Üzeyir Mehdizadə, Damla, Namiq Qaraçuxurlu günü

Üzeyir Mehdizadə, Damla, Namiq Qaraçuxurlu günü
17 avqust 2019
# 11:22

Bir dəfə işlədiyim saytda şou müxbirini əvəzlədim. Dedim, görüm, bizim müğənnilərlə həşir-nəşir ola bilirəmmi?

Elə ilk saatlarda deyinməyə başladım: ziyalı, gecə-gündüz Borxeslə, Kafkayla vaxt keçirən Ayxanın işinə-gücünə bax.

Deməli, müğənnilərdən müsahibə almaq üçün dəridən-qabıqdan çıxıram. Qabağımda siyahı, damağımda siqaret (indi olmasın) bir-bir zəng edirəm.

- Salam. Namiq Qaraçuxurludur?

- Yox. Köməkçisi. Nə lazımdı?

İzah edirəm. Deyirəm, Namiq Qaraçuxurlu uşaqlığımızın müğənnisidir, onun rəvayətinə də qurban olaram, Aygün Kazımovasına da...

- Bu sözlərinizi çatdıraram.

Növbəti dəfə dərdimi başa salmaq istəyəndə köməkçi sözümü yarıda saxlayır:

- Namiq bəy deyir ki, İstanbuldayam.

Deyirəm, İstanbula da qurban olaram, Namiq Qaraçuxurlunun baxdığı Kız Kulesinə də...

- Dincəlmək istəyir.

Siyahıda Üzeyir Mehdizadə var.

- Qardaş, mən Üzeyirlə verilişdə də olmuşam.

Prodüserinə əsgərliyimdən də danışdım. Dedim ki, hər gün növbədə olanda Üzeyirin mahnıları ilə stress atmışam. Daş atıb başını tutdu. Üzeyir deyibmiş ki, heç yerə müsahibə vermirəm. Elə bil Umberto Ekodur bu. Dedim, qardaş, vallah, nə Baxa qulaq asıram, nə Bethovenə, nə də Sezen Aksuya, yalnız Üzeyir Mehdizadəyə. Hətta Üzeyir deyəndə yadıma dahi Hacıbəyov yox, Mehdizadə gəlir. Xeyri olmadı.

Damla da məni yaxın qoymadı. Prodüseri 5 nömrə verdi. 3-nə zəng elədim, onlar da 10 nömrə verdi. Belə getsə, bütün Azərbaycanla danışacaqdım. Buna nə kontur çatardı, nə hövsələ. Damlaya qovuşmaq mümkün olmadı. Deyə bilmədim ki, sənin səsinlə yatıram gecələr. Bilmədim, bilmədim...

Toliklə söhbətimiz əfsanə oldu. Müsahibə deyirəm, deyir, mən Elçibəyi söyməmişəm. Bəy deyirəm, deyir, mənə bəy demə. Razılaşdı əvvəl, sonra da zənglərimə cavab vermədi.

Bircə Faiq Ağayev... O, yenə də alicənablığını göstərdi. Mədəni şəkildə mənimlə söhbət etməyin xoş olacağını söylədi. Kitab oxuyan adam başqadı. Yazıdan Faiq bəyə qucaq dolusu sevgilər göndərib keçirəm növbəti abzasa.

Manıs tayfasının əlində girinc qalmışdım. Bəlkə də günah məndədir. Mən onların ayağına düşüb yalvarmalı deyildim. Deyəcəksiniz ki, nə işin var onlarla? Var, əlbəttə. Çünki onlar bu qədər kütləni özlərinə cəlb eləyə biliblərsə, günah onlarda deyil. Manıslıq bizim içimizdə var. Etiraf edək. Hamımızda bu manıslığın işartıları görünür.

Səhərisi gün şou müxbirimiz gəldi və mən siyahı yazılmış kağızı onun üzünə çırpıb sərt səslə (guya da) dedim:

- Götür manıslarını, rədd ol (əslində burda mədəni yazıram, özünüz başa düşdünüz) burdan...

# 6280 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #