“Cavanlıqda səfeh kimi sevirdim” – Şərif Ağayarla söhbət

“Cavanlıqda səfeh kimi sevirdim” – <span style="color:red;">Şərif Ağayarla söhbət
25 dekabr 2014
# 12:39

Bu müsahibədə sistem, ardıcıllıq axtarmayın – hardan gəldi, necə gəldi, ürəyimiz necə istəyir, bax elə də danışacağıq. Hətta profesionallığın diqtə etdiyi bəzi tələblər, streotiplər də pozula bilər, lütfən, qəbul edin. Bu söhbətin heç bir donu, heç bir geyimi olmayacaq! LÜT-fən!

- Laçında qalsaydınız, indi nə işlə məşğul idiniz?

- Müəllim işləyərdim. Arı saxlayardım. Bağ salardım. Bizim kənddə əla məktəb tikirdilər, yarımçıq qaldı… Orda təhsil çox güclü idi. 120 evlik kənddən 20-yə yaxın həkim, 100-ə qədər müəllim çıxdı. Gözəl aşıqlar, ustalar, ovçular, arıçılar vardı… Maraqlı kənd idi. Keçmiş olsun.

- Müharibədə harda idiniz?

- Mən 76-yam. Yaşım düşmədi müharibəyə. Füzulidə, Ağcabədidə… Yəni müharibənin özündə olmasa da, həmin bölgədə idim. Mənə güllə dəymədi, amma müharibənin təpiyi dəydi. Sizə deyim, təpik daha ağırdır. Xüsusən, o yaşda.

- O təpiyi indi nədə, necə hiss edirisiniz?

- Müharibənin vurduğu yaralar heç vaxt sağalmır. Mən dünyada hüquqları vəhşicəsinə tapdanan, adam balası kimi yaşamaq haqqı əlindən alınan milyonlarla insandan biriyəm. Ona görə xüsusi heç nə gözləmirəm. Belə oldu. Neyləmək olar? Reallıqla barışmaq lazımdır. Adam gərək faciədən yeni faciə düzəltməsin. Sadəcə, adamların çəkdiyi əzabları qələmə alıb bu ağrıları ovutmaq istəyirəm. Özüm üçün yazmıram. Dərdimi bölüşürəm və oxumayan, dərdimə-ağrıma qulaq asmayan insanları da qınamıram. Hətta bəzən utanıram buna görə. Nəyə görə insanları yükləməliyəm? Onsuz da hamının dağdan ağır problemləri var. Bəlkə buna görə həmişə çalışıram ki, ən ağır məqamlarda belə yaşamağa, həyata dair mesajlar ötürüm.

- Deyirlər, dağ adamları mərd olur, saf olur və s. Amma mal-qaraya daha çox önəm verirlər, nəinki övladlarının təhsillərinə.

- Qətiyyən elə deyil… Əvvəldə balaca bir statistika verdim. Ən inkişaf etmiş şəhərin əhali sayı nisbəti ilə müqayisə edə bilərsiniz. Bizdə dana oğruları belə uşaqlarını oxudurdu. Oxuda bilməyənlər kasıblıq üzündən edə bilmirdilər və buna görə həmişə narahat olurdular. Laçınlılar təhsilə və kitaba Allahdan çox inanırlar. Təkcə bizim evdə 4 ali təhsilli adam var. Balacalar isə qaçqınlığa görə oxuya bilmədilər. Onlar çobanlıq etməsəydi, acından ölərdik. Ailəmiz böyük idi… Atam təkbaşına saxlaya bilməzdi. İndi də bizim oxumamız üçün zəhmət çəkən, oxuya bilməyən balaca qardaşlarımın gözünün içinə baxa bilmirəm. Özümü günahkar sayıram hardasa… Amma, heç iş oxumaqda da deyil. Məndən daha yaxşı və rahat yaşayırlar. İndi də bizim qohumlardan öz gücünə Tibb Universitetinə, BDU-nun ən yüksək fakültələrinə qəbul olunanlar var. Mənim sinif yoldaşım olan bibim oğlu BDU-nun həm psixologiyasını bitirdi, həm hüququnu. Bir qohumumuz Yeyl universitetində dərs deyir. Özündən sonra qardaşı da dəvət olunub. Təhsil bizdə ən önəmli məsələdir. İndiki biabırçı təhsil sistemi belə bu idealları məhv edə bilməyib. Bütün günü zülüm çəkib Bakıda, Ağcabədidə uşağını müəllim yanına qoyan onlarla əli qabarlı ata-ana tanıyıram. Onlar haqlı olaraq bu məşəqqətlərdən yeganə xilas yolunu kitabda, oxumaqda görürlər. Buna çox sevinirəm.

- “Günəbaxan”ı izləyirsinizmi?

- Özüm olmayanda yox (gülüş). İlqar Mikayıloğlununun vaxtında bir neçə dəfə çox ciddi verlişimiz olub. “Youtube”da da var… Azadlıq və dil mövzularında… Elçin Şıxlı, Rəşad Məcid və s. kimi adamlarla qonaq olmuşam. Məncə, aparıcı bir azca sanballıdırsa, şou verilişində də söz demək olar. Şou pis şey deyil, bizdə pis hazırlayırlar sadəcə.

- Məncə, məlum konfliktdən sonra ən azı bir oxucunuz artıb – Kamran Həsənli. Necə düşünürsünüz?

- Kamran Həsənliyə qarşı elə bir xüsusi münasibətim yoxdur. Nə yaxşı, nə yaman… Mübahisədi, oldu-bitdi. Sadəcə, məsələ bir az həssas idi deyə, səs-küy yaratdı. Söhbət təkcə Kamran Həsənlidən və ANS-dən getmir. Söhbət efirdə yeni imzalara qarşı qeyri-ciddi münasibətdən gedir. Bu gün əlinizdə efir ola bilər, ancaq sabah bu məmləkəti Rasim Qaracaya, Xanəmirə, Salam Sarvana görə tanıyacaqlar. Bunu anlamaq lazım. İnsanlar təpki göstərməkdə haqlı idilər. Hətta məni tənqid etməkdə də. Hər halda, adımız yazı-pozuya çıxıb. Belə məsələlərdə düşünüb-daşınıb addım atmalıyıq.

- Proqramda mübahisə yumruq davasına dönə bilərdimi?

- Heç vaxt. Mən bədəncə yekəpər, görünüşcə zəhmli ola bilərəm. Amma nəzərə alın ki, özüm ağırlıqda kitab oxumuşam. O kitabların heç biri mənə yumruq atmaq öyrətməyib. Əgər yumruq qaçılmaz olsa belə onun yeri efir deyil.

- Dilqəm Əhməddən soruşdum ki, Anarı kim əvəz edəcək, bilmədi, ya da bildi demədi. Məncə, Rəşad Məcid. Sizcə, Anarın varisi kimdi?

- Bu sual maraqsızdır mənimçün… Keçək…

- Yeyib-içməklə yaxşısınız…

- Mən gec-gec, amma çox içən tiplərdənəm. Son vaxtlar səhhətim yol vermir içməyə. Hazırda müalicə alıram və xeyli vaxtdır içmirəm. Çox güman ki, bu, uzunmüddətli olacaq. Evdə həmişə araq içdiyim 70 qramlıq rumka var. İndi səhərlər həmin rumkada zeytun yağı içirəm. Səmimi deyim ki, araqdan daha huzurludur.

- Məhəbbətlə necə?

- Cavanlıqda səfeh kimi sevirdim. Qadın ilahə kimi gəlirdi mənə. Sonra təsəvvüflə uğraşdım. Tanrı maraqlı gəldi, onu sevməyə başladım. Buddizmlə tanış olandan sonra isə təbiətə, həyata, gülə, yarpağa, buluda, suya qayıtdım. Belə… Sevə-sevə gedirəm, axırı nə ola-ola…

- Bəs Kazımovla?

- Allah rəhmət eləsin… Yaxşı insan idi.

- Yaxşı insan idi. Bəs necə sənətkar idi?

- Yaxşı səsi vardı. Sənətlə daha çox məşğul olsaydı kaş. Amma toya üstünlük verdi. Bilirsən, Azərbaycanda istedadlı adamın dolanışıq problem həmişə var. Dolanışıq yüngül işlərdən çıxır. Söhbət təkcə rəhmətlik Məhəbbət Kazımovdan getmir. Bizdə də belədir. Köşələrə, siyasi yazılara hekayədən çox qonorar verirlər. Lap verilsə belə hər gün, hər həftə hekayə yazmaq olmur. Sənət adamı mümkün qədər bu balansı qorumalıdır. Nə ac qalmalı, nə də sənəti unutmalıdır. Təsəvvür edin, Məmmədbağır Bağırzadə kimi müğənni də yadda toy müğənnisi kimi qaldı. Bu, faciədir.

- Onunla bağlı facebook-da yazdığınız status aranı qatdı, özünüzü haqlı saydığınız halda, həmin statusu niyə sildiniz?

- Öz yerlilərim həmişə olduğu kimi yenə də məni düzgün başa düşmədilər. Bir-iki dılğır ortaya düşüb bütün rayona duy vurmuşdu ki, guya onun haqqında aşağılayıcı sözlər işlətmişəm. Adamların da çoxu internetə girmir axı… Nə deyilirsə, ona da inanırlar. İnsanların çox narahat olduğunu görüb onlara hörmət əlaməti olaraq sildim. Həm də, təzə rəhmətə getmişdi deyə, bir az həssas vaxt idi. Əslində, mən özüm bir az da qəsdən qıcıqlandırdım adamları. Onların yadına saldım ki, insanda öz haqqını savunma deyə bir duyğu da var. Amma bu müqəddəs duyğunu daha ciddi işlərə sərf eləmək lazımdır. Hər hansı fikrinə görə bir yazara hücum eləməyə yox.

- Göz muncuğuna inanırsınız?

- Mistika deyək, bir az savadlı çıxsın (gülür). Var belə şeylər…

- ”Göz muncuğu”nu necə, oxudunuz?

- Bir fəslini oxudum. Oxuya bilmədim. Ağır esseist üslubla başlayıb. Dünya ədəbiyyatında bu təcrübə var. Məsələn, Milan Kunderanın “Varoluşun dözülməz xəfifliyi”… Orda da esse və nəsr qarışıqdır. Onu da oxuya bilmədim nədənsə… Mən subyektiv oxucuyam. Əsərin şöhrəti qorxutmur məni. Bəyənmədimsə, oxumuram. Amma Kunderanın tərcümə olduğunu nəzərə alıb özümü məcbur edə bilərəm. Anar müəllimə bu güzəşti etmək istəmirəm. Bunun üçün səbəbim yoxdur. Çox istədiyim insan da deyil. Üstəlik, AYB üzvü deyiləm və ordan umacağım da yoxdur ki, tərifləmək üçün oxuyum.

- Umacağınız olsa, tərifləyərdiniz?

- Niyə tərifləmirəm? Azərbaycanlı deyiləm?

- Salam Sarvan deyir ki, Nizaminin öz fəlsəfəsi olmayıb, o, sadəcə özündən əvvəlkilərin ötürücüsüdür.

- Çoxdandı görmürəm Salamı… Darıxdım lap. Harda deyirdi? Mənə elə şey deməyib. Bəlkə zarafatlaşıb?

- Ola bilər. “Estafet”lə nə demək istəmisiniz?

- Əsl istedad sahibi öz ömrünü başa vurur, qocalır, ölür deyə, bunun acığını arxasınca gələn yenilkdən və saflıqadan çıxmamalıdır. Onu murdarlamamlıdır. Öz arxasınca yaltaq və şərəfsiz sürüsü buraxmamalıdır. Çünki bu sürüdəkilərin hər biri potensial manyaka çevriləcək. Şərəf və ləyaqətini itirən insan çox təhlükəlidir. O, özünə qarşı edilənlərin beş qatını gələcək nəsildən, gücü çatanlardan çıxacaq və bu estafet ənənəsi silsiləvari artaraq metastaz verəcək. Ağır söhbətdir. Hekayədə bu mövzunu anlatmağa çalışmışam və özüm qəsdən qeyri-estetik, qıcıqlandırıcı süjet qurmuşam. Bu qədər…

- Bu cür məqsədli qıcıqlandırma manevrləri oxucu itirmək qorxusu yaratmır?

- Yaratmır. Bu tendensiyanı mən kəşf etməmişəm. Məsələn, çağdaş rus yazıçısı Vladimir Sorokinin hekayələrinə baxsanız, belə düşünməzsiniz.

- “Haramı”nı yaradıcılığınızı zirvəsi sayaqmı?

- Belə bəlağətli ifadələrdən qorxuram. Sadə adamam və sadə münasibətləri sevirəm. Maraqlı əsərdir, bu qədər. İlişib qalmayaq oralarda… /“Gencaile.az”/

# 944 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #