Təbrizə baxmıram mən, İran torpağı kimi

Təbrizə baxmıram mən, İran torpağı kimi
14 mart 2014
# 17:35

Cavid Zeynallı yazır...

Yazıçılar Birliyinin keçirdiyi “Bir bəndlik şeir” müsabiqəsi üçün münsif olmağım təklif olunanda tərəddüd etmədən razılıq verdim. Əlbəttə, ədəbiyyat adına görülən bütün yaxşı işləri alqışlamaq, xoşməramlı təşəbbüsləri qiymətləndirmək lazımdır. Və düşüncəmə görə, müsabiqəni hansı qurumun – qəzetin, saytın, ictimai birliyin, yaradıcı təşkilatın keçirməyindən asılı olmayaraq belə işlərdə heç kim yardımını əsirgəməməlidir. Yetər ki, mətbuatın, sosial şəbəkələrin gündəmində ədəbiyyat, kitab, böyük mənada söz olsun. AYB-nin müsabiqəsinə göndərilən şeirlərin keyfiyyət və kəmiyyət göstəricilərinin daha fərqli olacağını düşünsəm də, ümumi mənzərəyə əməlli-başlı heyrətləndim. Və bunu demək artıqdır ki, məsələ şeirin hansı mövzuda yazılmağında yox, yeni söz demək cəhdində, yanaşma tərzindədir. Onu da başa düşürəm: müsabiqənin şərtlərinə görə göndərilən bütün şeirlərin birliyin saytında yerləşdirilməsi vacib idi. Deməli, şərtlərdən irəli gələn tələbləri düşünsək, bunca keyfiyyətsiz məhsulun sayta yol tapmasında da qəbahət axtarmağa gərək yox.

Məsələ bizim söz adamlarının, allah qoymasa özlərini şair bilənlərin sözə münasibətində heyrətamiz piyadalığı, görünməyən boşboğazlığıdır. Bu şeirlərin müəllifini tanımıram, kim olduqları heç mənə maraqlı da deyil. Heyrətamiz tərəfi müəllifin bu bəndi öz yaradıcılığının zirvəsi hesab etməsi, birinciliyə iddialı olmasıdır. Məntiqlə adam ən yaxşı bildiyi şeir parçasını müsabiqəyə göndərməlidir:

Gəlin, xorla oxuyaq:

Ayağa qalx! Yağını yandırıb-yaxmalısan!

İldırıma çevrilib başına çaxmalısan!

Vətənin bayrağını Xankəndə taxmalısan!

Ayağa qalx millətim! Ağlamağa haqqın yox!

Qisası sabaha saxlamağa haqqın yox!

Ayağa qalx millətim!

Sona yetsin zillətim!

* * *

Təbrizə baxmıram mən İran torpağı kimi,

Təbrizə baxıram mən türkün bayrağı kimi,

Ulu Dədə Qorqudun doğma ocağı kimi,

Təbriz Türk şəhəridir, Təbriz İranın deyil.

Etiraf edim ki, maraq və əyləncə xətrinə vətən, sevgi haqqında boğazdan yuxarı, təyinatı məlum olmayan yüzlərlə şeir oxumuşam. Hətta bəzilərini əzbərləməyə çalışmışam ki, kefimin aşağı vaxtında öz-özümə vird edib əhvalımı “sazlayım”. Amma yox, bunlar nədirsə, başqa şeydir, vətənin anasını ağlatmaq, təpəsini tüstülətməkdir. Yəni adam torpağı, ölkəni, məmləkəti bu qədər bayağı sevə bilərmi?

Allahım, kömək et tökülən qana,

Dağılmış diyara – Azərbaycana.

Soyqırım törədən o bəd düşmənə,

Elə bir zəhərli xəstəlik yetir,

Ya rəbbim, məhv elə, kökünü bitir.

Allah, bizim düşdüyümüz günə bax! Qarabağı yox, ədəbiyyatı deyirəm:

Gözü yaşlı qalıb bizim Qarabağ,

Analar bağladı başa qara bağ,

Çiçəkli bağrımız oldu qara bağ,

Allah bizim düşdüyümüz günə bax.

Təsəvvür edin, siz bu cür şeirlərin arasından dişə dəyən on bəndi qiymətləndirib təşkilatçıya göndərməlisiniz. Hər bəndin arasında izahat verməyə hövsələm çatmır, vətəni vətən olmağına peşman edən şeirlərin başını buraxıram, sevgiyə çatanda dayanacam ki, bir-iki cümlə də eşqi təpəsinə vuran qardaş və bacılarımızın məhəbbəti haqqında danışaq:

Ürəyimdə bitən lalə - Qarabağ,

Şehsiz, mehsiz, heyif, bağrı al-qandır,

Gözlərimdə gur şəlalə - Qarabağ,

Aşdığı dağ heyf, çəndi, dumandı,

Bağlanıb yolları, qardı, borandı.

* * *

Qanına qəltan etdin, Mübariz,

Ermənini qırdın tökdün, Mübariz,

Şəhid düşdün, qalib oldun, Mübariz,

Qəhrəmanlıq zirvəsinə ucaldın,

Sən həmişə qəlbimizdə yaşadın.

* * *

Mən atəş tək alovlanıb vətən üçün

Sərhədləri aşıb keçmək istəyirəm.

Gur səsimlə şimal-cənub sədlərini uçuraraq

Bütövləşmək! TURAN olmaq istəyirəm.

* * *

Qalmayacaq bu torpaqda düşmən izi,

Vuruşlara səslə bizi, döyüşlərə çağır bizi.

Başı uca, qəlbi geniş, köksü vulkan,

Odlar yurdum, gözəl məkan, Azərbaycan.

* * *

Vətən qızı anam, bacım, vətən oğlu qardaşımdır,

Ta beşikdən qəbirədək dərdli Araz göz yaşımdır,

Müqəddəsdir ana torpaq, Bakı, Təbriz sirdaşımdır,

Ey vüqarım, əzəmətim, qibləgahım, AZƏRBAYCAN,

Xətailər məmləkəti, taxtım-tacım AZƏRBAYCAN.

* * *

Şəhid olub qanlar tökdün,

Vətən üçün yorulmadan.

Sizlərlə daim fəxr edir,

Bu müqəddəs, Azərbaycan.

* * *

Sevgi... Bizim söz bacı-qardaşlarımızın yaralı yeri. Adam belə şeirlərdə bayquş kimi tək qalmaq nədir, lap qısır gəzər. Təsəvvür edin, qız belə bir şeir oxuyursan:

Mənim artıq öz “sən”im var,

Sən mənə gərək deyilsən.

“Sən” adlı bir məskənim var,

Mənim “sən”im sən deyilsən.

Hələ dalına qulaq as:

Qoşalar sinəmə yad cihazları,

Ağrıyan qəlbimin dərdi yozula,

Qorxuram dərdimi tapa həkimlər,

Qorxuram ekrana adın yazıla.

Bu sonuncudu, qulağını bəri gətir:

Bülbüləm düşmüşəm bağlı qəfəsə,

Könlümdə ağır qəm-qüssə,

Əgər vəfasızlar kömək etməsə,

Ürəkdən duaya ehtiyacım var.

# 2503 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #