Amerika prezidentinə məktub yazan azərbaycanlının ölümü

Amerika prezidentinə məktub yazan azərbaycanlının ölümü
8 sentyabr 2019
# 12:02

Qonşumuz Azad kişi öldü. Məhəllənin ən qədim sakini. Uşaqlığımızı bizə tez-tez xatırladan kişi dünən gecə blokun ağzında keçindi. Yəqin son dəfə öz bağına baxırmış, siqaret tüstülədə-tüstülədə. Uşaqlar keçib yanından çox güman, çığrışa-çığrışa.

"Azad əmi, salam!!!"

"Salam, salam" - gülümsəyərək cavab verib. Hər gün beləcə salamlaşırdıq.

- Nətərsən, kişi? - deyir, sonra həmişəki sualına keçirdi.

-Nə vaxt plana düşür? Öyrənə bildin? Yataqxanamızı sahmana sala-sala, hər yeri gül-çiçək eləyə-eləyə söküləcəyini gözləyirdi. Bəlkə də hamımız. Artıq məhəlləmizdəki xatirələr plana düşmüşdü. Bütün köhnələr çıxıb getmişdi. Bircə Azad əmi qalmışdı. Hey siqaret sümürə-sümürə...

- Pul verəcəklər, ya ev?

- Söküləndə?

- Hə...

- Ev versələr yaxşıdı.

Ara ğbir bu cür dialoqumuz olurdu. Azad əmi üzbəüzdəki bağına gedirdi. Elə də böyük, göz gördükcə könül oxşayan bağ deyildi. Əslən Ağdaşdan olan Azad kişi Bakıya köçəndən sonra buranı səliqə-sahmana salıb, bir daxma da qaralamışdı. Arada evdən çıxıb bağa gəlir, masanın kənarına əyləşib radioya qulaq asır, çay dəmləyir, siqaret çəkə-çəkə xatirələrə yelkən açırdı. Qardaşını xatırlayanda kövrəlirdi, bir dalbadal siqaret yandırırdı.

Qarabağ döyüşlərinin birində yaralanmışdı qardaşı. Dörd-beş ildən sonra yara özünü göstərib: canını tapşırıb. Böyük qardaşını tez-tez yuxuda görür, üstünə güllə yağdırılan an hövlnak oyanır. Bəlkə də buna görə siqareti çox çəkirdi.

Bağda onunla söhbət edirdik. Kiyevdə oxumuşdu. Mənə hər şeydən danışırdı: qadınlardan, yeməklərdən, tələbəliyindən. Ən çox da ABŞ prezidenti Roland Reyqana yazdığı məktubdan. Onu seçilməsi münasibəti ilə təbrik etmişdi tələbə vaxtı. Bu bir az başını ağrıtsa da, sonradan yat-küt olmuşdu. - Məni rektorun yanına apardılar. Dedilər, belə bir şey yazıb, nə edək bunu. Rektorun xoşuna gəldi. Hamı təəccübləndi. Soruşdu ki, bunu necə yerinə qoyaq? Vaşinqtonun korpunktu var, Komsomol Pravdasının. Dedim, ora göndərsinlər, imza toplayaq və elə çıxmasın ki, sovet zarafatıdır.

Bütün kurslarda oxudular və imzaladılar. Moskvaya göndərdik. SSRİ sülh komitəsinə. Yuri Jıkov idi oranın sədri. Sosialist qəhrəman, siyasi icmalçı. Getdi çıxdı Vaşinqtona. Jıkov da tərifləyir ki, sizin tələbələr belə-belə... dalı nə oldu nə olmadı, bilmirəm... Arxasınca gülə-gülə demişdi:

- Yekə dalğalara qol qoymuşam ee.

Çayını qurtumlayıb, şəstlə siqaretinə qullab vurub mənim heyrət dolu baxışlarımdan xoşallanmışdı.

- Məktuba görə rektorun və digərlərinin vəzifələri qalxır. Mənə də nə qədər hədiyə.

Xaricə ayağı açıldı. Böyük bir mitinq oldu. İnstitutun bayrağı, komsomolun, həmkarların bayrağı... Yaşlı nəslin nümayəndələri, dünya çempionları... O həngamədə bu bayraqların birini bir azərbaycanlı balası aparırdı. Orden də taxmışdılar sinəsinə. Bütün bu prosesdən film də çəkirlər və Azad əmi bu hadisənin yekununda: “Mənim tələbəliyim möcüzəli olub”. - deyir və təkrar siqaret yandırır.

O Azad əmi sonralar çox yerlərdə işlədi, hörmət qazandı. Axır vaxtlar işləmirdi, mehrini ağaclara salmışdı. Köhnə maqnitafonda radioya qulas asır, özü üçün kiçik Sovet höküməti yaradırdı. Oğlu onun gözünü əməliyyat etdirmək üçün pul yığıb Moskvadan gəlmişdi. Gəlib onun cansız bədəniylə qarşılaşdı. Biz üç nəfər kömək elədik, gecənin bir yarısı onu məscidə yuduzdurmağa apardıq. Hamı susmuşdu. Hər şey o qədər tanış və darıxdırıcı idi ki... Oğluna baxdım və ona yazığım gəldi. Hələ dəfn olunma, çadır, üçü, yeddisi, qırxı və s...

Mən onun nə hiss keçirdiyini bilirdim. İndi bütün bunların bir yuxu olduğunu, ancaq yatmadığını düşünürdü. Və hər şey bitəndən sonra doyunca yatmaq istəyəcəkdi.

- Hər şey yaxşıydı axı, Ayxan.

Çömbəlib oturduq. Atasının həmişə siqaret çəkdiyi yerdə bir siqaret yandırıb gözünün yaşını axıtdı. Mən uşaqlığımızın simvolu Azad əmini də itirdim. Daha bu yataqxanada xatirələr də ölmüşdü.

- İşıqlar sönəndə o yandırırdı həmişə... - qonşu arvadlar danışırdı. İçəridə tükləri biz-biz edən ağlaşma səsi bu sözlərin fon musiqisiydi... Hər şey yaxşı idi axı, Azad əmi. Nə oldu bəs?

# 4693 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #