Aqşin Yeniseyə görə sevdiyim qızdan ayrıldım

Aqşin Yeniseyə görə sevdiyim qızdan ayrıldım
24 fevral 2019
# 11:40

Bu yaxınlarda Aqşin Yeniseyin “Tale və Tarix” adlı romanı nəşr olunacaq. Xəbər gündəmə bomba kimi düşdü. Elə mən də bu xəbərdən olduqca şad oldum və içimdə “Axır ki!” dedim. Çünki, Aqşinin eyni zamanda bir neçə roman üzərində işlədiyi ilə bağlı mətbuatdan xəbərlər oxuyurdum. Romanın nəşr tarixini gözləyirdim. Xəbərdən belə məlum olur ki, roman sentyabr ayında nəşr olunacaq. Beləcə Aqşin Yeniseylə bağlı düşündüm və nələrisə xatırlamalı oldum. Aşağıdakı yazı Aqşin və onun timsalında müasir ədəbiyyatla tanışlığımın tarixi haqqındadır.

Bu tanışlıq yaxın günlərdə 7 yaşını qeyd elədi. O zamanlar doqquzuncu sinifdə oxuyurdum. Tez-tez rayon kitabxanasına baş çəkirdim. Kitabxanaçı xala ilə əməllicə dostluğumuz yaranmışdı. Yaşlı bir qadın idi. Adı da Nüşabə. Ona Nüşabə xala deyirdim. Danışanda əlləri yarpaq kimi əsirdi. Beli əyilmişdi. Gözləri çuxurlamışdı. Kənardan ərəb hərflərinə oxşayırdı. Nüşabə xaladan sonra mənə elə gəldi ki, bütün yaşlı qadınların adı Nüşabədir. Nə zaman məni görsə eynəyini burnun ən ucqar nöqtəsinə yendirib çılpaq gözlərlə süzürdü:

- Bu uşaq yenə gəldi!

O baxışlardan yalnız bu cümlə oxunurdu.

Gəlib gedən az idi deyə, hərdən kitabxana bağlı olurdu. Buna görə Nüşabə xalanın nömrəsini götürmüşdüm. Təbii ki, onun telefonu da vardı. Nəvəsi Bakıdan yollamışdı. “Nokia 63 00”.

Nüşabə xalaya zəng gələndə bütün kitabxananın bundan xəbəri olurdu. Telefonun səsini ala bilmirdi. Ümumiyyətlə, mənə elə gəlirdi ki, o, telefondakı düymələrdən ancaq “YES”i tanıyır.

Əvvəlcə zəng eləyirdim, əgər hər şey yolundaydısa, yarım saatlıq yolu piyada kitabxanaya gedirdim. Adını verdiyim kitabları hazırlayır, mən də günorta hazırca gəlib götürürdüm. İsa Muğannanın romanların bir neçə aya tamam-kamal bitirmişdim. Anarın beş mərtəbəli binasını bir neçə dəfə çıxıb düşmüşdüm. Dostoyevski ilə o zamanlar tanış olmuşduq və onunla dostluğumuz hələ də davam edir. Bircə Tolstoyla aram yoxdu. Bilmirəm niyə, mənə darıxdırıcı gəlirdi. Hələ də Tolstoyla aramda soyuqluq var. Məndən inciyib. “Hərb və Sülh”ü bir neçə dəfə oxumaq istəsəm də alınmayıb. Kitabı Nüşabə xalanın eynəklərinin arxasında gizlənən balaca gözlərinə tapşırıb başqa əsərlərə üz tutmuşam.

Jül Vernin kitabxanadakı bütün kitablarını su kimi içmişdim. “Kapitan Qrantın uşaqları”yla dost olmuşdum. Şairlər hələ o vaxtdan mənə yazıçılardan daha maraqlı görünüb. Şeir praktikiydi. Oxunması asandı, bəlkə də, yazılması da. Yəni, o zamanlar elə düşünürdüm. Bəxtiyar Vahabzadəni çox sevirdim, hərdən də Hidayəti oxuyurdum. Əli Kərim və Vaqif Səmədoğlunun içimdəki yeri biznes-klassıydı. Oxuduğum şairlərin həyatı haqqında maraqlanır, kitabxananın yaxınlığındakı internet-klubda pornoya baxan “pirişipli” yeniyetmələrin arasında həvəslə Bəxtiyar Vahabzadənin Mir Şahinə verdiyi müsahibəni izləyirdim. İndi həmin günlər mənə necə də təmiz, munis bir xatirə kimi görünür. Ədəbiyyatla bağlı düşüncələrim Bakı-Beləqan yolu kimi dümdüz və ütülüydü. Həqiqətlər lap çoxdan təyin olunmuşdu. Mənə isə bircə şey qalırdı - bunları yaşamaq!

Bir gün kitabların arasında dəftərə bənzəyən nazik bir cib kitabı tapdım. Bu Qismət Rüstəmovun (İkinci Qismət) “Vitrin” kitabıydı. “525-ci qəzet” nəşr eləmişdi. İllər sonra eşitmişdim ki, Qismət bu kitabçanın bütün nəşrlərini özü satın alıb, bazardan çıxarmaq istəyir. Ancaq, bilmirəm ki, bu dəqiq məlumatdır, ya yox. Bircə həqiqət vardı, ucqar bir rayonda qalın, tozlu klassiklərin arasında tapdığım bu kitab mənim ədəbiyyatla bağlı bütün fikirlərimi dəyişdi. Hə, Pamuk necə deyirdi? “Bir kitab oxudum və bütün həyatım dəyişdi”. Bax belə. “Deməli, belə də yazmaq olar” dedim və qısa zamanda az qala bütün şerləri əzbərlədim. Uşaq düşüncəm İkinci Qismətin modern şerlərində bişməyə başladı. Ədəbiyyat təsəvvürlərim kökündən dəyişdi. Ciddi klassiklərdən fərqli olaraq, bu şerlərdə müəllif gülürdü. Ədəbiyyata oyun kimi baxırdı. Üslubdan danışırdı və o zamanlar bütün bunlar mənim üçün olduqca maraqlıydı. Yaxın dostum Nicatla bu şerlər haqqında rayon stadionunda uzun-uzun danışdığım gecələri xatırlayıram. İçimdə axmaqca bir ümid vardı. Qorxulu bir ümid. Elə bil ki, əlində halqası çəkilmiş qumbarayla kiməsə əl yelləyirsən. İçimdə getdikcə böyüyən həyata inanırdım. Ədəbiyyatı hələ o zamanlardan həyat tərzimə çevirmək barədə düşünürdüm Deyəsən, o zamanlar Qismətin hələ heç 30 yaşı tamam deyildi. Mənimsə ən sevdiyim şairlərin qırxı çoxdan çıxmışdı. Ədəbiyyatı da, həyatı da keçmiş zamanda yaşayırdım. Bəxtiyarın “Gülüstan” poemasına oxuyub içimdə SSRİ-yə lənət oxuyurdum. Əslində isə indi nə SSRİ vardı, nə də, ovaxtkı düşüncə. Artıq yeni bir düşüncə forması yaranmışdı. İnsanlar həyata mənim oxuduğum Sovet yazıçılarından tamam fərqli baxırdılar. Həyat bu kitablardakılarla tutuşmurdu.

Bir gün rayonumuzun Gənclər və İdman şöbəsinin direktoru Aslan Quliyevlə Bakıya intellektual yarışa gəlmişdik. Aslan müəllimlə dostluğumuz da elə həmin gün başlamışdı. Aslan müəllim mənə ədəbiyyatın qazandırdığı ilk insan idi. Hə, bir də bu, mənim Bakıya ilk gəlişim idi axı. Bakı mənə ətrafı səhralıqla əhatə olunan gəmini xatırlatdı. İçi daşdan, dəmirdən, adamdan və ağacdan ibarət olan qutu şəhər. Dənizdə başlayıb təpələrdə qurtarırdı. Bu şəhər məni sonralar daha çox heyrətə gətirəcəkdi. Aslan müəllimlə müasir ədəbiyyatdan danışırdıq. Söhbəti Qismət Rüstəmovdan saldım. Qisməti oxuduğunu, ancaq sevmədiyini dedi. O daha çox Aqşin Yeniseyi sevirdi. Beləcə, Aqşinlə ilk dəfə Beyləqan- Bakı yolunda tanış olduq.

Yarışa görə bir həftəyə yaxın oteldə qaldıq. Səhər saat 10-dan axşam 10-a qədər çəkilişlər gedirdi. Gecələr Nərimanovdakı otellərdən birində qalır, səhər avtobusla Kristal Holldakı çəkilişlərdə iştirak edirdik. Gecə internetdə Aqşin Yeniseyin adını axtarışa verdim. Bir neçə məqalə çıxdı. Bir də Vikipediya məlumatları. Hə, daha sonra ilk dəfə Kulis.az-da oxuduğum şerləri... İlk oxunuşda Aqşini öz ruhuma yaxın buraxdım. Misralar adamın içini mismar kimi gəlib keçir və asanlıqla alt şüurunda yer eləyirdi. Bunu illər sonra yaradıcılığın iməkləmə dövründə şerlər yazan gənclərdə hiss edəcəkdim. Aqşini oxuyanlar asanlıqla onun təsirinə düşürdülər. Düzdür, yazı prosesində bunların fərqində olmursan, ancaq intonasiya və misra oxşarlıqları açıq-aşkar hiss olunurdu. Aqşini içindən yaxşıca keçirib onun kimi şerlər yazmayan şairlər sonradan mətndə özlərini tapa bildilər. Elə mən özüm də Aqşinin təsiriylə bir müddət şerlər yazmışdım.

Beləcə təxminən iki il ərzində Aqşin Yenisey və Qismətin siyahısına Rasim Qaraca, Səlim Babulloğlu, Həmid Herisçi, Şərif Ağayar və başqaları daxil oldu. Demək olar ki, hər gün bu şairlərdən nələrsə oxuyurdum. Bir müddət sonra isə dünya ədəbiyyatının modern klassiklərini oxumağa başladım. Beləcə, gələcəkdə Kafka, Folkner, Heminquey və Markeslə əl verib görüşdüm. Onuncu sinifdən isə Pamuku kəşf etdim, ancaq onu qucaqladım. Beləcə, əldən-ələ, qucaqdan-qucağa ciddi ədəbiyyat haqqında təsəvvürlərim formalaşmağa başladı.

Həyatımın sonrakı dövründə universitetə qəbul olacaqdım. Çox istədiyim Bakı Dövlət Universitetinin filologiya fakültəsi idi. Xatırlayıram, elə alınmışdı ki, qəbul nəticələrimin çıxdığı günlə ad günüm üst-üstə düşmüşdü. Qardaşım məndən bir yaş kiçik olsa da o vaxt şəhərdə işləyirdi. Ad günümə görə rayona qayıtdı və gələndə Aqşinin “Yüz qırx yeddi dənə sən”, Həmid Herisçinin “SSSR”, Rasim Qaracanın “Ölüm haqqında günəş” və Şərif Ağayarın “Pozuq fotoşəkillər” kitablarını mənim üçün hədiyyə gətirdi. Həmin gün həyatımın ən gözəl günlərindən biriydi. Bəli, bu, dəqiq beləydi. Həmin günü heç vaxt unutmadım və o sevincin eynisini bir daha yaşamadım. Aylarla internet saytlarından oxuduğum şeirlərin hamısını əzbərləmişdim. Kitablarda yeni şerlər vardı. Bir tərəfdən də onları kağızdan oxumaq mənim üçün xüsusən gözəl olacaqdı. Şeiri kağızdan oxuyurdumsa, elə bilirdim onu müəllifin öz səsiylə oxumuşam.

Həmin gün böyük bir qonaqlıq təşkil olunmuşdu. Evin ilk övladı universitetə qəbul olunubsa, deməli, sonrakıların da yolu açılır. Hamı mənə uğur simvolu kimi baxırdı. Ancaq həmin gün məni bu kitablardan başqa heç nə maraqlandırmırdı. Günün sonuna qədər adamların arasında ruh kimi gəzdim. Gecə hamı dağılışdı. Yaşlı qohumlarımın protezli öpüşlərinə məruz qaldım. Həmin gün bütün kişilər piyan, bütün qadınlar qüssəliydi. Anam qonşularla dərin bir söhbətə dalmışdı. Elə qardaşım da içkiliydi. Atamla qucaqlaşıb yatmışdılar. Kitabları boy sırasıyla düzdüm, başladım oxumağa. Atam yan otaqdan gəlib alnımdan öpdü. Qayıdıb yenidən yuxuladı.

Universitet həyatımın birinci iliydi. Dəymədüşər adam idim. Bir az da qaraqabaqlıq vardı. Hə, həm də çəlimsiz, arıq, kənardan avara ifadəsi verən bir oğlan... Bir az da haqlıydılar, əslində. İçimdəki azadlıq hissini heç nəyə qurban vermirdim. Bu insanlara görə avara görünüşü idi. Məşğələ vaxtı bir qıza aşiq olmuşdum. Sevgili olmuşduq. Riyaziyyat hazırlığı keçdiyimiz binanın podvalında görüşürdük. Yanlış anlamayın, ancaq şeir oxuyurduq. Həm də axı bütün şeirlər sözlə yazılmır. Ona Aqşinin bir neçə şeirini oxumuşdum. Bəyənməmişdi. Nüsrət Kəsəmənlini daha çox sevirdi. Bəhanələri sevməzdi. Biz ayrılanda da hər şey bu cür oldu. Bəhanəsiz-fılansız getdi. Bəlkə də, bizimki elə buna görə tutmamışdı. O Nüsrətçiydi, mən Aqşinçi. Bizim aramızdan ədəbiyyat çayı axırdı. Ancaq təəssüf ki, nə Nüsrətdən Aqşinə, nə də Aqşindən Nüsrətə körpü salmaq olmurdu.

Hə, o qız da universitetə qəbul olunmuşdu. Düz iki balla fərqli universitetlərə düşdük. Elə bilirdi bütün günah məndədir. Mən o zamanlar ona həmin podvalda şeir oxumasaydım, biz indi eyni universitetdə oxuyurduq. Və bir gün onu da qoltuğuma vurub Mirmedi Ağaoğlunun “Bu gün səbr elə” romanın təqdimatına getdim. “Azdrama”da. Yəqin ki, bu yazını oxuyanlardan həmin təqdimatda iştirak edənlər olub. Adam çox idi. Bütün ədəbi mühit həmin təqdimata gəlmişdi. Həyatımda heç vaxt bu qədər yazıçını bir yerdə görməmişdim. Faiq Ağayevi gördüyümü xatırlayıram. Televizordakı kimi gülümsəyirdi. Mənsə, elə bilirdim səhnə insanları tamam başqa cür göstərir. Xalq artistimiz xalqın arasıyla xırda addımlarını yarışdırıb kitabını Mirmehdiyə imzalatdı və eyni gülüşlə sağollaşıb çoxluqda yoxa çıxdı. Televiziyadan da gələnlər vardı. Bu qədər yazıçını görəndə ağlıma birinci təqdimatdan sonrakı qonaqlıq gəldi. Sonralar bu fikir məndə daha da böyüdü. İndi üzərində işlədiyim romanın birinci hissəsi təxminən belə bir situasiyadan bəhs edir.

Şərif Ağayarı gördüm. Onun iri cüssəsi məni çaşdırdı. Elə bildim, kim yazıçı olmaq istəsə birinci bu iri adamın qılıncının altından keçməlidir. Onun icazəsi olmadan göydəki bulud da yerini dəyişməz. İllər sonra Şərif Ağayarla söhbətləşəcəkdim və yalnız o zaman anlayacaqdım ki, illərlə mətnlərindən tanıdığım insan iliklərinə qədər ədəbiyyatla dolu birisidir. Kənan Hacı da ordaydı. Şəhriyar del Gerani qırmızı “Vinstonu”nu da götürüb ağır addımlarla eyvana çıxdı. Elə bil Şəhriyarın ayaqlarına daş bağlamışdılar. Bığlarını pişik kimi sığallayırdı. Aha, bu da Aqşin Yenisey. Elə bir duruşu vardı, elə bilrdin, “Azdrama”nı o özü dikib. Hamıya qonaq kimi baxırdı. Onu uzaqdan izlədim və yaxınlaşmadım. Nəsə özümü yaxşı hiss eləmirdim. Bir tərəfdən də yanımdakı qız beynimi gəmirirdi. Nəhayət kitabı aldım. İmzalatdım. Şəkil çəkdirdik və tələsik gəldiyim kimi binadan çıxıb qızı evlərinə ötürdüm. Həmin gün qızın çay təklifini qəbul elədim və bütün gecə bir-birimizə şer oxuduq.

Çox sevdiyim müəlliməm Mətanət Saraclının dərsində tələbələrlə ciddi ədəbiyyat müzakirələri gedirdi. Təəssüf ki, müasir ədəbiyyatı müdafiə edən bircə mən idim. Həvəslə yeni yazıçılardan danışırdım və bu tələbələr üçün olduqca qəribə görünürdü. Bir dəfə Aqşinin “Xəstə Şərqin Rafiq Tağıya dedikləri” şerini mühazirədə oxumuşdum. Makyaj eləməkdən sifəti kitay həriflərinə oxşayan bir qız durub dedi ki, bu necə şeirdir, qafiyəsi yoxdur və bundan sonra uzun bir naftalin qoxusu gəldi. Qız danışdıqca elə bilirdim cümlələri bir-biriylə qafiyələnir. Bu yerdə Allahdan özümə yağlı bir ölüm istədim. Ancaq Allah məni eşitmədi. Vallah, Nüsrət Kəsəmənlidən başqası yalandı, dedi. Beləcə, uzun müddət sonra Nüsrət Kəsəmənli bir daha mənim qarşıma çıxdı, ancaq Hegel demiş, bu dəfə faciə olaraq yox, komediya olaraq.

Birinci kursun sonunda Aqşin Yeniseylə daha bir görüşümüz alındı. O zamana qədər mətbuatdan onu izləyirdim. Ədəbiyyatı sevən və bir gün hər şeyin yaxşı olacağına inanan dostlarımla birlikdə içməyə gedirdik. Çantamda yarım araq, təxminən ona yaxın şeir kitabı vardı. Metroya düşdük. O zamanlar “Elmlər”də dostlarla tez-tez yığışdığımız “Çarlesin kitabxanası” adında yarı ev, yarı kitabxana bir məkan vardı. İsmayıl Rizvanoğlu yaratmışdı buranı. İyirmi dörd saatın iyirmi beşini burda olurduq. Elə metronun çıxışındakı ilk binada idi. Üçüncü mərtəbə. Bütün gün həmin məkanda içib özümüzü yazıçı hiss edirdik. Qəribə şerlər yazırdıq. İsmayılın sürreal şerlərini xatırlayıram. Daha sonra dalbadal iki roman yazdı və hamıdan uzaqlaşdı. Sərxan Əzizin “Gicbəsər” romanı o zamanlar nəşr olunmuşdu. Kitab gənclər arasında ciddi reaksiya doğurdu. Bu sektordan sonuncu adam “Oar” oldu. Onun “Yalnızlıqdan şizofreniyaya” kitabı nəşr olunduqdan sonra tez-tez həmin kitabxanada görüşməyə başlamışdıq. Elvin Musayev, Elçin Quluzadə, Eşqin Fərzəliyev kimi ciddi oxucular vardı. Həmin məkanda özümüzə mini bir ədəbi mühit yaratmışdıq. Bax indi də ora tələsirdik. Metronun sıx vaxtıydı. Özümü çantayla güclə içəri saldım. Elə bil, mən girsəm, çanta acığa düşüb girmək istəmir, çanta girsə mənim girməyim yaxşı çıxmırdı. Az qala çantaya yol verin deyəcəkdim ki, sən Allah keç, mən sonrakı vaqonla gələrəm. Beləcə, dostumla deyinə-deyinə içəri girdik və birdən Aqşin Yeniseyi gördüm. Düz qarşımda. Özümü qəribə hiss elədim və çanta əlimdən sürüşməyə başladı. O çantanın içində Aqşin Yeniseyin də kitabı vardı və sağımda məni tutacaqlara dirəyən qarnı burnunda dayı elə bil Azərbaycan ədəbiyyatından öz qanlı qisasını almağa çalışırdı. Elə hey yerində qurcalanırdı. Aqşinə salam verdim. Ancaq qolumu basırıqdan çıxarıb əlini sıxa bilmədim. Aqşin mənim tanıdığı ilk canlı-qanlı şair idi. Hətta çox şair idi. Necə ki, ən dost olur, eləcə də çox şair. Həmin gün heç nə danışmadıq və Aqşini bir daha görmədim.

Uzun zaman sonra yenidən aşiq olmuşdum. Nədənsə Aqşin bütün sevgilərimə şahid olub. Razılığı Aqşindən almışıq. Gecələr “Qış parkı”nda görüşüb “147 dənə sən” kitabından şerlər oxuyurduq. Elə bil o misralarda daha çox sevir, daha çox qüssələnir və daha çox piyan olurduq. Hərdən zarafatla deyirdik:

- Bugünkü zakuskamız nədi?

- Aqşin Yenisey “Ayrılıq” şeiri.

Həyatımın ən gözəl günləriydi. Aqşinin “Sizin eradan əvvəl” kitabını gizli bir sirr kimi cibimdə gəzdirirdim. O şerlərin hər birinin Bakıda yara izi kimi qalan xatirəsi var. Mənə elə gəlir ki, nə həmin günləri bir daha yaşamağım, nə də o şerləri həmənki kimi oxumağım mümkün olacaq.

Çox sevdiyim yazıçılarla mənim tanışlığım bax beləydi. İndi düşünürəm ki, Aqşin Yeniseylə üçüncü görüşdə ondan bircə şey soruşacağam:

- Əziz Aqşin, sən heç “Nə üçün qanla başlanır qadın” romanını oxumusan?

Orxan Həsəni

# 3482 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #