Müğənniləri saxta ər axtarmağa vadar edənlər

Müğənniləri saxta ər axtarmağa vadar edənlər
1 may 2018
# 10:38

- Ərə getmisən?

- Yox.

- Bıy, bəs nəyi gözləyirsən? Niyə ərə getmirsən? Evdə süpürgəyə tay olacaqsan?

Ərə getməmiş qız bu sözləri ilk dəfə eşitmədiyi üçün əvvəl normal qəbul edir, amma ətrafdan, sağdan-soldan tənələr getdikcə çoxalır. Qonum-qonşu, dost-tanış gənc qızı dedi-qodularının qəhrəmanına çevirib asıb-kəsirlər.

- Filankəsin qızı hələ də evdədir. Evdə turşuya qoyacaqlar? Niyə xalxın qızları kimi o da bir adam tapıb ərə getmir?

Gənc qız da məcbur olub namizədləri nəzərdən keçirir. Məlum olur ki, bir yönlü-başlı namizəd yoxdur. Birinin zərərli vərdişləri var, o biri avaradır. Ya da ümumiyyətlə real namizəd yoxdur.

Qız depressiyaya girir. Dərdi-səri ancaq ərə getmək haqqında düşünmək olur. Yeməkdən-içməkdən kəsilir. “Vağzalı” çalınanda diksinir.

Yaşı 30-a yaxınlaşan qızı evdə uşaqlar da lağa qoymağa başlayır. Bir söz deyən kimi “qarımış qız” deyib cırnadırlar. Bu qız nə normal təhsil ala bilir, nə həyatdan zövq alır. Yeganə istəyi tezliklə ərə gedib tənələrdən yaxa qurtarmaq olur.

Bu günlərdə hamımızı yeni bir intihar hadisəsi sarsıtdı. 42 yaşlı çarəsiz qadın intihardan qabaq məktub yazıb qoymuşdu:

“Ölümümdə atam günahkardır. Yaşım keçib deyə onun dostu Fərruxa gedə bilmərəm. Yaşayan ölü olmaqdansa, ölmək daha yaxşıdır”.

Bu da nəticə. Atanın amansız təzyiqləri üzündən bir gənc qadın həyatdan məhrum oldu. Belə bir nəticə sizi qane edirmi? Öz övladınız üçün belə bir gələcək arzulayırdınız? Hansı variant sizi daha çox qane edirdi: Övladınızın yaşayan ölü olması, yoxsa, qatar reysləri üzərində can vermiş olması, gənc yaşda dünyasını dəyişməsi? Belə “qatil” valideynlər düşündüyümüzdən də çoxdur.

“Ər tapıb ailə qurun”. Guya bundan sonra hər şey özü-özünə həll olacaq. Bir-birini tanımayan iki yad adam bir-birində elə özəlliklər görüb kəşf eləyəcəklər ki, nağıllardakı kimi ideal bir həyat quracaqlar.

Amma təəssüf ki, həyat nağıl deyil. Amansız gerçəklikdir.

“Toydan sonra sevərsiz də!” Köhnə filmlərin birində də belə ifadə var. Yəni o vaxtdan heç nə dəyişməyib. Eyni düşüncə sahibiyik.

Belə bir variant da az deyil; “xalxn qızlarından geri qalmamaq üçün” kompleksə girən qız nəhayət ki, birini “tapıb” ərə gedir. Amma xarakter uyğunluğu olmadığı üçün tezliklə problemlər başlayır. Qadın bir, ya iki uşaqla evlərinə qayıdır. Vəziyyətin bu gedişatıyla maraqlanmayan cəmiyyət isə arxa çevirir. O, öz “missiyasını” yerinə yetirib. Qızı ərə verib. Artıq bundan sonra olanlar fərdi məsələdir.

Qadın bütün həyatını uşaqla baş-başa keçirir. Çünki uşaqlı qadınla ailə qurmağı heç bir “mentalitet kişisi” qəbul etməz: “Belə qadınlarla olsa-olsa vaxt keçirmək olar”.

Gənc qızın ərə getməyi sizin üçün çox vacibdir? Onun ailə qurmağını, oğul-uşaq sahibi olmağını istəyirsiniz? Elə isə bu arzunuzu sətiraltı mənalarla ifadə edə bilərsiniz. Ailənin necə gərəkli olduğunu, insanın hər zaman ailəyə ehtiyac duyduğunu hansısa nümunələrlə bildirə bilərsiniz. Belə nümunələrdən sonra gənc qız mütləq özü üçün bir nəticə çıxaracaq, gələcəyini düşünərkən “A” bəndinə olmasa da, “B” bəndinə mütləq ailə qurmaq planını qeyd edəcək.

Yoxsa tənələrlə, “niyə ərə getmirsən” kimi bəsit suallarla gənc qızın üzərinə daşımağa gücü yetməyəcək yük qoymaq ədalətsizlikdir.

Belə variant da olur. Ərə gedə bilməyən qız evdə o qədər sıxışdırılır, təzyiqlərə məruz qalır ki, özünə qurama toy edir. Bu variantı daha çox müğənnilər həyata keçirir, çünki onlar üçün ərə getmək daha çətindir. Bundan xəbər tutan cəmiyyət özünə saxta toy etmiş qadını ifşa etmək üçün əlindən gələni edir. Amma məncə burda günahkar toplumun özüdür. Çünki olduğu kimi qəbul edilməyən qadın cəmiyyəti aldatmağa sadəcə olaraq məcburdur.

Necə deyərlər, həqiqət qorxunc olduğu üçün onu sevmirlər, ona görə yalana inanmağa üstünlük verirlər.

Qonşuluqda yaşı ötmüş, bir az da xəstəhal qız vardı. Anası ona təzyiq edirdi, xalasının gözünə gecələr yuxu girmirdi ki, bacıqızı evdə qaldı. Qız özü də ərə getmək üçün çox mücadilə edirdi. İşi-gücü ancaq ər haqqında düşünmək idi. Nə yeyir, nə içirdi. Depressiyaya girmişdi. Məclislərdən qaçırdı. Çünki dost-tanış onu görən kimi “bıy, hələ ərə getməmisən?” deyə qınayacaqdılar. O da özünü yalquzaq kimi hiss etməmək üçün tənhalığa üstünlük verirdi. Amma tənhalıq da əlverişli sığınacaq deyildi, çünki özü-özünü çox qınayırdı. Ərə gedə bilmədiyi üçün özünə nifrət edirdi. Bəlkə də bu iş bir az da uzansaydı, intihar edəcəkdi.

Nəhayət ki, ailə qurdu. Bir uşaq dünyaya gətirdi. Uşaq dünyaya gəldikdən sonra məlum oldu ki, qıza heç demə ana olmaq tibbi cəhətdən yasaqmış. Qız ciddi xəstəliyə tutuldu. İndi həyatını xəstəliklə mübarizədə keçirir. Keçən dəfə qohum-qardaşı qınayıb ağladı, dedi, axı mənim həyatıma niyə müdaxilə edirdilər. Mən öz dünyamda bəlkə də xoşbəxt idim. İndi heç biri həyatımla maraqlanmır. Çəkdiyim əzabların fərqində deyillər.

Əslində bu ritorik bir sualdır. Kişidən “niyə evlənmirsən” soruşmaq hardasa başa düşüləndir, ancaq qadına bu sualı ünvanlamaq çox absurddur. Azərbaycanlı qadının evlənmək təklifi etmək kimi bir lüksü yoxdur, heç toplum da bunu qəbul etməz, bəs bu biçarə qadına cavabı əslində heç kimə bəlli olmayan suallarla niyə təzyiq edilir?

Əlbəttə, ailə qurmaq insanın edəcəyi işlərdən mühümüdür. Çünki insanın missiyası dünyaya yeni insan gətirməkdir. Amma bunu kor-koranə etmək və ya insanı sıxışdırıb kompleksə salmaqla etmək olmaz. Bu komplekslər fobiya əmələ gətirir, insan nəyin bahasına olur-olsun ailə qurmaq istəyir, nəticədə ya yanlış addım atır, ya da saysız problemlərlə üzləşir. Təzyiqlərdən qurtulmaq üçün intihar edənlər belə var. Bu fakt sizi qorxutmur? Lütfən həyatı öz axarına buraxın. Onda əsl xoşbəxtliyin fərqinə varacaqsınız.

# 1782 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #