London terrorundan daha böyük faciə

London terrorundan daha böyük faciə
14 iyun 2017
# 15:20

Sevda Sultanova

Mançesterdə törədilən terror aktında itkin düşən gənclərdən birinin anası meydana yığışan insanlara üzünü tutaraq ağır günlərdə birlikdə olmağa, bir-birinə möhkəm sarılmağa çağırır.

Bir neçə həftə sonra Londonda növbəti terror aktı baş verir. Ümidsiz, təlaş, qorxu içində londonluların fotoları yayılır...

Hadisələrdən az sonra müasir kinematoqafiyada favoritlərimdən biri, holland rejissoru Alex Van Varmerdamın “Şnayder Baksa qarşı” son filmini izləyirəm.

Absurd, fars elementləri ilə bolluca yüklənmiş əhvalatın hər epizodu heyrətamiz peripetiyadır, hər kadrı gözlənilməz dramaturji dönüşdür.

Film ailə idilliyasının təsviri ilə başlayır. Təbiət qoynunda rahat, xudmani villada gənc ailə yaşayır. Zərif, kübar ev sahibəsi və iki az yaşlı qızı səhər erkəndən ailə başçısını yuxudan oyadıb doğum gününü təbrik edirlər. Ata Şnayder mehribanlıqla qızlarına sarılır, həyat yoldaşını öpür, ona axşam ziyafəti üçün nəzərdə tutulan yeməklərin hazırlanmasında yardım edəcəyini deyir. Seyrçi ilk səhnədə ədəbli, mədəni, sevgi dolu bir ailə başçısı ilə tanış olur.

Az sonra Şnayderə şefindən zəng gəlir və... o növbəti qətli həyata keçirmək sifarişini alanda – görünən idillik ailə tablosu dağılır.

O, göl ətrafında yaşayan bir yazıçının qətl sifarişini alır. Gedişatda rejissor növbəti silləni vurur. Sadə, zövqlü interyer, kitab şkafı, roman yazan yazıçı... Həyatda bəxti gətirməyən, əsəbi, isterik qızının şıltaqlıqlarına dözən, qayğıkeş atanın da (yazıçı Baksın) killer olduğunu öyrənirik. Onların ümumi şefi yazıçı Baksa da digər işçisi Şnayderi öldürməyi tapşırıbmış.

Varmerdam şəhər, ailə firavanlığını işgəncəylə, cinayətlə yükləyən ilk avropalı rejissor deyil. Ona qədər məsələn, fransız Klod Şabrol demək olar ki, bütün filmlərində mədəni cəmiyyətin altını üstünə çevirir, cəmiyyətdə nüfuz qazanmış insanların gizli yerlərinə - içindəki faşizmə fokuslanır.

Günümüzdə dünyanın hər yerində baş verən terror aktı görünəndir: kimsə peyda olur, dinc insanları güllələyir, partlayış törədir.

Avropalı rejissorlarsa görünən terror aktlarından daha təhlükəlisini tədqiq edirlər: sivil, mədəni toplumun görünməyən tərəfini – ibtidailiyini, ikili, ziddiyyətli təbiətində ört-basdır elədiyi, amma fürsət düşən kimi reallaşdırdığı terroru.

Filmin sonunda Şnayder bir neçə nəfəri öldürəndən sonra evinə qayıdır və heç nə olmamış kimi rahatlıqla xudmani evində ailəsinin, dostlarının əhatəsində doğum gününü qeyd edir...

Britaniyalı rejissor Riçard Eyrin 2006-cı ildə ekranlaşdırdığı “Qalmaqallı gündəlik” filmində müəllimə yeniyetmə şagirdiylə eşq macərası yaşadığı üçün cəmiyyətin qınağına tuş gəlir, həbs cəzası alır. Bir epizodda kameralar qadına tuşlanır. Ağlını itirmək həddinə çatan qadın hayqırır, insan əzabına susayan kameralar şou izləyirmiş kimi acgözlüklə onu lentə alır. Məhz bu vəziyyət Londonda törədilən faciədən on dəfə artıq terrordur. Və sivil cəmiyyətin müsaidə elədiyi terrordur.

Şabrol əksər filmlərində cinayətin baş verməsinin vacibliyini belə izah edirdi: ”Yaxşı bir qətl hadisəsi şit şorbaya duz əlavə etmək kimidir. Əgər bir filmdə qətl baş vermirsə, o insanların xoşuna gəlmir. Əks halda onlara elə gəlir ki, boş yerə vaxt sərf ediblər. Ekranda kiminsə öldürüldüyünü görəndə deyirlər: ”Film zamanı çox az darıxdım”. Ona görə də tamaşaçının sadizmini nəzərə alıram”.

# 2096 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #