Səsvermədə hamıyla öpüşən dostum

Səsvermədə hamıyla öpüşən dostum
27 iyul 2018
# 11:29

Kulis.az Murad Köhnəqalanın “Meymun rəqsi” yazısını təqdim edir.

Onunla - Arif Aydınla haçan tanış olub dostlaşdığım yadıma gəlmir. İlk dəfədən yüz ilin dostu təəssüratı yaradan adamlardan olduğuna görə o tarixçə yaddaşımdan kirimişcə yoxa çıxıb.

Azad Yazarlar Ocağını (AYO) təzəcə yaradıb mətbuatda elan etdiyimiz vaxtlar idi, bir də gördüm, Arif hardansa çıxaraq ətrafımdakı gənc yazarlarla əlüstü tanış oluban bizi dəstələyərək yaxındakı kafeyə dəvət elədi.

Orada Arif həmişə yanımızda olacağına, bacardığı dəstəyi verəcəyinə söz verərək, bizi xeyli ürəkləndirdi. Təzə dostumun ədəbiyyata və ümumiyyətlə söz sənətinə kifayət qədər həssas olması mənə xeyli rahatlıq gətirdi.

Sonralar bildim ki, Arif təkcə yazıçı-şairlərin dostu deyil, o, həm də Azərbaycanın bütün jurnalistika aləminə bələddir. Bir müddət jurnalist kimi çalışdığına görə bu sahədə olanların, kiçiyindən böyüyünə, hamını tanıyır. Qəzet, sayt və televiziya jurnalistlərinin hər birinin ayrı-ayrılıqda səviyyəsini, gücünü bilir.

Həmin ərəfələrdə Ariflə tez-tez görüşəsi olurduq.

Getdikcə mənə məlum olurdu ki, Arifin dostları, tanışları təkcə yazıçı, şair və jurnalistlərlə məhdudlaşmır. Yaşadığımız cəmiyyətin bütün qatları Arifin ərk elədiyi və Arifə ərk eləyən adamlarla doludur. Onun yaxın dostları arasında nazirdən tutmuş, şairə, avtoritetə, aktyora, aşığa, müğənniyə, bəstəkara, alverçiyə, fəhləyə, deputata qədər hər növ insan mövcuddur.

Getdikcə mənə aydın olurdu ki, Arifin təkcə Bakıda yüzlərlə dostu, minlərlə tanışı var. Bir insanın bu qədər dost-tanış qazanması, hər biri ilə yerində, ləzzətli münasibət qurması möcüzəyə bərabər bir işdir.

Bir dəfə Ariflə kafedə oturmuşduq, mənə rayondakı bir dostum zəng elədi. Hal-əhvaldan sonra soruşdu ki, neynirsən? Dedim, bir dostla oturmuşam. Soruşdu ki, kimdi o? Dedim, Arif Aydın. Elə bunu demişdim, dedi, ver telefonu Arifə. Sən demə, bunlar çoxdanın dostları imiş. Onlar deyə-gülə danışdıqdan sonra dedim, Arif, ta bu qədər də yox dəə, bunu hardan tanıyırsan? Arif gülüb dedi, ayə, tovuzluların yeznəsi deyiləmmi?

2015-ci ilin parlament seçkiləri idi. Bizimlə yaxın olan bir namizədin seçki dairəsində dayanıb gedib-gələnlərə nəzarət eləyirdik. Səs verməyə gələnlərin əksəriyyəti əvvəlcə Ariflə görüşüb öpüşür, sonra pərdə arxasına keçirdi. Seçki günü başa çatdıqdan sonra namizədin qərargahına getdik. Arif deputat dostumuza zarafatla dedi, şəxsən mən bu tərəflərdə istənilən namizədə alternativ olub onu udaram. Deyərəm, gəl, seçki məntəqəsinin yanında duraq, görək, səs verməyə gələnlər ən çox kiminlə görüşüb-öpüşür.

Arifin bu söhbətinin motivini dartıb uzadaraq xeyli gülüb şənləndik. Sonda qətiyyətlə dedim, Arif, dediyin o əyani səsvermədə səni udacaq namizəd tapılmaz.

Arif Aydını uşaqlığın çiçək izlərini üzündə gəzdirən bu nəhəng uşağı sevməyən birisini görmədim, doğrusu. Çünki o da bağlandığı adamların hamısına doğması kimi yanaşır, dostlarının övladlarına xüsusi sevgi göstərir.

Dəfələrlə olub, Ariflə oturan vaxtlar uşaqlarımdan zəng gəlib. Arif dərhal soruşub, hansıdı? Demişəm, məsələn, Mustafadı. Dərhal belə deyib, Mustafanın qadasını alaram, ver görüm onun nömrəsini! Zəng eləyib, onunla öz tay-tuşu kimi danışıb. “Gələcəm, Mustafa, yenə qapıda duracam, bu dəfə bir top buraxmayacam!”

Mustafanın gələn qonaqları çöl darvazasına “qapıçı” qoyub penalti vurmaq şakərini dostlarım yaxşı bilir. Şərif də, Mövlud da, Aqşin də, Lətif də, Şirəli də, Nəsimi də o darvazada qapıçı durublar.

Arifin yalançılığı da olur, filan vaxtı filan yerə gələcəm deyir, söz verir, ancaq gəlmir. Sonralar başa düşdüm ki, o, yalançı deyil, ürəkdən söz versə də, sadəcə, çatdırıb gələ bilmir. Çünki, hər dəqiqə çoxdan görüşmədiyi bir dostu zəng edə, hər addımda çoxdan görmədiyi dostlarla rastlaşa bilir. Hamını bir araya yığmaq da mümkün olmur.

Arif olan məclislərdə başqa birisinin hesab verdiyini görməmişəm. Qoymayıb, heç kimə imkan verməyib, son qəpiyinə qədər özü xərcləyib. Dosta maddi ağırlıq salmağa qıymayıb, belə xərclərin altına həmişə öz nəhəng çiynini verib.

Onun belə bir jestinin də şahidi olmuşam: bir dəstə oturmuşuq, qalxanda hesab vermək istəyən dostun qarşısını kəsərək “hesab çatıb” deyib və cibində pulu olmasa da xəlvətdə razılaşaraq hesabı sonradan çatdırıb.

On-on beş ilin söhbətidir, Arif restoranda oğlu Ayxana ad günü keçirdirdi. Yaxın dostlarını ailəvi dəvət elədiyinə görə hər birimizin uşaqlarımızın arxasınca taksi də göndərmişdi. Onda Ayxanın üç, ya dörd yaşı olardı.

Məclisin şirin yerində Arif məni meydana çağırdı və dedi, gəl, uşaqları şənləndirmək üçün qeyri-adi bir rəqs eləyək. Dedim, onda, meymunlar kimi oynayaq, əllərimizi aşağı endirib “hu-hu!” eləyək və dövrə vuraq. Sən nəhəng King Konq olarsan, mən də cəngəllik meymunu, meymunlar kimi qaşına-qaşına oynayarıq. Razılaşdıq, ortada dövrə vuraraq eynən iki dost meymun kimi oynadıq, bütün məclisi şənləndirdik. Həmin oyunumuzun adını “Meymun rəqsi” qoymuşduq. Sonralar Arif deyirdi, hərdən ürəyimdən keçir, o “Meymun rəqsi”ni haçan oynayaq ee, bir də səninlə?

Bir dəfə balaca dostumuz Mövludla Nərimanov metrosu tərəfdə oturub ordan-burdan danışırdıq. Mövlud Qazaxdan, uşaqlıq xatirələrindən, nənəsindən danışırdı. Onda soruşdum ki, uşaq vaxtı səni necə çağırırdılar? Mövlud xeyli gülüb demək istəmədi. Güldükcə də məni maraq bürüyürdü, ona görə israrla uşaqlıq ayamasını deməsini istədim. Dedi, sənə deyərəm, ancaq, sən canın, heç kimə deyib yaymazsan. Söz verdim, narahat olma dedim, yaymaram. Dedi: “Dınqış!” Təzədən biri-birimizə qoşulub xeyli güldük. Sözün deyilişindən hiss elədim ki, Dınqış - dınqılılıqdan (bapbalacadan) da balaca deməkdi. Həm də dingiriş, oynaq, bir yerdə rahat durmayan dınqılı, çıqqılı, bapbalaca bir uşaq. Mövludun balaca, şirin bir uşaq olması gözümün qarşısında canlandı.

Dedim, Mövlud, bunu yalnız, bir nəfərə, Arifə demək olar, icazə ver, ona deyək, özü də şəhərə çıxan vaxtlarıdı. Mövlud Arifi görmək eşqi ilə dərhal razılaşdı.

Burda bir haşiyəyə də çıxmalıyam, tanıyanlar bilir, Arif şəhərə gecələr çıxmağı sevir, onun məclisləri, adətən, səhərə qədər uzandığından gündüzlər yatıb gecə oyanır və haydı həyata!

Ona qoşulanda mən də çox vaxt rejimimi dəyişirəm. Düzünü desəm, isti fəsillərdə elə mən də bu rejimdə yaşamağı sevirəm.

Götürüb Arifə zəng elədim və Mövludun uşaqlıq ayamasını ona demək üçün bir məclis düzənləməsini xahiş etdim. Arif dedi, onsuz da taksiyə oturub gəlirəm, ancaq sizə çatana qədər ürəyim partlayacaq, indi de. Dedim, yox, bu, elə-belə şey deyil sənin üçün. Oturacağıq, stol hazır olanda elan edəcəyəm.

Nə isə. Arif gəlib çıxdı, görüşüb öpüşdük və dərhal yaxşı bir restoran! Araq süzüldü, badəni götürüb dedim, Arif, gəl, bu badələrimizi əziz dostumuz Dınqışın sağlığına qaldıraq!

Bunu demişdim, Arif gülməkdən qəşş elədi. Gülüşümüzün şaqqıltısı, gurultusu otağı götürdü. İri cüssəli Arif dolu badəni başına qaldırıb stolun bu üzünə keçdi, Mövludu qucaqlayıb onu körpə uşaq kimi iylədi, öpdü-öpdü-öpdü.

Dayanın, a kişi, bu nə kədərdi? Birdən elə bilərsiniz Arif Aydın ölüb, nədi onun adı, rəhmətə-zada gedib, bu da haqqında xatirə yazısıdır. Xeyir! Qətiyyən elə deyil! Arif hara, ölmək hara?! Onun işıqlı xatirəsi daim qəlbimizdədir! Arif yaşayıb, yaşayır, yaşayacaqdır!

Soruşacaqsınız, bəs, son vaxtlar niyə görünmür? Deyim! Arif Ukraynaya köçub. Gah Kiyevdə, gah da Xarkovda yaşayır. Bir də gördün, feyzbuk xəritəsi onu İstanbul aeroportunda göstərir. Allah Ukrayna çıxardanın öyünü yıxsın, uşağı əlimizdən aldı.

# 3774 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #