm, bu vaxt qolumdan kimsə tutub qaldırır məni. Üzünə baxanda görürəm bir qızdır. Qızın bu vaxt parkda nə işi olduğunu düşünmək istəmirəm, köməyinə ehtiyacım var... Qolumu qaldırıb boynuna keçirdir... Qadın olsa da, güclüdür...

- Evimiz yaxındadır.

- Bilirəm, eyni blokda yaşayırıq. Biz birinci mərtəbəyə köçmüşük.

- Yəqin təzə köçmüsünüz?

- İyirmi gündən çox olar. Mən səninlə tez-tez qarşılaşıram.

- Ola bilər. Amma yadımda qalmamısan...

Sonra heç nəyi xatırlamıram. Qulağıma musiqi səsi gəlir... Hansısa türk müğənnisinin həzin mahnısıdı... Gözlərimi çətinliklə açıram döşəmədə paltarlarımı görürəm... Gözlərimi bərkdən sıxıb bir də daha iri açıram... İlahi, mən hardayam?! Dikəlirəm, bura haradı?! Evdən bir neçə kişinin səsi eşidilir... Özümü toparlayıb tələsik şalvarımı geyinirəm, köynəyimi əlimə alarkən cavan bir oğlan qapını açır...

- Durmusan? Yaman bərk vurmuşdun axşam... Yaxşı çay dəmləmişəm - mən dillənmirəm, elə düşünürəm ki, yuxudayam. Gözlərimi ovxalayıb oğlana baxıram. Bu oğlandır, yoxsa qız? Ayıla bilmirəm. Qaşları alınmış, burnu kəsilmiş, dodaqları şişirdilmiş: üzdən qız, bədəndən oğlan! Deyəsən, hara düşdüyümü anlayıram, eyni zamanda qorxuram. Səkkiz il boksla məşğul olmuşam, əsgərlik görmüşəm, amma bu çəlimsizdən qorxuram. Əlimlə başımı sıxıram. O qabağımda burcuda-burcuda ortalığı təmizləyir. Corablarımı axtararaq sağa-sola baxıb yatağımın yanında ləyən görürəm... Deyəsən, qaytarmışam. Oğlan ləyəni götürüb.

- Görünür, arağın pis olub. Səhərə kimi qaytarmısan. Yaxşı ki, evdə qatıq var idi, yoxsa halın daha pis olardı.

- Mən hardayam?

- Özünü çox pis hiss edirdin. Mən də istəmədim bu halda səni evə aparım, gətirdim öz evimizə. Bir də Maşallah yaman ağırsan. Çox daşıya bimədim. Çay gətirim? Belə getmə, istəyirsən əl-üzünü yu, sonra çıx.

- Mənim qolumdan qaldıran axı qız idi.

- Hə, deyəsən. Axşamlar qız oluram, səhərlər kişi. Sənin anlayacağın dildə deyim, mən maviyəm, transam.

- Hə, lap yaxşı. Özün bilərsən. Xahiş edirəm, gödəkçəmi, ayaqqabılarımı verəsiniz.

- Ayaqqabıların da, gödəkçən də dəhlizdədi.

Mən tələsik otaqdan çıxmaq istəyirəm! Oğlan mənə:

- Bir dəqiqə tələsmə - deyib, çantasını açdı, ordan saatımı, telefonumu, cüzdanımı çıxarıb mənə uzatdı: - Bizim evə gəlib-gedən çox olur. Ona görə çantama qoydum ki, itməsin. Al pulunu say.

Sanki əlindən əşyalarımı qapıram, özümü dəhlizə atıram. Evdə əynində qadın gecə köynəyi olan bir neçə kişini görürəm... Onlardan biri mənim arxamca gələn “qızcığaza“:

- Bacı, deyəsən, qonağın gedir – deyəndə, Allahdan bütün bunların bir yuxu olduğunu arzulayırdım. Qapını açıb özümü bloka atıram. Çaşqın bir haldayam. Liftə minib evə qalxıram. Bilirəm, anam qapını açanda üzünü turşudub deyinməyə başlayacaq. Fikirləşdiyim kimi də oldu. Anam qapını açar-açmaz deyinməyə başladı:

- Bütün gecəni harda veyillənmisən? Tay-tuşların ailə saxlayır, arvad-uşağa baxır, özündə məsuliyyət hiss edir. Sənsə, ay oğul, bilmirəm nə vaxt məsuliyyətli olacaqsan? - burnunu tutdu - üst-başından it iyi gəlir. Get, çim. Bir azdan atan gələcək. Bu halda görməsin səni.

Ürəyimdə dedim ki, eh, ay ana, atam görsə də, görməsə də sən ona xəbər verəcəksən.O da həmişə olduğu kimi “cavan uşaqdı, olar belə şeylər” deyəcək.

Yaxşı bir duş alıb yatağıma girdim. Necə yatmışamsa bir də oyandım ki, artıq axşam düşüb. Evdən atamın səsi gəlir. O, qışqıra-qışqıra nəsə danışır. Başa düşdüm ki, söhbət məndən gedir. Otağımın qapısını açanda anamın da, atamın da səsi kəsildi. Ara-sıra anamın xırıltılı səslə nəsə dediyini eşidirdim. Üst-başımı səliqəyə salıb, atamla salamlaşmaq üçün mətbəxə keçdim. Atam diqqətlə üzümə baxdı, daxilimdə xəcalət çəkirdim. Başımı aşağı salıb atamdan üzr istədim. Atam təmkinlə dedi: “Əgər içməyi bacarmırsansa, içmə. İçəndə elə iç ki, evin yolunu tapa biləsən”. Masanın üstündəki su qabını götürüb başıma çəkdim. Elə bil, ciyərim yanırdı.

- Bu gün şöbə müdirin mənə zəng vurmuşdu. Deyir, xəstələri var, narahat qalmışıq, telefonunu da götürmür... Dedim, zəhərlənib, özünü pis hiss edir. Görünüşünə baxanda düz demişəm, zəhərlənmisən. Harda gecələmisən?

- Ata, bağışla, bilirəm bu vəziyyətim heç də ürəkaçan deyil... Mahmudgildə idim.

- Doğurdan, Mahmud da səni soruşurdu. Deyir, axşamdan nigaran qalıb. Yalan da danışa bilmirsən. Çalış bu vəziyyətə düşüb, biabır olmayasan. Yeməyini ye, çıx bir hava al, özünə gəl. Ya da bir yerdə çıxıb gəzək.

- Ata, evdən çölə çıxmaq istəmirəm. Başqa vaxt...

- Onda gəl nərd oynayaq, xoruzunu verim qoltuğuna (Xoruz - Bakıda mavilərə rus dilində xoruz da deyillər. Bu nədir ay Allah?!)

- Hə, qara-qara nə düşünürsən? Oyanayaq ya yox?

- Oynayaq, amma mən babamın tələbəsiyəm, yenə uduzacaqsan...

Babam yaxşı nərd oynayardı, heç vaxt uduzmazdı. Deyilənə görə, bir dəfə gənckən bir lotuya uduzub. Sonralar deyərdi ki, ona qorxumdan uduzmuşdum. Əgər qalib gəlsəydim, güllələyərdi məni. Babam çox səmimi kişi idi. Atam isə həmişə uduzardı. Görərdi ki, uduzur, tez şuluqluq salardı. Uduzmağı həzm edə bilmirdi.

- Ata, söz ver ki, uduzsan cığallıq salmayacaqsan.

- Heç mən cığallıq salmışam? Baxaq görək kim uduzur.

Atamla bir iki tas atmışdıq ki, onun əl telefonuna zəng gəldi. Atam polis işçisidir, hardasa hadisə olub, təcili getməli idi. O, getdi, mənsə bir papiros yandırıb, pəncərəyə yaxınlaşdım. Yenə yağış yağırdı, atam blokdan çıxdıqdan sonra dönüb arxaya diqqətlə baxdı. Bu zaman əlində rəngarəng çətir tutmuş bir qadın çıxdı. Harasa tələsirmiş kimi qaçaraq atamın yanından keçib taksiyə oturdu. Atam gülümsəyirdi. Atam blokun önündə səyyar satıcıyla nə isə pıçıldaşıb əlini onun çiyninə qoydu və bərkdən güldü. Atam ona verilən xidməti maşına oturub həmin taksinin arxasınca gözdən itdi.

Divanda uzanıb xəbərlərə baxırdım. Gözüm televizora baxır, beynimdə isə başqa şeylər dolaşırdı. Məni narahat edən yeganə bir hadisə var, əgər özümü unudacaq qədər piyan olmuşamsa... Sonra öz düşüncəmdən özüm də qorxub "Yox əşi, olmaz, ola bilməz! Allah eləməsin!" – deyib, yenidən həmin gecəni düşünürdüm. Fikrimi dağıtdıqca yenidən ötən gecəyə geri dönürdüm. Sonra öz-özümə qərar verdim ki, belə olmaz, gərək səhər o adamla danışım... Ya da yaxşısı budur, indi soruşum, səhərə kimi ürəyim partlayar.

Mən aşağı düşəndə qapının kandarında bir nəfərlə qarşılaşdıq. Əynində yaşıl rəngdə gödəkçə var idi, dar qara rəngdə qısa paltar, qara rəngli tor corab, dabanlı uzunboğaz çəkmə geyinmiş bu adam mənə diqqətlə baxırdı. Üzü hədsiz dərəcədə boyanmış, başına sarı rəngdə parik taxmışdı. Mənimlə salamlaşanda onu səsindən tanıdım. Bu, o idi! Dünən gecə mənə kömək edən o “qız”, səhərə kimi qayğımı çəkən o adam... Mən onunla vacib danışmaq istədiyimi dedim. O isə buna vaxtı olmadığını, səhər danışa biləcəyini bildirdi və yanımdan ildırım sürətilə uzaqlaşdı. Əslində, onu qolundan tutub saxlaya bilərdim, ancaq qonşular görərdi. Çarə ancaq səhəri gözləməkdi. Bütün gecəni yata bilmədim. Evin içində elə var-gəl elədim. Yəni mən bu qədər sərxoş olmuşam ki, onunla yaxınlıq eləyim. Dəli olacam belə getsə. Yaxşısı budur xəstəxanaya gedim. Bu gün də işə getməsəm pırpızbaş şöbə müdirim işdən qovar məni. Əslində, heç işə getmək istəmirəm. Bütün günü evdən bayıra çıxmayıb, mışıl-mışıl yatardım. Yəqin indi o da gəlmiş olar, gedim zəhrimara qalmış sözü soruşum. Qapılarının zəngini basdım:

- Kimdi? - deyə, içəridən kobud səs gəldi.

- Qonşudur. Söz soruşacam, qapını aça bilərsiniz?

- Yox, aça bilmərəm. Belə de, eşidirəm səni.

- Burdan demək olmaz axı, xahiş edirəm, qapını açın.

Qapını “Min Bir Gecə” nağıllarındakı cinə bənzəyən bir adam açdı, məni hirsli süzdü:

- Sən dünən bizdə qalan oğlan deyilsən?

- Hə. Məni bura gətirən o adamla danışa bilərəm?

- O adam deyil, xanımdır, özü də burda yoxdur. Sən də onun telefon nömrəsi yoxdu.

- Yox, məsələ burasındadır ki, mən onu tanımıram, heç adını da bilmirəm.

- O, indi evdə yoxdur, bir həftədən sonra olacaq. Adı Jasmindir.

- Mən bir həftə gözləyə bilmərəm...

- Niyə ki, belə çox xoşuna gəlib?

- Mənə bax, mən içkili olmuşam, əgər huşum başımda olsa sizin yanınızdan belə keçməzdim. Məsələmi həll edim, sizi burdan iti qovan kimi qovacam.

- Hə, həmişə belə olur. Mənə bax, mən heç nə bilmirəm, Jasa bir həftədən sonra olacaq. Bir də bizi narahat etsən, səni biabır edərəm - deyib, qapını üzümə çırpdı.

İlahi, bu nə zibildi düşmüşəm. Mən o kafeyə getdiyim günə lənət olsun. İndi gəl bir həftə hansısa ..... gözlə. Kimə deyəsən dərdini. Nə açılasıdı, nə büküləsi... Mən cərraham, gərək bu cür fikirləri başımdan çıxaram. Yoxsa özümlə bərabər xəstələrim də əziyyət çəkər. Mən bu cür başla necə xəstələri əməliyyat edə bilərəm?! Hə, Musa boş ver, unut hər şeyi, həmin gecəni, həmin adamı. Sən istəsən bunu bacararsan. Yeni günə, yeni ruhla deyib, xəstəxanaya, xəstələrimin yanına getdim. Beləcə on gün keçdi. Demək olar ki, ancaq gecələr yerimə girəndə o hadisəni bir anlıq xatırlayırdım, dərhal da yaddan çıxarırdım. Mən tədricən hər şeyi unutmuşdum. Taaa o günə kimi...

...Sübh tezdən işə gedirdim. Blokdan çıxanda qəribə səs eşitdim. Əvvəl it iniltisinə bənzətdim, sağıma- soluma baxıb irəliləməyə davam edəcəkdim, birdən quyunun dibindən gələn səs kimi “Kömək edin”- deyə, kiminsə çağırmasını duydum. Pilləkənlərlə zirzəmiyə doğru addımladım. Hava hələ toranlıq idi. Gördüyüm mənzərə məni dəhşətə gətirdi. Burada inildəyən həmin məni hədələyən adam idi… “Allah xətrinə kömək edin” - deyə, yalvarırdı. Onun üzü qan içindəydi, əvvəl elə bildim qəzaya düşüb. Sonra dodağının, alnının partladığını görəndə başa düşdüm ki, bərk döyüblər. Ona kömək eləmək istəyəndə pis iy vurdu məni, görünür, kimsə və ya kimlərsə onu əzişdirəndən sonra üstünə sidik töküb. Qucağıma alıb xəstəxanaya aparmaq istəyirdim. Amma məndən evə aparmağı xahiş etdi. Onu evlərinə qaldıranda vəziyyəti daha da ağırlaşırdı. "Kömək edin!"- deyə, qışqırmağa başladım. İlk yardıma otaq yoldaşı gəldi. Qonşulardan kimsə tez təcili yardıma zəng vurdu. Biz isə onun paltarını soyundurub, əyninə təmiz paltarlar geyindirmək istəyirdik. Çantasının qulpunu qoluna keçirmişdi, əlindən ala bilmirdik. Elə hey "Bunun qardaşımın pulu" - deyə, sayaqlayırdı. Onu huş apardı. Paltarlarını dəyişdik. Bu vaxt onun qabırğalarının da sındığını hiss elədim. Onun bütün bədəni göyərmiş, qızarmışdı. Artıq başqa qonşular da səsə yığılmışdı. Təcili yardım maşını gecikirdi. Hər kəs onun başına toplaşmışdı. Öz aralarında gizlin dedi-qodu edirdilər. Bu adam isə can verirdi. Nəhayət, təcili yardım maşını gəldi. Həkimə özümü təqdim etdim, təcili onu xəstəxanaya aparmalı olduğumuzu dedim. Qonşuların köməyi ilə xərəyə qoyub maşına tərəf apardıq. Qonşu oğlan mənə yaxınlaşıb dedi:

- Sən demə, bunlar mavidirlər. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa maviyə kömək edəcəm.

Mən onu dirsəyimlə vurub:

- Maviyə yox insana kömək edirsən…

- Bunlar, insan deyillər. Bilirsən, bizim dində bunları öldürməyi buyurublar.

Lap hövsələdən çıxdım:

- Bəs sizin dində oğrular üçün nə deyiblər?

Qonşu mənə baxdı:

- Alə, Ətağa cəddi, onu mən eləməmişdim, şərdi,- əlini şappıltıyla üzünə vurdu,- qedeşcanı! Zəhrimar da nə ağırdı? Çatdıq, qoy.

Onlar heç yola düşməmiş qonşular – rəyasət heyəti yığışıb dərhal qərar verdi:

- Bunları qovmaq lazımdır! Məhəlləmizdən rədd olsunlar! Əslində, onları daşlamaq lazımdır! - bunu deyən, qonşuda on üç yaşlı qızı zorlayıb, türmədə yatan Qabilin anası idı.

İzdihamın içərisində anamı gördüm. Üşüyürdü deyə, əllərini qoltuğunun altına qoymuşdu… Anamın qoluna girdim və evə tərəf addımladıq… Anam yaman kədərliydi. Gözləri dolmuşdu. Mənə baxıb – “Sən anadan olanda rəhmətlik baban ilk nəvəsi oğlan oldu deyə yeddi qurban kəsmişdi. Bütün kənd bizə gözaydınlığı verirdi. Allah uzaq eləsin, birdən sən də boyüyüb belələrindən olsaydın nolardı halımız… dəhşətdi Vallah. Oğlun olanda sevinirsən, amma bilmirsən oğlun böyüyəndə kim olacaq, oğlanmı, qızmı?! Görəsən, bunların valideyni nə haldadır?!” – dedi.

- Ana, sən bunları düşünmə, mənim hələ qız olmaq fikrim yoxdu…

Anamı evə yola saldım, özüm bir taksiyə oturub xəstəxanaya getdim. Bir-birinin ardınca iki xəstəmi əməliyyat elədim. Ağır gün oldu mənimçün, başımı belə qaşımağa vaxtım olmadı. Maşınım təmirdə olduğundan məni aparmağa dostum Mahmud gəlmişdi. Mahmud mehriban və mərd oğlandı. Mən onunla eyni sinifdə oxumuşam. O vaxtdan indiyənə kimi dostluq edirik. Amma həddindən artıq çox danışır. Düzdür, söhbətləri maraqsız olmur, amma bəzən yoruluram. Maşına oturan kimi Mahmud sağ əlini mənə tərəf uzadıb salamlaşdı. Hal-əhval tutandan sonra:

- Bu gün məhəlləyə polis gəlmişdi.

- Xeyir ola, yenə uşaqlar dava salıb?

- Yox əşi, o mavi yox idi, deyir onu binanın yanında döyüblər. Camaatın ifadəsini alırdı ki bəlkə kimsə görüb onu döyənləri. Oğlan can verir…

- Hə, onu yaman pis döymüşdülər. Nəinki, döymüşdülər, təcavüz belə eləmişdilər. Görünür daxili qanaxması da var idi.

- Eh bunlara bu da azdı… Yadındadı sən həmişə nə deyirdin.? Bunları öldürüb kütləvi basdırmaq lazımdı, başqalarına göz dağı olsun.

- Bunu mən orta məktəbdə oxuyanda demişəm. O vaxtlar uşaq olmuşam. İndi anlayıram, heç bir insanı öldürmək olmaz.

Yol boyu hər ikimiz susduq… Biz artıq evə çatmışdıq. Əvvəllər evə gəlmək istəmirdim, indi də evdən çıxmaq istəmirəm.

…Divanda oturub televizora baxırdım. Əslində baxmalı bir veriliş də yox idi. Bir də gördüm ki, anam alnımdan öpüb məni oyadır. Sən demə, uzanıb televizora baxanda məni yuxu tutub. Hətta anam üstümə ədyal sərəndə belə hiss etməmişəm. Hamama keçib əl-üzümü yuyurdum ki, qapının zəngi çalındı. Üzümü silib dəhlizə çıxanda gördüm anam qapını yarımçıq tutub kimləsə danışır. Səs kişi səsi idi. Anamı kənara çəkib gördüm ki, sahə polisidir. Atam polis işçisi olduğu üçün öncə atamın halını soruşub aşağıdakı qonşu ilə bağlı bir-iki sual verəcəyini dedi.

- Mərhumu tanıyırdınızmı?

- Hansı mərhumu? - gözlərimi bərəltdim.

- Aşağıdakı qonşunu deyirəm də, xəstəxanaya aparılan o cinsi bilinməyəni…

- O, ölüb ki?

- Hə, bir-iki saat bundan qabaq keçinib. Yanında qalanlar deyir ki, onu sübh tezdən zirzəmidən tapıblar. Özü isə ifadəsində binaya yaxınlaşanda bir neçə naməlum adam tərəfindən döyüldüyünü dedi. Siz səs-zad eşitməmisiniz, ya yad bir adam görməmisiniz?

- Yox, yad adam görməmişəm. Mənə bax, axı o necə ölə bilər?

- Orasını bilmirəm. Hələ ki, can almağa mən getmirəm. Zarafat bir yana, Vallah, necə olduğunu bilmirəm, həkimi deyir, ölüb. Hətta sabah dəfnidi.

- Niyə gülürsən, insanın ölümünə də gülərlər?

- Deyirsən, hec nə esitməmisiniz? Bura bax, bu mavinin ölümü sarsıtdı səni?

- İnsan ölümü həmişə sarsıdır. Bizdə hər kəs yatılı olub o döyülən vaxtda. Səni əmin edim, əgər kimisə görsəydim onun bu cür döyülməyinə icazə verməzdim.

Sağollaşıb qapını ördtüm. Bir az qapının arxasında durub, yenidən birinci mərtəbəyə düşdüm. Qapılarını döydüm, qapını üzümə Jasmin adlı trans açdı. Onun gözlərinin boyası üzünə axmaşdı. Görünür dostuna görə pərişan olub. Heç bilmədim nə soruşum. O, məni evə dəvət elədi. İçəri keçdim. Dəhlizdə bir neçə çamadan gördüm. Deyəsən harasa köçürlər. O, mətbəxə keçdi, mən də onun arxasınca. Stolun üstündə, halva var idi. Mənə bir stəkan çay süzüb, halvanı qarşıma qoydu.

- Cavan idi. Onu vuranın əli qurusun. Qızlar deyir sən ona kömək etmisən. Çox sağ ol, bəlkə kimsə lap əvvəldən onu görüb, xəstəxanaya aparsaydı, indi sağ qalardı…

- Bilmirsiniz, onu kim döyüb?

- Yox, hardan bilək, biz adətən yaşadığımız evə qadın paltarıyla gəlmirik. Şəhərdə, kafedə, harda gəlsə tualetə girib paltarımızı dəyişirik. Həmin gün o məcbur olub, evə gəlməyə. Sancılanıbmış, küçədə onu trans olduğunu görən bir neçə nəfər döyüb. Sonra da gətirib bura – zirzəmiyə atıb, bir də üstünə... - əlləriylə üzünü tutub hönkürtüylə ağladı. Hıçqırıqlı səslə: - Bizim hamımızın sonu belə olacaq. Bu evi kirayə tutmuşduq. Bu üç ayda yeddinci evdi dəyişirik. Çox sevinirdik ki, bu evin yiyəsi xaricdə yaşayır. Burada rahat qalarıq. Amma qismət... Nə etmək olar? Qonşular yığışıb bizə sabaha kimi vaxt qoyublar, sübh tezdən çıxmalıyıq.

- Bəs hara gedəcəksiniz?

- Hərəmiz bir yerə. Əslində imkanımız olsa bu gün çıxıb xaricə gedərdik. Ancaq asan məsələ deyil. Eh, bu bizim taleyimizdir… Sən niyə gəlmişdin? - Sonra başını aşağı salıb istehza lə gülümsündü, - narahat olma, səninlə aramda heç nə olmayıb… Sən fantan kimi qaytarırdın. Lakin arada söhbətləşirdin bizimlə. Sərxoş olanda yaman maraqlı, gülməli, şən olursan. Səni bir neçə dəfə görmüşdük, yaman ciddi adamsan. Hətta zarafatla "Əgər bu məhəllədən bizi qovmağa gəlsələr, birinci bu oğlan gələcək" demişdim.

- Ev mənim deyil qovum sizi. Məhəllənin də ağası deyiləm. Translara da münasibətim pisdir. Düşünürəm ki, siz lənətlənmişlərsiniz. Axı, siz bizim kimi kişi də qala bilərdiniz. Daha ailənizə, millətinizə utanc yeri olmazdınız.

- Bizim aləmdə kişilik, xasiyyətiylə kişi sayılır. Hamı bizi lənətləyir. Amma heç kim bizi yaxından tanımağa cəhd göstərməyib. Səni digərlərindən fərqli zənn etmişdik…

- Tutaq ki, sizi tanımaq istəyirəm - mənə təəccüblə baxan oğlana - səmimiyyətimə inanın…

- Onda dayan, sənə bir gündəlik verim, amma səndən bir xahişim var, heç kimə vermə o gündəliyi. Bu Masiyanın gündəliyidi. Rəhmətə gedən rəfiqəmin. Əgər oxumasan, yandır.

O, qırmızı parçaya bükülmüş dəftəri mənə uzatdı. Əvvəl götürmək istəmədim. Sonra onların həyatı mənə maraqlı gəldiyindən gündəliyi əlindən aldım. Sabah saat neçədə gedəcəklərini soruşdum. Çünki bilirdim ki, bəzi cavanlar onları əzişdirmək istəyir. Oğlan, gülümsəyib narahat olma dedi və qapını açdı. Mən evə getdim. Dəftəri dolaba qoyub, qonaq otağına keçdim. Artıq atam evdəydi. Onunla söhbət etməyə başladım. Məlum oldu ki, atam lap əvvəldən onların trans, mavi olduqlarını bilirmiş. Hətta ötən gün səyyar satıcıyla ölən transa gülürmüşlər. Atam onları xəstə adlandırdı, anam tərbiyəsiz. Mənsə heç nə düşünmək istəmirdim. Çünki onları tanımaq istəyirdim. Mən o gündəliyi oxumalıydım, onun nələr yaşadığı maraqlıydı mənə. Otağıma keçdim. Gündəliyi açdım. İlk səhifəyə alnına qara tel tökülmüş, çatmaqaş, uzunburun, üzü azca tüklənmiş, əynində mavi köynək olan hardasa on üç-on dörd yaşlı bir oğlan şəkili yapışdırılmıdı. Altına kişi adı və soyadı yazılmışdı. Görünür bu Masiyanın şəkliydi… Yalan olmasın, hardasa on dəqiqə şəkilə baxdım. Sonra vərəqi çevirdim. Qırmızı qələmlə “Mənim həyatım” yazılmışdı. Yazanın xətti olduqca səliqəli idi.

"Salam həyat! Bu gün bir filmə baxdım. Orda qız gündəlik tutmuşdu. Gün ərzində başına nə gəlirdisə, bax, həmin dəftərə yazırdı. O, gündəlik həmin qızın sirdaşı olmuşdu. Mən də qərar verdim ki, belə bir gündəlik tutum. Çünki mən yaşadığlarımı heç kimə deyə bilmərəm. Gündəliyim, səni hər gün yazmayacam, ən vacib günlərimi yazacam. Elə isə bir az uşaqlığımdan yazmaq istəyirəm. Bu gün mənim on üç yaşım tamam olur. Ancaq bunu mən bilirəm. Anamın bu gün ikinci dəfə ana olmağı ağlına belə gəlmir, atam isə mütləq bu günü qeyd edəcək. Çünki o hər gün içir. Hədiyyəsi də var, həmişəki kimi. Axşam gəlib əvvəlcə anamı söyəcək, sonra da bizi… Bu hələ harasıdı, sonra da qonşuları. Əlinə nə keçsə sındıracaq. Amma bununla qurtarsa bizim üçün bayram olacaq. O, bizi döyməmiş yatmır. Deyir uşaq döyüldükcə canı möhkəmlənir. Mənim canım döyülməkdən o qədər möhkəmlənib ki, bədən tərbiyəsi dərsindən muəllim məni azad edib. Deyir çox zəifəm, lap qız kimi…"

Ardınca yeni tarix qoyulub. Bu onun ad günündən bir gün sonra yazılıb:

"Dünən mənim ad günüm idi. Heç kim məni təbrik etmədi. Düzdü, anam həmişəkindən fərqli olaraq bu dəfə ad günümü xatırladı. Dedi ki, bir neçə il bundan əvvəl bazara getmişdim, söz vaxtına çəkər, bu gün ayın neçəsidi, mən də dedim iyirmi səkkizi, dedi hə də, görürsüz, yaddaşım pis deyil. Harda qaldım, hə, bazar getmişdim ki, lobya alım. Ürəyim yaman lobya istəyirdi, elə ordaca sancım tutdu, apardılar xəstəxanaya, sən oldun. Xəstəxanadan evə qayıdanda dədən təpiyin altına salıb məni çırpdı ki, doğmağa gedirsən, bəs niyə yemək bişirib qoymursan? İndi dur get Cabbarın dükanına, iki kilo lobya al, o vaxt yeməmişdim, heç olmasa bu gün yeyim. Deyərsən borcumuzu dəftərə yazsın. Hava isti idi. Hasarların kölgəsiylə yuxarı məhəllədə yaşayan Cabbargilə gəldim. O, evinin qarajını dükan eləmişdi. Qarajın qapısına kiril əlifbasıyla “nisiyə mal verilmir “ yazılmışdı. Bunu oxusam da içəri girib Cabbarın oğluna dedim ki, bizə iki kilo lobya, beş dənə çörək ver. O da lobyanı bazar zənbilinə yığıb, çəki daşının üstünə qoydu, çörəkləri gətirəndə dedi ki, “nisyə vermirik ha”. Mən də yerə göyə baxıb “bilirəm” dedim. Yumruğumu bərk-bərk sıxıb elə dayandım ki, güya pulum var. Mən lobyanı da, çörəyi də əlimə alıb dabanıma tüpürüb qaçdım. O da mənim arxamca. Ayağımdakı rezin başmaq cırıldığınadan rahat qaça bilməyib, yıxıldım. O gəlib əlimdən bazar zənbilini darta-darta alıb, başıma da bir qapaz çəkdi: - Dədənə de, gəlib borcun ödəsin, bütün dükan bir ildi sizə işləyir. Ə, keçən qışdan borcunuz var. Oğru köpəyin uşağı… Ayağa durub üstümün tozun çırpdım evə gəldim anama vəziyyəti danışdım. O da məni yaxşıca çırpıb, apardı ki, Cabbarın oğlundan üzr istəyim. Cabbarın yekəqarın oğlu bizi görüb çıyələyi iştahla yeyə-yeyə saymazyana balaca sovetdənqalma televizora baxırdı. Orda da türk müqənnisi oxuyurdu. Anam qapıdan içəri girib məni də dartdı. Başladı ona yalvarmağa, məni də məcbur elədi ki, mən də yalvarım, beləcə, iki kilo lobyaya, beş dənə çörəyə görə anam bütün nəslin Cabbarın oğluna qurban elədi. O da bundan sonra gözü televizorda gətirib çörəyi də, lobyanı da qabağımıza atdı. Bir də hirslə "day verməyəcəm, borcunuzu ödəyin" dedi. Anam bir kasa teksun yağı, iki dənə yumurtanı qonşudan borc alıb yeməyi bişirdi.Sonra da beş barmağıyla yeməyi iştahla yedi. Beləcə mənim ad günümü qeyd elədik. Bu gün yeməyə lobyamız var, amma sabah nə yeyəcəyik, bilmirəm. Axı Cabbar bizə nisiyə ərzaq verməyəcək."

Mən birnəfəsə gündəliyi oxuyuram. Bu vaxt həyətdən səs gəlir. Bu Jamingildi, onların arxasınca kimsə gəlib. Yüklərini maşına qoyub başını yuxarı qaldırır, pəncərədə məni görüb əl ilə "sağ ol" eləmək istəyir amma yan pəncərəyə baxıb maşına əyləşir. Mən yenidən qaldığım yerdən oxumağa başlayıram:

"Bu gün həyətdə oturub, tum çırtlayırdım. Balaca qardaşım gəlib yanımda oturdu, burnunun suyunu axıtdı ki, qonşuda oğlan dondurma yeyir. Dedim:

- Ə, biz pul tapmırıq çörək alaq, sən dondurma istəyirsən?!

Amma yaman ağlayırdı. Əslində mən də buz kimi dondurma istəyirdim, olsa necə yeyərəm... Bəlkə gedim Cabbarın oğlunun yanına, dil töküm, iki dondurma alım, əvəzində də birgünlük nə iş desə görərəm. Durub qaça-qaça dükana getdim, amma qapı bağlı idi, qonşu dedi ki, sabah açacaqlar. Kor-peşman evə qayıtdım. Qadaşım küçənin tinində məni gözləyirdi, əlimə baxıb gözləri doldu. Dedim narahat olma sabah sənə mütləq dondurma alacam. Bütün gecəni onun səsindən yatmamışam. Səhərəcən dondurma sayıqlayıb. Əslində yadından çıxsaydı, heç dükana getməzdim. Zəhləmgetmişin sifətini belə görmək istəmirdim. Amma səhər gözünü açar-açmaz qardaşım mənə dedi ki, sən mənə dondurma sözü vermisən. Hə, yadından çıxmayıb? İndi gərək gedim murdarsifətin yanına."

Yenə tarix dəyişilib. Həmin gündən on üç gün sonra yazıb. Əvvəlinə bir ürək çəkib, içindən ox keçir, ürək isə qan ağlayır:

"Mən ölmək istəyirəm. Necə öləcəyimi bilmirəm. Yaşamaq istəmirəm. İyrənirəm hər kəsdən, hər şeydən. Dost, mənim başıma dəhşətli bir fəlakət gəldi. Yadındadır, sənə demişdim axı, dondurma almağa gedirəm. Mən həmin günü dükana getdim. Cabbarın oğlu əlində bir jurnal küncə sıxılıb nəyəsə baxırdı, yavaş başımı içəri salanda gördüm şəkillərə baxır. Onun rəngi qızarmışdı, gözləri bərəlmişdi, az qalsın ağzının suyu axsın. Mən səs çıxartım. O məni görüb jurnalı altına qoydu. Sonra da başladı ki, içəri girəndə səs çıxart də. Nə istədiyimi soruşdu. Mən də dedim ki, iki dondurma istəyirəm. Pulumu soruşdu, dedim yoxdu, amma əvəzində sən nə iş desən görərəm. O da mənə hirslənib - ə, qızbibi, sən nə iş görə bilərsən, hə? Canın-cəsədin olsa, nəysə bir iş tapşıraram. Sürüş, burdan!

- Mən görərəm, vallah görərəm - dedim. O da kartof kisəsini mənə göstərib: - Qaldır görüm onu - dedi. Nə qədər cəhd göstərdim, qaldıra bilmədim. O, dalımdan bir təpik vurub, qapıdan çıxartdı məni. Tində daşın üstündə oturdum. Evə gəlmədim, özümə söz verdim ki, oğurlamalı da olsam, qardaşıma dondurma gətirəcəm. Həmin gün qonşu qızının toyu idi. Hamı ora gedirdi. Cabbar da ailəsiylə toya getmişdi. Bir oğlu qalmışdı. Mən yenə ora getdim. Qapının yanında boynumu büküb dayandım. Oğlan məni içəri çağırdı:

- Ə, and iç ki, nə desəm, eləyəcəksən, bir də heç kim bilməyəcək?

Mən and içdim. O da mənə iki dondurma verib dedi:

- Get, amma saat səkkizdə bura gəl, sənə iş tapşıracam. Əgər yaxşı görsən atamdan xəlvət evə nə istəsən verəcəm.

Dondurmanı alıb evə qaçdım, yolda öz payımı yedim, hələ qardaşımın dondurmasından da bir az dişlədim. Qardaşım dondurmanı görəndə yaman sevindi.

Saat səkkiz oldu. Getdim Cabbarın xarabasına. Oğlu artıq dükanı bağlamışdı. Yerdən balaca bir daş götürüb qapını dıqqıldatdım. Oğlan darvazanı açdı, məni görəndə elə sevindi ki, elə bil ən əziz qonağı gəlib. Boynumu qucaqlayıb, vaxtında gəldiyimə görə təriflədi məni. Mən piləkənlərə tərəf gedəndə o, məni onlara qonşu olan yarımçıq evə tərəf çəkdi. Bu yarımçıq tikilən ev onun əmisigilin idi. Araya hasar çəkilsədə hasarın tam ortasına qapı yeri qoyulmuşdu. Dedim yəqin daş qaldıracam, ya qum daşıyacam, ya da yer belliyəcəm. O, mənim boynuma qolunu salıb, cibindən kağıza bükülmüş iki papirosa oxşayan nəsə çıxartdı. Birni özü yandırıb damağına qoydu, o birini də mənə tərəf uzatdı. Mən istəmədim. O, yerə şonquyub axıra kimi onu çəkdi. Yaxşı ətiri vardı. O, çəkir, mənsə ətrafa göz gəzdiridim ki, görüm mənə nə iş tapşıracaq. O, papirusu çəkəndən sonra dərindən bir ah çəkib, "tez olmalıyıq, harda olsa, atamgil gələcək" dedi. Sonra məni öpmək istədi. Mən qaçmaq istəyəndə:

- Ə, dondurma yaxşıydı, bu pis? - deyib məni döydü, sonra da zorla mənə sahib oldu. Bütün günü heç nə yemədiyimdən, ondan da qat-qat zəif olduğumdan əlindən qaça bilmədim. Mən qışqırırdım, o da ağzımı tutub məni qapının ağzına atdı. Sürünə-sürünə evə gəldim. Heç kimə heç nə demədim. Dedim, qaçanda yıxılmışam, anam da qolumdan bir çimdik alıb evə buraxdı. Bir neçə gündü heç bir yerə çıxmıram. Amma anam hər gün Cabbarın dükanından nisyə mal alır. Özü də deyir bu vurulmuş düşmən edəcəkdi Cabbarın oğluyla bizi, elə yaxşı oğlandı, nə istəsəm verir… Bu gün güzgüyə baxdım, elə bil daha üzümə tük çıxmır, saçım da uzanıb, rəngim də ağappaqdı, deyəsən mən qız oluram. Heç vaxt qız olmaq istəməzdim. Cabbarın səxavətli oğlu məni qız elədi. İndi gərək yerişimi də dəyişim. Mən güzgüyə baxıb bunları düşünürdüm, yenə balaca qardaşım qapının ağzından mənə baxdı:

- Sən mənə “Yupi” alarsan?

- O nədir elə?

- Təzə gəlib, suyla qarışdırırsan, olur limonad…

Yəqin yenə qonşunun evində görüb. Qardaşım üzümdə razılıq əlamətini hiss edib qaçaraq küçəyə çıxdı, dərhal da əlində həmin yupinin kağızı geri qayıtdı. Mən kağızı alıb baxdım ki, bu limonad tozudu. Qardaşım mənə sığındı:

- Mən nə istəsəm, alırsan. Bilirəm, dükanda oğlana kömək edirsən. İstəyirsən məni də apar, sənə kömək edim. Nə iş desən görərəm.

Bu sözü eşidəndə elə bil başımdan qaynar su tökdülər. Onun başına bir qapaz vurdum. Sonra da bərk-bərk tapşırdım ki, heç kimə bu sözü deməsin. Ona söz verdim ki, istədiyi hər nə varsa, alacam onunçün. Sonra evdən çıxıb, getdim dükana. Oğlan pul sayırdı. Məni görəndə çaşdı. Dilli topuq vurdu. Mən də bir az ədayla evə nə lazım olduğunu dedim. O da əlləri əsə-əsə tələsik istədiyim hər nə varsa bazar zənbilinə yığdı. Üç zənbili sürüyə-sürüyə evə gətirdim. Anama dedim Cabbarın gədəsinə kömək eləmişəm, əvəzində bunları verib. Sonra da anama dedim ki, dədəsi bilmir ona kömək edirəm. Bilsə qoymaz, heç kimə demə. Evimizdə hamının üzü gülürdü. Çünkü bir neçə günlük süfrəmizdə yaxşı yeməklər olacaqdı. Mənsə bir neçə gün Cabbarın oğluna kömək edəcəkdim."

Tarix bu hadisədən hardasa dörd il sonra yazılıb. Görünür bu dörd ildə o, heç nə yazmaq istəməyib.

"Salam dost! Bu gün mən orta məktəbi bitirdim, sonuncu imtahanımı da verdim. Qiymətlərim əladır. Bircə unversitete qəbul olsam, əla olar."

Yenə tarix dəyişib.

"Mən nəhayət ki, tələbəyəm. Memar olacam. Öz üzərimdə yaxşı işləməliyəm. Çox xoşbəxtəm. Evdəkilər isə yaman narahatdılar. Deyirlər sən oxusan,evi kim dolandıracaq? Mənim qəbul olunmağıma özümdən, bir də müəllimlərimdən başqa heç kim sevinmir. Nə yaxşı ki, müəllimlərim var, mən heç vaxt onların haqqını unutmaram. Ancaq gərək bir yerdə günortadan sonra iş tapam. Yoxsa dərsə getməyə yol pulunu hardan taparam."

Oxuduqca hiss edirəm ki, deyəsən onun həyatı səhmana düşüb. Sonra yeni tarixi oxuyuram. Yazığın keçmişdə yaşadıqları jurnal olub ki… Tarixlərə baxıram demək olar ki, o hər gününü qələmə alıb.

"Mən səhərlər oxuyur, axşamlar isə bir restoranda qarson işləyirəm. Burada məndən başqa on yeddi nəfər işçi var. Onların içində altı nəfər qız var ki, müştərilər həmişə onlara artıq bəxşiş verirlər. Bizə isə qəpik-quruş. Biz həddindən artıq işləyirik. Bundan başqa mətbəxdə aşbazlara da kömək edirik. Lakin rəhbərlik bizim işimzi qiymətləndirmir, əksinə, hər gün müştərilərin yanında təhqir edir bizi. Eh yenə buna şükür!"

Davam edir.

"Bu gün direktor məni yanına çağırıb, işdən azad olunduğumu dedi. Səbəbini isə demədi. Güya müştərilər məndən narazıdı. Dedim eybi yox, bəlkə içəridə qab yuyaram. Dedi əlavə sözə ehtiyac yoxdu. Bir saat möhlət verirəm, buranı tərk et. Mən nə qədər yalvardımsa dinləmədi. İndi ki belə oldu, deyib bütün boşqabları sındırdım. Ortalığı darmadağın etdim. O da məni yaxşıca əzişdirdi. Düzdü, bütün əzələlərim ağrayırdı, lakin intiqamımı aldım. Bir neçə gündü iş axtarırıram. Heç bir yerdə iş yoxdu. Deyirlər qadın olsaydın, bir iş tapardıq. Hər bir işə qadın axtarırlar. Cibimdə pulum qurtarıb. Bütün şəhəri demək olar ki, ayaqla dolaşıram. Avtobuslarda arxadan düşüb, qaçıram. Təcrübəli sürücülər arxa qapını bağlayanda işim lap tərsə düşür. Çünkü bir neçə dəqiqə olsa da onlarla çəkişməli oluram. Onları da qınamıram, bütün günü sükan arxasında oturub gözlərin o qəpik-quruşa dikirlər. Borc almağa yaxınım belə yoxdu. Çox çətin vəziyyətdəyəm. Dolanışıq ağırlaşır. Evdə çörəkdən başqa heç nə olmur yeməyə. Çörəyi də adambaşına hissələrə bölüb yeyirik. Normadan artıq yeyə bilmirik. Bəzən qəndi çay qaşığında əridib qaynar suda qarışdırıb səhərlər çay kimi içirik. Artıq bir neçə gündü bizim güzəranımız belə keçir. Tikinti şirkətlərinə gedirəm, bədənimə baxıb "lazım olsan zəng vurarıq" deyirlər. Güya nömrəmi qeyd edir briqadir. Yalandan yazmış kimi görsənir, üzüqara evimizin yolunu tuturam yenə."

Bir gün sonra yazıb:

"Dünən axşam şəhərə çıxmışdım. Bir barın qapısına işçi tələb olunur yazmışdılar. İçəri keçdim. Qapıda hündürboy, enlikürək, başı keçəl bir oğlan durmuşdu. Ona yaxınlaşıb elana görə gəldiyimi dedim. Orada qəlyan çəkən, hardasa otuz beş yaşlarında bir oğlanın yanına gətirdi. O, məni başdan ayağa süzüb təcrübəmin olub, olmadığını soruşdu. Mən də "var"- dedim. Üstəlik yalandan bir neçə gecə barının adını çəkdim. O da məni işə götürdü. Orada günəmuzd işləyəcəm. Bu mənə əməlli-başlı sərf edir”.

Və bu yazıdan sonra Masya heç nə yazmayıb tam beş il. Bir neçə ay bundan öncə yazmağa başlayıb. Mənim keçmişim deyə. O gündən başına nə gəlibsə, deyəsən, yazıb… Gecə saat dörddü. Mənim heç yuxum gəlmir. Bu dəftəri sonuna kimi oxumaq istəyirəm. Doxsan altı vərəqli dəftər və iyirmi üç illik ömür…

“Bundan bir neçə il əvvəl bir bara işə düzəlmişdim. İşim çətin idi. Bütün gecəni ayaq üstə qalırdım. Nə yemək yeyə bilərdim, nə su içə bilərdim. Arada oturmağa belə icazə vermirdilər. Bütün gecəni işləyir, qazandığım pulun üstündən yolpulu götürüb qalanını atamın yastığının altına qoyub, səhərlər dərsə gedirdim. Hər gün metroda yatıb, başqa stansiyada düşürdüm. Beləcə bir neçə gün idi işlədiyim daimi müştərilərlə münasibətim yaranmışdı. Bura kişi tovlamağa fahişələr gəlirdi. Onların xasiyyəti mənimlə tuturdu. Arada ayaqüstü söhbət edirdik. Bir gün bara bir trans gəldi. Yaman əsəbi idi. Mən ona yaxınlaşmağa ehtiyat edirdim. Məndən əvvəl işləyən oğlan özünü qabağa atıb ona qulluq eləməyə başladı. Barmen mənə göz eləyib dedi: "Yaxşı xeyir verəndi. Gərək sən yaxınlaşaydın ona". Mən də daxilən heyfslənmişdim ki, trans səsini başına atdı. Sən demə, içki üstünə dağılıb. Oğlan salfetlə onun üstünü qurulamağa çalışanda o daha da əsəbləşib bardan çıxdı. Həmin gecə nəsə işlər tərs gətirirdi, bir neçə nəfər müştərinin arasında dava düşdü. Mən nə yalan deyim, qorxurdum. Polis çağırdıq, polis müştəriləri aparanda şef məndən barda qalmağımı istədi. Qapını bağlayıb, divanın üstünə uzandım. Elə yorulmuşdum ki, gözümü yuman kimi yuxu məni tutdu. Mən bir tərəfdə, o biri iş yoldaşım digər tərəfdə uzandı. Yuxumun şirin yerində oğlan məni oyatmağa başladı. Dedim, yəqin şef gəlib. Oyananda həmin transın başımın üstündə durduğunu gördüm. O, itən qolbağını axtarırdı. Dediyinə görə, qiymətliymiş. Biz bərabər axtardıq. Amma heç bir yerdə tapmadıq. Trans barmaqların şıqqıldadır, silikon dodağını dişləyib əsəbi halda bizə baxırdı. Dedi ki, tapmasaq ikimizi də polisə verəcək. Bu nə iş idi düşmüşdüm, ay Allah. Biz hər yanı, dəlik-deşiyi axtarırıq, o isə ayağını ayağının üstünə aşırıb, siqaret çəkirdi. Onun mənimlə işi yox idi, ancaq yoladaşımı yaman hədələyirdi. Sonra yoldaşımı yanına çağırıb, boğazından tutdu, başladı onu boğmağa. Mən cumub yoldaşımı onun əlindən almaq istəyirdim ki, oğlan cibindən qolbağı çıxarıb ona qaytardı. Bir gecədə bu qədər hadisə bəs edirdi mənə. Oğlana dedim ki, şefə deyərsən mən işdən çıxdım. Gecə saat üç idi. Hər yer bağlı, yolda taksilər ötüşürdü. Mənimsə cibimdə siçanlar oynayırdı. Burdan evə kimi ayaqla getməliydim. Bir az getmişdim ki, yanımda taksi saxladı. Baxdım ki, içəridə həmin trans. Hara gedəcəyimi soruşdu. Sonra yanına çağırdı. Biz yolda söhbət eləməyə başladıq. Maraqlı söhbət edirdi. Məhəlləmizə çatanda mənə nömrəsini verdi. Dedi axşam saat 5-dən sonra zəng vurum, görüşək. Mən taksidən düşəndə, o, əlimə pul sıxdı. O gündən mənim onunla dostluğum başladı. Mən başıma gələnləri ona danışdım. O güldü, dedi, axtarsan hamımızın bir hekayəsi var. Məndən fərqli olaraq, o, özünü qız zənn edirdi. O düşünürdü ki, əslində, o qız doğulmalıymış. Xaricdə yaşayan sevgilisi belə var idi. Onun ətrafı çox geniş idi. Məni çoxlu dostlarla tanış eləmişdi. Mən onlara gedirdim, gələn dostlarına qulluq edirdim. Gözəllik salonuna bir yerdə gedirdik. Bir sözlə ona xidmət edirdim. O da bunun qarşılığında mənə pul ödəyirdi. Xaricə dincəlməyə gedəndə mənə bahalı geyimlər alırdı. Mənim qismən də olsa pul problemim həll olunmuşdu. Lakin metroya düşəndə hər kəs mənə qəribə baxırdı. Elə universitetdə də, küçədə də… Mən bir gün bunu ona danışdım. O güldü: "Əzizim, sən artıq gənc qız kimisən". Sonra öz həyatını mənə danışmağa başladı. Dedi ki, o balaca olanda ancaq qız paltarları geyirmiş. Qız kimi gəlinciklə oynayırmış, arada anasının pamadasından dodaqlarına çəkirmiş. Beləcə o, həmişə daxilində qız olduğunu düşünürmüş. Yeniyetmə yaşa çatanda bədəni kişi forması almağa başlayıb. O, depressiyaya düşüb. Deyir, mənim ruhum yanlış bədəndəydi. Dedim, indisə belədi, mən özümü qıza çevirərəm. On yeddi yaşında artıq qaşlarını almağa başlayıb. Saçlarını uzadıb, qadın paltarları geyinib. Atası xaricdə yaşadığından bunu ilk görən anası olub. Anası oxumuş qadın olduğundan onu psixoloq yanına aparıb. Psixoloqun ona heç bir təsiri olmayıb, anası yaxınlıqda yaşayan bir mollanın yanına aparıb. Mollada ona Lut peyğəmbərin əhvalatını danışıb. Deyir, Molla o qədər maraqlı danışdı ki, bu əhvalatı heç vaxt unutmayıb. Sonra fikirləşib ki, o əhvalatlarda kişilər, kişiləri zorlayırmış. Hətta mələklərə belə hücum ediblərmiş. Allah da həmin vilayəti xaraba qoyubmuş.

- Mən heç kimə zərər vurmuram. Axı mən qadınam. Niyə məni məcburi kişi etmək istəyirlər anlamıram.

- Qanını qaraltma.

- Əzizim, mən onlara görə heç saçımı da qaraltmaram (bərkdən qəhqəhə çəkib) Bilirsən, məni zorla belə etdilər dedim. Mən kişi doğulmuşdum. Hələ sinifdə sevdiyim qız da var idi. Doğurdan, sevdiyim qızın hər gün qələmini gizlədirdim ki, o, məndən qələm istəsin. Və bir neçə dəqiqə olsa belə söhbətləşim onunla. Onun mehriban danışığı xoşuma gəlirdi. İndi istəsəm də, kişi kimi gəzə bilmirəm -dedim,- hisslərim də kişi hiss deyil.

- Bilirsən, Masya, olar mən səni belə çağırım?

- Çağır - dedim.

- Səndə qız gözəlliyi var. Əgər kişi kimi ola bilmirsənsə qadın ol. Əlbəttə, bu birdən-birə olmur. Zamanla sənin məndən heç nəyin əksik olmayacaq.

O, mənə çox kömək edirdi. Dəhşət savadlı idi. Bütün günü kitab oxuyurdu. Bir neçə dildə səlis danışardı. Hər gün mənə dünyada trans olan məşhurlar haqqında danışırıdı. O deyirdi, biz tək deyilik. Transların təşkilatından, tarixindən saatlarla söz açardı. O, trans olduğu üçün özünü xoşbəxt hiss edirdi. Xasiyyəti də pis deyildi. Hamıya kömək edərdi. Qonşuda bir əri ölmüş qadın var idi. Onun balaca uşaqlarına tez-tez hədiyyələr alardı. Əvvəllər hardan qazandığını bilmirdim, sonralar başa düşdüm. Çünki bir müddətdən sonra mən də onun kimi qazanmağa başladım. Ətrafımda hər kəs mənim trans olduğumu bilirdi. Çünki bunu gizlətmək mümkün deyildi. Bilirdim bir gün anamgilin qulağına çatacaq. Bəlkə də çoxdan çatmışdı, amma evdə tək qazanan mən olduğumdan atam susurdu. Axı mən olmasam onun arağın kim alacaqdı… qardaşım işləməyə başlamışdı. Bir gün sübh tezdən evə gələndə gördüm paltarlar qapının yanındadır. Nə qədər elədimsə evdəkilər mənə qapını açmadı. Balaca qardaşım bayıra çıxıb- "Rədd ol burdan. Sənin adında bizim qardaşımız yoxdu. Əgər cəhənnəm olmasan, səni öldürəcəm. Qonşular arasına çıxa bilmirik. Başımızı yerə soxmusan, utanmaz-utanmaz da evə gəlirsən. Mən sənin yerinə olsaydım, özümü asardım, ay xəstə". Paltarlarımı yığıb, yaxındakı zibilliyə atdım. Əllərimi yanıma sallayıb, gəldim rəfiqəmgilə. Hə qoy bunu deyim. Sonralardan öyrəndim ki, mənim trans olmağımı atama Cabbarın oğlu deyib. Məni evdən qovmaqlarını da o məsləhət görüb. Axı onun toyu olacaqmış. Xülasə sığındım rəfiqəmin yanına. O da atmadı məni. Biz bir yerdə işlədik. Bizimki gün deyildi. Əgər bizim qazanc yerimiz olsaydı əla olardı. Məsələn, mən memaram, ancaq harada memar işləyə bilərəm. Hara iş üçün getsəm trans olduğumu bilən kimi beş metr uzaqdan danışırlar, ələ salıb gülürlər, bəzən üzümüzə belə tüpürürdülər. Səhərlər belə eləyənlərin bəziləri gecələr bizə pul ödəyirlər, yaltaqlanırlar, sevişirdilər. Səhər açılanda onlar yenə bizə lənətlənmiş kimi baxırdılar. Biz ancaq gecələr çıxırdıq küçəyə, yarasalar kimi. Gün üzünə həsrət idik. Ya biz yalandan kişi paltarı geyinib, saçımızı kişi kimi kəsdirib, kişi kimi yeriyib bir də üstəlik kiminsə qızını alıb bədbəxt eləyib özümüzdən saxta kişilik hazırlamalıydıq ki, cəmiyyət bizi qəbul eləsin, ya da trans olub cəmiyyətin qınaq yerinə çevrilib, başımız qoltuğumuzda gezməliydik. Bizim kimilər çox yaşamırlar, ya öldürülürlər, ya özləri intihar edirlər. ya da xəstəlik tuturlar. Biz çox qəribə həyat yaşayırıq. Translar deyir ki, biz xəstə deyilik. Biz yalnış bədəndəyik. Mən də transam, amma mən yalnış bədəndə deyildim. Mən kişi doğulmuşdum, hisslərim də, istəklərim də kişi kimiydi on üç yaşıma kimi. Amma birdən dəyişdim oldum qız… Məni zorla belə etdilər… Lakin mən əxlaqsız yola düşməyə bilərdim, əgər öz sahəmdə işləsəydim. Ona da icazə vermədilər. Məcburiyyətdən bu yola düşdüm. Quyunun dibinə sürüklədilər.Bax mənim həyatımı məhv edən adamın toyu oldu, bütün qohum-əqraba başına dolandı. Toy gecəsindən sonra hamı onu kişi çağırmağa başladı. Bu ədalətlidimi görəsən.?! Zorlayan kişidir, zorlanan mavi, trans, murdar… Bax mənim ailəm məni evdən qovdular ki, mən onlara baş alçaqlılığı gətirirəm. Axı qovulan mən olmamalıydım, Cabbarın yekəqarın oğlu olmalıydı. Lakin kim ona bir söz deyə bilərdi axı… Tutaq ki, mən ondan şikayət etsəydim onu tutacaqdılar, ancaq mənim aqibətim yenə eyni olacaqdı. Mənim valideynlərim pisixoloq yanına aparmayacaqdılar, mənə dəstək olmayacaqdı. Dədəm elə həddə gətirəcəkdi ki, intihar edəcəkdim. Mən indi əxlaqsızam. Bu yolla pul qazanıram. Fahişəyəm bir sözlə… Ancaq mənim bu yolla qazandığım pulu hər ayın sonu anam gözləyir. Evə gəlməyə icazə vermirlər, amma hər ayın sonu göndərdiyim pulu yaxşıca xərcləyirlər. İşdir, arada yadımdan çıxanda, gecikdirəndə dərhal anam mənə zəng vurur. Başa düşürəm ki, pulun vaxtıdır. Mən murdaram, murdarlıqla qazandığım pul təmizdi. Eh nəisə. Rəfiqəm başqa ölkəyə köçdü. Hər nəyi vardı dəyər-dəyməzə satdı. Çünki o bir daha bura qayıtmayacaqdı. Pulların toplayıb banka qoydu. Biz bankdan evə qayıtdıq. O, yaman kədərliydi. O, vətənin çox sevirdi. Ayrılmaq ağır idi onunçün. Gecə onunla aeroporta gəldik, gözləri dolmuşdu. Vaxtından tez gəldiyimizdən, içəridə bir kafedə oturub çay içdik. Ətrafda hər kəs bizə baxırdı. O, bundan həmişə zövq alırdı, mənsə narahat olurdum. Bu dəfə belə olmadı.

- Mən həmişə xoşbəxt kimi görsənirəm. Bilirsən niyə, Masya? Bədbəxt adamlar həmişə özlərini xoşbəxt kimi göstərirlər. Mən uşaq olanda atam ölüb. Anamsa ikinci dəfə ərə gedib. Bax mənim xaricdə yaşayan ögey atamdı. Uşaq olanda o həmişə mənə belə deyərdi. “Yetim uşaqkən nə qədər zavallı, yazıqdırsa, böyüyəndə də bir o qədər qəddar, zalım olur”. Bir gün anam onun məni döydüyünün şahidi oldu. Və onu evdən qovdu. Mən onda bağçaya gedirdim - sonra susdu… Çantasını açıb mənə pul uzatdı. Mən götürmək istəmirdim. Məcbur cibimə qoydu. Dedi qızlara demişəm, bundan sonra onlarla bir yerdə yaşayacaqsan. Narahat olma, pis insanlar deyil. Hələ ayın sonuna kimi evdə qala bilərsən. İşlərimi səhmana salım, səni də yanıma gətirəcəm.

Onu yola salıb, kirayə qaldığım evə gələndə gördüm qapıda bir neçə nəfər dayanıb. Başımı aşağı salıb içəri girəndə biri qolumdan tutub yerə yıxdı məni. Sonrada başladı təpikləməyə. Bir də gördüm qonşuda yaşayan o dul qadın əlinə bir süpürgə alıb, gəlir. Hərəsinə süpürgənin taxtasıyla birini çəkdi, yalandan polis çağırdığını dedi. Oğlanlar asta qaçan namərddi məsəli qaçdılar. Gəlin qolumdan tutub ayağa qaldırdı, kirayə qaldığım evə gətirdi. Üzümü yaman dağıtmışdılar. Mütləq həkimə getməliydim. Dostlarımdan birindən xahiş elədim məni xəstəxanaya aparsın. Alnıma on iki tikiş atdılar. Artıq o evdə qala bilməzdim. Rəfiqəmin verdiyi nömrəyə zəng vurub, həmin qızların evinə köçdüm. Qız deyəndə ki, onlar da translardı mənim kimi, ilk tanışlığım maraqlı oldu. Əvvəl hamı ləqəbini deyib tanış olduq, sonra şəxsiyyət vəsiqəmizdə olan adlarımızı dedik. Bir Jasmindən başqa. O demədi. O da mənim rəfiqəm kimi özünü doğuşdan qız hesab edir. Hətta biz gerçək adlarımızı deyəndə Jasmin əsəbləşdi. Bəzən mənim xasiyyətim onlarla tutmurdu. Mən durmadan həyatımdan şikayət edirdim. Onlar isə bundan narahat olurdular. Uşaqlıqda aldığım travma məni bir saniyə də olsun tək buraxmırdı. Tək istəyim bir az pul toplayıb, xaricə köçmək idi. Istəyirdim, həyatıma yeni bir səhifə açım. Öz işimi qurum. Bu çirkabdan qurtulum. Jasminin bir rəfiqəsi var idi. Keçən il əmisi oğlu onu hədələyib ki, ona işgəncə verərək öldürəcək. O da yaşadığı evin hamamında özünü asmışdı. Jasminin sözlərinə görə o da uşaqkən mənim yaşadığım faciəni yaşayıb. Əslində, bizim işimizdə olan rəfiqələrdən bir neçəsinin uşaqkən başına bu hadisə gəlib. Kiminə uşaqkən təcavüz ediblər, aldığı psixoloji travmadan sonra belə olub, kimisə balaca olanda valideynləri o qədər qız paltarı geyindirib o özünü kişi hiss etməyib, kimisə sadəcə özünü qadın olduğunu iddia edir. Amma nəticədə bu bizim bədənimizdi, bizim ürəyimizdi, kimin nəyinə lazımdı. İnsanlar bizi daşlamağı, döyməyi bəzən öldürməyi məsləhət görür. Bizim kimə ziyanımız var axı… deyəcəksiniz cəmiyyətə. uşaqlarımıza pis təsir edəcək. Əgər bizim burda kökümüzü kəssəniz belə dünyada bizim kimi nə qədər insan var onlara nə edəcəksiz? Siz nədən narahatsınız? Ətrafınızda böyüyən uşaqların bizə oxşamağından. Qorxmayın bizdən. Siz uşaqlarınızı sadəcə qoruyun. Gözüdönmüş hər kəsdən oğlanlarınızı uzaq tutun. Onlarla danışın. Vaxtınızı onlara daha çox ayırın. Çalışın dost olasınız. Bəlkə hər şeydən vaxtında xəbəriniz olar, vaxtında da çarə taparsınız. El qınağından çəkinib onları bu zalım həyatda tək buraxmayın. Əgər belə etsəniz birbaşa siz öz balanızın qatili olacaqsınız. Mənim valideynlərim vaxtında mənə sahib çıxsaydılar yəqin belə olmazdı. Ya da Sama öz qohumu tərəfindən təcavüzə uğrayıb. Həm də illərlə. Anasına deyəndə onu şər atmaqda günahlandırıblar. Bəs Saşa o başqa ölkədə yaşayıb. Uşaqkən üstünə şər atıb içəri salıblar. Guya tərbiyələndirəcəklər ciddi rejimdə. Və həmin yerdə bir neçə nəfər tərəfindən bu hala salınıb. İki ay xəstəxanada yatıb. Öz qulağımla eşitmişəm yanımızdan keçən adamlar bizi şüvən adlandırıblar. Bizə partlayacaq bomba kimi baxıblar. Deyirlər, biz kinliyik, hirsliyik, qəddarıq… Bəli, biz beləyik. Biz də doğulanda mələk kimi dünyaya gəlmişdik. Günahsız, saf, sevimliydik. Bizi bu hala kim saldı?! Bizə necə baxırlarsa, biz də onlara elə baxacayıq. Tək bircə dəfə bizi dinləyib, haqq verib, anlamağa çalışdılarmı?! Kim yaxınlaşdısa cəhənnəmlə müjdələmiş kimi oldu bizi. Bizim günahlarımızdan xəbərimiz var. Amma heç kimi haqqı yoxdu bizi ittiham etsin. Zira hər qoyun öz ayağından asıldığı kimi, biz də öz cəzamızı çəkəcəyik. Kimsə bizim yerimizə cəza çəkməyəcək. Əslində, orası da heç bəlli olmaz. Biz ancaq özümüzlə dostluq edirik. Çünkü özümüzdən başqa hər kəs bizə düşmən gözüylə baxır, nifrət edir, cəmiyyətdə bu qədər nifrət olunacaq adam varkən. Bizə qorxunc məxluq kimi baxırsız, bəs fahişə qadınları niyə qəbul edirsiniz? Onlar bizdən azmı təhlükəlidir?! Ömür boyu yoxsulluqla yaşayan qız uşaqları, bahalı maşınlardan düşən, brend paltarlar geyinən, bahalı daş-qaş taxan o qadınları görəndə onlara oxşamaq istəmiyəcəkmi? Biz dünyaya uşaq gətirmirik. Amma o qadınlar nə qədər ataları bilinməyən uşaqlar dünyaya gətirirlər. Sizcə, bu kimsəsiz uşaq evlərinə olan uşaqların hamısının valideyni ölüb, yaxud imkansızlıqdan müvəqqəti ora qoyublar? Yox əzizilərim… Dindən danışırsızın, heç bilirsinizmi nə qədər uşaqlar tələf olunur… Biz virus daşıyırıq, bəs onlar?! Mən onları pisləmirəm. Çünkü onların içində də elə bizim kimi qurbanlar var..Yaxşı, öldürün bizi, haqqımızı aldığınız kimi Allahın verdiyi canımızı da alın… Sonra sizin yeriniz cənnət olacaq. İlahi, küçə heyvanlarının haqları belə qorunur, biz insanların yox. Biz bir ayda qorxudan bir neçə ev dəyişmişik. Niyə bilirsən, dost? İzimizi itirirdik, canımızdan qorxurduq, yaşadığımız binanın sakinlərinin hücumundan qaçırdıq. İndi yeni mənzilə köçmüşük. Dostlar deyir evə gələndə paltarlarımızı dəyişib, kişi paltarında gələk. Mən və Jasmin bunu etməyəcəyik. Kimi aldadırıq. Biz bütün günü oynayıb, oxuyuruq, dünya vecimizə deyil. Hə, elə bilinir kənardan. Bizim açılacaq səhərə ümidimiz olmur. Bizim hamımızın qayğılarımız var. Mən məni qəbul etməyən qardaşımı oxutdururam, O isə elə bilir aldığı qəpik-quruşla dolanır.

Evi dolandırıram, Jasmin xəstə anasını və nənəsini saxlayır, Saşa on ildi atasının borcunu ödəyir. Bunlar harasıdı məsələ burasındadır ki, biz bunları eləməyimizə baxmayaraq valideynlərimiz bizi yaxın buraxmırlar. Jasmin hər səhər bir dəfə anasına zəng vurub səsini eşidir. Onun qışqırıb “Alo” deməsi belə ona xoş gəlir. Bizim hamımızın içində bir nisgil, kədər var. Elə bilisiniz, bizim üçün asandır?Jasmin demişkən, bu, bizim seçimimiz deyil. Biz xəstə deyilik,lakin bədbəxtik. Dünyanın hər yerində bizə münasibət eynidir.İstər müsəlman ölkəsi olsun, istər xristian , istər yəhudi,istərsə də bütpərəst. Mən demirəm ki,biz düz yoldayıq. Amma bizə yırtıcı,əcaib heyvan kimi də baxmaq lazım deyil. Bunları düşündükcə içimdə bir nifrət baş qaldırır. Məni bu hala salan insandan intiqam almaq istəyirəm. Çünki çəkdiyim bütün iztirablarımın səbəbkarı odur. Mənim həyatım başqa cür də ola bilərdi. Memar ola bilərdim. Səhər yuxudan durub işə gedərdim. Yeni lahiyələr çizərdim. Sonra işdən evə gələrdim. Cibimdən xırda bir kağız çıxardıb evə nə lazım olduğuna baxardım. Rahat məhəlləmizə girib evimə qalxardım. Bəlkə çox kasıb dolanardım ,amma insan kimi yaşayardım. İndi ki belədir, mən trans kimi də rahat yaşaya bilərəm. Əgər izn versələr. O qədər qayğılıyam ki, məmuniyyətlə bu saniyə ölmək istəyərəm. Amma intihar zəiflərin seçimidir. Mənsə mübarizə aparmaq istəyirəm. Ümidim var ki, hər şey yaxşı olacaq. Yəqin bir neçə ildən sonra mən öz ofisimi açacam. Uşaqlıqdan arzuladığım işlə məşğul olacam. Bu günlük bu qədər bəs edər, dostum.

Burnuma yemək qoxusu gəlir. Əgər Jasmin bişiribsə, bilirəm dadından beş barmağımı yalayacam. Onun yaxşı əl qabiliyyəti var. O da gələcəkdə kiçik kafe açmaq istəyir. Deyir, aşpazlığı özüm edəcəm. Kafenin qapısına belə bir elan yazacam “kişilərin içəri gəlməsi qəti qadağandır!” Dediyim kimi elə bilir ki, o qızdır. Bəzən mənə də elə gəlir ki, o yalnış bədəndədir. Bu gün qızların hamısı istirahət edəcəklər. Mənsə işə çıxmalıyam. Havalar keçən ildən daha tez soyudu. Bir az pul qazanıb evə göndərməliyəm. Anamın, bacılarımın pal-paltarı yoxdur. Mənə istirahət yaraşmır. Artıq axşam düşüb. İnsanlar evlərinə gedir, bütün şəhər küçələri bizə qalır. Ancaq mən insanların içində gəzmək, səhərin təmiz havasını ciyərimə çəkmək istəyirəm. Təsəvvür eləyirəm. Bütün gecəni evdə mışıl-mışıl yatıram. Sübh tezdən oyanıb otağımın pəncərəsini açıram. Gözümün önündə yeddi rəngli göy qurşağı yaranır, onu seyr edirəm. Təmiz havanı ciyərlərimə çəkib aşağı dükana düşürəm. Satıcı mənə çəp-çəp baxmır. İki isti çörək alıram. Səhər işə gedən insanlar, şagirdlər, uşaqlar, qocalar mənə nifrətlə baxmır. Kimsə mənə ”tfu” eləmir. Əksinə, salamlaşıb bir-birimizin yanından ötüşürük. Çörəkdən bir parça kəsib yeyirem. Hər şey istədiyim kimi olur. Yaxşıca geyinib, bəzənib bütün normal insanlar kimi işə gedirəm. İlahi, mən bunu hər şeydən daha çox arzulayıram. Qaranlıq gecələr kim istəyirsə onun olsun. Mən işıqlı səhər arzulayıram. Mən xoşbəxt olmaq istəyirəm".

Bütün gecəni yatmayıb, səhərə kimi gündəliyi oxudum. Durub pəncərəmi açıram. Hava tamamilə işiqlanıb. Səhərin havasını ciyərlərimə çəkirəm. Düşüb dükana gedirəm, bu dəfə dükançıya mən çəp-çəp baxıram, iki çörək alıram. Qarşıma çıxan bütün insanlara nifrətlə baxıram. Salam verənin salamını almıram. Hirslə yanından ötüb keçirəm. Kimsə mənə nifrət etmir. Kimsə məni lənətləmir. Heç kimsə bu səhəri əlimdən almağa cəhd göstərmir. Hamı mənə adi bir insana baxmış kimi baxır. Mən hər səhəri belə aça bilərəm. Bu mənimçün xoşbəxtlik deyil. Lakin bir gənc belə bir səhəri yaşasaydı, dünyada ən xoşbəxt insan olardı. Nə idi ona mane olan? İnsanların nifrəti… O, bu nifrətin qurbanı oldu. Mən heç kimi qınamıram. Bir vaxtlar mən də mavilərə, translara, lesbiyanlara murdar adam kimi baxırdım. Həkim olduğum üçün düşünürdüm ki, elə bir dərman olaydı bu xəstəlikdən qurtulaydılar. Onlara xəstə kimi baxırdım. Bəzən lənətlədiyim günlər də olurdu. Onları ələ salıb gülürdüm, iyrənirdim. Elə bilirdim, bu onların seçimidi. İndi görürəm ki, onlar bu yaşamı seçmirlər. Bəziləri kimlərinsə şəhvətinin qurbanı olur uşaq vaxtı, kimlərsə psixoloji olaraq belə olur, az sayda insanlar isə doğuşdan belə doğulur. Biz onları bu hala salırıq, tək çarə isə döyməklə, öldürməklə aramızdan yox eləmək olur.

Masya döyülərək öləndə onun cəmi iyirmi üç yaşı olub. Və mən əminəm ki, o, bu qurbanların nə ilki, nə sonuncusudur. Demirəm ki, onları alqışlayaq, amma nifrət də etməyək. Onlar da bizim kimi azad doğulub.

Sübh tezdəndir. Mənim soyuqqanlı dediyim anam gözəl səhər yeməkləri hazırlayır. Süfrəyə kənd yumurtası, təmiz bal, yağ, pendir düzür, can dərmanı var. Ən iştahı olmayan adam bu süfrədəkilərdən dadmasa ayağa qalxmaz. Qarşıma bir istəkən isti çay qoyur. Bir qurtum içirəm, o, başımın üstündə mənə baxır. “Qaynardı, ağzın yanar” - deyib atamı oyatmağa gedir. Atam anamı sevərək evlənməyib. Onun çox sevdiyi bir qız olub anamdan əvvəl. Amma qismət olmayıb ailə qurmaqları. Ömür boyu anama hörmət edib, qəribə bir qayda olub evimizdə. Bunu atam yaradıb. Onlar heç vaxt bizim yanımızda dava etməyiblər. Bəzən atamın maddi sıxıntıları da olub. Ancaq bunun bədəlini biz ödəməmişik. Atam bütün günü işləyib, çalışıb, qazanıb bizi dolandırıb. Ən hirsli vaxtında belə məni də, bacımı da dinləyib, dərslərimizlə maraqlanıb, vaxtı olanda istirahətə də getmişik. Mənim də yeniyetmə vaxtımda ciddi qüsurlarım olub. Heç xatırlamaq belə istəmirəm. Həmin vaxtlar atam yenə yanımda olub. Hər zaman onun nəfəsini üstümdə hiss etmişəm. O, məni həmişə anlayıb, həmişə! İlahi, mən çox xoşbəxtəm mənə belə ailə qismət eləmisən! Anam yanıma qayıdır: “Bu köynəyi çıxart, iki gündü geynirsən.” Mən gözlərimi anamın gözlərinə dikmişəm. “Oğlum, nəsə olub?” Yenə anama baxıram:

- Ana, bu aşağdakı adamlar var idi...

- Mürdəşirsifətlər?

- Hə, ana, onlar.

- Nolub onlara? Bala, qurban olum, birdən sən onları döymüş olarsan?

- Yox, ay ana, mənim onlarla nə işim? Sən bilirsən onların çox qəribə həyatı var.

Anamın qolundan tutub divanda oturtdum. Başladım ölənin həyatını ona danışmağa. Mən danışıram, anamın yanaqlarından göz yaşı süzülür. Artıq bir adamın içindən nifrəti sökdüyümü hiss edirəm. Arada anamın axan göz yaşlarını silirəm. Sonra qızarmış gözlərinə, nəm kipriklərinə baxıb deyirəm:

- Ana, tutaq ki, sənin belə oğlun və ya qızın var, nə edərdin?

Anam burnunun suyunu silib, ayağa qalxdı və heç fikirləşmədən “Boğardım!” – dedi.

# 5724 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #