Azadlıq göz şəkilindədirsə, söz də gözümdən düşür...

Azadlıq göz şəkilindədirsə, söz də gözümdən düşür...
4 fevral 2014
# 08:30

Kulis.Az şair Əlizadə nurinin “Azadlıq” essesini təqdim edir.

Azadlıq – Qurban (Məmmədov)

tələb edir, Qurban da azadlıq!

Sokrat belə deyib: “Hər bir insan olmaq istədiyi qədərində kölə, yaxud azaddır”. Əslində dəqiq ifadə olunub. Azadlığa doğru addım atdıqca, o da öz kövrək addımlarıyla sənə yaxınlaşmaq istəyəcək...

Ay bakirədi. Aydakı azadlıq da bakirə azadlıqdı. Aya ayaq basıb orda azan səsi eşidən Armstronq da islamı elə - belə “göy” payı kimi qəbul etməmişdi: o, azan səsindəki sirli - sehrli, əsrarəngiz azadlıq ruhuna vurulmuşdu. Azan səsinin ovsununa diksinmişdi Armstronqun ürəyi!

Üzü qırışmış bu dünyaya ancaq azadlıq öz isti əlləriylə sığal çəkə bilər. Sığalı olmayan dünyanı isə sevmək olmur...

Dünyadakı bütün müharibələr yalnız o halda qəbul ediləndir ki, bu davalar azadlıq uğrunda olsun!

...Ölkədə isə qaranlıqdı. Qaranlıqlar yuxu gətirən olur. Yuxusu gəlirdi millətin:

Mürgülü gözlərə dolmur

azadlıq,

Açmır mürgülü gözlərdə

azadlıq çiçəkləri...

Azadlıq duyğusu

asır özünü

Mürgülü gözlərin kipriklərindən...

...Mən də bir gün evimdən çıxıb öz azadlığımı “azadlıq qəssabları”ndan istəməyə gedirdim. Qan çəkirdi məni, - qəssab baltasının üzü mənə sarıydı...

Çöldə payızdı. Yağış elə yanıqlı səslə oxuyurdu, sanki göy üzü öz torpaq “balasına” layla çalırdı...

Üst – başım payız içindədi. Payız damır gözlərindən. Azadlıq ardınca getdiyimi duyduğundan, təbiət də yağışı arxamca su kimi atir. Sağ olsun... Anası olmayanların ardınca su atmağa nə yaxşı ki, ana təbiət var!!!

Yarpaqlarını payızın ayağına atmış ağaclar da mənim kimi fikirlidir. Bu darıxan ağacları da özümlə aparmaq istəyirəm. Heyif, yeriyə bilmir bu ağaclar. Ağaclarda da azadlıq duyğusu var, ancaq ağaclar öz azadlıqlarına doğru yeriməyi yox, yıxılmağı bacarırlar...

...Fikrimcə, azadlıq hələ əyarı müəyyən olunmamış çox qiymətli varidatdır. Bəlkə elə ona görə onu bizə vermək istəmirdilər!

Hərdən düşünürəm: bəlkə azad olmağın yolu heç topların, tankların lüləsindən keçmir? Bəlkə topların, tankların mərmi yerinə nərgiz çiçəkləri taxaq? Bəlkə nərgiz qoxusundan məst olub yumşaldı o zirehli maşınlar? Bəlkə qan iyindən bezmiş dünya nərgiz qoxulamaq istəyir? Bəlkə elə nərgiz ətri barışdırdı dünyadakı bütün düşmənçilikləri? Ah, bu “bəlkə “lər... Mən bu “bəlkə”lərin bur gün həqiqət olacağına, dünyanın “sülh yağışı“nda, “barış şehi”ndə süslənəcəyinə necə də inanmaq istəyirəm, ilahi!

...Bu düşüncələrin əlindən tutub addımlayarkən küçədə tanklar görünməyə başladı. Ah, o tankların mərmi yerində bir öz əvvəl arzuladığım nərgiz çiçəkləri gözə dəymirdi. Heyf...

...Qara telli komandir qara tankını “qara camaat”ın üstünə sürürdü. Çaxnaşmada bir qara telli qızın ürəyi getmişdi. Cavan, saqqallı bir kişi əl atıb o, qara telli qızcığazın “ürəyini” yerdən götürdü. Öpüb oxşadı o qızcığazın tellərini. Deyəsən əcnəbi idi o saqqallı kişi. Bizim könüllərə azadlıq toxumu əkməyə gələnlərdən idi. Ah, ancaq bizim bu könüllər deyəsən o, qədər də “münbit” deyildi...

...Bir vaxtlar müəllimi olduğum Namiq də Qarabağa azadlıq ardınca getmişdi. Qarabağı azad etmək istəyirdi, ancaq özu bir ayağından “azad” olub gəldi; daha doğrusu, gəlmədi, gətirdilər... Kəsilmiş əayağını girov qoyub gəlmişdi o, torpaqlarda...

...Hərdən Namiq aqressivləşib elə suallar verir ki, cavab verməkdə çətinlik çəkirəm. Şagirdinin sualı qarşısında aciz qalan müəllimin halını təsəvvür edirsinizmi?

Namiqin sonuncu sözləri qulağımda cingildəyir: müəllim, cəbhədən qayıdan əsgər çəkməmin altından bir qırıq Qarabağ torpağı tapmışam. Deyəsən, elə mənə hər gecə qoxulayıb yatdığım bu torpaq qırığı qalacaq... Hələ də biz Qarabağı xəritələrdə çubuqla göstəririk. Bəs Qarabağ torpaqlarına “azadlıq çubuğunu” nə vaxt sancacağıq?

Azadlıq haqqdır,

bəs onda

biz niyə almırıq öz haqqımızı?

...Günəş Şərqdən doğur axı,

bəs niyə “haqq günəşi”

Qərbdə doğur

Şərqdə batır, ilahi?!

...Azadlıq qiymətli medalyon kimidir. Onu boynundan asmaq üçün ən azı boynunu boyunduruqdan azad etmılisən!

...Öp,

götür ürəyinin üstünə qoy

o süngünü.

Süngüylə ürəyin

öpüşdüyü yerdən başlayır azadlıq...

...Biz azad səma istəyən bir quş misallıyıq. Ancaq qanadları bir–biriylə yola getməyən bir “quş” azadlıq səmasına qədər uça bilərmi?

Azadlıq ac və yırtıcı qurdun ağzında olsa belə onu almaq lazımdı. Biz isə onu heç tülküdən də ala bilmirik!

Azadlıq çox dadlı meyvədi. Ancaq bu “meyvə”nin yetişdiyi ağaca çıxmaq hər oğulun işi deyil, üstəlik bu ağacı qoruyan bağban çox ayıq və əzazildirsə...

...Oğlum bir dəfə məndən soruşdu: - bizə niyə məktəbdə azadlıq dərsi keçmirlər, bəlkə kitab yoxdu?

- Hə, oğlum bizdə azadlıq kitabını yazmaq istəyənləri çərlədib öldürülər. Ona görə də hamımız “azadlıq” dan kəsilirik...

...Mən sözü çox sevirəm. Ancaq azadlıq da təkcə göz şəkilindədirsə, onda söz də gözümdən düşür...

Bizdə heç qəbir torpaqları da azad deyil. Köhnə qəbrin üstündə təzə qəbirlər qazılır. Bizdə ölü də ölünün azadlığına təcavüz edir.

Bizim sümüklərimiz də torpağın altında bir – birilə yola getmir!...

...Yol ayağa daha yaxındı. Lakin azadlıq yolunu ayaqla yox, ürəklə fəth edərlər!

Azad seçki deyirik. Seçici barmağına mürəkkəb vurmaqla(yaxşı ki, qan yox!) şəffaf görünməyin nə mənası? Başqa xalqların barmağı artıq çoxdandı bala batıb, biz hələ barmağımızı indi mürəkkəbə batırırıq...

...Sağ olsun vətən quşlarını. Barı onlar Qarabağ sərhədini keçib, səmada vətəni - vətənlə birləşdirə bilir, bütöv vətən rəsmi cızırlar!

Fiziki qanunlara görə maqnit öz “sevgilisi” dəmiri cəzb edə bilir, məsələn alüminiumu isə yox. Bəlkə bir iksiri var bunun? Bəlkə bunun “günahı”nı maqnitin alüminiumu cəzb etməməsində yox, alüminiumun özünün cəzb oluna bilməməsində axtarmaq lazımdır. Bəlkə azadlıq maqnit, biz isə alüminium kimiyik? Bəlkə biz cəzb oluna bilmirik?

...13 yaşlı fələstinli uşağın əlində oyuncaq tapança görüb onu güllələmişdilər. Oyuncaqla oynamaq azadlığını da o zavallıya çox görmüşdülər. Hamı yas içindəydi...

Boynu bükük “günahkar” oyuncağın da gözləri yaşarmışdı...

(Mən gözləri yaşarmış uşaq görəndə dözə bilmirəm, o uşaq ərəb, olsun ya yəhudi, alman olsun, ya fransız, fərq etməz)

...İndi bu dünyada adamlar sudan daha çox azadlığa təşnədirlər.

Bu suyun açarı isə daha qorxunc divlərin əlindədir...

...Dünya bürkü içindədir. Azadlıq havası çatmır dünyanın. Ulu tanrı isə bəzi ölkələrə “nəfəslik” qoymağı unudub.

Bu xəstə qövmə azadlığı narkozla vermək istəyirlər; dozanın artıq olacağından qorxurlar yəqin...

...Tarixən azad olmamağımıza milli xəyanətlər bais olub. Fuşe yadıma düşür. Napoleonun ayaqqabısını öpüb, sonra onu xəyanət edən Fuşe. Bizim də öz “fuşe”lərimiz var. Nə qədər istəsən. Həm də bizim tarixi satqınlarımız nədənsə, elə tarixi “yaxşı” bilənlərin icindən çıxır...

...Böyük Füzuli azad idi. İdraki, təfəkkürü heç kəsin əsarətində deyildi. İşığında böyük söz yaratdığı müqəddəs şamı özündən başqa heç kəs söndürə bilməzdi!

...Alim Qasımov da azaddı. Çünki onun səsinin bu Yer kürəsinə heç bir dəxli yoxdur. Onun səsi göyün sonuncu qatından gəlir...

...Bu çiçəkdən o çiçəyə sevgi daşıyan kəpənəklər də azaddır. Kəpənəklər qanadlarında da daşınır azadlıq...

...Ah, deyəsən biz bəstəboy xalq olduğumuz üçün “azadlıq ağacı”na boyumuz çatmır. Bir yandan da bu boyunu yerə soxduqlarım!

...Televizora baxırdım. Qaçqın şəhərciyində (əcaib səslənmir ki?!) bir əcnəbi əmi üstündə azadlıq rəmzləri əks olunmuş kuklanı bir uşağa tərəf uzatdı. Uşaq almadı, azadlığı kukla şəkilində qəbul etmək istəmədi uşaq! Başını aşağı dikib öz “kukla”sına tərəf – çadırdakı ilan balasına tərəf qaçdı...

...Bir az kosmopolitəm. Mənim kövrək yuxularım hərdən üzü o yana – qərbə tərəf uçur... O, tərəfdə duyğularımın rahatca qonacağı azad eniş nöqtəsi, “aerodrom” var...

...İngilislər deyir: Aca balıq yox, tilov vermək və balıq tutmağı öyrətmək lazımdır. Hanı bu azadlıq acılarının tilovu? Onlara tilov verin, qoy, öz azadlıqların özləri “tutsun” onlar!

...Qorxu həmişə pəncəsi üstə yeriyir. Azadlığa doğru pəncəsi üstə yeriyənlərin pəncərəsindən heç kəs azadlığı onu üstünə atmayacaq...

Ümid sabaha qalıb. Sabaha isə bir qaranlıq gecə var...

Əsən küləklər də etiraz edir,

azad olmaq istəyir.

azad olmaq istəyir

başından göyə,

ayağından yerə zəncirlənmiş

şəhər.

Gələn sabahlar da

dünyaya azadlıq gətirməyəcəksə

qoy heç açılmasın səhər!

Azadlıq “qan - mürəkkəb”lə yazılmış sənət əsəridir. Gözlərinə qan gələnə qədər qanla yazılmış bu əsəri oxuyub əzbərləmək lazımdır. Bəlkə də bu qan məsələsində bir az ifrata varıram. Bəlkə azad olmaq üçün heç bir – birinin qanını tökmək yox, bir – birinə qan vermək lazımdır? Bəlkə bir müqəddəs “qanköçürmə stansiyası” na ehtiyac var?

...Dünyadakı azadlıq nə boydadırsa, dünya da o boydadır. Hələ də azad olmayanlar varsa kimdir günahkar? Canavarın quzunu parçalamasındakı günahın bir hissəsi də bəlkə elə quzunun öz boynuna düşür?

...Ümidə köklənmək, şüarda yox, şüurda dəyişmək gərək.

Nihilizm ruh düşkünlüyü yaradır. Hər yana azadlıq ağacları əkməli, ağac – ağac çoxaltmalıyıq azadlıq duyğusunu...

“Azadlıq quşu” ağac – ağac gəzməli bu dünyanı, bu “quş” un nəğməsinə yarpaqlar qol açıb oynamalı!

...Bütün sevənlərə azadlıq ağacının altında xeyir – dua verin.

Qoy bu “ağacın” altı dünyanın ən bəxtəvər yeri olsun...

Açın yaxanızı azadlıq yerinə!...

Azadlıq nədir?-

azad ruh və tən.

səni nə vaxtsa

azad görüm deyə

çox yaşamaq istəsəm

mənə nə qədər ömür bəs edər

ey Dünya – Vətən?!

P.S. Azadlıq yoldur. Bu yolu mətin addımlarla getmək lazımdır. Qorxa – qorxa yeriyəcəksənsə, heç o yolu gəzməyə dəyməz!

# 1975 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #