Yeni din: Əşyalara sitayiş

Yeni din: Əşyalara sitayiş
25 noyabr 2014
# 17:45

Söhbətimiz var, yaxın oturun, çünki bu yazı elə hamımız haqqındadır. Sokratla başlayaq.

Bir gün Sokrat bazarda gəzirmiş, gəzə-gəzə də piştaxtalara qoyulmuş cürbəcür sənətkarlıq məhsullarına, yeməli şeylərə baxa-baxa heyrətlənirmiş. Və bir adam gözləyirmiş ki, gəlib ona yaxınlaşsın, kamali-ədəblə salam versin, heyrətinin səbəbini soruşsun, o da bir aforizm guppuldatsın. Söz yox ki, elə bir adam gəlib, sualını verib. Sokrat da aforizmini guppuldadıb: “Gör dünyada nə qədər şey olmadan yaşamaq mümkünmüş”.

Ümumiyyətlə, biz həmişə lətifədə sual verənləri ikinci adam kimi görmüşük, onlara fikir verməmişik. İndi bir dəqiqə düşünün, göldə qatıq mayalamaq istəyən Molla Nəsrəddindən “Molla, göldə niyə qatıq çalırsan?” deyə soruşan adam olmasaydı, o lətifə də yaranmayacaqdı. Bu ikinci adamlara da həyatda ehtiyac var.

Bəs nəyə ehtiyacımız yoxdur?

Keçən həftə bir roman oxudum, amma oxumamış ordakı bir cümləni gözüm jurnaldakı resenziyada tutmuşdu: “İnsanlar olmayan pulları ilə ehtiyacları olmayan şeyləri almaq üçün marketdə növbəyə dayanmışdılar”.

Sokratın dediyi də budur.

Hərənin cibində 3-4 bank kartı. Hər tərəf, hər şeylə doludur. Sokrat dediyi kimi, yaşamaq üçün ehtiyacı olmadığımız şeylərlə. “Al, sonra ödə”. Hayqıran reklamlar. Alışan sətirlər. Şüurumuzun içinə təsir edən psixotroplar!!!

Hər dəfə bu barədə düşünəndə yadıma əl videokamerasını kreditlə alan o miskin adam düşür. O adam o kameranı nə edəcəkdi? Bu adam nəinki Felliniyə, heç Əlisa Cabbarova də oxşamırdı. Hansısa ev şənliyini çəkəcəkdi? Amma ayda-ildə bir dəfə olan şənliyi çəkmək üçün hər ay az maaşının bir hissəsini kreditə ayıracaqdı? Nəyin naminə? Ucuz bir istəyin. Nəyinə lazımdı o video kamera? Heç nəyinə. Amma alır. Niyə alır? Ağlı azdı, ona görə.

Bir az gərginləşdik, davam edək. Əslində məsələ o miskin adamın təfəkkürü qədər bəsit deyil. Və bu dramatik vəziyyət yalnız günəşli Azərbaycanla məhdudlaşmır. Bütün dünya bu dərdə mübtəladır. İnsanlar öz həyat tərzlərini yüksəltmək, daha yaxşı yaşamaq üçün bir çox əşyalara ehtiyac duyurlar. Bu əşyaları alırlar, sonra isə borclarını qaytarmaq üçün daha çox işləyir, daha çox əziyyət çəkirlər. Daha gözəl yaşamaq üçün alınan bir plazma televizor əslində insanı daha pis, daha gərgin, daha əziyyətli bir həyata aparır. Əşyalarla xoşbəxtliyə çatmaq istəyən insan əşyanın əsirinə çevrilir. İnsanları banklar idarə edir. Xoşbəxtlik yolunu azan insanlar özlərini kredit kartının şərf kimi uzun fakturalarında, bank və bankomat növbələrində tapırlar.

Sokratla başladıq, Frommla bitirək: “Qərbli insan fərəhlənmək qabiliyyətini özünə qapanmış ruhi xəstə kimi itirmişdir. Buna görə də narahatlıqdan, ruh düşkünlüyündən və kədərdən xilas ola bilmir. Hələ də xoşbəxtlik, fərdiyyətçilikdən, azad təşəbbüs haqqında boşboğazlıq edir, əslində isə heç bir məqsədi yoxdur. Ondan nəyə görə yaşadığını, həyatının məqsədini soruşun. Cavab tapa bilməyəcək”.

Və bu suala cavab verə bilmədiyi üçün əşyalarla xoşbəxt olmağa çalışacaq.

Xoşbəxtliyi imitasiya etmək bədbəxtlikdir.

Düzdür, Sokrat kimi mənə sual verən olmadı, amma yenə də aforizm yaratmaqdan özümü saxlaya bilmədim.

Amma pis deyil ha... “Xoşbəxtliyi imitasiya etmək bədbəxtlikdir”

# 2548 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #