Səhra metaforası

Səhra metaforası
15 dekabr 2015
# 11:39

Kulis tənqidçi Cavanşir Yusiflinin “Səhra metaforası” məqaləsini təqdim edir.

Bir nasir kimi Vaqif Sultanlı hansı cəhətləri ilə seçilir, bu günün ədəbi gedişatında o, hansı cizgiləri ilə yadda qalır?

Bu sualın cavabını onun son zamanlar qələmə aldığı «Səhra savaşı» romanını oxuyaraq aradım.

Vaqif Sultanlının romanını oxuduqda özüm üçün yeni bir imza və nasir, yeni bir təhkiyə və üslub kəşf etdim, desəm yanılmaram.

Romanın oxusunun mənə ağır təsir bağışlayacağını düşünürdüm. Çünki müəllif ön sözündə şərti-meraforik üslubdan və onun qatlarından söz açılırdı. Doğrudan da, «Səhra savaşı»nda bu tipli gedişlər, təhkiyə strategiyasının qəliz dönüşlər alması... kimi hallara rast gəlirsən. Amma...nə deyəcəkdim? Bu əsərdə nə qədər mürəkkəb dönüşlərdən bəhs edilsə də, təhkiyə necə deyərlər, «əks istiqamətlidir», yəni hadisələr nə qədər qeyri-adi, reallıqdan fərqli təsir bağışlasa da, təsvir dili reallığa maksimum yaxındır. Həm də: dil, bədii dil həmişə reallıq içindədir. Bu onun mövcudluq formasıdır. Bu «əkslik» əsərin mətnində qəribə aura yaradır, dünya ədəbiyyatında müəyyən tarixi və təcrübəsi olan bu üslub hadisəsinin haqqında bəhs açılan müəlliflə bağlı özəlliklərini də meydana qoyur.

«Səhra savaşı» hər şeydən öncə mükəmməl planının, yəni kompozisiyasının olması ilər fərqlənir, keçidlər (hadisədən hadisəyə, obrazdan obraza) arasında qırıqlıq, inamsızlıq hiss edilmir, burada kompozisiyanı açan, onun fəlsəfəsini bəlləyən ən önəmli cəhət isə təhkiyədə mühakimədən çox, doğulacaq mətləbi detallarla vermək, məhz detallar arasındakı assosiativ, birbaşa və şərti-simvolik əlaqələrin qabardılmasıdır. Qeyd etmək laızmdır ki, müəllif təhkiyədə seçdiyi yolu əvvəlcədən nişan versə də, müəyyən mənada oxucunu da «aldadır», bu isə üslubi keyfiyyət daşıdığından mətnin, onun bətnindəki bədii niyyətin obrazlara proyeksiyalanmasına, obraz və detalların daxilindəki enerjinin dışarı çıxmasına, bu enerjinin isə nəhayətdə səhra metafaorası ilə çulğaşmasında önəmli rolı oynayır.

Romanın müəllifinin əsəri «qurması» aydındır. Çünki bu cür mükəmməl gedişlər, süjetin dolanbaclarda nəfəs dərməməsi, keçidlərin sürəkliliyi... bütün bunların vahid nöqtəyə can ataraq ordan müxtəlif hərəkət tezliklərində uzaqlaşmaları... məhz montajın, qurma işinin nişanələridir. Özü də usta şəkildə. Nəsrdə belə təcrübələr indi həddindən artıq çoxalıb. Dünya nəsrində. Bizdə də var. Ancaq zənnimizcə, əsas məsələ bu deyildir. Bu işin peşəkarlıq cəhətidir. Əsas məqam, yəni əsərin mahiyyətini detal və obrazlara paylayan nöqtə bu montajın, qurma işinin özünün mahiyyətindən vaz keçərək dərinliklərdəki hadisələrə, insan ağlının və xəyalının orda yuvalanmış parçalarına işıq salmaq, süjetin məntiqini kompozisiyanın fəlsəfəsi ilə bir nöqtədə düyməkdir. «Səhra savaşı» məhz bu məqamın tutulması ilə diqqəti çəkir və buna görə də biz bu romanın uğur qazanacağına əminik.

Ancaq burda əsas təkcə bu da deyil. Əsas olan romanın özünün detaldan, obrazdan və bunlara bənzər bütün elementlərdən sıyrılıb bir metaforaya dönməsindədir. Dünya boşalıb, zaman bitib-tükənib, həyat son nəfəsini dərib və quru ağac kimi yerə yıxılıb. Ömür mətninin üstünə çilənən qara mürəkkəb izləri bizi sətirlər arasında keçmişlə gələcəyin görüş yerinə – insan taleyinin burulğanına aparır. Romanda əsas metaforanın ayrı-ayrı elementlərini göz önünə gətirən işarələrin paylanması, paylanma qaydası – simmetriya, xaosla düzümün, harmoniyanın bir-birinin içindən keçməsi və nəticədə insan taleyində ona atılan daşların yerlərinə oturması qəribə ovqat yaradır. Səhra, qum burulğanı, ilğım, səhrada qumun içinə bataraq löhrəm yerişlə irəliləyən at, atın yalmanına yatan Qocanın üfüq qaşından ömrünə, yaşadığı anlara tamaşa etməsi... şübhəsiz ki, gözəl bir fantaziyadır, ancaq necə olmasa da, bəlli şərtlər daxilində keçən ömrün quruyan bulağının dünya, gerçəklik, onun şərtləri ilə çarpaz kəsilib əks istiqamətə getmək məcburiyyətində qalmasını real şəkildə şərtləndirir. Geriyə yol yoxdur, keçmişə yollanmalısan ki, səni ölümə, bilinməzliyə sürükləyən sirrin açarını tapa biləsən. Bu dünyaya gəlişinin bir mənası vardımı? Sən bu ömrün içində neylədin? Sən millətin içində bir zərrə kimi hansı dəyəri qazandın?

Adı çəkilən metafora o qədər qəliz suallar doğurur ki, onları cavablandırmaqdan vaz keçib keçmişin içinə gömülmək, o sirlərə vaqif olmadan onların dizinə baş qoyub üzü gələcəyə yuxu görmək istəyirsən. Əsərdə yuxu obrazı və metaforası sıx şəkildə işlənməsə də, romanın hər bir anında mövcuddur, çünki Qocanın keçmişə dönüşünün özü bir yuxudur. Bitib tükənmir, yozulmur və heç nə ifadə etmir. Bu sirlərin açılması üçün Qoca ən müxtəlif hadisələrdən keçməlidir, bu olay və hadisələr də onun içindən. Əvvəlcə yaşanmış ömür bir heçə dönməli, başlanğıc nöqtəsinə qayıtmalı, sənin vücudundakı və ruhundakı əsas məqamlar efir içinə gömülməlidir. Belədə, sən keçmişin özünə yox, hadisələrin külünə səfər edirsən, adamı yox, səsi görürsən, səsin içində olursan, hadisəni yox, ona paralel olan mahiyyəti görürsən. Hər şey yenidən qarışır.

Roman metaforası...

Bu metafora nəyi andırır? Bir az tez, bir az gec, hər şeyə xal düşür, heç nə olduğu kimi, bilindiyi gözəllikdə qalmır, ona görə, rastlaşdığın olay və şərtlər bəzən səni elə bir duruma salır ki, əvvəlcə ölüb sonra yaşamaq istəyirsən. Sən yaşadıqca yerin altı – ömrün torpağı şumlansın, görək nə olacaq...

Romanda təsvir edilən insan yaşamaqdan bezib, gələcəkdən imtina edərək keçmişə qayıtmağı qət edib. Keçmişə qayıdır ki, tarixdə onun həyatı boyu baş vermiş hadisələrin dərinliyini görə bilsin. Ancaq keçmişə aparan yol elə də asan deyil, bunun üçün bütün həyatının üstündən xətt çəkməli, sənə vəd ediləni dəf edərək vaxtilə yaşadığın həyata tamaşaçı sifəti ilə geri qayıtmalısan. Ancaq bu necə ola bilər?

«Bir zamanlar gələcəyə aparan yolla geriyə dönüşü ruhunda, yaddaşında qəribə duyğular oyadırdı. Yola çıxarkən illər uzunu yollara dağılmış ömrünü yığmağı düşünürdü. Elə buna görə də keçdiyi yollarda yaşadığı ömrün hansısa cizgilərini, nişanələrini axtarır, gözlərinə toxunan hər şeyə bambaşqa bir nəzərlə tamaşa edirdi. Ancaq tarixə aparan yol boyu gördüyü mənzərələr ona tanış gəlmir, keçmişini, yaşadığı ömrün hansısa anını xatırladacaq nə isə gözlərinə toxunmurdu. Sanki keçmiş də dəyişərək ona yad, yabançı olan başqa bir dünyaya çevrilmişdi».

Zaman məkana köçürülür. Xronologiya, ənənə itir. Bizə tanış olan bağlar qoparılıb bir kənara atılır. Elə bir ortam yaranır ki, insanın mahiyyəti tam olaraq açılsın. Ancaq bunun öhdəsindən gəlmək mümkündürmü?

Bütün bunlar Qoca obrazına cəmləşib, zamanın şah damarından qırılması, səsin, sözün içiylə axan nəhayətsizlik, dünyanın gərdişinin dəyişməsi məhz bu obraz və onun gerçəkliyə münasibəti üzərində konsentrasiya edilib. Romanın ilk səhifəsindəcə biz Qocanı ucsuz-bucaqsız qum səhrasında görürük. Zaman elə bu səhradır. Dünya da, ömür də, həyat da... Onun zamanla geri qayıtmaq istəyinin səbəbi nə idi? Biz bu suala gerçək zaman, gerçək məntiq çərçivəsi daxilində cavab axtarmalı olsaq, şübhəsiz ki, qaranlıq və izahsız düşüncələr içində qala bilərik.

«...Hərdən də həyat ona bütünlüklə sual şəklində görünür, ömrün, yaşayışın, dünyaya gəlişin eləcə bir sual olduğunu xəyalından keçirirdi. Axtardığı suala cavab tapa bilməməsinin, yaxud onun nəyə yönəlik olduğunu anlayammasının da sualın doğurduğu müəmmaya bağlılığını düşünürdü. Əgər sualın özü qaranlıq idisə, onun cavabını tapmaq, yaxud bu cavab ətrafında aylarla, illərlə baş sındırmaq necə ola bilərdi...»

Gələcəyə doğru getdikcə bu sual mənasını itirir, ona cavab tapmaq ümidi büsbütün aradan qalxırdı. Qoca onun ruhunu didişdirən suala cavab tapmaq üçün radikal bir yol seçir: keçmişə qayıtmaq, keçmişdə yaşananları görmək, onların çöhrəsindəki işartılardan dünyaya gəlişin və dünyadan gedişin sirlərini öyrənmək. Ancaq qəribə olan şeylərin doğurduğu dəhşət onun bütün varlığını bir daha sarsıdır. Keçmiş onun bildiyi, təsəvvür elədiyi şəkildə deyildir, ümumiyyətlə həyatın sirri, dünyanın içindəki həqiqətlərin lallığı nə idisə onun düşüncəsinin aça bildiyi bir şey deyilmiş. Keçmiş artıq baş verib qurtarıb, indi sən ora, o məmləkətə qayıtmaqla olayların tozundan nə anlaya bilərsən ki? Keçmişdə babasını «görür», ancaq onun səsini eşitdikdən sonra üzünü görmür, büsbütün onun səsinin içində hiss edir özünü. Onun yaşadığı keçmiş indi başqa bir kateqoriyaya çevrilib. Sən iradən və gücün xaricində olan şeyləri istədiyin şəkildə anlaya bilmək qüdrətinə malik deyilsən.

Çilli dərviş, Sarı Dərviş, Ağ Dərviş...

İlk olaraq Çilli dərvişlə rastlaşır. Dərviş ona keçmişə dönüşdə məsləhətlər verir. Gedəcəksən, qarşına filan şeylər çıxacaq, sən filan olaylardan keçməlisən, həyatını qeyb etməmək üçün belə etməlisən və sair. Qoca dərvişin üzünün cizgilərindəki zamansılığı duyur və ondan kim olduğunu soruşur. Dərviş çox sakit şəkildə «mənim kimliyim sorulmaz» deyir. Yoluna davam et. Qocanın keçmişə qayıtması təkcə ölümdən, həyatın sonundan qaçış deyildir, bu həm də həyatın sonundan geri boylanaraq onun mənasını anlamaq, bu mənalar içində vacib olanları tutub saxlamaq və onun içinə gömülməkdir. Belə bir istək baş tuta bilərmi və bu, ümumiyyətlə insan iradəsi daxilindədirmi?

Roman mətnində bütün bu mənalar ayrı-ayrı abzas və keçidlərdə yox, onların arasındakı düşüncə məkanındadır. Yəni, müəllifin təhkiyəsi elə bir xüsusiyyətə malikdir ki, romandakı ayrı-ayrı obrazların nə demək olduğunu bilmək üçün bəzi simvol və metaforaları bilməli, onlar arasındakı qəribə əlaqələrin cizgilərini tanımalısan. Qoca keçmişə tələsdiyi kimi, tarixin əvvəlindən gələcəyə doğru yürüyən insanlar da var. Yəni təhkiyədə təsvir edilən hərəkət əslində tək, vahid... deyildir. Bu mənalara vaqif olmaq üçün mətndə hər bir hərəkət ona paralel digər hərəkətin fonunda da təsvir edilir. Gah aşkar, gah da gizlin şəkildə. Tarixin əvvəlində yuxuya gedib yatmış, soyunu, mahiyyətini itirmiş qövmlər yuxudan ayıldıqdan sonra gələcəyə yürüş edir və yolda qırılırlar.

Keçmişə dönən Qoca isə həyatın sonunda tərs bir sualla rastlaşdığından bu həyatı yenidən görmək, əlini, barmaqlarının ucunun sifət cizgilərində gəzdirməklə dünya deyilən EVİN bütün sirlərini özü üçün açmaq istəyir. Yolda köhnə dəyirmana rastlanır. Ancaq bundan da qabaq onun güzarı vaxt bazarına düşür. Burda Sarı dərvişlə görüşməlidir ki, vaxt bazarında ona qəlp zaman sırımasınlar. Geriyə qayıtmaq üçün onun zamana, vaxta ehtiyacı varmı? Vaxtdan yükünü tutan Qoca yoluna davam edir. Dərvişlər ona başına gələnlərin əsas əlamətlərini söyləyirlər. Qarşısına ilan yatağı çıxır. Bu hadisə onun yadına uşaqlığını salır. Xatirədən min bir təəssürat oyanır. Ehtiyatlı olmasa bu ilanlar onu da, atını da bir an içində həzm-rabedən keçirməyə qadirdirlər.

Köhnə dəyirmana girməzdən qabaq atının yüyənini dəyirmanın yanındakı bir daşın altına bağlayır. Dəyirmandan çıxanda atı çay kənarında görür. Onun yüyəni bir ağaca bağlanmış, ağacsa kökündən qopmuşdu. Dəyirman sirr dağarcığıdır. Onun qapıları üzərində insan ömrünün mənasını puça çıxaran yazılar həkk edilib: bura girən də peşmandı, girməyən də... Həm də bu yazıdakı hərflər bir-birinin içinə girib, bir-birinin içindən çıxır və əslində bu qədər sadə oxunan bir yazı olmazın dərəcədə qəliz bir ovqat yaradır. Simvol, simvolun metaforik düşüncə selinə bürünməsi və obrazın mürəkkəbləşməsi əsərin üslubunun əsas keyfiyyətlərindəndir. Bu elə həyatın, dünyanın içində cilvələnən sirlərdən biridir, bəlkə də onun üz qabığıdır, soyulduqca soyulur və hər qatında da eyni sözlər yazılıb. Dünya sirrini heç kəsə vermir. Keçmişə qayıdanda o, sənin qarşına sualla çıxır, simvolları əyninə libas kimi geyinərək sənin onların içində azmanı istəyir. Sən nə edirsən et, dünya deyilən qurğunun sirrinin tozuna da toxuna bilməzsən. Amma sənin özün başdan-başa toz içindəsən.

Romanda bütün qeyri-real, həm də irreal hadisələrin içində reallıq duyğusu da var ki, əsas olan da bunu duymaq və tutmaqdır. Keçmişə qayıdış imtina edilən gələcəyin hadisələrinə güzgü tutmaqdır həm də. Yəni, gələcəkdən imtina motivi, əslində bir “bədii bəhanədir”, bu üsulla müəllif əslində “keçmişdəki gələcək” hadisəsini araşdırır və bu günümüzün reallıqlarını dərindən öyrənir.

Bizə belə gəlir ki, Vaqif Sultanlının «Səhra savaşı» romanı maraqla qarşılanacaq və geniş auditoriyalarda müzakirə olunacaqdır və buna haqqı da çatır...

# 1221 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #