8 Marta bir tikə çörəklə sevinən qadınlarımız

8 Marta bir tikə çörəklə sevinən qadınlarımız
9 mart 2018
# 10:43

Kulis.az Mirmehdi Ağaoğlunun “Gecikmiş 8 Mart təbriki” yazısını təqdim edir.

8 Mart günü, axşamıydı. Evdə bekarçılıqdan ürəyim darıxdı, nə oxumağa, nə də yazı-pozuya əlim yatdı. Dostumla vədələşdik ki, saat onda 28 tərəflərdə görüşüb dərdləşək.

Evdən çıxıb düzəldim yola. Metroya az qalmış ara küçələrin birində gördüm başıbağlı bir qadın, yanında da balaca uşaq. Elektrik naqilindən asılmış bir cüt sərçə kimi daş sürahinin üstündə oturub bir-birlərinə sığınmışdılar. Qabaqlarında içi rəngbərəng dibçək gülləri ilə dolu qutu vardı. Bilmədim bunları satırlar, yoxsa dinclərini almaq üçün oturublar. Əgər nəsə satmaq məqsədi ilə çıxmışdılarsa bu küçə o qədər də əlverişli deyildi. Hər saatın başında bir adam keçə, ya keçməyə. Elə beş-altı addımlıq uzaqlaşmışdım ki, arxadan uşağın səsi eşidildi: “Dayı, yaxşı güllər satırıq, al”.

Uşağın sözləri qandal olub yapışdı ayaqlarımdan, yerimdə donub qaldım. İstəsəm də daha gedə bilməzdim. Neçəyə satırlar satsınlar, qayıdıb onlarda xeyir verməliydim, xasiyyətimə bələdəm, yoxsa sonra it peşmanı olacam. Ağlım orda qalacaq.

Küçədə dilənçi, ya kimsə qabağıma çıxıb nəsə istəyəndə, gərək bir şey verim. Elə bilirəm ki, bu adamları Allah qabağıma çıxarıb, mənim vasitəmlə onlara ruzilərini yollamaq istəyir. Neyləyim, mən də özümü bu cür mataha mindirirəm. Pul verməyəndə əhvalım pozulur. Özümə nifrət edirəm. Ona görə çalışıram ki, həmişə cibimdə qəpik olsun ki, dilənçi-filan çıxsa ovcuna basım.

Geri qayıdıb ana-balanın yanına gəldim. Mən:

- Neçəyə satırsız?

- İki manat yarıma. – Diribaş uşağa oxşayırdı. O dəqiqə dilləndi, görünür küçədə nəsə satmaqları birinci səfər deyildi. Ya da uşaq hələ yoxsulluğun nə olduğunu dərk etmirdi, hər şey ona oyun-oyuncaq kimi gəlirdi, taleyin ondan götürdüyü bu imtahanı oynaya-oynaya verirdi.

- Birini ver.

İki-üç qarış boyuyla alverçi canfəşanlığına büründü. Altı yaşı ola, ya olmaya. Ancaq özünü elə aparırdı, sanki illərlə Təzə bazarda “toçka” işlədib. Anası isə sıxılıb qalmışdı bir tərəfdə, hiss edirdim ki, utanır.

- Hansını verim, dayı? - Əlini qutuya aparıb gülləri qarışdırmağa başladı, mən də portmanatımı çıxardım.

- Özün hansını mənə layiq bilirsənsə onu da ver.

Gülü alıb pulu uzatdım. “Zdaçı”nı istəməyə də üzüm gəlmədi. Uşaq hələ də öz oyununda idi, ancaq qadın elə bil bu axşambazarı alverdən sevincək olub Novruzdan sonrakı ağac kimi çiçəklədi. “Bayramınız mübarək” deyib ordan uzaqlaşdım.

Bu gün, heç olmasa qadınlar günündəsə evində oturmalı ikən, o körpə uşağı ilə küçəyə düşüb gül satırdı ki, evinə bir tikə çörək aparsın. Bu mənzərənin arxasında yatan dramı təsvir etmək istəmirəm. Onu körpə uşağı ilə gecənin qaranlığında küçədə al-ver eləməyə vadar edən səbəb çoxumuza bəllidi. Elə şeylər var ki, onları deməyə gərək yoxdur, kor-kor, gör-gör. Özümdən nəsə uydurub xəyali dram yaratmağa gərək yoxdu.

Metro keçidində də oxşar mənzərə ilə qarşılaşdım. Yenə bir qadın, qabağına bir yeşik gül, yanında körpə uşağı...

“28”-in çıxışından Respublika sarayına qədər olan yolda yalan olmasın ona yaxın yaşlı qadın gördüm. Biri deyirdi, yeməyə çörəyim yoxdur, o biri deyirdi oğlum xəstədir... Elə kimsə onları qəsdən şəhərə səpələmişdi.

Bunlar dilənçiliyi özünə peşə edən adamlar deyil. Evində yeməyə bir tikəsi olmayanlardı, Allahın ətəyindən belə üzülmüş əllərini yoldan keçənlərə uzatmışdılar. Daha Allah da onlara kömək etməkdə acizdir.

Və onlar qadınlardı. 8 Mart günündə güllə, çiçəklə yox, bir tikə çörəklə sevinən qadınlar... Bizim qadınlarımız... Dilənçi qadınlarımız... Onları görəndə yanlarından keçməyə utanırsan, yaşamağa utanırsan...

Məni bu sadəlövh təbrikimə görə bağışlayın. Ancaq elə bir dünya istəyirəm ki, analar (qadınlar) körpə uşaqlarını da yanlarına salıb küçələrdə ona-buna ağız açmasınlar. Bilirəm, olmayacaq, ancaq arzulamaq ki, qəbahət deyil. Belə bir dünya yarada bilmirik, bilmirik, heç olmasa arzusunu quraq. Elə-belə, təsəlli üçün.

# 2379 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #