APA TV-də “Günün yarısı”

APA TV-də “Günün yarısı”
12 noyabr 2019
# 15:41

Kulis.az Sevda Sultanovanın APA TV-də efirə gedən “Günün yarısı” verilişi haqda yazdığı tənqidi yazını təqdim edir.

Redaktordan APA TV-nin verilişləri haqqında məqalə yazmaq təklifi alanda “Günün yarısı” şou proqramının üstündə dayandım. Digər telekanallardakı şou proqramların çoxluğunu nəzərə alaraq, “Günün yarısı”nı seçdim. Ki, keyfiyyətə və peşəkarlığa önəm verən, günün nəbzini tutmağa çalışan APA TV-də şou proqram necə hazırlanır, digərlərindən fərqi nədədir?

Öncə ondan başlayım ki, “Günün yarısı”nin aparıcısı Tahirə Məmmədqızının makiyajı uğursuzdur, gözü narahat edir və adi toy makiyajından fərqlənmir. Hərçənd, bu aparıcının problemindən çox vizajistin problemidir. Şou proqram aparıcısı o demək deyil ki, makiyaj əndazəni aşmalı, aşırı parıltılı olmalıdır. Söhbət bir teleproqramdan gedir, aparıcı onun simasıdır və bu simanı həm də onun zahiri özünəməxsusluğu, tərzi təyin edir. Belə bir zövqsüz makiyaj isə aparıcının individuallığına kölgə salır, üz ifadələrini itirir. Eyni iradları aparıcının geyiminə də aid etmək olar. İstər geyim, istər makiyaj eleqant, ifadəli olmalı, onun individuallığını qabartmalıdır. Ən azı əcnəbi kanalların şou proqramlarına baxıb ordakı təcrübədən yararlanmaq olar.

“Günün yarısı”na başqa peşə sahibləri ilə yanaşı müğənnilər də dəvət olunur. Anladığım qədərilə, bununla müzakirə olunan mövzulara bir az yüngüllük, əyləncə qatılır. Ancaq yüngül atmosfer yaratmaq, illah da dəvət olunan müğənninin oxuması anlamına gəlməməlidir. Üstəlik, məkan müğənninin çıxışına geniş imkanlar vermir, söhbət üçün isə əlverişlidir. Dar məkanda müğənninin oxumasından qonaqlar sanki diskomfort hiss edir, əllərini qoymağa, baxışlarını qaçırmağa yer axtarırlar. Yəni bu klişeni dağıtmaq lazımdır ki, əgər müğənni varsa onun oxuması mütləq deyil.

Əslində şou verilişdən söhbət gedirsə, burda şou özünü söhbətin necə qurulmasında, təqdimatında göstərməlidir (Örnək olaraq, “CNN türk” kanalında Saba Tümerlə “Bu gecə” proqramını göstərə bilərəm), yəni bütün hallarda müğənninin mahnı oxuması verilişi şoulaşdırmır. Həm “Günün yarısı”nda seçilən mövuzların rəngarəngliyi və aktuallığı maraqlı şouya imkanlar verir:

“Depressiya və yaradıcılıq”, “Sosial şəbəkələrin ailə münasibətlərinə təsiri”, “Hansı adət-ənənləri dəyişdirmək lazımdır”, “Bəstəkar mahnıları”, “Media və şou-biznes”, “Sosial media vasitəsilə məşhurlaşan fenomenlər”. Fərqli simalar dəvət olunması da söhbətin maraqlı, çoxtərəfli olmasına zəmin yaradır. Amma məsələn, “Sosial şəbəkədə məşhurlaşan fenomenlər” mövzusunun müzakirəsinə ancaq müğənnilərin dəvət olunması vacib mövzunu monotonlaşdırıb. Halbuki sosial şəbəkələrdə məşhurlaşan, müğənni olmayan Davud Məmmədov, Nail Zeynalov və başqaları var.

Nəhayət, aparıcı söhbəti qura bilirmi? Tahirə Məmmədqızı şou-biznes sahəsində yazan peşəkarlardan biridir. Yeri gəlmişkən, Tahirə xanımla bir müddət “525-ci qəzet”də çalışmışıq. Onda T.Məmmədqızının çalışdığı, qəzetin mədəniyyət şöbəsi dinamik idi, səviyyəli yazılar, əhəmiyyətli müsahibələr çap olunurdu.

Qayıdaq sualımıza. Mövzular çoxqatlı olduğundan aparıcı bəzi hallarda söhbəti yığıb-yığışdıra bilmir. Misalçün, depressiya və yaradıcılıq mövzusunun müzakirə olunduğu buraxılışda ən çox Cəlil Cavanşirlə söhbətə köklənildi. Hətta bəzi hallarda proqram psixoloq Gülər Məmmədova ilə pasiyentin söhbətini xatırladırdı. Söhbətin bir qonağa nisbətən çox yönəlməsi, aparıcının situasiyanı idarə etməməsi proqramın tempini azaldır, onu axarından çıxarır. Halbuki konkret suallar və qonaqların mövzudan yayınmaması üçün bir az aparıcı diktəsi gərəkdir.

Verilişin buraxılışlarını izləyərkən bir məqam sual doğurdu. Ki, bu veriliş ümumiyyətlə konflikt üzərində qurulub, yoxsa sadəcə söhbətdir? Məsələ ondadır ki, bir sıra buraxılışlarda sərt söhbət, konflikt yoxdur. Ancaq “Bayağı mahnılar”ın müzakirə edildiyi buraxılışda konflikt var, bəzi məqamlarda aparıcı sərt tonda opponentlik edir. Bundan başqa aparıcı müğənni Vəfa Şərifova ilə etik davranmır, onun tonunda - bayağı mahnılar oxuduğuna görə müğənnini aşağılamaq cəhdi sezilir. Ona qalsa, Manaf Ağayev də bayağı mahnılar oxuyur. Lakin aparıcı niyəsə başqa bir buraxılışda onunla sayğıyla, dostcasına davranır. Yəni ya bütün qonaqlara eyni, səmimi münasibət göstərilməli, konfliktə getmədən mövzu müzakirə edilməlidir, ya aparıcı bir növ opponentlik edib, sərt söhbət qurmalıdır.

# 3769 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #