Kulis.Az şairə Esmira Məhiqızının “Vicdan” məqaləsini təqdim edir
Demək olar ki, hər gün eşidirdim bu söyüşləri, əsəbimi durduğu yerdə pozan səsləri... Dözmək çətin olsa da, dözürdüm, amma dözmək üçün gərək həm də vicdansız olaydım. Neçə vaxt idi ki, elə bil səhnədə vicdansız rolunu oynayırdım və özümdən zəhləm gedirdi. Bir gün, dedim bir gün mən bilirəm neynləyəcəm. Və o bir gün gəldi...
Məktəb direktoru olan qonşumun ərköyün oğlu nənəsini valideynlərinin gözü qarşısında söyəndə, daha özümü saxlaya bilmədim. Eyvanlarımız bitişik olduğundan başımı əyib qonşunun oğlunu çağırdım: “Hafiz! Hafiz...”
Uşaq söyməyinə ara verib anasına çığırdı: “Bizi çağırırlar.”
Qonşu xanım balkona çıxdı: “Bıy, qonşu, sənsən?”
- Hə mənəm... Bilirsən, qonşu daha dözə bilmədim. Allah göydən baxır, o qoca arvad yazıqdı, axı. O uşaq onu çox incidir.”
Gözlədiyim reaksiya başqa cür oldu.
- Yazıqdı, otursun yazıq yerində. Uşağımı gözümçıxdıya salıb.
- Ay qonşu, hər gün eşidirəm axı. O, qarının heç səsi də çıxmır.
- Sən elə bil, bilirsən nə var onun canında.
- Yaxşı, bəs oğlu nə deyir, sənin oğlun onu söyəndə?
- Nə deyir? Deyir, əcəb eləyirsən, lap elə dədəsinə də söy.
Deməyə sözüm qalmamışdı. Hiss edirdim ki, içəridəkilər də bizim söhbətə qulaq asırlar. Qonşu qadın başını ədayla fırladıb içəri keçdi, lap bizim bir vurağan hinduşka varıydı, onun kimi. Ürəyimdə qadını söydüm:
- Hinduşka qızı hinduşka.
Və içəridən gələn səsləri aydın eşidirdim. Direktor qonşum da, oğlu da qaramca dnışırdılar ki, qonşudu, otursun qonşu yerində, nə borcuna qalıb bizim ailə işlərimizdən. Özümüz bilərik.
Yenə də vicdansız olmalıydım, yenə də. İlahi nə pis imiş bu vicdansız rolunu oynamaq. Yox, dedim mən bu rolda oynaya bilməyəcəm.
Sonra yenə həminki hava üstümə axmağa başladı. Qonşunun evində hay-haray, qışqırıq səsləri beynimdə çəkic döyürdü. Sanki qarını tutub divara çırpırdılar. Aydın eşidirdim ki, qızıl yeri, pul yeri soruşurlar. O da and-aman edirdi ki, yalandı, nə qızıl gizlətmişəm, nə pul. Amma ona məhəl qoyan yox idi.
Yadıma öz nənələrim düşdü. Biz nənələrimizi valideynlərimizdən çox sevərdik. Gecələr nənəmlə yatmaqdan ötrü evdə dava düşərdi. Ona görə nənəm növbəyə salırdı yatmağımızı da! Mənim növbəm gələnə kimi, qardaş-bacılarıma, əmi uşaqlarıma paxıllıq edərdim hələ. Atam, əmilərim də süfrənin başında birinci nənəmin çörəyə əl uzatmasını gözləyərdilər. Əmim Bakıdan gələndə nənəmi duz kimi yalayardı. Hər dəfə ona əyin-baş alıb gətirər, gedəndə bir topa pulu bürmələyib qoynuna qoyardı. Nənəm ha deyərdi ki, a bala, ehtiyacım yoxdu, əmim qulaq asmazdı. Bir dəfə böyüklərimiz bizə demədi ki, nənənizə niyə bunu belə elədiniz, ya bunu niyə dediniz? Çünki biz nənəmizə yaxşı olmayan heç nə demədik, onu dünyalar qədər sevdik. Hələ də onları xatırlamaq mənim üçün ürəyimin ən kövrək siminə toxunmaqdır.
Səs-küyə gözəl keçmişdən ayrıldım. Qonşunun evi dağılırdı. Yenə qızıl, pul davası və qoca qarının iniltiləri. Yenə vicdansızlığımdan utandım:
- Qonşu, ay qonşu, qonşuuuuuuu, ay qonşuuuuuuuu!!!
Bu dəfə hamısı çıxdı eyvana: qoca qarının məktəb direktoru olan oğlu da, gəlini də, hələ nemes köpəyoğluna oxşayan nəvəsi də... Üçünün xorunda vicdansızlığımı unutdum. Üçü də qatar nəğməsini oxuyurdu sanki: “Fışşşş, fışşşş...” Xorda belə bir mahnı var, qatar gedir və ancaq 3-4 nəfər xüsusilə fışıldayır...
Mən qatara gecikmiş sərnişiniydim, qatara minmək istəməsəm də, bu fişıltıya bir daş atmalıydım:
- Qonşu, o arvad yazıqdı axı...
Bu dəfə qonşunun əri dilləndi:
- Siz dindarsı?
- Xeyr, bilmirəm dindar nə deməkdi, amma namaz qılıram.
Qonşu qadın ərinin böyründə burnunu gəbərdib üstümə kəkələdi:
- Hıııı, onda naməhrəmin yanında saçını düzəlt. Saçların yaylığının altından görünür.
Tez hicabımı qaydaya saldım, bir az yana sürüşmüşdü və vicdansızlığımdan qurtulmağa çalışdım yenə:
- Vallah yaxşı deyil sizin hərəkətləriniz. Qoca adamdı, istəmirsiniz, aparın Qocalar evinə verin.
Qonşunun sırtıq, üzü əllərimin arasında ovulası faşist gədəsi gözlərimin içinə baxıb hırıldadı:
- Bilirəm sən vəhabisən!
Bu sözdən sonra üçü də hırıldadı... Uşaq məni yandırıb yaxmaqdan ötrü dediyi sözdən məmnun haldaydı, elə valideyinləri də.
- Vəhabi dədəndi, - dedim, anandı dedim, - Vəhabi sənsən, - dedim.
Bu dəfə mən gülümsədim. Qonşu qadın əsəbi halda deyindi:
- A başına dönüm, bu qadın bizdən nə istəyir? Ailə işlərimizə də burnunu soxur. Deyən gərək nə borcuna qalıb! Axı sən kimsən?!
Cavab verməyib evə keçdim. Səhər qonşuda yenə hay-həşir idi. Bu dəfə başqa qışqırıq, qaraçılıq varıydı. Qoca qarı rəhmətə getmişdi və qohum-əqrəba onlara yığışmışdı. Arada məktəb direktoru olan oğlunun səsi gəlirdi:
- Anam məni yandırdı tökdü.
Heç kim bilməsə də, mən bilirdim ki, bu sözü niyə deyir. Qonşularım həqiqi yasdaydılar, çünki nənədən nə qızılın, nə də pulun yerini öyrənə bilmişdilər. Amma bilmirəm o qızıl, pul həqiqətən varıydımı?
Demək olar ki, hər gün eşidirdim eyni çığırtını... Qonşumuz neçə vaxt idi ki, iflic olmuşdu... Məktəb direktorunu deyirəm. Hər gün oğlu və arvadı onun canını boğazına yığırdılar. Su istəyirdi vermirdilər, yemək istəyirdi, gəlmirdi... O da arada çığırırdı:
- Qonşu, ay qonşuuuuuuu!!!