“Qətl günü”nü öyənlər və söyənlərin çıxılmazlığı

“Qətl günü”nü öyənlər və söyənlərin çıxılmazlığı
14 fevral 2014
# 12:30

Bizim Kulis olaraq məqsədimiz Azərbaycanın 3 ən yaxşı romanını müəyyən etmək idi. Müəyyən etdik də. Amma nədənsə digər iki əsər kənarda qaldı, “Qətl günü” müzakirə mövzusuna çevrildi.

Səsvermədən də görünür ki, “Qətl günü” ikinci yer tutmuş “Əli və Nino” əsərindən təqribən iki dəfə çox səs toplayıb.

Bəs “Qətl günü” necə əsərdir? Bu yerə layiqdirmi? Əsər çap olunan gündən bu günə qədər ətrafında gedən müzakirələr polyar əkslik təşkil edib.

Birinci tərəf əsəri öyüb, göylərə qaldırıb, onu Azərbaycan ədəbiyyatında yeni mərhələ, bənzərsiz əsər, modern mətn adlandırıb.

İkinci tərəf isə əsəri plagiat, nəhəng dünya ədəbiyyatı nümunələrinin suyunun suyu, sintetik əsər, literaturşina nümunəsi, kopya adlandırıb.

Məsələnin başqa bir təəccüblü tərəfi:

Səsvermədə əsərə səs verən əksər yazarlar mənəvi olaraq Yusif Səmədoğlunun varisi sayıla bilməzlər. Yaradıcılıqları Yusif Səmədoğlu estetikasından çox uzaqdır, fərqlidir. Çoxlarının əsərləri düzxətlidir. “Qətl günü” kimi çoxxətli, müasir roman ənənə və texnikasını mənimsəmiş əsərlər deyil. Lap sadələşdirsək kənd nəsridir.

Misal üçün, Seyran Səxavət Yusif Səmədoğlu ilə dost olsa, “Qətl günü” Azərbaycan ədəbiyyatının ən gözəl əsəri hesab etsə də yaradıcılıqları tamamilə fərqlidir. Bunu yəqin yazıçı özü də danmaz. Eyni şeyi Əkrəm Əylisli haqqında yazmaq olar.

“Qətl günü”nü pisləyən Rasim Qaraca və Seymur Baycan, Şərif Ağayar isə tam əksinə çağdaş estetikanın, müasir roman texnikasının tərəfdarları, bu texnikanı əsərlərində aktiv surətdə tətbiq edən yazarlardır. Onlar və bu xətti tutan başqa yazarlar özlərini “Qətl günü”nün sələfi saymalı ikən tam əksini edirlər.

“Qətl günü”nə gəldikdə isə pis-yaxşı bu əsər öz dövrü üçün çağdaş roman sənəti ilə səsləşən, üslubçuluğu, postmodern texnikanı özündə ehtiva edən ilk bədii əsərimizdir. Ədəbiyyatşünaslıqda ilk modernist əsər Ceyms Coysun “Uliss” romanı hesab olunur. Halbuki bundan əvvəl də modernist əsər qələmə alınmışdı. Sadəcə həmin əsər “Uliss”dən qat-qat zəif olduğu üçün ilk modernist roman sayılmır.

Amma “Qətl günü” haqqında bunu söyləmək olmaz. “Qətl günü” çoxxətliliyə qalanda çoxxətli, obrazlarının koloritliliyinə görə koloritli (Elə təkcə Mahmud və Tatar Temir obrazları bəsdir), intertekstual, dilinə qalanda çoxplastlı dilə malik, “roman içində roman” bir əsərdir.

Türk ədəbiyyatında modernizmin təməli Oğuz Atayın “Tutunamayanlar” əsəri atılıbsa, Azərbaycan ədəbiyyatında Yusif Səmədoğlunun “Qətl günü” romanı ilə atılıb.

“Qətl günü” ilə bağlı mənim üçün qaranlıq qalan yalnız iki səbəb var. Və hələ də heç kəsdən buna məni qane edəcək bir cavab almamışam.

1. Əsərdə Kirlikir obrazı niyə var? Çünki bu obrazı əsərdən çıxartsaq belə əsərin ümumi mahiyyətinə təsiri olmayacaq. Xüsusi bir rolu yoxdur. Əgər “Ustad və Marqarita”da təkcə Begemeont yox Volad, Azazello və başqa mistik obrazlar varsa “Qətl günü”ndə bu yalnız bir obrazdır. Və heç bir xüsusi əhəmiyyət daşımayan bu obrazın xüsusi bir missiyası yoxdur.

2. Əsərin qəhrəmanının qarnı birdən-birə tüklənməyə başlayır. Bu mistik detal da inkişaf olunmur, sadəcə bir yerdə ştrix şəklində keçir. Yox əgər əsərin qəhrəmanının qarnının tüklənməsi əsərin sonunda özünü tüklənib siçovula çevrilməsi ilə yekunlaşsaydı, bu başqa məsələ. Amma belə olmur.

***

Azərbaycan ədəbiyyat aləmi özünün “Üç ən yaxşı romanı”nı seçdi. Bu seçimdəki üç roman üç şeyi simvolizə edir. Lap Azərbaycanın bayrağında olduğu kimi:

"Qətl günü"- müasirlik (qırmızı rəng)

"Əli və Nino" – tarixilik, keçmişimiz, islama mənsubluq (yaşıl rəng)

"Dəli Kür" - ənənələrə sədaqət (mavi)

Deməli, dünya səviyyəsinə çıxarılacaq müasir bir roman yaza bilməsək belə ən azından buna iddialıyıq. Təfəkkürümüz yenilikçidir. Başlanğıc üçün bu da kafidir.

# 3575 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #