“Polismen”in haqsızlıqla üzləşən müəllifi

“Polismen”in haqsızlıqla üzləşən müəllifi
26 dekabr 2013
# 13:10

Bir qış günündə dünyaya gəldi. Elə bir qış axşamında da bu dünyaya əlvida dedi. Bu tarixləri ona görə dəqiq bilirəm ki, sevimli övladlarından biri, həmkarım Günay Malikqızını bu fəsildə həm kədərlənən, həm də qürurlanan gördüm. Bu yazını da Günayın məhz qürurlanması üçün yazıram. Ona görə ki, Malikqızı imzası ona hər yanda yalnız uğur gətirdi.

Deyirlər həyatda təsadüf yoxdur. Elə başımıza gələn bu hekayə də təsadüfün olmadığından xəbər verir. Televiziyaya gəlişim tələbəlik illərinə təsadüf edir. O vaxt “Space” yenicə açılmışdı. Məndən öncə müsabiqədən keçənlər arasında Günay Malikqızı da var idi.

O vaxt daha gənc idik, bəlkə uşaq da sayıla bilərdik. Amma iş haqqında fikirlərimiz, gələcək qurmaq barəsində xəyallarımız bizi yaşıdlarımızdan fərqləndirirdi.

İkimiz də jurnalist qələmindən qazanılan çörəklə böyümüşdük, buna baxmayaraq bir-birimizi yaxından tanımırdıq.

***

Hamı onu Malik Fərrux kimi tanıyırdı. Və bir gün yüzlərlə insanın ürəyinə yol tapan şair əbədiyyətə qovuşdu. Həmin o günlərdə təsadüfən evdə atam-Telman Mehdixanlının kədərləndiyini gördüm. Söhbətlərindən başa düşdüm ki uzun müddət televiziyada bir yerdə çalışdığı dostu rəhmətə gedib. Maraqlananda başa düşdüm ki, Malik Fərruxun ölüm xəbərinin acısını mənimlə bərabər o da çəkir. Mən dostumun halına, o da öz dostunun halına acıyır. Biləndə ki, övladı mənimlə bir yerdə çalışır, bir rahatlaşdı sanki. Üzündəki təsəlli ifadələri halının bir qədər yaxşılaşdığından xəbər verirdi. “Hə, deməli Malikin qızıdır” deyib rahatlıq tapdı, fikirlərini isə belə izah etdi-“Malik ölmədi-adını yaşadanı var”.

Əslində yaradıcı insanlar ölmürlər. Yaratdıqları əsərlər haqqında danışılanda anılırlar. Amma bəzən kimlərsə insan beyninin saatlara, hətta günlərlə ərsəyə gətirdiyi bir yaradıcılıq məhsuluna qarşı etdiyi hörmətsizliklə hər şeyi puç edirlər.

Bu məsələyə diqqəti bilərəkdən çəkirəm. Zamanında Malik Fərrux qələmindən çıxan şeirləri bəstəkarlar mahnıları ilə bəzədilər. Sadə dildə, yadda qalan üslubda yazılan bu nəğmələr sözün əsl mənasında hitlərə çevrildi. Müğənnilərimiz bu mahnılara biganə qalmadılar. Amma bəzən hörmətsizlik də oldu. Şairin adı çəkilmədi, ailəsinin hansı mənəvi əzablar çəkdiyinə əhəmiyyət verməyən müğənnilər isə bu hitlərlə həm repertuarlarını, həm də maddi imkanlarını zənginləşdirdilər. Atasının imzasının keşiyində isə Günay Malikqızı ləyaqətlə dayandı.

Bu gün Malik Fərruxun ad günüdür. Onun nəğmələri ilə neçə-neçə nəsillər sevgi etirafları etdi, vətənini sevməyi öyrəndi. Bu gün şairin ruhu şad olsun deyə onu mən də bir dost kimi, həm də atamın dostu kimi, doğma şairimizi tanımayan nəsilə tanıtmaq istədim.

Ədəbi fəaliyyəti tələbəlik dövründə , “Ulduz” jurnalında çap etdirdiyi “ Qartallı dağlar” şeiri ilə başlayıb. 100-ə yaxın mahnının müəllifidir. “Karvan” qrupunun oxuduğu əksər mahnıların sözləri Malik Fərruxa aiddir-“Qara gözlər”, “Sari güllər”, “Sən də tufanla oynama”, “Polismen”, “Qar yağır”, “Alabəzək yuxular” və sairə. Mikayıl Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlar onun sözlərinə mahnı bəstələyiblər. Şairə "Qızıl Qələm" mükafatı ilə yanaşı bir çox mükafatlar verilib.

***

Şair, doğum günün mübarək! Sən sevənlərinin qəlbindəsən! Sənin adını yaşadan, miras qoyduğun şeirlər də, adını ucaldan Malikqızı Günay da bizimlədir! Narahat olma, qələmindən dürr kimi süzülüb ürəkləri fəth edən şeirlərin etibarlı əllərdədir. Onun qoruyan ailən və sənə sadiq olan oxucuların var!

# 5503 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #