Pop-korn satan niyə iyrəndirir?

Pop-korn satan niyə iyrəndirir?
13 may 2019
# 13:08

“Ayağınızı yorğanınıza görə uzadın”, “Az geyinin, qənaət edin”, “İşdən sonra bənna işləyin” tipli bəyanatlarla ziyalılaşan millət vəkillərinə hər dəfəsində təəccüblənməyimiz özü də təəccüblüdür. Onlardan hansı gözləntimiz olmalıdır axı? Yaxşı ki danışırlar və xalqın belə bir deputatın varlığından xəbəri olur. Bir də “çörək yoxdur, bulka yesinlər” bəyanatları həmişə olub. Sadəcə hər dəfə məzmun dəyişib.

Rasim Musabəyovun pop-korn satan uşaq haqda yazdığı status, onun “dövlətə vurduğu ziyanı” hesablaması özünün sunduğu kimi vətəndaş təəssübkeşliyindən olsaydı, nə vardı ki? Gərçi əgər vətəndaş təəssübkeşliyindən olsa status yazmaq əvəzinə bir millət vəkili kimi yaxınlaşıb insanın problemilə maraqlanar, onun bu yaşda burada niyə işlədiyini öyrənər, kömək edər, bacarığına uyğun bir işə yönəldərdi. Nəinki pop-korn qoxusundan status yazardı.

Ümumiyyətlə, bu statusda qoxu məsələsinin olması olduqca ilgincdir. Qoxu qədər insanı ələ verən ikinci bir nəsnə yoxdur. Məsələn, siz saatlarla insan sevgisindən danışa bilərsiniz, insan həqiqətlərinə yerdən göyə hörmət duyarsınız, amma bir bomjun qoxusuna bir saniyə dözə bilməzsiniz. Həqiqətləri öz qoxusu ilə qəbul etmək asan deyil.

Deputat Rasim Musabəyovun pop-korn qoxusuna qıcıq edən o 12 yaşlı oğlanın onu bu yaşında keçiddə final yağı qoxulu pop-korn satmağa vadar edən motivlərdir. Səbəblər yox ha, motivlər. Pop-korn qoxusuna qarışan motivlər.

Bəzən bu motivləri görüb səbəb axtarmırlar. Çünki səbəb gəlib özünə çıxa bilər.

Ünlü türk rejissoru Nuri Bilgə Ceylanın “Kış uykusu” filmi var. Bu filmdə otel sahibi olan Aydın adlı türk aydınından danışılır. Aydın bir sahibkar kimi borclanmış kirayəçilərinə bir lirəni belə keçmir. Amma ziyalılığından da qalmır. Aydının ziyalılığı heç kimin oxumadığı qəzetə borcunun vaxtını uzatmaq üçün kilometrlərlə yol gələn imamın ayaqqabısının palçığından yazı yazmaqdır. Onun “ziyalı” qəlbini narahat edən mövzu budur. Əslindəsə o öz mənasızlığının fərqindədir, bu yazılarla özünü aldadır. Məhz özünün insan olaraq məzmun daşımadığını, yüksək mənəvi məsələlərdə payı olmadığını bildiyi üçün, Aydın ondan asılı olan, qəpik-quruşlarla əlləşən kirayənişinləri həmişə əzir, heysiyyətlərini tapdayır və bunu olduqca ziyalı tövrlərlə edir. Nuri Bilgə bu tövrləri böyük ustalıqla təqdim edir. Məsələn, filmdə, Aydın öz borcunu ertələməyə gələn kirayənişin qohumuna geymək üçün çəkələk gətirdir. Çəkələk qadın çəkələyidir. Borclu kasıb kişi “eybi yoxdur” deyə-deyə qadın çəkələyini Aydının qarşısında əzilərək geyinir... Bu xırdalıqlar filmdə zərgər dəqiqliyi ilə işlənib. Rejissor önəmli görünməyən xırdalıqlar psixololgiyaya necə çökür, bunları da göstərir. Aydının kiçiklik kompleksi qarşısındakına onu əzmək yolu ilə ötürülür....

Bu komplekslərə filmdə yox, hər yerdə rast gələ bilərsiniz.

Bu günlərdə olduqca bahalı özəl klinikada çin malı geyimi ilə ilk baxışdan seçilən bir kişinin lift “hadisə”sinə şahid oldum. Rastlaşdığı qiymətlərdən artıq “sınmış” kişi xəstəxana işçisinin “o biri liftə keçin” göstərişinə qəribə reaksiya verdi: “Niyə? Bu lift varlılar üçündür?” Xəstəxana işçisi çaşdı. Amma gülümsəyərək (bu yerdə gülümsəməkdən də payını götürə bilərsən) “Qətiyyən yox. Bu lift gələnlər üçündür, o biri personal və xəstələr üçündür. Onlar lift üçün növbə gözləsələr xəstələrə kim yetişər?” – deyə nəzakətlə izah etdi.

Nə üçün bunları yazıram? Çünki bunlar incə məsələlərdir. Musabəyov statusunda qonaqların yanında biabır olmaqdan yazıb. Lakin qonaq birinci növ, pop-korn satan ikinci növ insan deyil.

Və hətta bütün bunlar bir kənara, şəhərin siması, daşlar, parklar, saatlar, mərmər lövhələr deyil, insandır. Yalnız insanı, həyatı vurğulayanda şəhər dediyimiz canlılıq qazanır, bədiiləşir. Küçələrdəki dondurma, tum satan, cır səslə gitarada çalıb oxuyan sizə qeyri-estetik görünə bilər, amma şəhərin adamları sizdən çox onlardır. Bu yaxınlarda müsahibəsini təqdim etdiyimiz memar da sökülən Sovetski küçəsinin qeyri estetikliyini xatırladırdı, haqlı idi də. Amma Azərbaycan rəngkarlığından nərd atan Sovetski sakinlərini, kinosundan xırda-xırda evlərin qırlı damını çıxsaq xeyli solğun qalacaq. Şəhər cansız eksponatlar deyil, həm də insanlardır. Sadəcə insan olduğuna görə, hörmət etməli olduğumuz insan. Şəhərin gözəlliyini korlayan hər şeyə amansız olmaq olar. Amma şəhərin gözəlliyi də insan üçün deyilmi? Onsuz da kapitalist çarxı işlədikcə insan ehtiva etdiyi dəyərlə birgə mərkəzdənqaçma təcili ilə kənara atılır. O zaman deputatların heysiyyətə toxunan bəyanatları nə üçündür? Bu kompleksləri itiləmək üçün?

# 3530 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #