Qadının seksual konteksti

Qadının seksual konteksti
25 noyabr 2014
# 09:30

Türk telekanallarında vaxtaşırı keramik məhsullarının belə bir reklam çarxı yayımlanır: gənc qadın yatağından qalxır, asta addımlarla güzgüyə yaxınlaşır. Pələng kənardan qadını izləyir. Pələngin qadını izləyən baxışları ona sahib olmaq, vəhşicə yatağına çəkmək istəyini ifadə edir.

Çarxda məhsulun reklamından çox seksual kontekst qabarıqdır.

Burda pələng kişilərin ümumiləşmiş, instinktiv obrazıdır. Bəlkə də reklamı çəkənlərin mövzuya seksist yanaşma niyyəti olmayıb. Amma istənilən halda kişi təhtəlşüurundan, instinktdən axıb gələn həqiqi münasibət ön plana çıxır. Bununla da müəllif istəmədən reklam olunan məhsuldan hədəfi yayındırıb, çarxın mahiyyətini kölgədə qoyub.

...Bütün qadınlar kimi mən də ara-sıra əks cinsin narahatedici baxışlarla qarşılaşıram. Sonuncu dəfə istismaredici baxışlarla üç-dörd gün əvvəl rastlaşdım. Metro qatarında üzbəüz oturan, təxminən 35 yaşlarında ucaboylu, lopa bığlı bir kişi gözlərini fasiləsiz mənə zilləmişdi. Təcavüzkar baxışlar altında özümü çox pis hiss elədim, gün eynəyimi taxdım və yerimi dəyişdim. Bu arada təxəyyülüm də işə düşdü. Yəqin, kimdirsə, sutenyordur, qadın alveri ilə məşğuldur. Mənə də potensial obyekt kimi baxır.

... Baxış dedim, başqa məsələni xatırladım. Yadıma salmağa çalışdım ki, nə zaman, instinktiv ifadəsi arxa planda olan, şəfqətli, təmiz, ruhuma toxunan kişi baxışı ilə rastlaşmışam? Yaxınlarda deyəsən, belə şey olmuşdu. Amma harada? Heç cürə yadıma sala bilmirəm. Aha... Təəssüf ki, bunu gerçəkdə yox, filmdə görmüşdüm.

Marko Ferrerinin “Adı çılğınlığın tarixçəsi” dramında. Film Çarlz Bukovskinin hekayələrinin motivləri əsasında hazırlanıb. Marko Ferreri Antonioni, Fellini ilə adı bərabər çəkilməyə layiq olan rejissorlardandır. Hərçənd, “Adı çılğınlığın tarixçəsi”ni onun ən yaxşı filmlərindən saymıram. Mənəvi boşluq yaşayan şair obrazı maraqlı olsa da, əhvalat yeknəsəq yataq və içki səhnələrinin altında əzilir. Adam özünü şairin kino dünyasında yox, lap orgiyada hiss edir.

Hə, deməli, filmin baş qəhrəmanı (ifaçı, amerikalı aktyor Ben Gazzaradır) ilk səhnədə yeniyetmə qızla rastlaşanda onun həlim, yumşaq baxışından mütəəssir oldum. Amma növbəti planda onun şəfqət dolu gözlərini yırtıcı baxışlar əvəz edir.

Mövzunun davamı kimi məsələnin başqa tərəfindən danışım.

Latın Amerikası, türk, Avropa seriallarında bir şəkildə kişinin qadın üzərində zorakılığına haqq qazandırılır. Seriallarda çox yayğın, belə klişeli vəziyyətlərə tez-tez rast gəlirik: sevgililərdən biri - qadın kişiyə inanmır. Kişi günahkar olmadığını sübuta yetirmək üçün aqressiv vasitəyə əl atır. Qadını zor gücünə maşına soxur, harasa ucqar yerə apararaq, ona öz həqiqətini anladır, dinləməyə məcbur edir. Rejissor mövcud situasiyanı romantik, sevən kişinin sevgisi uğrunda mübarizə intonasiyanda verir, beləcə, onun motivlərinə haqq qazandırır. Vəziyyət simpatiya doğurur, hətta qadın haqları uğrunda mübarizə aparan feministdə belə....

Baxmayaraq ki, bu, qadının istəyinin əleyhinə baş verir.

Kütləvi baxışı çox olan seriallarda qadını istismar edən, fəqət, onu sevgi, ailə ənənələrinin vacibliyi motivləri ilə ört basdır edən çox nüans tapmaq olar. Deyək ki, əsas qəhrəmanlardan birinin - kişinin evli olduğu qadından qızı var və ya qadını sonsuzdur. Sonra kişinin vurulduğu başqa qadın oğlan doğandan avtomatik olaraq, kişi üçün, kişinin ailəsi üçün önəmi, dəyəri artır və əhvalat ikinci qadının xeyrinə bitir. Əhvalat kütləvi tamaşaçının müəlliflərlə razılaşa biləcəyi tərzdə təsvir edilir.

...Dastanlarda, cəngavərlik balladalarında, filmlərində baş qəhrəmanlar qadına münasibətdə seksist kimi təsvir edilmir, əksinə, qadına şəfqətli davranır, onun qoruyucusudur, instinktləri susqundur, onları yalnız sevgi dindirir.

Müasir dövrümüzü analiz edəndə, mənə elə gəlir ki, bu, sadəcə, kiminsə təxəyyülü olub.

# 4067 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #