32 ilin darağı, quyruqlu erməni arvadı və neandertal idmançı

32 ilin darağı, quyruqlu erməni arvadı və neandertal idmançı
11 sentyabr 2019
# 12:03

Kulis.az Şərif Ağayarın “Üç miniatür” yazısını təqdim edir.

O gün iyirmi illik tanışımla təsadüfən bir məclisə düşdük. Sizə deyim, iyirmi il xeyli zamanmış. Bir çox vacib nüansları güc-bəla xatırladım. Xatırladım deyəndə, yaddaşımın qara dəliyindən həmin bu qaraşın, balacaboy tanışımın hesabına çətinliklə dartıb çıxardım. Dartıb çıxaran kimi başladıq şirin-şirin danışmağa. Xeyli danışdıq. Saatlarla. Qalxıb sağollaşanda qəfil tanışımın döş cibindəki bozumtul tel darağı diqqətimi çəkdi. Elə bil yanbızıma iynə batırdılar. Diksindim. Bu darağı 80-ci illərdən tanıyırdım. Bu qaraşın, balacaboy tanışımdan da, hardasa on il əvvəldən. Uşaq olduğum vaxtlardan. Dovşan rəngində, xəfif ala-bula, dişlərinin yarısı sıx, yarısı nisbətən seyrək düzülmüş bu darağı o zamanlar ən “bərkgedən” oğlanlar eynən bax bu cür döş ciblərində gəzdirirdilər.

Özümdən asılı olmadan dedim:

“Bu nədi belə?”

Tanışım darağa baxıb elə ürəkdən güldü ki, dedim, bu əndrabadi gülüş səhərəcən bu adamın üzündən çəkilməyəcək. Darağı çıxarıb işığa tutanda da üz cizgiləri dəyişməmişdi:

“1987-ci ildən cibimdə gəzdirirəm!”

Allah-Allah! Adam 32 il bir tel darağını cibində niyə gəzdirsin axı? Özü də kəşməkeşli bir 32 ildə; SSRİ boyda ölkə dağılıb, 6 rayon itirmişik, üç dəfə hakimiyyət dəyişib, kosmosa raket buraxmışıq. Bilmədim, qaraşın, balacaboy tanışımın bu qəribə xatirəsinə gülüm, yoxsa ağlayım. Amma o an kövrəldim nədənsə. Birdən tanışım dirəşdi ki, saçını dara bu daraqla, dara, dara gör, indi belə daraqlar var?

Slip of the Tongue, 2004, from David Bate's Bungled Memory Series is on show as part of 'Quiet Moments: Contemporary poetic photography' at Fremantle Arts Centre.

Etiraz etdim. Gigiyenik mədəniyyətə zidd olan bu hərəkəti qəbul eləmək istəmədim və elə etiraz edə-edə düşündüm ki, əcəba, indi niyə adamların cibində tel darağı olmur? Onlar tellərini daramırlar, bəlkə? Bəlkə indiki saç düzmünün darağa ehtiyacı yoxdur? Tamam, saatı anladıq, ona görə vurmurlar ki, mobil telefonda və şəhərin dörd bir yanında saatlar var. Bəs tel darağı harda var ki, onu gəzdirməyə ehtiyac duymuruq?

“Dara! Dara!” - tanışımın əl çəkməyəcəyini görüb darağı səliqə ilə bir dəfə başıma çəkdim; dərimin uşaqlıq yaddaşı oyandı! Hətta inanmayacaqsınız, bu otuz ildə itirdiyim saçların xatirəsi sızıldadı.

***

Yazıçı Pərviz Cəbrayıl yenicə çapdan çıxan “Məryəm surəsi” romanında yazır ki, müsəlman uşaqlar erməni Janna arvadın dalınca düşüb “Sünni gəldi, sünni gəldi!” deyə qışqırır, onun tumanını qaldırıb quyruğuna baxmaq istəyirdilər. Zaman keçdi, uşaqlar böyüdükcə anladılar ki, Janna sünni yox, ermənidir və quyruğu-zadı yoxdur.

İcazənizlə mən hörmətli yazıçımızın bu fikrini bir az da inkişaf etdirmək istəyirəm. Məncə, Janna doğrudan da erməni yox sünni imiş və onun doğrudan da quyruğu varmış. Uşaqlar tumanının altını elə-belə yoxlamırmışlar. Sadəcə, zaman keçdikcə, Janna adamların gözündə bir-bir sünnidən erməniyə çevrilib, quyruğu da tədricən əriyib gedib.

Image result for azap fotografları

Jannanın sünni olduğuna inandığın qədər o sünnidir, quyruğuna əmin olduğun qədər quyruqludur. Sən əmin olanda ki, yox, belə deyil, Janna ermənidir və quyruğu yoxdur, demək o cürdür. Bir DNT analizi verib elmin məntiqini ortaya qoysaq, ola bilər, Jannanın bioloji atasının qonşuluqda yaşayan sünni müsəlman olduğunu öyrənərik. O zaman Janna təzədən çevrilib quyruqlu sünni olacaq.

Bəşəriyyətin uydurduğu və inandığı bütün həqiqətlər Jannanın quyruğu qədər yalan və onun qədər gerçəkdir: azadlıq da, demokratiya da, insan haqları da, bədii əsərlər də, qərb və şərq mifləri də...

Biz hər zaman bildiyimiz, əmin olduğumuz və inandığımız qədərik.

***

Səhər-səhər Səməd Vurğun bağında qulaqlıq taxmış şortikli bir idmançı böyrümdən yel kimi keçdi. Mən onu görə bildiyim iki-üç saniyədə eynəyimi sazlayıb zahiri görkəmini ələkdən keçirməyə imkan tapdım (Bu da insan azadlığına bir cür təcavüzdür – Ş.A.)

Ayaqları əyilmiş, qolları uzanmış, qulaqları ətlənmiş, burnu sınmış, başı balacalaşmışdı. İdman onu homo sapiensdən neandertala çevirmişdi. Qulaqları kimi beyni də ətraf aləmə qapalı idi. Yalınız gözləri mübhəm bir dərinlikdə laqeyd-laqeyd işarırdı. Ayağının altında qalsam hiss eləməzdi yəqin. Bircə anlıq onun gözləri ilə baxmaq istədim ətrafa: parka, adamlara, Milli Məclisə, Qarabağa, Azərbaycana, dünyaya...

Və elə ordaca maraqlı br fikir gəldi ağlıma. Sizinlə paylaşıram, amma xahiş edirəm mənə gülməyin:

Ruhu və bədəni idmanın qulluqçusuna çevirəndə adam eybəcərləşir - idman ruhun və bədənin qulluğunda duranda adam gözəlləşir!

Necə dedim?

# 3857 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #