Kişilərə mentalitet zülmü

Kişilərə mentalitet zülmü
15 dekabr 2014
# 11:35

Nə qədər ki, oğlum dünyaya gəlməmişdi, hələ dünyada heç bir kişini canımdan artıq sevməmişdim, elə zənn edirdim, onlara yer üzünün cənnəti, biz qadınlara isə cəhənnəm hissəsi düşüb.

Hərdən oğlumu da özümlə məktəbə aparıram. Boynuma alıram ki, uşağı özümə çox bağlamışam. Başqa qadınlar mənə irad tutur: “Belə oğlan böyütməzlər. Qucağından düşmür. Burax, qoy yıxılsın, dizi qanasın, bərkisin...” Bu sözlərə acığım tutur, oğlumu daha möhkəm qucaqlayıram.

Atası onu həmişə “mənim qəhrəman oğlum” deyə əzizləyir. “Mənim oğlum qəhrəman-filan olmağa borclu deyil. O, qəhrəman olmasa da onu həmişə sevəcəyəm” - deyirəm. Sonra hardansa sözlərini oxuduğum qədim bir ingilis mahnısı düşür yadıma, kövrəlirəm:

- Gedirsənmi cəbhəyə sən, Bili boy, Bili boy?

Gedirsənmi cəbhəyə sən, ey qoçaq Bili?

- Uzaq eldə hərbdə ölmək

Bizim üçün borcdur, demək?

Mən cavanam, qəlbi nuram,

Mən anamdan ayrılmaram!

Qadınların kişilərlə bərabərhüquqlu olması üçün çalışan, yazan adamlardan biri mənəm. Bu mövzuda bir roman yazmışam ən azı. Uşaqlığımdan bəri cinsi ayrı-seçkiliyə məruz qalmışam. Anam məni qız doğduğuna görə yeganə sevinci qardaşlarım sünnət olunanda hiss eləmişəm. Evdə dəllək qardaşlarımı çığırdanda mən bağın ən uzaq ağacının dibində oturub ağlayırdım, hər şeyin tez və yaxşı qurtarması üçün Allaha yalvarırdım.

Bərabərlik yaxşı şeydi, amma bir çox mövzularda qadınlarımız “kişi üstünlüyünün” əla dadını çıxara bilsələr də, bunu dilə gətirmirlər. Məsələn, əgər elektrik borcu yığılıb 100 manatı ötübsə, (paltaryuyan, tozsoran, qabyuyan, ətçəkən maşının və bütün günü televizorda gic-gic seriallara baxmağın hesabına) işıq pulunu yığmağa gələn adam da kişidirsə (çox vaxt belə olur), qadın məmnuniyyətlə, evin kişisini qabağa verir. Bilə-bilə ki, kişinin cibində 5 manat da yoxdur. Amma başqa vaxt öz birinciliyini güzəştə getmək qadına ağır gəlir.

Bir dəfə mağazalardan birində paltar alırdım. Satıcı hicablı qadın idi. Kifayət qədər yaxşı örtünmüşdü. Bir teli də görünmürdü. Mən paltarı geyindim, dedim ki, ərim bayırdadı, o da paltara baxmalıdı. Bunu deyəndə qadın həyəcanla yekə qara bir şala cumdu. Qadının bu hərəkətini özümə və ərimə qarşı təhqir hesab elədim. O, mənim ərimi necə bir adam kimi təsəvvür eləmişdi? Öz qadını yanında ola-ola başqa bir qadına – özü də hicablı qadına “pis niyyətlə” baxacaq biri kimimi?

Gözəllik salonlarının qarşısında ərim məni gözləyəndə hazır olub-olmadığımı soruşmaqdan çəkinir. Çünki bir dəfə başını salondan içəri salmamış qara-qışqırıqçı bir qadının hücumuna məruz qalmışdı. Biz deyilikmi az qala dünyanın bütün kişilərinin şorgöz olduğunu düşünən? Bu həqiqətənmi belədir?

Anam məktəbli olanda məni “önyarğılı” öyrədirdi. Bütün oğlanlar aldadır, bütün kişilər xəyanətkardır. Onların niyyəti ancaq qızları yoldan çıxarıb atmaqdı. Azərbaycanda hansı oğlan bir qıza yaxınlaşıb desə ki, sadəcə səni tanımaq istəyirəm, kinoya gedək, çay içək, bir yerdə gəzməyə çıxaq, ən yaxşı halda təhqir olunub qovulur. Mütləq ilk kəlmədə “səni alacam” deyə söz verməli, dünya dağılsa da sözündən dönməməlidir. Mental dəyərlər oğlanları yalan danışmağa vadar edir.

İç geyimində - maykada balkona çıxan kişiyə məişət pozğunu kimi baxırlar. Şortik geyinən, sırğa taxan kişilərə cürbəcür adlar qoşurlar.

Bizim cəmiyyətdə atalar oğlan uşaqlarının doğulmasını ona görə arzulayırlar ki, xanımlarını, qızlarını evdə rahat qoyub səfərə çıxsınlar, işə getsinlər. Evin zibilini atsınlar, dükana - siqaret, araq almağa göndərsinlər.

Rayonlardan birində yaşayırdıq. Ailə dostlarımızdan biri arvad-uşağıyla bizə qonaq gəldi. Qadına nəsə lazım olanda evimizə yaxın mağazaya gedirdi. Mən hamiləydim deyə onunla gedə bilmirdim. Həyat yoldaşımın da getməsi düzgün çıxmırdı. Qadın küçəyə çıxan kimi kişi 10 yaşlı oğluna göz eləyirdi: “Get ananın dalınca. Ananı tək buraxma!” Hər dəfə oğlan sevimli cizgi filmini yarımçıq buraxaraq, həsrətlə filmi seyr eləməkdə olan bacısına baxırdı. Onda mən qəribə hisslər keçirirdim və doğulacaq oğlumun həyatının çox hissəsinin dalımca qaçmaqda keçəcəyini anlayırdım...

# 1310 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #