Yaşarın konyakla yumşalması

Yaşarın konyakla yumşalması
3 may 2013
# 12:19

Səbuhi Məmmədli

18 il öncə, elə bu vədələr idi deyəsən...

Yox, yox, bir az da əvvəl, fevral, ya da mart. Nəyə görə yadımdadı? Çünki heç kim araq almağa getmək istəmirdi. Bakının dəli küləyi, bir də yağış. Kim idi nəşriyyatın qarşısından “Şüşəli bazar”a bazarlığa gedib hələ yolüstü “Kitayski araq” dediyimiz ucuz düyü arağının dalınca qaçan.

Amma getmək lazım idi... Olan-qalanımızı yığıb verdik Akif Əhmədgilə ki, ağsaqqal,- ağsaqqal ha, sadəcə bizdən beş-altı bayram böyük idi-sən yaxşısan, hesabı da düzgün və ədalətli aparırsan, sən getsən yaxşıdı. Akif də təbii bu xətir-hörmətdən xeyli xoş hal oldu. Kim idi yadımda deyil, qayıtdı ki, bir “qız qalası” qalmalıdı, ona da iki dənə acı bibər al.

Akifi yola salıb təzəcə başımızı çayla aldadırdıq ki, “525-ci qəzet”in de-fakto sahibi Rəşad Məcid içəri girdi. Yanında da bəstəboy birisi. Yığıldıq balaca otağımıza. Rəşad başda oturdu, tipik komsomol fəallarını xatırladan o bəstəboy oğlan da onun yanında. Biz də bir təhər böyür-başa yığışıb Rəşadın nə deyəcəyini gözləməyə başladıq. Sağ olsun, Rəşad da çox gözlətmədi: “Yusif yaxşı tanıyır, siz tanımırsız. Bu gündən baş redaktorunuzdur. Əzizbəyov rayonunda icra başçısının müavini işləyib. Ramiz Rövşənin qardaşıdır”. Vəssalam!

Bunu deyib də saatına baxdı. Harasa tələsirdi deyəsən, qarşısındakı çaydan iki qurtum içib-bu məqam dəqiq yadımdadı, çünki qurtum məsələsi bizim ən həssas yerimiz idi-otağı tərk elədi. Hə, lap yaddan çıxmamış, otaqdan çıxanda başdakı yeri də ona verib getdi.

Biz də bir-bir - təbii ki Yusifdən başqa - özümüzü təqdim etdik...və Akifi gözləməyə başladıq. Bu zalım oğlu da getdiyi yerdən gəlib çıxmırdı. Nəhayət 14 yaşlı kuryerimiz Firuz şad xəbəri çatdırdı: “Akif əmi gəldi”.

Biz ilk növbədə düyü arağını soruşduq. Akifin qımışmağından anındaca anladıq ki, hər şey qaydasındadır. Torbadan cüzi pula alınan ərzağı, ən əsası iki acı bibəri də stolun üstünə qoyanda, başda oturmuş o tipik komsomolçuya oxşayan, bəstəboy yeni redaktorumuz çaşıb qaldı. İnzibat bir sistemdən “bespredel” bir redaksiyaya düşmüş o tipik komsomolçuya oxşayan, bəstəboy yeni redaktorumuz sözün həqiqi mənasında şokda idi. Amma şokdan tez çıxdı. Akifi və Yusifi yanına çağırıb, bu tip tüfeyli halların bir daha təkrarlanmasını tapşırdı. Hə, onu da dedi ki, sabah səhər 10-da iclasdır.

İclas bizim üçün təzə bir şey idi deyə, səhəri maraq xətrinə elə düz 10-da yığışdıq. O tipik komsomolçuya oxşayan, bəstəboy yeni redaktorumuz çox danışdı. Nədənsə tez-tez də dəsmalla alnını silirdi. Beləcə bu dinləmə və tər silmə haradasa 40 dəqiqə çəkdi. İclasa yekun vuruldu, hamı dağıldı. O, otaqda tək qaldı. Bu tip iş rejimi və qaydalara öyrənmədiyimizdən redaksiyanı tərk etdik, hərə bir yerə dağıldı.

Həmin günü və səhəri, sonra daha iki gün, ta cüməyə qədər “525”-də 5 cümlə yazı yazan olmamışdı. Ona görə yox ki, o tipik komsomolçuya oxşayan, bəstəboy, yeni redaktorumuzu boykot etmişdik. Əstəğfurullah, ortada Rəşad və Ramiz Rövşən vardı, biz o qədər də abırsız adamlar deyildik. Sadəcə, Əzizbəyov rayonundan Yasamal rayonunun Mətbuat prospekti 24 ünvanına, yəni bizim redaksiyaya gəlib çıxmış bu inzibati-amirlik sistemi bizə çatmırdı.

Amma səhəri qəzet çıxmalıydı. Deyəsən o tipik komsomolçuya oxşayan, bəstəboy, yeni redaktorumuz da bunu başa düşmüşdü. Günorta çağı yenidən bizi redaksiyanın kiçik otağına yığdı. Biz otaqdaykən bir anlıq bayıra çıxdı. Kuryerimiz Firuzu çağırıb nəsə tapşırdı. Yenə iclas başladı. Kimin hansı mövzunu işləyəcəyini soruşdu. Kimi həvəslə, kimi mızıldana-mızıldana cavab verdi. 15-20 dəqiqə də bu mızıldanma prosesinə getdi. Sonra nədənsə otağa sükut çökdü. Təxminən 30 saniyə davam edən sükutu isə Firuz pozdu. Qapını döyüb o tipik komsomolçuya bənzəyən, bəstəboy, yeni redaktorumuzu çağırıb ona bir sellofan torba verdi. Torbanı alıb yanına qoydu. Dəsmalını çıxarıb alnını sildi. Hiss olunurdu ki, həyəcanlıdı.

- Mən… Nə deyirəm ki. Amma qəzet çıxmalıdı…Siz…Ordan üç-dörd dənə…Mən bundan …Həəəə...Yaxşı…Bunu vuraq. İşləyək də…

Və ardınca da iki şüşə konyak stolun üstünə gəldi. Və o gündən…

Heç o gündən 18 il keçir. Ondan onun 32 yaşı vardı. İndi yarım əsrə əlvida deyir.

Yaşar, Yaşar Əliyev.

Biz onu sevdik. Özü sevdirdi: səmimiliyi, mehribanlığı, alicənablığı və bir də elə sadəcə Yaşar olmağı ilə.

Yaşar hekayələr də yazıb, tərcümələr də edib, hətta onun ssenarisi əsasında "Divar" adlı film də çəkilib. Amma biz onu nə yazıçı, nə tərcüməçi, nə də ssenarist kimi qəbul etdik. Heç Ramiz Rövşənin qardaşı olması da bizim üçün önəmli olmadı. “Göründüyü kimi ol, olduğun kimi görün” fəlsəfəsinin təkrarlanmasından zəhləm gedir. Amma Yaşar həqiqətən də elə göründüyü kimidir. 50 yaşında belə. Və 50 il keçəndən sonra da belə olacaq. Sadəcə Yaşar. Bizim Yaşar. “525”-in Yaşarı…

# 4255 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #