Yasda məni gülmək tutur

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

18 iyun 2022
# 09:00

Kulis.az Orxan Həsəninin “Şaxta düşəndə torpağa yapışan xırda daşlar haqqında” yazısını təqdim edir.

Şaxta düşəndə kiçik daşlar torpağa yapışır. Onları çıxartmaq zəhmət istəyir. Üstəlik, əllərin balaca, zərif uşaq əlləridirsə, daşları çıxartmaq zülmlü işə dönəcək, dırnaqla ətin birləşdiyi yerə ürək üzən, bənövşəyi ağrı yığılacaq... Uşaqlıq xatirələrimin dumanına girincə şaxtada torpağa yapışan daşlar gəlib gözlərimin önündə dayanır. Yuxuda torpağa yapışan daş görürəm. Bir epizod açılır, başqası qapanır. Kadrlar vıyıltılı ayazla əvəzlənir.

Son günlər tamam-kamal həssaslaşmışam. Səbrim boğazımı keçmir. Toyda mahnılara qulaq asıb üzülürəm, sevinirəm, qarmaqarışıq, kəskin hislər keçirirəm.

Başımı itirmişəm, zarafat eşidəndə ağlamaq istəyirəm, yasda məni gülmək tutur.

Məsələn, toy mahnılarından birində deyilir.

Bir mənə baxsana, ay eyvandakı.

Yandırıb yaxırsan, a göy dondakı.

Kənardan bayağı görünən misraların altında böyük hikmətlər uyuyur.

İnsan dünənin, bu günün insanı deyil. O uzun illərdir yer kürəsində təpik döyür. İnsanı digər heyvan növlərindən fərqləndirən əsas xüsusiyyət isə öz öyrəndiklərini övladlarına öyrədə bilməsidir. Yəni Amerikanı yenidən kəşf etmirik. Elə buna görə bizdən əvvəlki nəsillərin qənaətlərini, elmi kəşflərini, ixtiralarını daha da inkişaf etdirib kosmosa avtomobil yollayırıq. İnsan soyu bu mənada öz əməlləri ilə keçmiş nəsillərlə bir bütöv orqanizmi təşkil edirlər. Nə olsun ki, onlar indi bu həyatda yoxdur? Əməllərin nəticəsi ki bu gün bizə təsir edir! Bəs o insanların həyatı, hisləri, düşüncələri, sevgiləri? Əgər bir orqanizmdə onlarla bütövüksə, nə üçün onların hislərinə, emosiyalarına, məişətinə şahid olmayaq, bundan zövq almayaq?

Bir mənə baxsana, ay eyvandakı!

Aşiq eyvandakı məşuquna məhəbbətini ifadə edir. Bu quru, kənardan diqqəti cəlb etməyən misra ikinci misra ilə dəyər qazanır.

Yandırıb yaxırsan, a göy dondakı.

Qızın birinci misrada eyvanda olduğunu görürük, ikinci misrada isə müəllif təsəvvürlərlə oynayır və eyvanda olan qızı göy donun içinə salır. Məşuq aşiqin ağzında səyahətə çıxır. Lakin bu səyahət bərabər hüquqlu məkanlarda baş tutmur. Onu eyvandan başqa bir eyvana yola salmır, sadəcə paltarın içinə keçirir. Əsl rus matruşkası.

Öz içindən genişlənən mətn.

Hər getdiyim toyda adamların yandıra-yandıra, sındıra-sındıra oynadığı bu mahnı haqqında düşünürkən, nədənsə, şaxtada torpağa yapışan daşları xatırlayıram.

“Statoil” adlı Norveç şirkətinin bina elədiyi köçkün evimizin həyəti alaçıqdı. Yağış yağanda dizəcən palçığa batır, oynamağa sarı, plastik İran çəkmələri ilə qaçırdım. Çəkmələrə “potu” deyirdik. Uşaqlar hərdən-hərdən tutaşanda bir-birini “potu” deyib söyürdülər.

Çəkmələrim ayağıma dar gəlirdi deyə sobada yumşaldıb geyinirdim. Yayda boğazını və burnunu kəsib çəkələyə çevirirdik. Qışda yumşalmış, plastik çəkmənin yun corabımdan keçib balaca ayaqlarıma toxunan şirin, meyxoş istiliyi ruhumu əzizləyir, bayırın bir azdan canıma yığılacaq ayazı oyun eşqi ilə birdən çəkilib itirdi.

Alaçığın palçığı hamını bezdirmişdi. Əmimin kiçik daşlardan çəkdiyi yol uzanıb əsas yola çıxırdı. Əmim daşları əhənglədiyi gün yağış yağmışdı. Hamımız kiçik, taxta pəncərənin önünə keçib palçıqda yuyulub gedən əhəngi izləmişdik.

Bu yol təkəmseyrək gələn qonaqları palçıqdan qoruyurdu.

Günlərin bir günü babam bir “Kamaz” qumlu çay daşını alaçığa boşaltdırdı. Qohumlar yığışıb kürək lapatkaları daşları ətrafa yaydılar. Daşlar həyəti səliqəylə örtdü. Uşaqlar oynamağa bizim həyətə gəldilər.

Beləcə, payız yağışları qışı gətirdi.

İndi şaxtada torpağa yapışan daşları, onları yerdən köz kimi qoparmaq istəyən balaca oğlanı düşünmək məni sonsuz hüzura qonaq edir. Şaxta vurmuş daşları yerdən qoparmaqdan aldığım ləzzəti heç nə ilə müqayisə edə bilmərəm. Şaxta daşı və bərkimiş torpağı bir-birinin sinəsinə pərçimləyir, elə bil, bu sərt təmasdan təbiət öz təbii yapışqanını hazırlayır. Daş qopduqdan sonra isə onun yerində tısbağa çanağına bənzər boşluq gülümsəyir. Bəzən qışın ortasında bu boşluqda yaşıl otlara rast gəlirsən.

Uşaqlığım Aranın müxtəlif rayonlarında keçib. Köçkünlüyün, müharibə travmalarının uşaq yaddaşıma yazılan ağrısını dəyişdiyimiz evlərin simasında indi aydın hiss edirəm. Yol kənarı kərpicdən, çadırdan, qamışdan bina olan dörd divarlar və bu suvaqsız, xalı asılı divarları evə çevirən, o divarların içində ürək kimi döyünüb yaşayan insanlar, amansız talelərin kölgəsində keçən ömür, sürətlə yaxınlaşan ölüm.

Doğrudan da, evsiz-eşiksiz olmaqdan çox, insanı incidən yurdsuzluq idi. Bəlkə də, buna görə geniş ailəmizdə gedən söhbətlər, dastan olub axan əhvalatlar, məkanlar haqqında dəqiq təsvirlər, rəngli xatirələr məndə görmədiyim, tanımadığım yerlərə məhəbbət yaratmışdı. Bəlkə, buna görə yaşadığım şəhərlərə öyrəşə bilməyəcəkdim, özümü hər yerdə müvəqqəti, köçkün biləcəkdim, dostluqların, məhəbbətlərin anidən bitəcəyindən qorxacaqdım, bunun dərdini qovrula-qovrula çəkəcəkdim. Və içimdə bir kənd böyüdüb o kəndin içində xoşbəxt dolanacaqdım, o kəndi düşündükcə təsəvvürlərimin pası açılacaqdı, yaddaşım qollarını açıb hamını qucacaqdı.

Şaxta düşəndə yerə yapışan daşları xatırlamaq indi mənə dinclik verir. Uzun zaman həyatda gördüyüm ilk xatirə, xatırladığım ilk səhnə haqqında düşünmüşəm. İlk xatirəni tapmaq həyatın mənbəyini tapmaqdır. Əhvalatın başladığı yerə şahid olmaqdır. Əhvalatın necə başladığını bilirsənsə, necə bitəcəyini də təxmin edərsən.

İndi ağlımın kəsən vaxtı o bir epizod gəlib gözlərimin önündə dayanır.

Biz maşındayıq. Başım anamın çiyninə söykənib. Maşının pəncərəsində axan görüntüdə hər yan islaqdır. Deyəsən, yağış yağır. Anam məni nəfəsi ilə isidir. Anamın nəfəsini duyub sevinir və velosipedim üçün darıxıram.

Babamın yenicə aldığı velosipedi əvvəl yaşadığımız uçqun yurdda qoyub yeni qəsəbəyə köçürük. Onu sabah yüklə birgə gətirəcəklər. Velosipedimi çox sevirəm. Yan-yörədə uşaq yoxdur. Təmtəkəm. Oynamağa it-pişikdən və velosipeddən özgə kimsə tapılmaz. Kənddən çıxandan bu bizim üçüncü səfərimizdir.

Babamın dediyinə görə, getdiyimiz yerdə məktəb var. Səliqəli geyinən, zərli pencəkli uşaqlar çantalarını çiyninə keçirib qaz sürüsü kimi qaqqıldaşa-qaqqıldaşa məktəbin həyətinə yığılırlar. Məktəbdə isti yemək verirlər. Hərfləri tanımasam da, şəkilli kitablara uzun-uzun baxmağı sevirəm.

Getdiyimiz yerdə işıqlı mağazalar, çoxlu oyuncaqlar var, babam belə deyir, hətta mənə parıltılı, ucu şiş, şumal bir ayaqqabı da alıblar. Bu ayaqqabıda böyük adamlar kimi yeriyirəm.

Hamı mənim böyük adamlar kimi yeriməyimə gülür.

Səhər yük gələndə velosipedimi tapa bilmirəm. Cürbəcür əşyaların arasında onun solğun sarı rəngini gəzirəm, başılovlu qaldırıb süfrələrin, masaların, taxtaların altına baxıram, şkafların içini gəzirəm, gücüm çatan, çatmayan əşyaları ələk-vələk eləyirəm, çifayda. Babamla danışıram, axşam nənəmdən soruşuram. Söz verirlər ki, sabah qayıdıb velosipedimi gətirəcəklər, lakin gün-günü qovur, mənim içim-içimi, dişim bağırsağımı gəmirir.

Ondan heç vaxt xəbər çıxmır, gördüm deyən tapılmır.

Məktəb, yeni həyat fürsəti, UNİCEF-in hədiyyə etdiyi oyuncaqlar, çantalar, paltarlar, xarici şirkətlərin yanağımdan öpən gözəl xanımları, yeni dostlarım velosipedimi tezliklə unutdurdu.

Taleyimin bu yaşında da məhrumiyyətlərlə dolu illərin son izi kimi yol kənarı kərpic bünövrələri qalan evlərə ziyarətə gedirəm. Canlı yaddaşım hər şey aydın xatırlayır. Biixtiyar eləcə həyəti izləyə dururam, uşaq addımlarımın izinə düşüb kənarları betonlanmış arxalara çatıram, qohum-qonşuların xəyalı çəpərlərindən boylanıram. Birdəncə tərk olunmuş, unudulmuş yurd yerinin qüssəsi içimə dolur.

Və velosipedimi xatırlayıram. Solğun sarı rəngləri ilə uzaqdan par-par alışıb yanan və əbədi itirdiyim hər şeyin ilk olan velosiped.

İndi o günlərdən azı iyirmi il ötür. Azərbaycan-Ermənistan münaqişəsinin ya məhv elədiyi, ya da silinməz yaralar bağışladığı insanları sayı vahiməlidir. Müharibə şok dalğası kimidir. Bu dalğaya düşən yaxındakılar ölür, uzaqdakılar isə onu heç vaxt unutmur. Dalğa ürəklərdə, yaddaşlarda yuva qurur, gələcək nəsillərə miras qalır.

Gözünü həyata açıb səndən öncə baş verən müharibənin əzablarını çəkmək, ağrılarına, məhrumiyyətlərinə şahid olmaq necə də ədalətsizdir.

İndi ölkələr arasında sülh quruculuğu dövrünə qədəm qoyulub. Sərhədlərin müəyyənləşməsi üçün komissiyalar yaradılıb. Uzun müddət sonra hər iki ölkə vasitəçisiz ünsiyyətə girir, sülh üçün ümid artıq yaxın hədəf kimi görünür. Qonşuların sülhə ehtiyacı var. Ağrıları yalnız bir-birimizlə danışaraq unuda bilərik.

Söz ölümdə deyil, həyatda olmalıdır.

Şaxtada torpağa yapışan daşlar günəşi görən kimi yumşalırlar. Onları torpağın canından çəkmək asan olur. Daşların tısbağa çanağına bənzəyən yerlərində isə bəzən qışın ortasında yaşıl otları görmək olur.

Şaxtada torpağa yapışan daşlar kimi illərlə möhkəm-möhkəm duran bu münaqişənin üzərində nəhayət günəş görünür.

Mən inanmaq istəyirəm ki, o daşın altındakı otlar hələ sağdır.

# 3450 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #