İntihara hazırlıq, ümidsiz üsyan və “Bəxt üzüyü”ndəki Hüseyn

İntihara hazırlıq, ümidsiz üsyan və “Bəxt üzüyü”ndəki Hüseyn
1 iyul 2014
# 13:49

Sevda Sultanova

“Yeni dalğa”aya aid olub-olmamağı müəyyən mübahisələr doğuran fransız rejissoru Lui Malın “Ürəyin səs-küyü” dramında əhvalat boyu fransız intellektuallarının adı keçir, süfrə arxasında siyasət, fəlsəfə, ədəbiyyat müzakirə olunur.

Hərçənd, bu, məsələn, Abdelatif Keşişin “Adelin həyatı”ndakı personajların Sartrın "Ekzistensializm-humanizmdir” əsərindən danışması kimi saxta görünmür.

Aradakı fərqi tapmağa çalışıram.

Fərq məncə, hər şeydən əvvəl intonasiyadadır. Çünki “Ürəyin səs-küyü”ndə söhbətlər - obrazların davranışına, ailədaxili münasibətlərə, həyata baxışa, mühitə, ironik yanaşmalara, gənc nəslin yaşlı nəslə etiraz olaraq Jan Batist Koronun rəsm əsərinin cırmasına qədər – hər şeyin intonasiyası ilə orqanikləşir, hətta zərurətə çevrilir.

Fəqət, L.Mal intellektuallığı xüsusi vurğulamır, onu söhbət arası vecsiz bir şey kimi, sanki təsadüfi səsləndirməklə ifadə edir. Və bununla da intellekt söhbətlərini tamamilə fərqli səviyyəyə gətirir, fərqli intonasiyada yerləşdirir.

İntonasiya vacib amildir. Hətta göründüyündən və dərk edilidyindən daha vacib.

Ayşad Məmmədovu geniş tamaşaçı kütləsi “Hüseyn” intonasiyası ilə tanıyır. Ayşad “Hüseyn” deyil. Çünki bu personaj Ayşadın aktyor imkanlarının kiçik hissəsidir.

“Hüseyn” stereotipini qırmaq üçün onun oynadığı bir neçə tamaşaya baxmaq kifayət edir.

Keçən həftə premyerası keçirilən Vladimir Zuevin “Sülh göyərçini” pyesi əsasında hazırlanan “Mən… Biz“ (rejissor: Günay Səttar) monotamaşası da Ayşadın ruhundan yalnız bir parçadır...

Xeyli əvvəl Ayşadla görüşümüz olmuşdu. Görüşdən yadımda detallardan çox təəssürat qalıb.

Ayşad ağacdan heykəllər yonur, çox mütaliə edir, çoxlu film izləyir. Mütaliə, geniş bilgi, müəyyən intellektual baza - az aktyorumuzda rastlaşa biləcəyimiz keyfiyyətdir.

Ayşad üçün teatr hər şeydən əvvəl ruh məsələsidir, nəinki karyera, fəxri ad almaq və s.

Bir neçə saatlıq söhbətimizdə mənə elə gəldi ki, Ayşad həm də autik mühitimizdən bir az qopmuş kimi yaşayır, özünü blokadaya salıb. Bu, bir növ onun özünüqoruma instinktidir...

Bəlkə bəlli səbəbdən “Mən… Biz“ Ayşadın malik olduğu imkanların, plastikasının, ən əsası ruhunun, az hissəsini ifadə edirdi, sanki burda da özünü tamamilə tamaşaçıya təslim etmir, ondan qoruyurdu.

Monotamaşa yaşlı kişinin həyatına baxışıdır, olub-bitənləri yenidən dəyərləndirmək cəhdidir, bəlkə də son nəfəsdəki tövbəsidir. Qarşısındakı kamera onun uşaqlarına (əslində tamaşaçıya) öz hekayətini anlatmaq vasitəsidir.

Qəhrəman tamaşaçı ilə interaktivliyə cəhd edir, arabir tamaşaçının sıxılacağından əndişələnir və onu da monotamaşanın iştirakçısına çevirməyə çalışır: “Bunlar sizin üçün maraqlıdır?”

“Yox, mən “Səni axtarıram” verilişinə baxmıram” atmacası ilə isə günümüzə göndəriş edir.

Həmin gün, tamaşaya getmədən öncə Lui Malın yuxarıda bəhs elədiym “Ürəyin səs-küy” filmini izləmişdim. Tam təsadüfdən bu film də nəsillər arası münasibəti təsvir edirdi. Ana ilə kiçik oğulun münasibəti süjetin əsas xətlərindən biridir. Oğul anasına düşkündür, ana da oğluna. Ana xəstə oğlunu komplekslərdən xilas etmək üçün seksual təcrübəsini bölüşür. Rejissor ana-oğul arasındakı insest səhnəsini çox ehtiyatla, korrekt planlarla göstərir, onu mərhəmət, şəfqət, müqəddəs sevgi kontekstində təqdim edir. Ananı ittiham edə bilmirsən, hətta istər-istəməz düşünürsən, məsələn, oğlumun xilası, ona özünə güvən hissini aşılayıb normal münasibətlərə qaytarmaq üçün bu cür fədakarlığa hazırammı?

“Mən… Biz“ əsərində də əsas vurğu yalnız kişinin yox, həm də anasının analizinə (qadına) yönəlib. Amma burdakı qadın ittiham olunandır, onun həyatını əlindən alandır, ona öz istədiyi, arzuladığı həyatı diktə edəndir. Ayşad (həm də rejissor) yəqin ki, bununla Azərbaycan ailəsindəki ana kultuna (oxu:azad, sərbəst, özümüz ola biləcək həyatın qarşısını kəsən maneə ) da etiraz edir.

Ayşadın qəhrəmanı da, anasına, özünə ünvanladığı suallar da “niyə doğulmuşam, niyə yaşayırıq, həyatın anlamı nədir” ekzistensialdır. Onun monoloqu intihara hazırlıqdır, ona haqq qazandırmaqdır və ümidsiz üsyandır.

Azərbaycan aktyorluq məktəbinə xas olan bəzi intonasiya klişelerini çıxsaq, əhvalat hansısa məqamında mütləq seyrçini sarsıdır, özünün ovqatına salır.

Tamaşa mənim də ovqatımla üst-üstə düşür...

# 4071 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #