Arvadın xəyanətini bayquş müəyyən edirsə

Arvadın xəyanətini bayquş müəyyən edirsə
30 yanvar 2014
# 13:51

Mirmehdi Ağaoğlu yazır

Sabah bir alim elan eləsə ki, bayquşun qonduğu həyətə bədbəxtlik gəlməsi inancına elmi izah tapıb, təəccüblənmərəm. İndi belələri çoxdu. Adlarının qabağına latınca bir termin artırıb olublar ekstrasens-falçı, ufoloq-öncəgörən, xrestoman-baxıcı... Əlində dini kitab, dini əşya tutmuş alimlə, ən müasir cihazı tutan (tutalım insanın bioenerjisini ölçən cihaz) cindarın heç bir fərqi qalmayıb.

Bəlkə ikisinin də olması vacibdir, bəlkə artıq elm öz araşdırma predmetini dəyişməlidi. Nə olsun ki, 70 il mövhumat, xurafat, cahillik tənqid olunub?

Yenə də, elə bu dəqiqə qəfildən həyətimizdə bir bayquş ulaması eşitsək, “Allah xeyir eləsin”, deməyəcəyikmi, deyəcəyik. Bəlkə inanmayacağıq, amma yenə də içimizdə bir tərəddüd olacaq, “Allah xeyrə calasın” ifadəsi bizim üçün “bəra–ehtiyat” olacaq. Yəni, birdən olmadı elə, oldu belə...

Bir daha fikirləşin... Bayquşun ulamasının sizcə bir həyətin sakinlərinin taleyinə təsiri varmı?

Siz hansı tərəfdəsiniz? Hansılardansınız? Özünüz üçün müəyyənləşdirin, sadəcə özünüz üçün. Çünki bir zaman olar ki...

Həyətinizə bayquş qonması ehtimalını demirəm, əlinizə Maqsud İbrahimbəyovun “Bayquş gəlmişdi” povesti düşər. Bu əsəri oxuyarsız və böyük bir dilemma qarşısında qalarsınız. Bayquş ulamasına dəqiq yozumunuz olmalıdı, konkret olaraq tərəf tutmalısız. Yoxsa, şübhələr içinizi yeyəcək, təkrar-təkrar mətnə qayıdacaqsınız, bəlkə müəllif mətndə bir eyham vurub deyə dəfələrlə oxumalı olacaqsınız. Çünki müəllif əsərdə hadisələrin yekunu barədə heç nə demir, konflikti açıq saxlayır, daha doğrusu onu bir bayquş ulamasına bağlayır.

Qayalıda bizim təhkiyəçi qəhrəmanımız da, Kamil də, Rəşid də bağ qonşularıdır. Qəhrəmanımız bayquş ulartısından yata bilmir. Nənəsi deyir ki, yəqin ki, bədbəxt hadisə olacaq, çünki bayquş harda ulayırsa, o həyətdə ya bədbəxt hadisə olur, ya da kimsə ölür.

Amma balaca qəhrəmanımız mövhumata inanan deyil, nə olsun ki, bayquş ötən dəfə uzunömürlü Şahlarbəyin həyətində ulamışdı. Bundan sonra da Şahlarbəy allahın rəhmətinə qovuşmuşdu. Kamil əmi ki yaşlı deyil, üstəlik bir arvadıdır, bir də özü, nə olasıdı ki?

Yazıçı olmaq istəyən Kamilin Qayalıda hamı xətrini istəsə də arvadı Nailəni çox adam sevmir. Çünki yerlilər kimi qaydasında geyinmir, açıq-saçıqdı, üstəlik ərinə də düz-əməlli yemək hazırlamır, elə kolbasa qızartması, pomidor çığırtması.

Kənd qadınları da, Rəşidin arvadı Adilə də onun qeybətini edirlər. Sonra Nailə Kamili atıb gedir. Biz heç nə bilmirik. Bəlkə doğurdan da Nailə naqis xislətli idi, bəlkə doğrudan da Rəşidin cibindən Nailənin telefon nömrəsinin çıxmasının arxasında məkrli qadın xəyanəti dayanırdı?

Bunların heç birini bilmirik. Amma bircə onu bilirik ki, Kamil də bir daha yanında Nailənin adının çəkilməsini istəmir, o özü də bu şəhərdən çıxıb getmək istəyir. İndi onu yalnız yazdığı əsər düşündürür.

Həmin gün başqa hadisə də baş verir. Axşam yağış yağır. Kamil də işdən gəlib çıxmayıb. Adətən bu vaxta qalmırdı. Qəhrəmanımız narahatdır. Və birdən tənəklərin arasında Kamilin qaraltısı görünür. Həmin gecə daha bir qəribə adamın qaraltısı da görünür tənəklikdə, yağışın altında... Nailənin qaraltısı. Nailə Kamilə qayıdır.

Qəhrəmanımız Nailənin qayıtması xəbərini nənəsinə verərkən yaşlı arvadın yalanını da çıxarır. Deyir ki, gördün, bədbəxtlik olmadı, Kamil əminin arvadı qayıtdı.

Amma dünyagörmüş yaşlı arvadın ( o əvvəldən Nailəni bəyənmirdi) cavabı olduqca sarsıdıcı olur: “Bəs bədbəxtlik deyil, nədir? Qayıdıb. Daha onun başında bundan da böyük bədbəxtlik gələ bilməz ki? Ölüsünə də bəsdi, dirisinə də.”

Əsərin yazıldığı dövrdə-Sovetlər zamanı əsərin yalnız bir yozumu vardı. Savadsız, kəndli nənə haqsız idi. Əsərin ruhundan konservativ ailə dəyərlərini dəstəkləmədiyi görünən müəllif də qəhrəmanımızı haqlı göstərir.

Amma indi? Cindarların, falçıların, baxıcıların, cürbəcür cüvəllağıların efir məkanını doldurduğu, cürbəcür xurafatların, mövhumatın onların yozumunda aşkar həqiqətə çevrildiyi zamanda necə? İndi kimin tərəfində olmalı? Nənəninmi, balaca qəhrəmanımızınmı? Qəhrəmanın tərəfində olub əsərdən yüksək ovqatla, bir topa nurla, işıqla, enerji ilə ayrılmaqmı, yoxsa nənənin tərəfində olub Kamilin ağrılarına şərik olmaq, dünyanın Rəşid kimi naqis insanlarla, Nailə kimi xəyanətkarlarla dolu olmasına təəssüf edib dizlərimizə döyməkmi?

Adamın canına vicvicə düşür... Birdən səhər bir alim elan eləsə ki....

# 5125 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #